Azərbaycan mədəniyyət günləri İsfahanda davam edib

 

İranda başlanan Azərbaycan mədəniyyəti günləri paytaxt Tehrandakı tədbirlərlə yanaşı, İsfahan şəhərində də davam edib. İyulun 5-də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və nümayəndə heyəti İsfahan şəhərinə gəlib.

Nazir Əbülfəs Qarayev İsfahan vilayətinin valisi Rəsul Zərgərpur ilə görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.

Ə. Qarayev 2010-cu ildə ilk dəfə İranın Tehran və Təbriz şəhərlərində Azərbaycanın mədəniyyəti günlərinin təşkil olunduğunu qeyd edərək bildirib ki, bu gün iki ölkə arasında mədəni əlaqələrin inkişafı üçün kifayət qədər imkanlar mövcuddur. İranın bir sıra şəhərlərində Azərbaycan mədəniyyəti günləri keçirilir, konsertlər, sərgilər, filmlər nümayiş olunur.

Nazir son illər Azərbaycanda turizm sənayesinin inkişafı istiqamətində həyata keçirilən işlər barədə də məlumat verib. Qeyd edib ki, ölkəmizin zəngin mədəniyyəti, qədim tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda, yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.

Ölkəmizə səfərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xatırlayan Rəsul Zərgərpur bildirib ki, qarşılıqlı səfərlər mövcud əlaqələrin daha da inkişafına imkanlar yaradır.

Vali onu da vurğulayıb ki, İsfahan şəhərinin müxtəlif ölkələrin şəhərləri ilə qardaşlaşmış əlaqələri var və gələcəkdə bu səpkidə Azərbaycanın şəhər və rayonları ilə də müvafiq saziş hazırlana bilər. Bu da öz növbəsində iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən mədəniyyət və turizm sahəsində əməkdaşlığın genişlənməsinə əlavə zəmin yaradar.

Görüşdə iki ölkənin ticarət palataları arasında əməkdaşlıq, turizm sahəsində əlaqələr, sərgilər və digər mədəniyyət tədbirlərinin keçirilməsi məsələləri də müzakirə edilib.

Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Heseynov da iştirak edib.

Həmin gün İsfahan şəhərində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti olub. Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunan növbəti musiqi proqramı böyük maraqla qarşılanıb.

Azərbaycan nümayəndə heyəti İsfahanın qədim tarixi məkanları ilə də tanış olub. Məlumat verilib ki, İranın Tehran və Məşhəddən sonra üçüncü böyük şəhəri sayılan İsfahanda dünyanın ən gözəl memarlıq inciləri var. Şəhərin Nəqşicahan meydanı UNESCO-nun Dünya mədəni irsi siyahısına daxildir.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.-7 iyul.- S.6.