Oxşar talelər

 

"Azərbaycan"ın yazarları

 

Azərbaycan mətbuatı tarixinin 1918-1920-ci illəri bütün əvvəlki dövrlərə nisbətən özünün ən yüksək inkişaf mərhələsini keçmişdir. Bu dövrün mətbuatı həm keyfiyyət, həm də kəmiyyət baxımından milli mədəniyyətin mühüm tərkib hissəsi kimi Azərbaycan həyatının canlı salnaməsinə çevrilmişdir. İki il ərzində ölkədə 100-ə yaxın müxtəlif adda qəzet və jurnal çapdan çıxmışdır. Bu dövr mətbuatının səciyyəvi xüsusiyyəti təkcə onun say göstəricisində deyildi, həm də ideya-məzmun zənginliyində idi.

Cümhuriyyətin xalqımıza dəyərli yadigarları çox olub. Onların içərisində dövlətimizin adını daşıyan, gələn il nəşrinin 100 iliyini qeyd edəcəyimiz “Azərbaycan” qəzetidir. Bu qəzetin taleyi də cümhuriyyətin taleyinə bənzəmişdi. Onun sonuncu nömrəsinin tarixi hər nəzər yetirdikdə insan yaddaşında böyük bir təəssüf və iztirab anına çevrilir: 28 aprel 1920-ci il. Həmin gün çıxmış axırıncı nömrədən sonra “Azərbaycan”ın nəşri dayandırıldı. Müəlliflərinin bir çoxu repressiyalarla üzləşərək “qırmızı terror”un qurbanı oldu. Digər bir qismi isə təqiblərdən yaxa qurtarmaq üçün xaricə üz tutaraq ömürlərini vətən həsrəti ilə mühacirətdə başa vurdular.

Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və Xəlil İbrahimin redaktorluq etdiyi “Azərbaycan” qəzetinin səhifələrində XX əsrin əvvəllərində milli ictimai fikrin ən görkəmli nümayəndələrinin, qüdrətli qələm sahiblərinin siyasi, bədii, publisistik yazıları dərc olunurdu: Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Ömər Faiq Nemanzadə, Məhəmməd Ağa Şahtaxtlı, Mirzəbala Məmmədzadə, Cəfər Cabbarlı, Əhməd Cavad, Məhəmməd Hadi, Əliabbas Müznib, Məmməd Sadıq Axundzadə, Seyid Hüseyn, Əmin Abid, Əli Yusif, Əli Şövqi, Fərhad Ağazadə, Adil Ziyadxanov, Hacı İbrahim Qasımov, Şəfiqə Əfəndizadə və o dövrün tanınmış digər görkəmli xadimlərinin, şair, yazıçı, jurnalist və publisistlərinin qəzetlə əməkdaşlığı “Azərbaycan”ın nüfuzunu daha da artırırdı. Onların ölkəmizin tarixinə, mədəniyyətinə, mövcud ictimai-siyasi vəziyyətinə, cümhuriyyətin həyata keçirdiyi islahatlara və qarşıda duran vəzifələrə dair silsilə məqalələri böyük maraq oyadır, cəmiyyəti düşündürən məsələlər ətrafında ictimai rəyi formalaşdırır və milləti yeni dövlət quruculuğuna səfərbər edirdi. Azərbaycanın tam müstəqilliyi və istiqlalı ideyası dövrün qabaqcıl ziyalılarını bir amal, bir ideal altında birləşdirir, mətbuat və ədəbi hərəkat da bu yöndə irəliləyirdi.

“Azərbaycan”ın müəllifləri sırasında geniş jurnalistlik fəaliyyəti göstərən, haradasa taleləri bir-birinə bənzəyən yazarlar da olub. Onlardan biri Əliabbas Müznibdir.

 

Kəlamı dövrün sözü idi

 

Əliabbas Müznib XX əsr Azərbaycan ədəbi-ictimai fikir tarixində əbədiləşən şair, publisist, ədəbiyyatşünas, tərcüməçi idi. O, 1909-1910-cu illərdə “Zənbur”, 1911-ci ildə “Səhabi saqib”, 1915-1916-cı illərdə “Babayi-Əmir” jurnallarının naşiri və redaktoru kimi fəaliyyət göstərib. Ədəbiyyatımızda 1914-cü ildə nəşr edilən “Yusif və Züleyxa”, 1917-ci ildə işıq üzü görən “Tikan kolu”, 1927-ci ildə çıxan “Nəsrəddin məzhəkələri” və bir il sonra oxuculara təqdim olunan “Aşıq Pəri və müasirləri”, eləcə də digər kitabların müəllifi kimi qalıb. Təbii ki, bu kiçik təqdimat Əliabbas Müznib haqqında ötəri bir təsəvvür yaratmaq üçün belə çox azdır. Çünki Müznib geniş, çoxşaxəli yaradıcılığa malik qələm sahibi idi.

Əsl soyadı Əhmədov olan Əliabbas Mütəllib oğlu bəzi mənbələrdə Mütəllibzadə kimi də qeyd olunur. Müznib isə onun gənc yaşlarından seçdiyi təxəllüsdür. Maraqlıdır ki, bu söz ərəbcədən tərcümədə “günahkar”, “müqəssir” mənasını verir. Müznibi isə doğrudan da günahsız müqəssir taleyi həyatı boyu son anadək izləyir. Cəmi 55 il ömür sürüb amansız repressiya “maşın”ına tuş gələn ədib günahsız ikən günahlı sayılıb güllələnir.

Lakin heç də uzun olmayan həyatı boyu yazıb-yaratdıqlarını sadalamaqla tükənməz. “Azərbaycan”çılar üçün Müznib yaradıcılığı ikiqat əzizdir. Çünki cümhuriyyət dövründə “Azərbaycan” qəzetinin səhifələrində onun bir sıra dəyərli məqalələri dərc olunub. Təəssüflər olsun ki, onların hamısı bizə məlum deyil.

Ə.Müznib 1883-cü ildə Bakıda anadan olub. Atası daşyonan olduğundan Əliabbasın özü də uşaqlıqda təhsil ala bilməyib. Yalnız mədrəsədə oxuyub, burada ərəb və fars dillərini öyrənə bilib. İlk şeirlərini 1907-ci ildən başlayaraq “Təzə həyat”, “İttifaq”, “Zənbur” kimi qəzet və jurnallarda dərc etdirib. Yazılarının altından gizli imzalar qoyub: “Vaq-vaq cinani”, “Lagər”, “Azər”, “Arıq”, “Babayi Əmir”, “Qəsim”, “Nəsim” və s. Mətbuatdakı satiralarını əsasən “Bərq” və “Bəriqə” imzaları ilə dərc etdirib.

1905-ci ilin siyasi hadisələri Müznibin dünyagörüşünə, nəticə etibarilə həyatına ciddi təsir göstərmişdi. Yəni, o, inqilabi hərəkata qoşularaq intibahnamələrin yayılmasında iştirak etməyə başlamışdı. Bu, Müznibin jurnalistlik fəaliyyəti ilə məşğul olmasına da təkan vermişdi. Artıq 1908-ci ildən o, həmin dövrün bir sıra mətbu orqanlarında çıxış etmiş və imzası ilə tanınmışdır.

1910-cu ildə Əliabbas Müznib “Hilal” qəzetini nəşr etməyə başlayır. Lakin bu qəzetin kəskin siyasi mövqeyi çar senzurasının diqqətindən yayınmır və bu səbəbdən də bağlanır. Müznib dekabrın 25-də qəzetin növbəti nömrəsini buraxır. Bu dəfə bütün nüsxələr polis tərəfindən müsadirə olunur və redaktor haqqında cinayət işi açılır. Bundan sonra da tutduğu yoldan dönməyən ədib növbəti ilin əvvəlində yenidən “Hilal”ı çıxarmağa nail olur. Redaktor həmin nömrədə “Binəva islam” adlı məqaləsində xalqın ağır vəziyyətini qələmə alaraq insanlara bir sıra həqiqətləri anlatmağa çalışır. Beləliklə, senzura və polis “Hilal”a aman vermir, Əliabbas Müznib isə nəzərdə tutduğu ideya xəttini davam etdirərək “Şəhabi saqib” jurnalını buraxmağa başlayır.

Mövzu həminki idi - çar zülmünə qarşı etirazlar, xalqın ağır vəziyyəti... Odur ki, jandarmlar redaktorun evinə basqın edir, orada axtarışlar aparır, nəticədə jurnalın nəşrini dayandırır və Müznibi həbs edirlər. Jurnalist 25 gün Bayıl həbsxanasında saxlanılır.

Hökumətin Əliabbas Müznibə qarşı qəzəbi o qədər böyük idi ki, bununla da kifayətlənməyib onu Sibirə sürgünə göndərir. Vətənə yalnız 1913-cü ildə çar hökumətinin elan etdiyi əfv sayəsində qayıdır.

Sürgündən qayıtdıqdan sonra Əliabbas Müznib “Dirilik” jurnalını çıxarır. Məqsədi bu jurnalın vasitəsilə Azərbaycan türk millətinin şüurunu formalaşdırmaq, xalqda milli müstəqillik inamını gücləndirmək idi. Bunu jurnalın adından da görmək olurdu və bu nəşr Azərbaycanın ictimai-siyasi həyatında bir oyanış yaradır. Azərbaycanda türkçülük fikrinin yayılmasında Müznib və onun “Dirilik” jurnalı ətrafına topladığı ədəbi qüvvələr əhəmiyyətli rol oynayır. 1915-ci ildə Müznib bu jurnalın səhifələrində rus imperatorunun türk müsəlmanlara düşmənçiliyi ilə bağlı “Vəsiyyət”ini nəşr etdikdən sonra yenidən təqiblərə məruz qalır. Nəhayət, jurnal bağlanır.

Müznibin nəşr etdiyi və müəllifi olduğu mətbu orqanlar bağlansa və dəyişsə də, onun özünün əqidəsi, məsləki və fəaliyyətinin istiqaməti dəyişməz olaraq qalırdı.

1915-ci ilin aprelində çıxarmağa başladığı “Babayi-Əmir” satirik jurnalında ətrafına M.S.Ordubadi, C.Cabbarlı, Ə.Nəzmi, Ə.Vahid kimi ziyalıların toplaşması Əliabbas Müznibin böyük nüfuzundan xəbər verir. Müznib bu jurnalında da xalqın ağır sosial vəziyyətindən bəhs edirdi. O, bu cür vəziyyəti yaradan bəlalara qarşı mübarizə aparırdı.

Daha sonra fədakar mühərrir “Türkün səsi” adlı qəzet çıxartmaq niyyətində olsa da, rəsmi dairələrdən icazə ala bilmir. Sonrakı illərdə o, müxtəlif mövzularda əsərlər yazmaqla yanaşı, Şərq və Qərb ədəbiyyatından tərcümələr edir, kitablar çıxarırdı. Rus imperiyasının süqutundan sonra o, ədəbi və siyasi sahələrdə daha geniş fəaliyyət göstərir. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət marşını yazır. Bu dövrdə o, cümhuriyyətin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetində türkçülüyün tarixi və cari məsələləri barədə silsilə məqalələrini dərc etdirir.

Əliabbas Müznibin bu dövrə aid yaradıcılığından danışarkən 1918-ci ildə Bakıda ermənilərin törətdiyi qırğınlara aid “Mart hadisələri” kitabçası mütləq qeyd edilməlidir. Həmin əsərdən ayrı-ayrı parçaları “Azərbaycan” qəzetində də nəşr etdirir. Digər bir kitabçası isə “Ənvər Paşa” adlanır ki, burada da Azərbaycanda əmin-amanlığı bərpa etmiş türk generalının igidliyi qələmə alınır. Həmin vaxt Əliabbas Müznib Türkiyədən Bakıya erməni-bolşevik qırğınlarının qarşısını almaq üçün gəlmiş hərbi dəstələrin komandanlığı idarəsində katib vəzifəsində çalışırdı.

Artıq o dövr idi ki, Əliabbas Müznib Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarının güclü təbliğatçılarından birinə çevrilmişdi. Onun fikirlərinin əhəmiyyəti, sözünün kəsəri vardı. Ümumiyyətlə, Müznibin bütün yaradıcılığından onun özünəməxsus olan “Mətbuatın kəlamı əsrin kəlamı olmalıdır” fikri qırmızı xətlə keçir.

Bütün bunlar dövrün nüfuzlu qəzeti olan “Azərbaycan”da öz əksini tapmaya bilməzdi. Məsələn, 1919-cu il mayın 28-də Əliabbas Müznibin “Azərbaycan” qəzetində Milli hökumətin bir illik yubileyi münasibətilə “Azərbaycan istiqlalı” məqaləsi dərc edilir.

Görkəmli ədib “Azərbaycan” qəzetinə şeirlər, publisistik məqalələr də yazırdı. Şeirlərinin birində bülbülə müraciət edərək ağlamağın, sızlamağın arxada qaldığını söyləyir, baharın gəlişini salamlayır, laləzarı vəsf edirdi.

1926-cı ilə qədər mətbuatda çalışan Müznib sovet dövrü olmasına baxmayaraq, yenə də təqib edilir. Beləliklə, hələ cavan olsa da, təqaüdə çıxır və siyasətdən uzaqlaşır. Yalnız ədəbiyyatla məşğul olur.

Əliabbas Müznibin son taleyi onun müasirləri olan bir çox görkəmli şair və yazıçıların taleyinə bənzəyir. Ona millətçi və pantürkist damğası vurulur. Xalq düşməni kimi 1937-ci il avqustun 27-də güllələnir. Günahsızlığı yalnız 1956-cı ildə elan edilir.

“Müqtədir münəqqid” - qüdrətli tənqidçi

 

XX əsrin birinci yarısında yazıb-yaratmış yazıçı, tənqidçi, pedaqoq və jurnalist Seyid Hüseyn Sadiqin (Hüseyn Mir Kazım oğlu Sadıqzadə) mükəmməl qələm təcrübələri cümhuriyyət dövrünün “Azərbaycan” qəzetində də işıq üzü görüb.

Seyid Hüseyn Sadiq 1887-ci ildə Bakıda anadan olub. Atası dünyasını erkən dəyişdiyindən o, babasının himayəsində böyüyüb. Əvvəl mollaxanada, sonra Mahmud bəy Mahmudbəyovun rus-tatar məktəbində təhsil alıb. Uşaq yaşlarında rus və fars dillərini mükəmməl öyrənə bilib. Seyid Hüseyn 17 yaşına çatanda babası da vəfat edib və beləliklə o, çiynini həyatın ağır yükləri altına verməli olub. “Kaspi” qəzetinin mətbəəsində işə düzələrək 1912-ci ilədək orada mürəttib kimi çalışıb. 1907-ci ildən ədəbi və jurnalistlik fəaliyyətinə başlayıb. Bu vaxtdan etibarən qəzet və jurnallarda “Kazımoğlu”, “Hüseyn Sadiq”, “Seyid Hüseyn”, “Mühərrir” imzaları ilə məqalələr, hekayə və felyetonlar dərc etdirib. Müəllifin “Gələcək həyat yollarında”, “Şirinnaz”, “İki həyat arasında”, “Yatmış kəndin qış gecələrində”, “Gilan qızı” və bir sıra hekayələri, “Altun”, “Yalan”, “Gözəllik nədir?” və başqa çoxsaylı məqalələri oxucular tərəfindən rəğbətlə qarşılanıb.

Əvvəlcə digər naşirlərlə şərikli surətdə “Bəhlul”, “Kəlniyyət” və “Qurtuluş” jurnallarını çıxaran Seyid Hüseyn 1913-1914-cü illərdə artıq “İqbal”ın baş redaktoru olur. O, öz əsərləri ilə Azərbaycan dilinin saflığı uğrunda mübarizə aparır, eləcə də Azərbaycan ədəbiyyatı və ədəbiyyat xadimləri haqqında məqalələr, yaşadığı dövrün həyatını əks etdirən hekayələr yazır. Müəllifin müxtəlif illərdə “Ağ valideyn, yaxud zavallı Məşədi Zaman”, “Qaçaq oğul, yaxud ata məhəbbəti”, “Yeni həyat yollarında” və bir sıra digər kitabları nəşr olunur.

Seyid Hüseyn C.Məmmədquluzadə, N.Vəzirov, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, F.Köçərli, M.S.Ordubadi, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, A.Divanbəyoğlu, M.Hadi, A.Səhhət, C.Cabbarlı, A.Şaiq kimi görkəmli şair və yazıçıların əsərlərini təhlil etmişdir. Tənqidçi, eləcə də o vaxt əbədiyyata təzəcə gələn müəlliflərin ilk əsərlərinə münasibət bildirmişdir. Təsadüfi deyil ki, böyük dramaturq Cəfər Cabbarlı Seyid Hüseyn haqqında çox yüksək fikirdə olub, onu “müqtədir münəqqid”, yəni qüdrətli tənqidçi adlandırıb.

Seyid Hüseyn ictimai hadisələrə münasibətdə Üzeyir bəy Hacıbəyli ilə həmfikir idi. Onların arasındakı səmimi münasibət ədibin yaradıcılığına da müsbət təsir göstərirdi. Belə ki, o, Hacıbəylinin redaktorluq etdiyi “Yeni iqbal” və “Azərbaycan” qəzetlərinə də xeyli məqalələr yazmışdır.

Görkəmli yazar cümhuriyyət dövründə qələmə sarılaraq məhsuldar fəaliyyət göstərməyə başlamışdır. 1919-cu ildə erməni daşnakların vəhşicəsinə yandırdıqları abidələrdən biri də milyonçu Musa Nağıyevin oğlu İsmayılın xatirəsinə ucaltdığı “İsmailliyə” binası idi. Millətə qənim kəsilən daşnaklar binanın sökülməsinə çalışırdılar. Bu qəsdin üstünü açmaq üçün o zaman Seyid Hüseyn “Həzin bir xatirə” və “İsmailliyyə” hekayələrini qələmə almışdı. Həmin hekayələr “Azərbaycan” qəzetində dərc olunmuşdu. Dövrün qabaqcıl ziyalıları bu binanı xalqın, millətin amal və əməl dayağı, müqəddəs və toxunulmaz məbədi sayır, azadlıq və istiqlal rəmzi kimi dəyərləndirirdilər. Ürək ağrısı ilə yazılmış hər iki hekayənin sonluğu həyəcanlı və dərin vətəndaş narahatlığı ilə bitirdi. Seyid Hüseyn Xalq Cümhuriyyətinin həyata keçirdiyi mədəni quruculuqda, o cümlədən “Azərbaycan” qəzetinin başçılıq etdiyi “Yaşıl qələm” ədəbi birliyinin işində yaxından iştirak edirdi. O, AXC devrildikdən sonra “Müsavat” Partiyasının Bakıda gizli fəaliyyət göstərən Mərkəzi Komitəsinin üzvü idi. 1923-cü ilin avqustunda gizli təşkilat aşkar edilərkən o, “Kommunist” qəzetində xüsusi bəyannamə ilə çıxış etmişdi. “Müsavat”ın məxfi təşkilatının buraxıldığını elan edənlər arasında Seyid Hüseynin də imzası vardı. Məhz buna görə də repressiya dalğası yazıçının həyatına son qoydu. Ədibin “Yeni həyat yollarında”, “İki həyat arasında”, “Şirinnaz” kitabları o dövrün ən yaxşı nəşrlərindən idi.

Azərbaycanın tanınmış şairəsi, Seyid Hüseynin ömür-gün yoldaşı Ümgülsüm Sadıqzadənin yaradıcılığında da ən məhsuldar dövr 1918-1920-ci illərə təsadüf edir. O, Xalq Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayır, şeirlərində xalqımızın milli istiqlala qovuşması tərənnüm olunurdu. Əksəriyyəti “Azərbaycan” qəzetində dərc olunan “Türk ordusuna”, “Çəkil, dəf ol!”, “Əsgər anasına”, “Dərdli nəğmə”, “Yurdumuzun qəhrəmanlığına”, “Yollarını bəklədim” və s. şeirlərində milli istiqlalın qorunmasına çağırış ruhu yüksək səviyyədə qələmə alınmışdır. Şairənin 1920-ci il aprelin 28-də cümhuriyyətin devrilməsi ilə bağlı yazdığı “Hicran” və “Bayrağım enərkən” şeirləri Azərbaycan ədəbiyyatının ən dəyərli əsərlərindən hesab olunur.

1937-ci ildə Seyid Hüseyn həbs edildikdən sonra Ümgülsüm də xalq düşməninin həyat yoldaşı kimi bir müddət Bayıl həbsxanasında saxlanılır, sonra Rusiyanın Mordva vilayətinə 8 illik sürgünə göndərilir. Əsərləri yasaqlanır. Sürgündən sonra şairə Bakıya dönsə də, burada yaşamasına icazə verilmir.

Ailənin böyük oğlu, xalq rəssamı Oqtay Sadıqzadənin valideynləri haqqında xatirələrini həyəcansız oxumaq mümkün deyil: “O vaxt mənim 16 yaşım vardı. Valideynlərimin ikisi də 1937-ci ildə tutuldu. Atam Seyid Hüseyn güllələndi, anam Ümgülsüm isə şimala, Mordva vilayətinə sürgün olundu. O vaxt xalamgilin bağlarında qonaq idim. Xalamın böyük oğlu Rəsulu bağda olarkən tutdular və üç gündən sonra güllələdilər. Eyni gündə də öz bağımızda atamı tutmuşdular. Atamı ya millətçi, ya da Məhəmməd Əminin qohumu olduğuna görə həbs etdilər”.

Bütün bunlarla qəzəbi soyumayan bolşeviklər 1941-ci ildə 20 yaşlı Oqtayı da həbs edərək sürgünə göndərirlər. O, Bakıya yalnız 1946-cı ildə qayıdır.

Qaldı ki, Seyid Hüseynin öz taleyinə... Onun harada qətlə yetirildiyi barədə iki müxtəlif söhbət mövcuddur. Bəziləri Seyid Hüseynin Sibirdə sürgündə olarkən güllələndiyini söyləyirlər. Həqiqət isə başqadır. Bu günahsız müqəssir həbs olunandan bir neçə ay sonra, yəni 1938-ci il yanvarın 5-dən 6-na keçən gecə Bakı yaxınlığında - Qum adasında qətlə yetirilib.

 

Söz fədaisi, mətbuat cəfakeşi

 

Mətbuat həqiqətən tarixdir. Və bu tarixi araşdırarkən adına rast gəldiyimiz və heç zaman unutmayacağımız görkəmli simalardan biri də məhz Ömər Faiq Nemanzadədir. O, Azərbaycan tarixinə publisist, istedadlı ədib, naşir, pedaqoq, ictimai-siyasi xadim kimi düşüb. Nemanzadə qələmə sarılaraq işlədiyi, müəlliflik etdiyi mətbuat orqanları vasitəsilə fikirlərini, ideyalarını xalqa öz doğma dilində çatdırmağa çalışırdı. Onun haqqında danışanda mütləq “mollanəsrəddin”çi olduğu xüsusi vurğulanırdı. İstər “Qeyrət”in, istərsə də “Molla Nəsrəddin”in fəaliyyəti dövründə ədib dostu Mirzə Cəlillə birlikdə irticanın hücumlarını dəf edib, lazım gəldikdə hətta qaragüruhçularla açıq mübahisələrə qoşulub. Öz kəsərli qələmi ilə ictimai həyatda və xalqın maariflənməsində inamla mübarizə aparıb.

Ömər Faiq Nemanzadənin “Azərbaycan” qəzetinin müəllifi kimi fəaliyyəti də xüsusi vurğulanmalıdır. Görkəmli ədib dövrünün bir çox siyasi hadisələrini, o cümlədən qanlı olaylarını gözləri ilə görmüşdü. Ahıskada erməni və gürcü dəstələrinin terror fəaliyyətinin şahidi olmuşdu. Bu, onun məqalə və felyetonlarının adından da aydın görünür: “Tiflisdə 1905-ci il oktyabr nümayişi”, “Çarizmin növbəti fitnəsi”, “Günah kimdədir?”, “Sülh məclisi” və s. Bu yazılarda mətbuatla bağlı problemlərə də toxunulurdu.

Ö.F.Nemanzadənin publisistik yaradıcılığında dil məsələlərinə həsr etdiyi məqalələr xüsusi yer tutur. “Dil yoxdur, millət yoxdur”, “mən inanmıram ki, dilini sevməyən xalqını sevsin”, “məhəbbətimizin ən üstün qatına dil məhəbbətini çıxarmalıyıq” və s. fikirləri onun ana dilinə olan sevgisinin ifadəsi idi. “Azərbaycan”, “Tərəqqi”, “İrşad”, “Həyat”, “Açıq söz” və s. qəzetlərdə çap olunan “Yazımız, dilimiz”, “İkinci ilimiz”, “Dərdimiz və dərmanımız”, “Dilimiz, imlamız”, “Dil məsələsi”, “Eşq və məhəbbət” və digər məqalələrində doğma dilimizi ərəb-fars qəlibinə salmaq istəyənlərə haqlı cavab verirdi. Dilimizdə öz sözlərimiz olduğu halda alınma sözlərin işlədilməsinə etirazını bildirirdi. Ö.F.Nemanzadənin qələmə aldığı ən dəyərli yazılarından biri də “Mən kiməm?!” məqaləsi idi. O, burada dövrün aktual və maraqlı məsələlərinə toxunaraq yazırdı ki, “Ey türk, zamanımız özgə zamandır. Əgər bundan sonra özümüzü tanımayıb qalırsaq, qorxuram ki, gec ayıldığımız vaxt sağalıb sakitcə yaşamağa vücudumuzda qüvvət və taqət qalmamış ola. Ey türk, keçmişindən ibrət al, hələ vücudun sağlam ikən, yaşamağa istedadın var ikən, fürsət əldə ikən əsl vücudunu tanı, qədrini anla”.

1919-cu ildə “Azərbaycan” qəzetində çıxan “Milliləşmək” məqaləsində isə ədib yenə də azərbaycançılığın əsas atributları olan milli dil və ədəbiyyata yüksək dəyər verirdi: “...Bir millətin ədəbiyyata malik dili o millətin ruhu, nişaneyi-mövcudatıdır. Ondan məhrum olduğu gün məhrum olmuş, ondan uzaqlaşdığı gün qəbrinə yaxınlaşmış deməkdir... Dili kəsilməyən millətin vücudu kəsilməz, ədəbiyyatı yaşayan millət heç vaxt ölməz”.

Ömər Faiq ömrünün müxtəlif dövrlərində dəfələrlə həbs edilmişdi. Cəsarətli çıxışlarına, prinsipial və barışmaz mövqeyinə görə həmişə təqib olunmuşdu. Dəfələrlə onun evində axtarışlar aparılmış, yazıları müsadirə olunmuş, felyetonları jurnal və qəzet səhifələrindən çıxarılmışdır. Onun son həbsi isə “Stalin repressiyaları” adı ilə tarixə düşmüş, ədalətsiz və amansız həbslərdən biri olmuşdur. 65 illik ömründə öz xalqına heç vaxt xəyanət etməmiş, fəaliyyət göstərdiyi sahədən asılı olmayaraq həmişə ona sədaqətlə xidmət etmiş bu insanın da həyatına 1937-ci ildə son qoyulmuşdu.

...Hər bir mətbu orqan xalqın, ölkənin tarixinin bir parçası, dərc olunduğu dövrün salnaməsidir. Bu salnaməni yaradan isə həmin qəzetin əməkdaşları, müəllifləridir. Bu baxımdan yanaşdıqda xalqımızın və dövlətçiliyimizin şanlı dövrlərindən olan Xalq Cümhuriyyətinin yaşadığı aylarda çap olunan “Azərbaycan”ın müəlliflərinin hər birinin yazdıqları bizim üçün dəyərli, xatirələri isə əzizdir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2017.-22 iyul.- S.6.