Hüseyn İntizami: Azərbaycan ilə informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi əsas məqsədimizdir

 

Azərbaycan və İran arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi, media qurumları ilə əməkdaşlığın artırılması əsas prioritetlərimizdəndir.

Bu fikri iyulun 10-da AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov ilə keçirilən görüşdə İranın mədəniyyət və islami irşad nazirinin mətbuat və informasiya üzrə müavini Hüseyn İntizami söyləyib.

Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini, qlobal problemlərin müzakirə olunduğu məkana çevrildiyini deyən Baş direktor Aslan Aslanov ölkəmizdə mətbuatın inkişafına böyük önəm verildiyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan müstəqilliyinin ilk illərində informasiya blokadasında olub. Ulu öndər Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan reallıqları dünya ictimaiyyətinə daha intensiv çatdırılmağa başlayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan quruculuq işləri Azərbaycan mətbuatının inkişafına da müsbət təsir edib. Qeyd olunub ki, AZƏRTAC bir sıra iri regional informasiya agentlikləri təşkilatlarının fəal üzvüdür. Hazırda agentlik Dünya Xəbər Agentlikləri KonqresininAsiyaSakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının sədridir. Baş direktor vurğulayıb ki, AZƏRTAC İranın nüfuzlu İRNA agentliyi ilə uzun illərdir səmərəli əməkdaşlıq edir, hər iki agentlik beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir.

Nazir müavini Hüseyn İntizami ümumi mədəni və tarixi köklərə malik olan İranAzərbaycanın qonşu ölkələr olduğunu bildirib. İki ölkə arasında bütün sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən H.İntizami informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsinin əsas məqsədləri olduğunu önə çəkib. O, ölkələrimizin media qurumlarının regionda baş verən hadisələrə diqqətli yanaşmasının ortaq mədəniyyətimizin, tariximizin qorunması və inkişafında vacib məqam təşkil etdiyini qeyd edib. “AZƏRTAC böyük tarixə malik agentlikdironun geniş fəaliyyət sahəsi var. AZƏRTAC-ın İRNA ilə uğurlu əməkdaşlığı xalqlarımız arasında əlaqələrin inkişafına müsbət təsir göstərir”, - deyə nazir müavini Hüseyn İntizami vurğulayıb.

Görüşdə medianın inkişaf meyilləri, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2017.- 11 iyul.- S.4.