Ə.Qarayev: Son dövrlər İran mətbuatında Azərbaycanla bağlı geniş məlumatlar yer alır

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikası mədəniyyət və islami irşad nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Əbülfəs Qarayev qonaqlara İranda keçirilən Azərbaycan mədəniyyəti günlərinin təşkilindən razılığını ifadə edib. Vurğulayıb ki, bu səfər iki ölkə arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək.

Nazir diqqətə çatdırıb ki, son dövrlər İran mətbuatında Azərbaycanla bağlı geniş məlumatlar yer alır: “Son günlərdə cəbhə bölgəsində Ermənistan ordusunun mülki vətəndaşlarımızı qətlə yetirməsi ilə bağlı İran mətbuatının Azərbaycana dəstək olmasını yüksək dəyərləndiririk”.

İranda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində görüşlərini xatırladan nazir bu əməkdaşlığın ikitərəfli əlaqələrin daha da inkişafına kömək edəcəyini bildirib. Ə.Qarayev Novruz bayramı və lavaşın müştərək olaraq UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edildiyini diqqətə çatdıraraq deyib: “Ölkələrimiz arasında əməkdaşlıq əlaqələri dostluğun simvoludur. Ölkə rəhbərlərimiz son 4 ildə 8 dəfə rəsmi şəkildə görüşüblərsə, bizbu münasibətlərə töhfəmizi verməli, əməkdaşlıq sahəsində daha səmərəli fəaliyyət göstərməliyik”.

Daha sonra nazir İranda Azərbaycan mədəniyyəti günlərinin yüksək səviyyədə təşkilinə görə nümayəndə heyətinin rəhbərinə təşəkkür məktubu təqdim edib. İki ölkə arasında mətbuat sahəsində bundan sonra da səmərəli fəaliyyətə ümidvar olduğunu vurğulayıb.

İran nümayəndə heyətinin rəhbəri Hüseyn Entezami dini və mədəni bağlılığı olan iki ölkənin mədəniyyət və turizm sahələrində əməkdaşlığının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu prosesdə mətbuat nümayəndələri də yaxından iştirak etməli, iki ölkənin KİV-ləri arasında infoturlar təşkil olunmalıdır.

Səfərinin məqsədinin İran və Azərbaycan mediası arasında əlaqələrin gücləndirilməsi olduğunu deyən qonaq mədəni diplomatiyanın ölkələr arasında xüsusi əhəmiyyətini vurğulayıb.

Görüş zamanı Azərbaycan və İran arasında mədəniyyət, turizm və mətbuat sahəsində əməkdaşlıq və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2017.-12 iyul.- S.5.