İranlı velosəyyah Azərbaycanda gördüklərindən məmnundur

 

O, İsmayıllıda qarşılaşdığı isti münasibəti heç zaman unutmayacağını deyir

 

Həyatda hər kəs bir şeyin xiridarı olur. Biri kolleksiya toplamağı, digəri kitab oxumağı, bir başqası gəzməyi, biri isə bağlı olduğu sənətin içərisində yeniliklər yaratmağı xoşlayır. Yeni tanışımız Cavad Keştgər də hobbisi olan gənclərdəndir. Maraq dünyası olduqca şaxəlidir. İran İslam Respublikasının tarixi ənənələri, memarlığı ilə seçilən iri şəhərlərindən olan İsfahanda doğulmuş Cavad həm də idmançıdır. İdmanın badminton növü ilə məşğul olurturist firmasında bələdçi kimi çalışır. İsfahan tarixi şəhər olduğundan bura dünyanın  hər ölkəsindən insanlar səfər edir. Cavad isə əsasən türkdilli toplumlara tərcüməçilik edir. Eyni  zamanda həvəskar balaban ifaçısıdır.

Onunla İsmayıllı rayonunun səfalı istirahət mərkəzlərindən birində görüşdük. O, iyulun 5-də velosipedlə İran Astarasından keçərək Azərbaycanın cənub bölgələrindən Astara, Lənkəran, Masallı, Cəlilabad və Salyan rayonlarında olub. Onun dediyinə görə, səfəri Cənubi Qafqaz respublikalarından Azərbaycan və Gürcüstanı əhatə edəcək. Sonra isə Türkiyədə olacaq. O, səfər zamanı etdiyi çəkilişləri ümumiləşdirib sonda bir sənədli film halına gətirmək niyyətindədir. Sonra ölkəsinin televiziyasında yayımlanan bu film İran turistlərinin gəlməzdən əvvəl adı çəkilən ölkələr haqqında məlumat toplamalarına dəstək verəcək. Olduğu məkanların hər birində tarixi yerlərlə maraqlanıb, fotovideo çəkilişlər edib. Bakı onun üçün daha maraqlı olub. Bildirdiyinə görə ilk dəfə Azərbaycanda olduğundan bu yerlərdə gedən inkişaf, fərqli gözəlliklər onu sözün əsl mənasında çaşdırıb. Şirvanşahlar sarayı, Qız qalası, karvansaralar, məscidlər onu məftun edib.

Paytaxt Bakıdan səfərini davam etdirən Cavad Qobustan və Şamaxıda olduqdan sonra iyulun 18-i axşamüstü İsmayıllı rayonu ərazisinə keçib. Dediyinə görə, respublikamızın ərazisindən keçdiyi bütün məkanlarda, o cümlədən də İsmayıllıda çox isti qarşılanıb. Qalmaq üçün rahat yerqida ilə təmin olunub. Kənd və qəsəbələrdən keçərkən hər kəsin ona su, meyvə, yemək təklif etməsi Cavad üçün gözlənilməz olub. Özünü yad hiss etməyib. İsmayıllıda olduğu Cavanşir qalası və Lahıc qəsəbəsi yəqin ki, onda uzun müddət yaddaşından silinməyəcək izlər buraxacaq. Qeyd etdiyimiz kimi, incəsənətə meyilli olan Cavad həm də yaxşı balaban ifaçısıdır.  İsmayıllının 74 yaşlı balabançısı Əlicavad kişi ilə Cavanşir qalasına çıxan velosəyyah orada balabanının zümzüməsi ilə dağı-daşı lərzəyə gətirib.  İyulun 19-u tarixdə Talıstan kəndi yaxınlığındakı seçilən istirahət mərkəzlərindən birində rayon icra hakimiyyətinin təşəbbüsü ilə mədəniyyət evinin təşkil etdiyi konsert Cavad üçün tamamilə gözlənilməz olub. Burada ifa olunan klassik musiqi parçaları, xalq mahnıları onu şövqə gətirib. Hətta İranın seçilən sənətkarlarının mahnılarından da ifa edib.

Azərbaycanla bağlı təəssüratlarını bölüşən müsahibimiz ümumilikdə gördüklərinin onda xoş duyğular oyatdığını dedi. Bununla belə, onda narahatlıq doğuran hissləri də bölüşdü. Başlıca narazılığı isə yolboyu avtomobillə hərəkətdə olan bəzi insanların əllərindəki su butulkasını, yemək qalıqlarını yol kənarlarına atmaları ilə bağlıdır. Məqsədi ekologiyanı qorumaq olan velosəyyah fikrini belə ifadə etdi: “Gördüyüm odur ki, hər şeyiniz var. Ulu yaradan sizdən heç nəyini əsirgəməyib. Gözəl təbiət, dadlı yeməklər, dişqamaşdıran sular, qonağa xoş münasibət və sairə bunlar hamısı maddi və mənəvi dəyərlərinizdir. Olanları qoruyub saxlamaq və təkmilləşdirmək yalnız daha da zənginləşməyinizə xidmət edə bilər”.

Qeyd edək ki, hələ də ailəli olmayan 35 yaşlı Cavadın sözlərinə görə, Allah nəsib etsə, velosiped sürən və ya səyahətə meyilli bir xanımla ailə həyatı qurmaq istəyindədir.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2017.-22 iyul.- S.8.