Azərbaycan dialoq və humanizm məkanına çevrilib

 

Müasir dövrdə bəşəriyyətin üzləşdiyi ən böyük problem min illərlə formalaşmış yüksək dəyərlərlə bağlıdır. Bu gün dünya onların itirilməsindən əziyyət çəkir. Başqa sözlə ifadə etsək, indi insanların ən çox mənəviyyatın qorunmasına, bəşəriyyəti təhdid edən qorxulu meyillərin - beynəlxalq terrorizmin, müharibələrin, zorakılığın, milli, dini, irqi ayrı-seçkiliyin, mədəniyyətlərarası toqquşmaların, mənəvi aşınmaların qarşısının alınmasından ötrü yenidən dəyərlərin gücünə tapınmasına ehtiyacı var.

Əlbəttə, yaxın-uzaq tarixdəki bir çox hadisələrə əsaslanaraq həmin qlobal təhdidlərin təkcə bu günün faktı olmadığını, zaman-zaman bütün çağlarda yaşandığını qeyd edə bilərik. Ən azı, milyonlarla insanın faciəsi ilə nəticələnmiş, ağlasığmaz dəhşətlərlə yadda qalmış, iki dünya müharibəsindən, bütün dünyanı bürüyən faşizm kabusundan, bütöv xalqlara qarşı törədilmiş soyqırımı aktlarından bizləri neçə onilliklər ayırır. Amma iş orasındadır ki, bəşəriyyət bu fəlakətləri yenə də məhz dəyərlərin gücü ilə aradan qaldıra bilib. Tərəqqipərvər insanlar humanist amillərə söykənərək hər cür təhdidlərə qarşı birləşib, onlara mane olmaq, son qoymaq üçün çalışıb və buna müəyyən qədər nail olaraq dünyanı inkişaf axınına yetirib. İndi isə bəşəriyyəti dünyanın gələcəyi naminə yenidən birləşdirərək insan faciələrinin qarşısını alacaq o dəyərlər artıq görünmür, itmək üzrədir. Ona görə də hazırda üzləşdiyimiz mənəvi böhran daha təhlükəli səciyyə daşıyır. Bunun acı nəticələri ilə gündə qarşılaşmaqdayıq. Bariz nümunələrdən biri kimi son illər Şərqdə məzhəb ayrı-seçkiliyi, Qərbdə irqçilik, islamofobiya geniş vüsət alır. Cəmiyyətlərdə humanitar böhran baş qaldırır. İnsanların rahat həyat tərzi pozulur. Sosial problemlər ortaya çıxır. Məhəlli münaqişələr, ölkələrin ərazi bütövlüyünə qarşı çıxan separatçı qüvvələrin terror əməlləri regional sabitliyi pozur. Bölgələrdə sülh və dinc yanaşı yaşamağa, davamlı inkişaf mühitinin təmin olunmasına böyük təhlükələr yaradır.

Elə bu günlərdə erməni cəlladlarının Füzulinin Alxanlı kəndində nənəsi ilə birgə qətlə yetirdikləri 2 yaşlı azərbaycanlı körpə Zəhranın cəsədinin fotosu məzmunu ilə ürək parçalayır. Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə başlamasından təxminən 30 il sonra doğulmuş bu körpənin də, nənəsinin də, başqa doğmalarının da yeganə “günahı” milli mənsubiyyətləridir - dünyaya azərbaycanlı kimi gəlmələridir.

Zəhranı ermənilərin bu münaqişə boyu qətlə yetirdikləri yüzlərlə azərbaycanlı körpə ilə eyni “günah” birləşdirir. Dünya bu dəhşətin mənzərəsini insanlığa qarşı ən qəddar cinayətlərdən olan Xocalı soyqırımı zamanı öldürülmüş azərbaycanlı körpələrin cəsədlərinin şəkillərindən görüb və görməkdə davam edir. Amma bunun heç bir nəticəsi yoxdur. Dünya birliyi təcavüzkara qarşı prinsipial mövqeyini ortaya qoya bilmir, yaxud buna cəhd göstərmir. Əli yüzlərlə azərbaycanlı körpənin qanına batmış Ermənistan rəhbərliyi, iş o yerə çatıb ki, öz dəhşətli cinayətini beynəlxalq təşkilatların kürsülərindən etiraf edir. Doğrudur, bu qanlı cinayət dünya ictimaiyyətində böyük rezonans doğurub. Beynəlxalq birlik sərt reaksiya verib. Hər dəfə öz dəhşətli əməllərini ört-basdır etməyə çaışan, uydurma informasiyalar yayan Ermənistan tərəfinin budəfəki cəhdləri boşa çıxsa da, onlar qanlı əməllərini yenə də davam etdirir, bu cinayətlərə haqq qazandırırlar. Bu, bir tərəfdən erməni lobbisinin gücüdürsə, başqa tərəfdənsə xristian həmrəyliyi kimi amillərin təsiri nəticəsində hər hansı ciddi beynəlxalq təzyiqlə üzləşmir. Əksinə, ikili standartlardan müəyyən mənada əziyyət çəkən yenə də bu cinayət aktlarına məruz qalmış ölkə - Azərbaycan olur.

Təkcə elə bu reallığın özü dünyada mənəvi dəyərlərin necə aşındığını, bəşəriyyətin nə qədər ağır hümanitar fəlakətlə üz-üzə qaldığını sübuta yetirmirmi?! Bəhs etdiyimiz o dəhşətli foto - balaca Zəhranın şəkli bu gün Azərbaycanda çəkilib. Sabah tarixin eyni dəhşətlərini yaşadan şəkillərdən dünyanın başqa-başqa ölkələrində də çəkilməyəcəyinə kimsə təminat vermir. Ona görə də beynəlxalq ictimaiyyət hazırda ümumbəşəri dəyərlərin planetimizin mizanını tənzimləyən əsas gücə çevrilməsi barədə düşünməlidir ki, bu da daha çox dünyanın elmi, mədəni, siyasi elitalarının missiyasıdır. Bu istiqamətdə qlobal təşəbbüslərin irəli sürülməsi, ortaq müzakirə platformalarının yaradılması çox mühümdür. Azərbaycan hər il ölkəmizdə təşkil olunan beynəlxalq humanitar forumlarla, mədəniyyətlərarası dialoq tədbirləri, irəli sürdüyü təşəbbüslər və yaratdığı ənənələrlə bu baxımdan tarixi bir missiya yerinə yetirməkdədir.

Son on illik tariximizə aid faktları heç bir şərh vermədən sadəcə bir-birinin ardınca sıralamaqla ölkəmizin bu istiqamətdə gördüyü işlərin dəqiq mənzərəsini yaratmaq olar. 2008-ci ildə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda konfrans keçirilmişdi. Mədəniyyətlərarası dialoqda onların iştirakına dair Bakı Bəyannaməsi qəbul edilmişdi. 2009-cu ildə isə Bakı İslam Mədəniyyətinin paytaxtı elan olundu. Həmin ildə Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı baş tutdu.

Bundan əlavə, UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə 2011-ci və 2013-cü illərdə paytaxtımızda I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil olundu. 2015-ci ildə keçirilən III Mədəniyyətlərarası Dialoq Forumu da eyni missiyanın davamı kimi tarixə yazıldı. Azərbaycan bu ilin mayında IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna da yüksək səviyyədə evsahibliyi etdi. Bəşər mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi dinlər arasında dialoqun əldə olunması da Azərbaycanın bu tarixi missiyasına daxildir. Son illər Dünya Dini Liderlərinin Sammiti, MDB Dinlərarası Şurası, MDB Müsəlmanlarının Məşvərət Şurası, Qafqaz Xalqları Ali Dini Şurası öz forumlarını Bakı şəhərində təşkil etmişlər.

Azərbaycan sivilizasiyalar arasında dialoqa nail olmaq, toplumları qarşıdurma meydanından mədəniyyət və sülh müstəvisinə gətirmək üçün irəli sürdüyü təşəbbüsləri təkcə müzakirə formatları ilə məhdudlaşdırmır. Bu təşəbbüslərin real həyatda özünü doğrultmasına kömək göstərə biləcək bütün səmərəli tədbirlərdən istifadə etməyə çalışır. Artıq bütün dünyada idman ölkəsi kimi tanınmış Azərbaycanın evsahibliyi etdiyi beynəlxalq idman və mədəniyyət tədbirlərinin, bu baxımdan böyük rolu var. 2015-ci ildə ölkəmiz I Avropa Oyunlarını yüksək uğurla təşkil etdi. Dünyada sülhə, sabitliyə, mədəni inkişafa xidmət edən möhtəşəm tədbirin tarixi ənənələrini yaratdı. 2016-cı ildən paytaxtımızda bütün dünyanın maraqla izlədiyi “Formula-1” yarışları start götürdü. Eyni zamanda, Ümumdünya Şahmat Olimpiadası keçirildi. 2017-ci ildə isə ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etməklə, sülh, qardaşlıq, mədəniyyət dini olan İslamın ən gözəl dəyərlərini dünyanın diqqətinə çatdırdı. Cəmi iki il əvvəl təşkil olunmuş I Avropa Oyunları və iki il sonra onu tamamlayan IV İslam Həmrəyliyi Oyunları Qərb və Şərq mədəniyyətləri arasında körpü saldı.

Bu iki dünyagörüşünü birləşdirən yetərincə ortaq dəyərlərin olduğunu bütün dünyanın nəzərinə çatdırdı.

Azərbaycan bu istiqamətlərdə ortaya qoyduğu işıqlı nümunələri davam etdirir. Yaratdığı ənənələri qoruyaraq inkişaf etdirməyə çalışır. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin paytaxtı idi. IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyi 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilmişdi. 2018-ci ildə isə qədim Naxçıvan şəhəri İslam Mədəniyyətinin paytaxtı olacaq. Bütün bunlar Azərbaycanın mədəniyyətlərarası dialoq, yer üzündə humanizm prinsiplərinin bərqərar olması istiqamətində gördüyü işlərin sistemli xarakter daşıdığını, öz məzmunu, forması və ardıcıllığı ilə bir-birini tamamladığını göstərir.

Azərbaycanın 2011-2016-cı illərdə təşkil etdiyi I, II, III, IV və V Bakı Beynəlxalq Humanitar forumları da bəşəriyyətin gələcəyinə böyük bir töhfədir. Bu forumların keçirilməsində əsas məqsədlərdən biri insan fəaliyyətinin bütün sahələrində çalışan elm adamlarını, mütəxəssisləri bir araya gətirərək dünyanı narahat edən aktual məsələlərin həlli yollarını tapmaqdır. Forumun qloballaşma dövründə humanitar problemlərə aid olan və insanların narahatlığını özündə əks etdirən mövqeləri isə bir qayda olaraq, Bakı Bəyannaməsində işıqlandırılır.

Artıq qeyri-rəsmi səviyyədə “intellektual Davos” statusu almış bu forumlara hər il dünyanın tanınmış dövlət və ictimai xadimləri, siyasətçilər, elm adamları,o cümlədən Nobel mükafatı laureatı olan alimlər və görkəmli ziyalılar qatılır. Hər il Davosda keçirilən Qlobal İqtisadi Forum, onun nəticələri, orada müzakirə olunan məsələlər bəşəriyyət üçün nə qədər əhəmiyyətlidirsə, Bakıda keçirilən humanitar forumlar da bir o qədər ciddi rol oynamağa başlayıb. Bu məqam dünyanın aparıcı siyasi xadimləri tərəfindən açıq şəkildə etiraf olunur.

Tədbirlərdə öncə humanitar kontekst - qloballaşmaya, elmi-texniki inkişafa, konvergent texnologiyaların yayılmasına, ekoloji ziddiyyətlərin ortaya çıxarılmasına, nəzərəçarpan mədəni unifikasiya tendensiyasına, iqtisadiyyatın qeyri-bərabər inkişafına, davamlı inkişafa keçid problemlərinə dair çağırışlar müzakirə olunur. Bu məsələlər hər bir şəxsin və geniş kütlənin maraqlarını əks etdirir. Forumun nəticələri beynəlxalq təşkilatlara, hökumətlərə, ölkələrin liderlərinə və planetimizin bütün sakinlərinə tövsiyələr vasitəsi ilə həyata keçirilir. Bakı Beynəlxalq Humanitar forumları UNESCO və ISESCO kimi nüfuzlu təşkilatlar tərəfindən dəstəklənir. Bakı Humanitar forumlarının əsas xüsusiyyətləri ondan ibarətdir ki, burada ayrı-ayrı xüsusi məsələlər insanın təbiəti və mahiyyəti, tarixi prosesdə mədəniyyətin tənzimlənən funksiyası, reallığın elmi-texniki dərk edilməsinin alternativləri, müasir sivilizasiyanın harmonik inkişafına nail olunması şərtləri ilə əlaqədar fundamental problemlər kontekstində müzakirə olunur. Forumda bütün məsələlər insan problemləri ilə əlaqəlidir.

Bu təşəbbüsün Bakıda həyata keçirilməsi, ölkəmizin belə bir qlobal tədbirə evsahibliyi etməsi bütün digər cəhətləri ilə yanaşı, həm də ona görə əhəmiyyətlidir ki, Azəbaycan forumlarda aktuallaşdırılan bir çox ideyaları öz nümunəsində gerçəkliyə çevirə bilib. Ölkəmizdə həmin ideyaların özünü doğrultması üçün real zəmin var. Başqa sözlə, ən azı Azərbaycan nümunəsi bu forumlarda irəli sürülən humanist ideyaların dünyanın başqa yerlərində də reallaşdırıla biləcəyini göstərir.

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir. Cəmiyyətimizdə əsrlər boyu müxtəlif millətlərin, dinlərin nümayəndələri dinc yanaşı yaşamış, bir-biri ilə qaynayıb qarışmışlar. Bu ənənə indi də davam etməkdədir. Ən mühümü isə dövlət bütün imkanlardan istifadə edərək cəmiyyətdəki bu tolerantlıq mühitini dəstəkləyir. Onun da nəticəsidir ki, Azərbaycan cəmiyyətində multikulturalizm özünə ciddi əsas qazana bilib. Ümumiyyətlə, multikulturializm Azərbaycan xalqının həyat tərzinə çevrilib. Bunu ölkəmizdə daimi və ya müvəqqəti yaşayan hər bir millətə, dinə məxsus insan müşahidə etməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin “Multukulturalizm ili” elan edilməsi Azərbaycanın dövlət siyasətində bu məsələlərə verilən yüksək önəmin göstəricisidir.

“...Bəziləri hesab edir ki, multikulturalizm iflasa uğrayıb, bəziləri, ümumiyyətlə, hesab edir ki, belə bir meylə yol vermək olmaz, bu, zərərlidir. Bu, çox təhlükəli fikirlərdir, yanaşmalardır. Çünki gəlin baxaq, multikulturalizmə alternativ nədir, varmı bu alternativ? Əlbəttə ki, var, amma necə alternativdir? Mən hesab edirəm ki, multikulturalizmin alternativi ksenofobiyadır, ayrı-seçkilikdir, irqçilikdir, islamofobiyadır, antisemitizmdir. Bunlar çox təhlükəli meyillərdir. Biz tarixdə bir neçə dəfə görmüşük ki, bu meyillərin güclənməsi hansı böyük fəlakətlərə yol açır. Ona görə bütün mütərəqqi bəşəriyyət multikulturalizm ideyaları, idealları ətrafında birləşməlidir. Burada birmənalı mövqe nümayiş etdirilməlidir. Biz, öz növbəmizdə, öz fəaliyyətimizlə, səylərimizlə ölkəmizdə mövcud olan ab-havanı dünyaya təqdim edərək göstəririk ki, bu, mümkündür. Multikulturalizmin dünyada bir çox ünvanları var, onlardan biri Azərbaycandır. Biz bundan sonra da çalışacağıq ki, həm beynəlxalq aləmdə, həm ölkə daxilində, regionda bu müsbət meyilləri gücləndirək”. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevə məxsusdur. Dövlət başçısının sözlərinə görə, Azərbaycanın həm Avropa ailəsinin, həm də müsəlman ailəsinin üzvü olması sübut edir ki, bu, mümkündür. İki dünyagörüşünü öz nümunəsində bir araya gətirə bilməsi, Qərb və Şərq mədəniyyətlərinin dialoq məkanı olması Azərbaycana dünyanın humanitar problemlərinin müzakirə olunduğu mərkəzə çevrilmək haqqı qazandırır. Hazırda bu istiqamətdə Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq həyatda öz yerini tapıb və həmin təşəbbüslər ətrafında yeni imkanlar yaranmaqdadır.

Ölkə başçısının siyasi iradəsi və dəstəyi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bu gün ölkəmizdə mədəniyyətlər arasında dialoq ideyası müstəvisində keçirilən tədbirlər, aparılan müzakirələr bu yöndə ortaya çıxan sualların aydınlaşdırılmasına, bəşəriyyət üçün daha nizamlı, sabit, qarşılıqlı hörmət ruhunun hakim olduğu dünyanın yaradılması amalına xidmət edir. Bütün bu tədbirlər, beynəlxalq konfranslar, forumlar artıq Azərbaycanı sivilizasiyaları birləşdirən məkana çevirib. Bir neçə on il əvvələ qədər sadəcə neft ölkəsi kimi diqqəti çəkən respublikamız nəinki regionun, eləcə də dünyanın mədəni-humanitar və intellektual mərkəzlərindən biri kimi maraq cəlb edir.

Bakı Humanitar Forumunun xüsusilə diqqətçəkən məqamlarından biri də bu təşəbbüsün humanitar fəlakətlə üzləşmiş bir ölkə tərəfindən irəli sürülməsidir. Azərbaycanın tarixi torpaqlarının bir hissəsi - Dağlıq Qarabağ və ətraf rayonlar uzun illərdir ki, erməni işğalçıları tərəfindən zəbt olunub. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılıb. Bir milyondan artıq soydaşımız öz doğma torpağında qaçqın və köçkün vəziyyətində yaşayır. Torpaqlarımızın 20 faizi hələ də düşmən tapdağı altındadır. İşğal edilmiş bölgələrimizdə bütün mədəni sərvətimiz, tarixi, dini abidələrimiz dağıdılıb. Bu ərazilərdə bütün evlərin, sosial infrastrukturun, maddi mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılması faktı ATƏT-in bölgədə monitorinqlər aparan iki faktaraşdırıcı missiyasının hesabatlarında da aydın göstərilib. Bu mənada Bakı Humanitar Forumu təşəbbüsü bu cür fəlakətlərin, insan faciələrinin dünyada bir daha təkrarlanmaması, belə fəlakətlərin acı nəticələrinin aradan qaldırılması üçün bəşəriyyətin ortaq məxrəcə gətirilməsi niyyətidir.

Məlumdur ki, dünyada mövcud olan bir çox problemlərin həlli iqtisadi inkişafdan keçir. Bakıda təşkil olunan humanitar forumların əsas istiqamətlərindən biri də məhz iqtisadi inkişafın humanitar aspektlərini əhatə edir və Azərbaycan bu sahədə də nümunə yaradır. Torpaq işğalına və etnik təmizləmə siyasətinə məruz qalmasına baxmayaraq, bu gün ölkəmiz aparılan davamlı islahatlar sayəsində iqtisadiyyatını dəfələrlə artıra bilmiş, qarşıya qoyduğu hədəflərə çatmışdır. Azərbaycanın sosial-iqtisadi uğurları humanitar sahədə də ciddi nailiyyətlərin əldə olunmasına, tolerantlıq mühitində cəmiyyətimizdəki sağlam proseslərin dəstəklənməsinə şərait yaradır. İnsanların maariflənməsinə, təhsilin, səhiyyənin inkişafına, vətəndaşların sosial vəziyyətinin, həyat tərzinin yaxşılaşmasına xüsusi diqqət yetirilir.

Həyatın bütün sahələrində fundamental dəyişikliklər yaradan siyasi-mənəvi irəliləyişlər baş verir. Bu şəraitdə yeni texnologiyaların yaranması, informasiya cəmiyyətinin təşəkkülü vaxtilə sırf nəzəri təsir bağışlayan bir sıra problemləri aktuallaşdırır. Ona görə də müasir dünyada aktual çağırışlara cavab vermək, dəyişikliklərə uyğunlaşmaq üçün xalqların bir-biri ilə daha yaxın və mehriban münasibətlər yaratması ən vacib zərurətə çevrilir.

Azərbaycanın belə multikultural münasibətlərin reallaşdığı məkana çevrilməsi müasir tariximizin ən böyük nailiyyətlərindəndir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2017.-16 iyul.- S.1; 6.