R.T.Ərdoğan: “Qardaşım İlham Əliyevlə regional məsələləri müzakirə etdik

 

Türkiyə Prezidenti azərbaycanlı həmkarı ilə görüşünü sosial şəbəkələrdə milyonlarla izləyicisinə əsas xəbər kimi çatdırdı

 

Türk dünyasının lider dövlətləri olan Azərbaycan ilə Türkiyə arasında qarşılıqlı münasibətlərin daim yüksək səviyyədə saxlanması, milli maraqları əhatə edən məsələlərdə tərəflərin bir-birini təmənnasız müdafiə etməsi iki ölkə rəhbərliyinin həyata keçirdikləri uğurlu siyasətin məntiqi nəticəsidir.

Dövlətlər istər regionda, istər dünyada, istərsə də öz daxillərində cərəyan edən hadisələrə də kifayət qədər həssaslıqla yanaşırlar.

İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində Azərbaycan Prezidentinin iştirakı Türkiyədə böyük maraq və diqqətlə izlənilir. İlham Əliyev dar günün dostu olduğunu, ən yaxın müttəfiqinin dərdini hər zaman bölüşdüyünü, eyni zamanda qardaş Türkiyəni heç zaman yalnız qoymayacağını həmişə  nümayiş etdirib.

Məlumdur ki, R.T.Ərdoğan həmkarı İlham Əliyevə böyük ehtiramsevgi ilə yanaşır. Azərbaycan Prezidentinin prinsipial mövqeyi iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın möhkəm təməllər üzərində bərqərar olduğunun göstərir.

Səfər çərçivəsində hər iki dövlətin liderləri İstanbulda görüşüb və birgə şam ediblər. Günün yekununda Türkiyə Prezidenti R.Ərdoğan “Facebook”, “Twitter” və “Instagramsosial şəbəkələrində ölkə başçısı İlham Əliyevlə birlikdə şəklini paylaşıb və yazıb: “Qardaşım cənab İlham Əliyevlə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdik. Türkiyə-Azərbaycan qardaşlığı güclənərək davam edəcək”.

Bununla da Türkiyə Prezidenti azərbaycanlı həmkarı ilə görüşünü sosial şəbəkələrdə milyonlarla izləyicisinə əsas xəbər kimi çatdırıb.

 

E.CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 11 iyul.- S. 3.