Xalqları və ölkələri bir-birinə yaxınlaşdıran dostluq körpüsü

 

Mədəniyyət günləri

 

İran İslam Respublikasında uğurla yekunlaşan Azərbaycan mədəniyyəti günləri iki ölkənin vətəndaşlarına əsl bayram ovqatı yaşadıb. Bu tədbir ölkələrimiz arasında mədəni əməkdaşlığın inkişafında, turizm potensialının genişlənməsində, ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin təbliğində müstəsna əhəmiyyətə malikdir. Tehranda, Məşhəddə, İsfahanda və Ərdəbildə yüksək səviyyədə keçirilən görüşlər, rəngarəng proqramlarla bir-birini əvəz edən Azərbaycan mədəniyyəti günləri öz zənginliyi və xoşagəlimliyi ilə insanların qəlbində uzun zaman yaşayacaqdır.

İki ölkə arasında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan əməkdaşlıq və dostluq əlaqələri son illər daha da geniş vüsət alır. Təsadüfi deyil ki, ötən 4 il ərzində Azərbaycan və İran prezidentləri 7 dəfə görüşüblər, qarşılıqlı əlaqələrin bütün sahələr üzrə genişlənməsini müzakirə ediblər. Dövlətlər arasında 130-dan çox əməkdaşlıq haqqında sənəd imzalanıb. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İran İslam Respublikası ilə münasibətlərə xüsusi önəm verir. Hər iki dövlətin başçısı regionda sülhün və əmin-amanlığın qorunub saxlanılması üçün çox ciddi səylər göstərir. Bunun nəticəsidir ki, Azərbaycan və İran beynəlxalq əhəmiyyətli layihələrdə bölgə üzrə aparıcı dövlətlərə çevriliblər. Əhalinin sosial həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir göstərən iqtisadiyyat, energetika, nəqliyyat, rabitə, tibb, mədəniyyət və digər sahələrdə əməkdaşlıq durmadan inkişaf etdirilir. Bu sırada qarşılıqlı turizm əlaqələri də son illər genişlənib. Müşahidələrdən məlum olur ki, müasir dövrdə turizmin inkişafı bu dostluğun möhkəmlənməsi üçün ən yaxşı vasitədir. Xəzər dənizi ətrafında yaşayan xalqlar tarixən oxşar milli-mədəni dəyərlərə malikdirlər. Ona görə də iranlı vətəndaşların Azərbaycana rahat gəlib-getməsi üçün mühüm addımlar atılıb. 2017-ci ilin əvvəlindən Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə “ASAN Viza” sistemi tətbiq edilib. Bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb. Artıq İranın istənilən şəhərindən Azərbaycana səfər etmək istəyən şəxsin Tehrana gedib konsulluğa müraciət etməsinə ehtiyac yoxdur. Hər bir kəs internet vasitəsilə viza almaq imkanına malikdir. Yaxın gələcəkdə Azərbaycanda “ASAN Viza” sistemi daha da təkmilləşdiriləcək və hər bir şəxsə 3 saat ərzində elektron viza verilməsi təmin olunacaq. Artıq İranda və Azərbaycanda fəaliyyət göstərən turist firmalarının birgə müəssisə yaratmalarına və qarşılıqlı turist səfərləri təşkil etmələrinə ehtiyacı var. Bu firmalar turistlərin ziyarətgahlara, tarixi yerlərə, gəzməli-görməli, istirahət etməli bölgələrə səfərlərini təşkil edə bilərlər.

Beynəlxalq təşkilatlarda iki dövlətin vahid mövqedən çıxış etməsi də milli maraqlara uyğundur və səmərəlidir. Mənəvi varisliyə əsaslanan bu təəssübkeşlik və milli birlik eyni dinə, adət-ənənəyə malik hər iki xalqın ruhunu oxşayır. İranın kitabxanalarında qədim əlyazmalar var və bunların birgə araşdırılması yeni tarixi faktların ortaya çıxmasına səbəb olar. Keçirilən tədbirlərdən göründüyü kimi, mədəniyyət sahəsində də ölkələrimiz arasında sıx əlaqələr mövcuddur. İndi Azərbaycanda istehsal olunan bir sıra filmlər İran aktyorları və mütəxəssislərinin iştirakı ilə hazırlanır. Mədəniyyət günləri çərçivəsində Tehran, İsfahan və Ərdəbil şəhərlərində teatr tamaşaları, filmlər, konsert proqramları nümayiş olunub, fotosərgilər açılıb. Tehrandakı İran İncəsənət Akademiyasında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi tamaşaçılarda böyük maraq doğurub. Ekspozisiyada Azərbaycanın tarixi, mədəniyyəti, müasir inkişafı, füsunkar təbiəti, tolerantlıq mühiti, islam dəyərləri, azsaylı xalqların məskunlaşdığı bölgələrimizdən bəhs edən 250-dən çox foto nümayiş etdirilib. Təbriz şəhərindən tanınmış ziyalı doktor Əli Zadimani redaksiyamızla telefon əlaqəsi yaradaraq Azərbaycan mədəniyyəti həftəsində keçirilən tədbirlərdən məmnunluğunu bildirdi. Xüsusi vurğuladı ki, “Tehranda İran İncəsənət Akademiyasında keçirilən fotosərgi televizyonda da geniş nümayiş etdirildi. Sərgiyə ailə üzvlərimiz də həvəslə tamaşa etdilər. Aldığımız təəssüratdan bəlli oldu ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev həm sovetlər dönəmində, həm də müstəqillik illərində mədəniyyətin inkişafına xüsusi diqqət ayırıb. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda dini və tarixi abidələr bərpa edilərək xalqın istifadəsinə verilib. Bu, bizi çox sevindirdi və xoşhal etdi...

Can bir qardaşlara daha böyük uğurlar arzulayırıq”.

Ekspertlərin fikrincə, bu kimi mədəniyyət günlərinin qarşılıqlı şəkildə keçirilməsi xalqların bir-birini daha yaxından tanımasına, dəyərli təmasların qurulmasına imkan yaradır. O da məmnunluq doğuran faktdır ki, son illər Novruz bayramında İran vətəndaşları Bakıya gələrək bayramı Azərbaycanın paytaxtında qeyd edirlər. Bu il bayram günlərində 65 mindən çox iranlı Azərbaycana qonaq gəlib. Çünki xalqımızla eyni din və adət-ənənəyə malik olan bu insanlar Bakıda özlərini daha rahat hiss edirlər. Bu rahatlıq və yaxınlıq mədəni əlaqələrin inkişafı üçün əlavə stimul yaradır. Hər iki ölkənin dostluq əlaqələrinə rövnəq verən bir faktı xatırlamaq yerinə düşər. Azərbaycanda keçirilən muğam festivallarında, sərgilərdə və beynəlxalq əhəmiyyətli simpoziumlarda, konfranslarda İran həmişə dəvətli olur. Cari ilin may ayında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında İran böyük nümayəndə heyəti ilə iştirak edib. Bu ölkənin idmançıları yarışlarda 100-ə yaxın medal qazanıblar. Həmin ərəfədə İrana Bakının mərkəzində təqdimat keçirmək üçün şərait yaradılıb. Bu fürsətdən yararlanan İran özünün mədəniyyəti, turizm potensialı, iqtisadiyyatı və digər sahələrini təqdim edərək geniş təbliğat işi aparıb. Ötən il Bakıda İran filmləri həftəsi keçirilib. İran istehsalı olan filmlər Azərbaycanın mədəniyyət adamları arasında ciddi maraq doğurub.

Azərbaycan ilə İran ISESCO və İslam Əməkdaşlıq təşkilatları çərçivəsində də yaxından əməkdaşlıq edirlər. Dövlət başçıları çalışırlar ki, İran ilə Azərbaycanın mədəni əlaqələrini elə yüksək səviyyəyə çatdırsınlar ki, gələcəkdə hər iki ölkənin təmsilçiləri bundan istifadə edərək xoş münasibətləri qoruyub saxlasınlar və inkişaf etdirsinlər. Bu xoş missiyanın bəhrəsidir ki, gələn il Azərbaycanda İran mədəniyyəti günlərinin keçirilməsi nəzərdə tutulur. Tədbirlər təkcə Bakıda deyil, Gəncə, Qəbələ, Şəki və digər şəhərlərdə də reallaşacaq.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.- 16 iyul.- S. 6.