İnkişaf strategiyasının əsas lokomotivi

 

Modern sənayeləşmədə həyata keçirilən layihələrin artıq uğurlu nəticələri var

 

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə ölkəmiz zəngin ənənələrə malikdir. Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılıb, sənaye məhsulları istehsalının həcmi dəfələrlə artıb.

Bundan başqa, rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, onun infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

 

Yüksək texnologiyalar əsasında şaxələndirilən sənaye sektoru

 

Ölkəmizdə müasir sənaye müəssisələrinin yaradılması, sahibkarlıq mühitinin inkişaf etdirilməsi, kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli investisiya mühitinin yaradılması, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın modernləşdirilməsi qarşıda duran prioritet vəzifələrdəndir.

Qeyri-neft sektorunun strukturunda sənayenin xüsusi çəkisi var. Sənayenin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın malik olduğu elmi potensial, təbii resurslar və nəqliyyat imkanları ölkədə sənayenin sürətli inkişafını təmin etməkdədir. Bu həm də yüz minlərlə iş yeri, yüksək gəlir və əlavə dəyər imkanları deməkdir.

Azərbaycan Respublikasının dövlət siyasəti iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni iş yeri açılıb.

 

Rəqabətqabiliyyətli sənayenin inkişafı - sənaye parkları və sənaye məhəllələri

 

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın əsas istiqamətlərindən biri sənaye və texnologiyalar parklarının, eləcə də sənaye məhəllələrinin yaradılmasıdır.

Prezident İlham Əliyevin uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə sənaye parklarının və sənaye məhəllələrinin yaradılması prosesi davam edir. Sənaye parklarının yaradılması ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir.

Artıq ölkəmizdə Sumqayıt Kimya Sənaye, Balaxanı, Qaradağ, Mingəçevir və Pirallahı sənaye parkları yaradılıb. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,2 milyard dollar təşkil edən 10 müəssisəyə rezident statusu verilib. Sənaye Parkında bu il daha 5 müəssisə, 2018-ci ildə isə 3 müəssisə fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 900-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur.

“Yaşıl iqtisadiyyat”ın, təkrar emal sənayesinin inkişafında əhəmiyyətli rola malik olan Balaxanı Sənaye Parkında 23 milyon manat investisiya yatırmaqla tullantıların təkrar emalı üzrə 5 müəssisə fəaliyyətə başlamağa hazırdır və bu müəssisələrdə 400-ə yaxın yeni iş yeri yaradılıb.

Gəmiqayırma sahəsində ixtisaslaşmış Qaradağ Sənaye Parkında Bakı Gəmiqayırma Zavodu fəaliyyət göstərir və zavodda yüksək yükgötürmə qabiliyyətinə malik tanker, dəniz təchizat gəmisi və digər təyinatlı gəmilərin istehsalı həyata keçirilir. Artıq Bakı Gəmiqayırma Zavodunda onlarla gəmi tikilərək istifadəyə verilib, 60-dan çox gəmi təmiri işləri həyata keçirilib. Hazırda müəssisə tərəfindən BP şirkətinin sifarişi ilə dəyəri 378 milyon ABŞ dolları olan “Xankəndi” sualtı tikinti gəmisinin və 2 ədəd “Ro-pax” tipli gəmi-bərənin inşası işləri davam etdirilir.

Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən ayaqqabı, tibbi kosmetika, iplik, boyama, toxuma, tikiş və corab istehsalı üzrə 9 fabrikin yaradılması və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sənaye Parkının rezidenti “Mingəçevir Tekstil” MMC 2 növdə ipliklərin istehsalı fabrikinin tikintisinə başlayıb. Dəyəri 46 milyon ABŞ dolları olan layihə çərçivəsində 550 yeni iş yerinin yaradılması və fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.

Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmiz üçün yeni sənaye sahəsi olan əczaçılıq məhsulları istehsalının yaradılmasıdır. Bu məqsədlə Pirallahı Sənaye Parkında artıq 2 dərman zavodunun təməli qoyulub. Dəyəri 4 milyon ABŞ dolları olan və birdəfəlik şprislərin istehsalını nəzərdə tutan “Diamed Co” zavodunun tikintisinə isə yaxın zamanlarda başlanılacaq və müəssisə 2018-ci ilin birinci yarısında istismara veriləcək. Bunlarla yanaşı, hazırda Türkiyənin, Birləşmiş Ərəb Əmirliklərinin, Yaponiyanın və Koreya Respublikasının aparıcı şirkətləri ilə əczaçılıq məhsullarının birgə istehsalının təşkilinə dair danışıqlar aparılır.

 

Yerli ehtiyatlardan səmərəli istifadə ilə yaranan modern sənayeləşmə

 

Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi baxımından sənaye məhəllələrinin yaradılması böyük əhəmiyyət kəsb edir. Artıq ölkəmizdə 2 sənaye məhəlləsi mövcuddur. Bunlar Neftçala və Masallı sənaye məhəllələridir.

Neftçala Sənaye Məhəlləsində 3 müəssisə artıq fəaliyyətə başlayıb, daha 6 müəssisənin isə bu il fəaliyyətə başlaması nəzərdə tutulur. Masallı Sənaye Məhəlləsinə isə sahibkarlar tərəfindən böyük maraq göstərilir və artıq onlar tərəfindən dəyəri 33 milyon manatdan çox olan 33 layihə təqdim olunub. Sənaye zonasının layihələndirmə işləri tamamlanıb və bu yaxınlarda infrastrukturunun yaradılması işlərinə başlanılacaq. Hazırda Ağdam, Ağstafa, Qazax və digər rayonlarda da sənaye məhəllələrinin yaradılması imkanları araşdırılır.

İyulun 25-də isə Prezident İlham Əliyev Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə Hacıqabul Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılacaq. Sənaye məhəlləsinin fəaliyyətinin təşkili və tənzimlənməsi “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinə həvalə olunub. Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədilə 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan İqtisadiyyat Nazirliyinə 4 milyon manat ayrıldı.

 

Sənaye məhəlləsi nədir?

 

Sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir.

Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli fərmanı ilə müəyyən edilib. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

Sənaye məhəlləsi üçün nəzərdə tutulan dövlət mülkiyyətində olan torpaq sahəsi idarəedici təşkilatın daimi istifadəsinə verilir və yalnız sənaye məhəlləsinin fəaliyyəti məqsədilə istifadə edilir. Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Sənaye məhəllələrinin üstünlüyü nədən ibarətdir? İlk növbədə sahibkar öz müəssisəsi üçün infrastrukturun yaradılmasına pul xərcləmir. Sənaye məhəllələrinin ərazisində xarici və daxili infrastrukturun (elektrik enerjisi və isitmə, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektləri, inzibati obyektlər və s.) yaradılması nəzərdə tutulur. Sənaye məhəllələrində fəaliyyət göstərən sahibkarlara müəyyən məsləhət xarakterli yardımlar da edilir. Sənaye məhəllələri dövlətin sənaye potensialının inkişaf zəncirində növbəti və möhkəm halqaya çevrilməklə ölkənin ixrac strukturunun qeyri-neft sektoru lehinə dəyişdirilməsinə ciddi şəkildə kömək edir.

 

Tezliklə bütün rayonlarda sənaye məhəllələri yaradılacaq

 

Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev bir daha vurğuladı ki, ölkəmizdə sənaye istehsalında, kənd təsərrüfatının inkişafı istiqamətində çox ciddi addımlar atılır, proqramlar icra edilir. Əvvəlki dövrdə proqram kimi təqdim etdiyim layihələr artıq reallaşır. Xüsusilə sənaye parklarının yaradılması uğurla gedir. Bu, görülən işlərin gözəl təzahürüdür. Dövlət başçısı vurğuladı ki, bütün rayonlarda tezliklə sənaye məhəllələri yaradılacaq.

Həqiqətən bu gün Azərbaycanda sənayenin inkişafını şərtləndirən amillər çoxdur. Bunlardan biri makroiqtisadi sabitlikdir. Digər mühüm amil olaraq son illərdə yaradılmış güclü sənaye potensialıdır. Yeni qeyri-neft sənaye sahələrinin yaradılması üçün karbohidrogen ehtiyatları ilə yanaşı, dəmir filizi, qızıl, mis, alunit və digər zəngin təbii ehtiyatlar da çox mühüm amildir. Dünyanın ən iri enerji layihələrindən olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılması hələ uzun illər ölkə iqtisadiyyatına, xüsusilə sənayenin inkişafına öz töhfəsini verəcək.

Ölkəmizdə həyata keçirilən uğurlu sənayeləşmə siyasəti yeni dövrün tələblərinə uyğunlaşdırılmaqla davamlı iqtisadiyyatın sənayeləşməsini sürətləndirəcək, Azərbaycanın güclü sənaye mərkəzinə çevrilməsini təmin edəcək.

 

Sənayenin strukturunu təkmilləşdirəcək Strateji Yol Xəritəsi

 

Modern sənayeləşmə istiqamətində həyata keçirilən hər bir layihə Azərbaycanın gələcək inkişafı ilə bağlı düşünülmüş proqramdır. Bütün bunlar isə Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb. Adıçəkilən xəritə ağır sənaye və maşınqayırmada müşahidə edilən proseslərə çevik adaptasiya və postneft iqtisadi inkişaf modelinin dəstəklənməsi üçün bu sahənin qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanıb. Bu zaman ağır sənaye və maşınqayırmanın rəqabətqabiliyyətliyi, innovativliyi və iqtisadi inkişafı dəstəkləməsi prinsipləri diqqət mərkəzində saxlanılıb.

Ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək strateji baxış və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Strateji Yol Xəritəsinin icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri-neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək, ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan optimal istifadəyə, habelə müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaq.

Müəssisələrin rəqabət qabiliyyətinə təsir edən amillər (məsələn, standartlar, texniki tənzimləmə, kadr potensialı, innovasiyaların təşviqi, əqli mülkiyyət və s.) üzrə ciddi irəliləyiş əldə olunacaq, onlar ənənəvi məhsul bazarında yerli iri sifarişçilərin ehtiyaclarını qarşılayacaq. Yol xəritəsinin icrasının 2020-ci ildə real ÜDM-də 1 milyard 560 milyon manat artıma, sənayedə 7700 daimi yeni iş yerinin açılmasına səbəb olacağı proqnozlaşdırılır.

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 27 iyul.- S.1; 3.