Bakının Məhəmməd - “Sınıqqala” məscidi

 

Tarixi abidələrimiz

 

Şərq memarlığının geniş yayılmış unikal dini abidələrindən biri də məscidlərdir. İslam ölkələrində məscidlər təkcə ibadət üçün nəzərdə tutulmurdu, eyni zamanda, onun içərisində keçirilən tədbirlər insanlar arasında ünsiyyəti gücləndirmək məqsədi daşıyırdı. Ərəb istilasından sonra Azərbaycanda islam dininin yayılması ilə bağlı yeni tipli binaların - məscid, mədrəsə, türbə və s. tikilməsi əsas xətt oldu. Azərbaycanın ən önəmli şəhərləri olan Bərdə, Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkir, Şabran, Beyləqan, Gəncə və Naxçıvan şəhərlərində məscidlərin tikilməsinə xüsusi diqqət verilirdi.

Dövrünə görə mükəmməl dini abidə sayılan məscidlər Azərbaycan memarlığının elementlərini özündə əks etdirməyə başladı. Hazırda məscidlər Azərbaycanın ən qədim tikililəri sırasındadır. Bu tikililər yerli əhali üçün həm ibadət yeri, həm də mədəniyyət nümunəsidir.

XI-XIII əsrlərdə Azərbaycan ərazisində çoxsaylı kənd və məhəllə məscidləri, böyük camelər tikilmişdir ki, bunlar da öz memarlıq dəyərini bu günqoruyub saxlayır. Memarlıq-planlaşma həllinə görə islam memarlığının unikal abidələrindən hesab olunan Bakı və Abşeron məscidlərindən biri də Məhəmməd - “Sınıqqala” məscididir. Məhəmməd məscidi Bakı şəhərində inşa olunmuş, üzərində epiqrafik kitabəsi olan və tikilmə tarixi həkk olan ilk şəhər Cümə məscididir.

Məscid hicri tarixi ilə 471-ci ildə (miladi 1078-79) ustad rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunub. Şəhər rəisi vəzifəsini icra edən Məhəmməd Əbubəkr oğlu həm bu məscidin sifarişçisi olmuş, həm də məscidin inşasını maliyyələşdirmişdir.

Xalq etimalogiyası dilində abidənin adı həm də “Sınıqqala” kimi hallanır. Bu qədim və möhtəşəm abidə I Pyotrun Bakıya kəşfiyyat ücün göndərdiyi rus donanmasının admiralı Matyuşkinin əmri ilə şəhərin dənizdən top atəşinə tutulması nəticəsində məscidin minarəsinin yuxarı tərəfinin dağıldığı üçün “Sınıqqala” adlanir.

Zəngin dekorativ elementlərlə bəzədilmiş məscidin bir otaqlı ibadət zalına şimal tərəfdən çox da böyük olmayan vestibül birləşir. Qala divarının mərkəzi oxunda daşla şəbəkə şəkilli bağlanmış bir cüt pəncərə var. Oxvarı taxtabanla tamamlanan zal şərq və qərb tərəfdən çata bənzər ornamentli pəncərələrlə bəzədilmişdir. Bakı-Abşeron memarlığı üçün yad olan bişmiş kərpiclə lentvari şəkildə tağbəndin çərçivəsi boyunca ornament quraşdırılmışdır.

XX əsrin əvvəllərinə kimi, “Sınıqqala” bir mərtəbəli məscid olmuşduronun tutumu uca minarəsinə nisbətdə kiçik görünmüşdür. İki yandan ona yapışdırılmış binalardan azad olduqdan sonra abidənin alt qatı üzə çıxmışdı. Minarə ilə məscid binasının ilkin uyarlığı bərpa edilmişdi. Məscidin tikildiyi enişli relyefdən bacarıqla yararlanan memar bənzərsiz məkan quruluşu olan iki mərtəbəli, tək minarəli məscid binası yaratmışdır. Alt qatı tağbənd örtülü olub şimal fasada çıxan bir qapısı və iki kiçik pəncərə gözlü dördbucaq planlı bir otaqdır.

Üst qatdakı ibadət salonu (sahəsi 40 kv. m) planına və mühəndis həllinə görə alt qatı təkrar edir. Şimal divarın ortasındakı mehrab tağçasının yanlarında iri pəncərə gözləri açılmışdır. Bu səbəbdən Məhəmməd məscidinin sivri tağbəndlə örtülən ibadət salonu kifayət qədər işıqlanır.

Şirvan-Abşeron memarlıq məktəbinin başlıca prinsiplərindən biri - binaların içərisi ilə bayır tutumu arasında birliyin olması Məhəmməd məscidinə də xasdır. Ölçü kiçikliyinə baxmayaraq memar tikilini bölünməz, bütöv şəkildə həll etməmişdir. Əksinə, o, binadakı funksional bölgüdən tam yararlanaraq dinamik məkan quruluşu yaratmağa çalışmışdır.

Məscidə bitişik şəkildə qaldırılmış silindirik formalı minarə yuxarıdan stalaktitli karniz üzərinə oturdulmuş daş şəbəkəli azançı eyvanı (müəzzın) ilə tamamlanır. Minarə daxilində quraşdırılmış vintvari daş pilləkənlər ibadət zalının döşəməsindən başlanır. Minarənin özülü alçaqkvadrat formadadır.

Minarənin müəyyən yüksəkliyində məscidin damına keçmək üçün qapı var. Minarənin yuxarı hissəsində stalaktik kəmər boyu ərəb dilində kufi xətlə Quran ayəsi yazılmışdır. Məscidin cənub fasadı yarımdairə həcmli mehrablaminillik divar fonunda oxvari tağbənd pəncərələrlə dartılmış proporsiyalar şəklində özünü göstərir.

Məscidin minarəsi silindr şəklində olub, yuxarıya doğru getdikcə daralır. Mütəxəssislərin fikrincə, tutduğu mövqeyə görə bu minarədən həm də müşahidə məntəqəsi kimi istifadə edilmişdir. Minarənin yuxarı hissəsini əhatə edən iri stalaktitlər burada təkcə bəzək elementi rolunu oynamır, eyni zamanda, konstruktiv xarakter daşıyaraq daş eyvanı saxlayır. Eyvanaltı daşların üzərində gözəl həndəsi ornamentlər yonulmuşdur.

Bütün orta əsr Bakı məscidləri kimi, Məhəmməd məscidinin də ölçü kiçikliyi şəhərin öz ölçüsü və funksiyası ilə bağlı olmuşdur. Memarlıq əsərindən daha çox bütöv kütlədən yonulmuş heykəltəraşlıq əsərinə bənzəyən məscidin sərt əzəmətində XI əsr Bakısının qala şəhərliyi əks olunmuşdur.

Məscidin yaxınlığında aparılan arxeoloji qazıntılar bu ərazidə 3 mədəni təbəqənin olduğunu müəyyən etmişdir. I mədəni təbəqə antik dövrdən IX əsrədək olan dövrü, II mədəni təbəqə IX-XIII əsrləri, III mədəni təbəqə XIII-XVII əsrləri əhatə edir. Maraqlı olan fakt budur ki, şəhərin qədim dövr tarixi haqqında bizə məlumat verən maddi-mədəniyyət nümunələri A.Zeynallı küçəsi boyu Qız qalası və Məhəmməd məscidi rayonu ərazisindən, məhz sahilboyu rayondan aşkar olunmuşdur.

Arxeoloq F.İbrahimov 1988-ci il arxeoloji qazıntılar zamanı məscidin gözlənilməz iri həcmli sahə quruluşunu kəşf etdi. Hər zaman alçaq forması ilə qəbul olunan minarə indi kvadrat bünövrə üzərində tikilmiş mükəmməl tikili kimi canlandı. İbadət zalının altından daş çatma qübbə ilə örtülmüş analoji tipli otaq aşkar olundu. Otağın alt təbəqəsinin altında islama qədər dini ayinlərin elementləri izlənildi. Arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri bu otağın məhz antik dövrdə inşa olunduğunu ehtimal etməyə əsas verir. Güman edilir ki, məscid burada islamaqədər fəaliyyət göstərən atəşgahın bünövrəsi üzərində ucaldılıb. Bu otaqdan aşkar olunmuş kapitelli sütunlar Bakı tarixinin qədimliyini sübut edən əsaslı dəlillərdəndir.

1980-ci illərin fotolarına nəzər yetirsək 30 il bundan öncə Məhəmməd məscidinin konservasiyasına, o cümlədən ətrafının təsərrüfat və məişət zibilindən təmizlənməsinə, həmçinin bu ərazidə geniş arxeoloji qazıntıların aparılmasına nə qədər ehtiyac olduğunu anlamaq olar.

Son 30 il ərzində İçərişəhər ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar olunan qədim dövr maddi-mədəniyyət nümunələri, habelə İçərişəhərin sahilə yaxın hissəsinin təhlili, analizi və təsnifatı belə bir fikir söyləməyə əsas verir ki, şəhərin qədim yaşayış yeri konkret olaraq sahilə yaxın, məhz ən qədim yazılı memarlıq abidəsi olan Məhəmməd məscidi, Qız qalası, həmçinin A.Zeynallı küçəsi boyu yerləşən ərazi və Bakı buxtası olmuşdur.

Məhəmməd məscidinin həyətində (cənub hissəsində) 1991-ci ildə aparıan arxeoloji qazıntılar zamanı təbii qaya üzərində inşa olunmuş saray tipli sütunlu böyük bir otaq aşkar olunmuşdur. Buradan bir neçə kapitel (sütun başlığı) də tapılmışdır. Aşkarlanmış bu sütunlu otağın qədim dövr abidəsi olması şübhəsizdir.

Məscid ətrafındakı arxeoloji qazıntılar zamanı xeyli sikkə nümunələri aşkar olunmuşdur. 1994-cü il arxeoloji qazıntılar zamanı qayaüstü mədəni təbəqədən 1 ədəd qədim mis sikkə tapılmışdır. Mütəxəssislərin təyinatına görə Seyda satraplığına (Əhəmənilər dövrü) aid bu mis sikkə Xaşayar şah (I Daranın oğlu) dövründə I İstratonya Filhelnin adından zərb olunmuşdur. Çəkisi 2,9 qr, diametri 21,0-22,0 mm-dir.

Qazıntı sahəsindən bir neçə boyalı qab nümunələri də tapılmışdır. Boyalı qablarqab qırıqları İçərişəhərdə az miqdarda aşkar olunur. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda boyalı qablar mədəniyyəti tunc və dəmir dövrü abidələrində müşahidə olunur. Boyalı qablar əsasən yüksək keyfiyyətli, narın gildən hazırlanmış qırmızı rəngli, simmetrik quruluşlu, səthi cilalanmış küpələrdən ibarətdir. Bu tip qabların oxşarları Şamaxı və Nüydinin antik dövr abidələrindən də məlumdur. İçərişəhərdən boyalı qabların aşkar olunması Bakının qədim dövr tarixi barədə bizə əsaslı söz deməyə imkan verir.

1986-cı ildə Məhəmməd məscidinin şimal tərəfindən arxeoloji qazıntılar nəticəsində ilk orta əsrlərə aid anfora tipli, iri gövdəli şirsiz saxsı küp aşkar olunmuşdur. Belə formalı küp ilk görünüşdə antik dövrdə geniş yayılmış anfora tipli qabları xatırladır. Gili iri qum qarışıqlı olub bozumtul rəngdədir.

Məscid şəhərdə yaşayışın gur olan mərkəzi rayonunda yerləşir. Məhəmməd məscidi ətrafında və içində aparıan coxillik arxeoloji qazıntılar zamanı xeyli miqdarda maddi-mədəniyyət abidələri, həmçinin quyular, təndirlər və ocaq yerləri də aşkar olunmuşdur.

Tapılmış əsas arxeoloji material IX-XVII əsrləri əhatə edir. Bunlar əsasən küp, küpə, hisli gil qazan, qara çıraq, bardaq tipli su qabları, altı möhürlənmiş polixrom monoxrom tipli boşqab kasalar, daşişləmə məmulatı digər təsərrüfat əşyaları qırıqlarından ibarətdir.

Məhəmməd məscidi yaxınlığında aşkar olunmuş şəhərimizin qədim tarixini əks etdirən maddi-mədəniyyət nümunələrinin təsnifatı Bakının yaşının təyin olunmasında əvəzsiz rol oynayır.

Abidənin konservasiyasına gəldikdə isə 24 dekabr 2010-cu ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dünya əhəmiyyətli memarlıq abidəsi olan Məhəmməd məscidində aparılmış muzey-konservasiya işlərinin başa çatmasına həsr olunmuş elmi-praktiki seminar keçirilmişdir.

Seminarda mütəxəssislər görülmüş muzey-konservasiya işləri barədə ətraflı danışmışlar. Abidədə aparılmış konservasiya işləri, üzərində epiqrafik yazısı olan bu qədim məscidin memarlıq simasını bütövlüklə canlandırdı. Məhəmməd məscidində aparılmış muzey-konservasiya işləri təcrübəsinin öyrənilməsi və bu nümunənin gələcəkdə Azərbaycan ərazisindəki memarlıq abidələrinə tətbiq edilməsi məqsədəuygundur.

Muzey-konservasiya işlərinə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer” şirkətləri tərəfindən 2009-cu ilin mart ayından etibarən başlanılmışdır. Bir neçə mərhələni özündə ehtiva edən mürəkkəb texnoloji prosesin gedişində təqribən 500 kvadratmetrlik səth örtüyü xüsusi avadanlıq və materiallarla bərpa edildikdən sonra konservasiya olunmuşdur. Bərpa zamanı vakuum yolu ilə bərkidilmə üsulundan istifadə edilmişdir ki, bunun nəticəsində havasızlıq şəraitində daşlar bərkidilmiş, beləliklə, bir daş belə, düşmədən abidə bərpa edilmiş, onun tarixiliyinə və mövcud quruluşuna zərər yetirilməmişdir. Dünya standartlarına cavab verən bu cür muzey-konservasiya işləri Azərbaycanda ilk dəfə olaraq həyata keçirilirdi.

Gələcək nəsillərə olduğu kimi çatdırmaq üçün babalarımızdan bizə miras qalan Şirvan-Abşeron memarlıq sənətinin şah əsəri sayılan bu daş abidə yüksək zövq və peşəkarlıqla konservasiya olunmuşdur.

 

Kamil İBRAHİMOV,

professor

 

Azərbaycan.- 2017.-12 iyul.- S.8.