Qarabağ geyimləri dünyanı dolaşır

 

Milli libaslarımız

 

Azərbaycanın, o cümlədən,  onun böyük mahallarından olan Qarabağın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş mədəniyyət nümunələrindəndir. Onlar bu gün bir çox muzeylərdə qorunub saxlansa da, restavrasiyası və tikilməsi ilə məşğul olan sənətkarlar, demək olar ki, barmaqla sayılacaq qədərdir.

Tarixi uludan-ulu, mədəniyyəti zəngin Azərbaycanın başı bəlalı  Qarabağ mahalının daş salnaməsində yatan xəzinəni ilmə-ilmə toplamaq, naxış-naxış tərtib edib gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Buna görə də işğal altında olan Qarabağın tarixi və etnoqrafiyası, inkişafı haqqında həqiqətlərin dünya xalqlarının nəzərinə çatdırılması dövlətin mədəniyyət siyasətinin tərkib hissəsinə çevrilib.

Qarabağın və onun yerli sakinlərinin tarixində hər şey olub - basqınlar, müharibələr, yadellilərin əsarəti və sair. Lakin əsrlər boyu xalqın yaddaşında iz qoymuş şanlı qələbələr də yaşanıb, hünər göstərmiş qəhrəmanların adları əfsanə və dastanlara düşüb. Görkəmli xanəndə və şairlərin, rəssam və inşaatçıların zəngin irsi bu gün də sənətşünaslar tərəfindən ehtiramla öyrənilir. Mahir toxucularsilah ustaları, dulusçu və zərgərlər elə bir əhəmiyyətli iz qoymuşlar ki, dünyanın ən tanınmış muzeyləri hazırda onların əsərlərini iftixarla nümayiş etdirirlər...

Bu günlərdə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və təşkilatçılığı ilə Səmərqənddə Azərbaycan mədəniyyəti günləri çərçivəsində  “Azərbaycan milli libasları - Qarabağ geyimləri”nin dəb sərgisi keçirilib. Burada ölkəmizin multikultural baxımdan zənginliyi, qədim yurdumuz olan Qarabağın mədəni irsi, o cümlədən geyim mədəniyyəti barədə ətraflı söhbət açılıb. Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetinin tələbələri Qarabağın qadın və kişi libaslarını “Qarabağ şikəstəsi”nin sədaları altında nümayiş etdiriblər.

Xatırladaq ki,  digər bölgələrimizdə olduğu kimi, Qarabağda da milli geyim dəsti deyəndə, baş örtükləri və ayaqqabılar, zərgərlik məmulatları  nəzərdə tutulur. Cəlbedici, gözəl, rəngarəng olan qadın baş geyimlərinə kəlağayılar, çalmalar, ləçək, örpək, çadras. daxildir. Bu geyimlərin geniş yayılan növlərindən biri ipək kəlağayıdır. Yaşlı qadınlar  tarixən bu mahalda açıq sarı - qəhvəyi, açıq mavi rəngli kəlağayı örtər, müxtəlif  cür bağlayardılar. Qadın papağının naxışların növünə görə müxtəlif adları mövcuddur: mirvari papaq, qızılı papaq, ay-ulduzlus. Qadın geyiminin elementlərindən biribaş sarğısı - çutqu olub.  Onu başa lent şəklində bağlayardılar. Çutqu bağlamaq evçöl işləri görmək üçün daha rahat sayılardı. Çutqu həm də gigiyenik cəhətdən əhəmiyyətli idi. Üstündən yaylıq və ya ipək, pambıq örtüklər örtərdilər. Azərbaycanda çutqu əsasən ötən əsrin 40-cı illərinədək  yaşadılıb.

Əzəmət, qürurciddilik rəmzi olan milli kişi  geyimlərinə gəlincə, onlar  uzun dövrlər ərzində  dəyişilən üst köynək, arxalıq, qabaçuxadan (çiyinüstü) ibarət olub. Arxalıq ipək, atlas, kişmir, mahud, sətin parçalardan, qaba isə çiyinüstü üst geyim olmaqla, tirmədən tikilərdi.

Türban əmmamə (çalma növü) deməkdir. Qarabağda da türban geniş yayılmışdı. Ali ruhani təbəqəsi əsasən yaşıl əmmamə geyinirdi. XIX əsrin sonu,  iyirminci yüzilliyin əvvəllərində  Qarabağda kişi və qadın ayaqqabılarının bir neçə növü mövcud olub.  Əsas ayaqqabı növü yüngül çust idi ki, onları çox vaxt qara tumacdan tikərdilər.

Milli ayaqqabının əsas elementlərindən biri (həm kişilərdə, həm də qadınlarda) naxışlı yun və pambıq corablar  olub. Azərbaycanda elə bölgə yox idi ki, orada əllə toxunan corab geyinməsinlər. Qarabağda  da corabları qadınlar toxuyurdu. Xammal kimi, həm qoyun, həm də dəvə yunundan istifadə edirdilər. Soyuq zonalarda uzunboğaz, mülayim iqlimi olan yerlərdə isə qısaboğaz corablar toxunurdu. Corablar həm adi, həm də təntənəli günlər üçün nəzərdə tutulurdu. Bəzəkli corablar satışa çıxarılardı, onları kənd təsərrüfatı məhsullarına da dəyişirdilər. Həmin corabları bu gün paytaxt Bakının İçərişəhərində, sərgi-satışlarda, ayrı-ayrı ailələrdə yaşlı nəslin ayaqlarında da görmək mümkündür.

Qarabağ xanlarının dövrünə aid şənlik, gənc bəylərin və zəngin qadınların   mərasim,  habelə toy libasları, milli ornamentlərlə, daş-qaşlarla bəzədilmiş Qarabağ zadəgan geyimləri, həmçinin kəlağayılar dəb sərgisinə xüsusi rəng qatıb.

Daşkənddəki R.Qliyer adına ixtisaslaşmış akademik musiqi liseyinin tələbə və şagirdləri Qarabağa həsr olunmuş musiqilər ifa ediblər. “Azərbaycan qızları” rəqs ansamblının çıxışları da alqışlarla qarşılanıb.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.-6 iyul.- S.5.