İlham Əliyevin düşmənin göz dağına çevirdiyi yurd

 

İnkişafın rəmzinə, zəfərin ünvanına çevrilən Cocuq Mərcanlıda həyat qaynayır, sürətlə yeni evlər tikilir

 

Bura Cocuq Mərcanlıdır...

Başını qəhrəmanlıq ünvanı olan Lələtəpə yüksəkliyinin dizlərinə söykəyib oradan dalğalanan Azərbaycan bayrağına baxa-baxa qürurlanır. İyirmi beş illik intizarı sona çatır. Çiyinlərindən həsrət yükünü yerə qoyub, yorğun-yorğun gülümsəyir. Kəndin uşaqları yurdlarının genişliyindən vəcdə gəlir, sanki qanad açıb uçmaq istəyirlər. Böyüklər isə hələ əşyalarını yeni evlərində yerbəyer etməklə, bəzəməklə məşğuldurlar.

Kəndin bir tərəfində isə buldozerlərin gurultusu tez-tez bir-birləri ilə məsləhətləşən işçilərin səslərinə qarışıb. Qızğın iş gedir. Ərazi təmizlənir, hamarlanır. Yeni evlərin tikintisinə burada başlanılacaq. Kəndin ümumi ab-havası işçilərin də ovqatına xoş təsir göstərib. Gərgin işləsələr də, yorğun görünmürlər.

Kənd canlanır. Bu yay Cocuq Mərcanlının ümidləri çiçək açıb.

 

İyirmi beş illik həsrət bitir...

 

...Qulaqlarından iyirmi beş il qabaq onu tərk etmək istəməyən sakinlərinin yanıqlı naləsi, ahu-fəğanı hələ çəkilməyib. O zaman kəndə sanki od yağırdı. Erməni silahlıları Azərbaycanın hücum etdikləri yaşayış məskənlərində kimsəyə aman vermirdilər. Cocuq mərcanlılılar bunu bilə-bilə kənddən çıxmamışdılar. O gün - 1993-cü ilin 23 oktyabrında Cocuq Mərcanlını tərk etməyə məcbur oldular. Azərbaycan Ordusu bu kəndi 1994-cü ildə düşmən əsarətindən azad etdi. Amma erməni silahlı qüvvələrinin atəş nəzarətində qalan Cocuq Mərcanlıda yaşayışın bərpası uzun illər mümkün olmadı.

Gedənlərin gözləri öz yurdlarında qaldı. Ona görə heç yerdə könül rahatlığı tapa bilmirdilər. Bu kənd də 1993-cü ilin o kədərli oktyabr gününün dərdi ilə illərlə yaşadı. Ancaq indi o ağır gedişin bu sevincli dönüşü ruhunu oxşayır.

Cocuq Mərcanlı öz sakinlərinin bəzilərini güclə tanıdı. Onun hesabınca bu qədər yaşlı görünməməliydilər. Görünür illərdən deyil, həsrətdən qocalıblar. Buradan gedən o uşaqların, yeniyetmələrin əksəriyyəti artıq ailəlidirlər. Boyları ata-analarının boyuna yetmiş gənc qızları, oğlanları, yerə-yurda sığmayan uşaqları ilk dəfəydi görürdü. Amma gözlərindəki sevgidən tanıdı onları.

Görünür sakinləri Cocuq Mərcanlını öz övladlarına da tanıdıb sevdirə bilmişdilər. Gözünə dəyməyənlər də çoxdur. Bəziləri yeni köçlə gələcəklər. Ancaq doğma yurdun hicranına tab gətirə bilməyənlər həsrət içində köçüb getdilər bu dünyadan. Onlar son nəfəslərində də “Məni yurdumuzda dəfn eləyin” - dedilər. Bu kəndin Lələtəpədə yerləşən qədim qəbiristanlığına yolunu ermənilər bağladığından doğmaları onları Cocuq Mərcanlıya yaxın Qazaxlar kəndində torpağa tapşırdılar.

2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusu tərəfindən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyinin erməni işğalından azad edilməsi ilə Cocuq Mərcanlının günəşi doğdu. Kənddə yaşayışın bərpası üçün imkan yarandı. Azərbaycan oğulları bir daha sübut etdilər ki, torpaqlarımızı yağıların əsarətində qoymayacaqlar. O döyüşlərdə hünər göstərmiş vətən övladlarını bu kənd heç zaman unutmayacaq.

 

Cocuq Mərcanlı abadlaşdırılır

 

Cocuq mərcanlılıların üzlərini güldürən, qəlblərində ümid çırağını şölələndirən bir hadisə də bu ilin yanvarında baş verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2017-ci il yanvarın 24-də “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” sərəncam imzaladı. Sərəncamdan irəli gələn tapşırıqlar yüksək səviyyədə yerinə yetirildi.

İyunun 14-də Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində görülən işlərlə tanış oldu, kəndi tərk etməyən yeganə ailənin - Həziyevlər ailəsinin üzvləri ilə görüşdü.

İyunun 15-də Prezident İlham Əliyev Cocuq Mərcanlıda bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında yeni sərəncam verdi. Sərəncamda qeyd olunur ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanılıb. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və respublikamızın müxtəlif bölgələrində məskunlaşmış cocuq mərcanlıların öz doğma yurdlarına qayıtmaq barədə müraciətlərini nəzərə alaraq, kənddə tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub. Əhalinin məşğulluğu üçün ölkə başçısı aidiyyəti nazirliklərə və şirkətlərə tapşırıqlar verib.

Birinci mərhələdə əlli ailə doğma yurdunda evlə təmin olundu. Bu ilin sentyabrından Cocuq Mərcanlı kəndində yenidən məktəb zənginin sədaları da eşidiləcək. Kənd sakinlərinin özü kimi qaçqın düşmüş, iyrmi dörd il idi ki, Bakının Xətai rayonunda məskunlaşmış məktəbi bundan sonra Cocuq Mərcanlının özündə fəaliyyət göstərəcək.

 

El gücü, sel gücü

 

Kənddə evlə təmin olunanlar qədər onlara yardım etməyə gələn qohumları da sevincli, həyəcanlı görünürdülər. Onlara da ikinci mərhələdə Cocuq Mərcanlıda ev veriləcək. Cocuq Mərcanlının altmış dörd yaşlı sakini Yaqut Məmmədovanın hələ ki üç oğlu, bir qızı öz ailələri ilə yeni evlərinə köçürdü. Onların əşyalarını yerləşdirmələrinə kömək edən ana arabir əl saxlayırdı, oğlunun həyətindən görünən uçub-dağılmuş evə baxdıqca gözlərində kədər kölgələnirdi.

Ötən günlərini yada salırdı: “O görünən mənim ata evim idi. Ömrümün qayğısız günləri orda keçib. O evdə boya-başa çatdım, gəlin köçdüm. Dədə-baba yurdumuzda öz ailəmlə yeni ev qurdum. Beş övlad anası oldum. Həyat yoldaşım Gərayla ailəmizin ruzisini əlimizin zəhməti ilə qazanırdıq. Heç nədən korluğumuz yox idi. Deyirdik, uşaqlarımız da böyüyər, köməyimizə çatarlar, onlara da bu kənddə toy edərik, ev tikərik. Ancaq erməni bəlası başımızın üstünü aldı. Bizi didərgin saldılar, yurdumuzu viran qoydular, evlərimizi yandırdılar. Uzun illər bura gələ bilmədik. Kəndimizi, böyüdüyüm ata ocağını, həyat yoldaşımla, uşaqlarımla birlikdə yaşadığım evimizi tez-tez xəyalımda canlandırmağa çalışırdım. Qorxurdum birdən bu kəndin mənzərəsi, o evlərin görkəmi yaddaşımdan silinər. Bilə-bilə ki, o evlər artıq yoxdur, ermənilər yandırıb, xarabaya çevirib, yenə onların var olduğuna özümü inandırmağa çalışırdım. Bu hissləri yaşayan tək mən deyildim. Qaçqın düşənlər zaman keçdikcə ən çox yurdlarının, evlərinin təsvirlərinin yaddaşlarından silinəcəyindən qorxurlar. Cocuq Mərcanlıda bərpa işləri aparılanda kəndimizi görməyə gəldik. O gün keçirdiyim hissləri ifadə edə bilmərəm. Sözlər o duyğuları təsvir etməkdə acizdir. Ana yurdun havası da bir başqadır. Erməni vəhşiliyi nəticəsində gözəl elimizin talan olduğunu gördükcə ürəyimiz qan ağladı. Ancaq dövlətimizin gücü ilə Cocuq Mərcanlı yenidən abadlaşır. Biz də köçdükdən sonra əlimizin zəhməti ilə buranı cənnətə çevirəcəyik”.

Ən çox ona təəssüflənir ki, ömür-gün yoldaşı bu dünyadan yurd həsrətilə köçüb. Deyir: “Həyat yoldaşımın ən böyük arzusu Cocuq Mərcanlıya qayıtmaq idi. Xəstəlik tapdı. Dörd ay əvvəl altmış səkkiz yaşında vəfat etdi”.

Azadə Hüseynova da baldızıgilə köməyə gəlib. Onun həyat yoldaşı bu kənddəndir, özü isə Cəbrayıl rayonunun Mahmudlu kəndindəndir. O kənd hələ ki erməni işğalçılarının nəzarəti altındadır. Cocuq Mərcanlının bugünkü növrağı Azadə Hüseynovanı bir az da ümidləndirir: “Qaçqın düşəndə on yeddi yaşım vardı, iyirmi beş ildən sonra ilk dəfədir buralara qayıdıram” - deyir: “Biz çox çətin günlər yaşadıq. Ancaq hər zaman dövlətimizə, millətimizə güvəndik. İnandıq ki, torpaqlarımız geri alınacaq. Bizim bu yurda geri dönməyimiz sübut etdi ki, Azərbaycan öz torpaqlarını düşmən işğalında qalmağa qoymayacaq. Bu gün Cocuq Mərcanlıda qurulan bu büsat dövlətimizin öz vətəndaşlarına verdiyi dəyərin ən gözəl nümunəsidir”.

Almaz Hüseynova isə oğlu Fuad Qafarovla birlikdə qardaşıgilin evlərinə daşınmalarına yardım edirdi. Bizə yaxınlıqdakı evləri göstərib, sakinlərini tanıdır. Qardaşlarının, bacısının evləri bir-birinə yaxındır. On iki yaşlı Fuad ilk dəfə gördüyü Cocuq Mərcanlıya indidən bağlandığını söyləyir: “Yayı dayımgildə qalacağam. Sonra gedəcəyik. Amma yenə qayıdacağıq. Burdan heç getmək istəmirəm”.

Cocuq Mərcanlı sakini Elnur Həsənov da bacısının həyat yoldaşıyla ağır əşyaları bir-bir onların evlərinə daşıyır. Arada dincini alanda onunla da söhbət edirik. Buranı tərk edəndə on dörd yaşı olub. “İndi qırx yaşın içindəyəm - deyir. Qaçqın düşəndə əvvəl Saatlı, sonra İmişli rayonlarına getdik. Hərəsində bir az qaldıq. Biləsuvarda qəsəbə salınanda ora köçdük. Həmişə öz yurdumuzun xəyalıyla yaşadıq. Artıq köç başlayıb. Müraciət etdik, bizə də növbəti yüz fərdi evdən biri düşəcək. Ailədə beş nəfərik, atam, mən, həyat yoldaşım və iki oğlum. Əslində, bizə üçotaqlı düşürdü, amma şəhid ailəsi olduğumuz üçün dördotaqlı ev veriblər”. Elnur Həsənov övladlarından da danışır: “Böyük oğlum Röyal 9-cu, Oruc isə 8-ci sinifdə oxuyur. Bu gün onları gətirə bilmədim. Amma söz verdim ki, növbəti dəfə birlikdə gələcəyik. Biz cocuq mərcanlılar əl-ələ verib burada o vaxtkından da gözəl kənd quracağıq. Dövlətimiz bunun üçün bizə hər cür şərait yaradıb. Qazımız, işığımız, suyumuz var. İşlə təmin olunacağıq. Övladlarımızın təhsil almaları üçün yüksək səviyyədə məktəb binası inşa olunub. Biz dövlətimizlə fəxr edirik. Burada əməyi olan hər kəsə təşəkkür edirik”.

 

Adı tarixə yazılan kənd

 

Belə qurulur Cocuq Mərcanlı. Daha bu kəndin gözləri yollardan yığışır. Sinəsi üstündə ard-arda, yan-yana sıralanmış evlərə baxır. Bu əlli fərdi evdən gələn əlli işıq gecələr ulduz kimi sayrışacaq. Çox keçməyəcək ki, onlara daha yüz evin işığı qoşulacaq. Hər ocağın başına yığılmış ailələrdən sevinc dolu səslər yüksələcək. Bu səslər üçün nə qədər darıxdığını indi daha yaxşı anlayır.

Artıq küçələrində uşaqlar oynayırlar. Böyüklər isə həyətlərinə baxa-baxa bir-birləri ilə harada ağac əkəcəklərini məsləhətləşirlər. Hələ bir azdan əkin-biçin söhbətlərinə də başlayacaqlar.

...Bura Cocuq Mərcanlıdır. Uzun illər gözlədiyimiz zəfərin bugünkü ünvanı. Vətən övladları onun adını tarixə belə yazdılar.

 

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.-20 iyul.- S.1;5.