Azərbaycanla Türkiyənin birgə layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etməyə imkan verib

 

Çoxşaxəli Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığında enerji layihələri xüsusi yer tutur. İki qardaş ölkənin birlikdə həyata keçirdiyi qlobal layihələr nəinki regionun, hətta dünyanın enerji xəritəsini yenidən tərtib etməyə imkan verib.

Azərbaycan-Türkiyə işbirliyinin ən bariz nümunələrindən biri Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməridir. Bu kəmər Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq Türkiyənin Ceyhan limanınadək 1768 kilometr yol qət edir. Həmin məsafənin 1000 kilometrdən çoxu Türkiyənin ərazisindən keçir. BTC-nin 8 nasos stansiyasından 4-ü Türkiyədə yerləşir.

BTC layihəsinin reallaşmasına, yəni kəmərin çəkilməsinə razılıq 1999-cu il noyabrın 18-də məhz Türkiyədə - İstanbul sammitində əldə olunub.  BTC qarşısında yaşıl işıq yandıran sənəd həmin gün 5 ölkənin - Azərbaycanın, Gürcüstanın, Türkiyənin, ABŞ-ın və Qazaxıstanın dövlət başçıları tərəfindən imzalanıb.

Kəmərin təməli 2002-ci il sentyabrın 18-də Bakı yaxınlığındakı Səngəçal terminalında ulu öndər Heydər Əliyevin iştirakı ilə qoyulub. Boru xətti tam bir sistem kimi 2006-cı il iyulun 13-də Prezident İlham Əliyevin iştirakı ilə Ceyhan şəhərində istifadəyə verilib. Azərbaycan-Türkiyə əməkdaşlığını və tərəfdaşlığını bir daha təsdiqləyən bu faktlar iki qardaş ölkənin dostluğununişbirliyinin rəmzi kimi səslənir.

Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” neftini nəql edən kəmər Türkiyənin İsgəndərun körfəzində başa çatır. Ceyhan dəniz terminalı da məhz burada yerləşir. Terminalda hər birinin tutumu 1 milyon barel olan, üzən dama malik 7 böyük saxlama çəni var. Buradakı tankerlərə neftin yükləndiyi yanalma körpüsünün uzunluğu 2 kilometrə çatır. Bu da eyni zamanda iki tankerin yüklənməsinə imkan verir. Körpünün qurtaracağında suyun dərinliyinin 33 metr olması isə o deməkdir ki, buraya xam neftin daşınması üçün nəzərdə tutulan ən iri tonnajlı tankerlər yan ala bilər. Təsadüfi deyil ki, Türkiyə xalqı və dövləti bu nəhəng terminala ulu öndər Heydər Əliyevin adını verib. Bu, Azərbaycan-Türkiyə qarşılıqlı münasibətlərinin daha bir parlaq nümunəsidir.

İki ölkə arasında əməkdaşlığın növbəti böyük bəhrəsi Bakı-Tbilisi-Ərzurum qaz kəməridir. Bu xəttin başlanğıc hissəsi Cənubi Qafqaz Boru Kəməridir (CQBK). CQBK 2006-cı ilin sonlarında istifadəyə veriləndən bəri “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsində çıxarılan qazı Azərbaycana və Gürcüstana çatdırır. 2007-ci ilin iyul ayından isə bu kəmərlə qaz həm də Türkiyəyə ixrac olunur.

CQBK Azərbaycanın ərazisində 443 kilometr məsafə qət edərək 13 bölgədən - Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Tovuz, Şəmkir və Ağstafadan keçir. Gürcüstanın ərazisində isə 248 kilometr yol keçən kəmərə Türkiyənin sərhədindən başlayaraq əlavə borular calanır. 280 kilometrlik həmin əlavə kəmər CQBK-ya birləşərək bütövlükdə Bakı-Tbilisi-Ərzurum xəttini yaradır.

Əslində, CQBK reallaşmaqda olan “Cənub qaz dəhlizi”nin bünövrəsi, uğurlu başlanğıcıdır. Çünki “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılacaq qaz Transanadolu Qaz Boru Kəmərinə (TANAP) məhz CQBK vasitəsilə qoşulacaq. Hazırda CQBK-nın genişləndirilməsi layihəsi yekunlaşmaqdadır.

Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq mövcud kəmərlə yanaşı yeni bir xəttin tikintisi tamamlanır. Burada Gürcüstan sərhədinədək çatan yeni kəmərin uzunluğu 387 kilometrdir.

CQBK-nın Gürcüstanda aparılan genişləndirmə işlərinə isə bu ölkə ilə Türkiyənin sərhədində yeni kəmərin qısa hissəsi, həmçinin bir ərsinləmə, iki kompressor stansiyası, təzyiqi azaldan və ölçən stansiyaların tikintisi daxildir. Genişləndirildikdən sonra CQBK-nın ilkin ötürücülük gücü 16 milyard kubmetrə çatacaq. Bu qaz həcminin 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya ötürüləcək.

Azərbaycan-Gürcüstan-Türkiyə tərəfdaşlığı getdikcə öz çevrəsini daha da genişləndirib. Hazırda “Cənub qaz dəhlizi” layihəsinin icrasında 7 ölkə iştirak edir: Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Layihəyə gələcəkdə üç Balkan ölkəsinin qoşulacağı da gözlənilir.

Məlum olduğu kimi, “Cənub qaz dəhlizi” üç böyük kəməri - CQBK-nı, TANAP-ı və TAP-ı (Transadriatik Qaz Boru Kəməri) birləşdirir. Türkiyənin ərazisində 1900 kilometr məsafə boyu uzanan TANAP-ı “Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırırlar. Prezident İlham Əliyev bu ilin iyul ayında  İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresindəki çıxışında TANAP-ın salnaməsini xatırladaraq və əhəmiyyətini vurğulayaraq demişdir: Biz bu gün “Cənub qaz dəhlizi” kimi meqalayihənin üzərində çalışırıq, onun da təməli Türkiyədə, bu gözəl İstanbul şəhərində qoyulmuşdur. 2012-ci ildə qardaşım Prezident Ərdoğanla TANAP layihəsi haqqında müqaviləni imzaladıq. TANAP layihəsi “Cənub qaz dəhlizi”nin özəyidir. Məhz ondan sonra bütün digər istiqamətlər üzrə işlər başlamışdır”.

Artıq TANAP-ın çəkilişində işlərin 80 faizə qədəri tamamlanıb. Bu da layihənin gələn il başa çatmasına inam yaradır. Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti, daha tutarlı amili olan TANAP-ın çəkilişinin müvəffəqiyyətlə sona çatacağına əminlik yaradan həm də indiyə qədər iki qardaş ölkənin birgə reallaşdırdığı layihələrin uğurudur.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.-23 iyul.- S.1; 6.