Yeni islahatlar kursu əmək münasibətlərinin tənzimlənməsinə böyük töhfə verəcək

 

Dövlətin qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına yönələn təşəbbüsləri sosial siyasətin prioritetini təşkil edir

 

Müasir dünyanın iqtisadi xəritəsində əhəmiyyətli amillərdən biri də qeyri-formal iqtisadiyyat və onun ayrılmaz tərkib hissəsi olan qeyri-formal məşğulluqdur. Qeyri-formal məşğulluq qeyri-formal iqtisadiyyatı səciyyələndirən əsas cəhət kimi iqtisadi fəaliyyət subyektlərinin və iqtisadi fəal əhalinin qanunla tənzimlənən və ya tənzimlənməyən, yaxud praktiki olaraq kifayət qədər əhatə olunmayan bütün iqtisadi fəaliyyət növlərini özündə birləşdirir.

 

Qeyri-formal əmək bazarı qlobal problemə çevrilib

 

Formal və qeyri-formal iqtisadiyyat arasında dəqiq sərhəd olmadığından formal və qeyri-formal məşğulluq arasında da bu mənada tam dəqiq sərhəd yoxdur. Bu səbəbdən dünya ölkələrinin qeyri-formal məşğulluğa müxtəlif yanaşmaları mövcuddur.

Əmək və məşğulluq sahəsində ümumdünya siyasətini formalaşdıran və dünya ölkələri arasında təşviq edən bir təşkilat kimi Beynəlxalq Əmək Təşkilatının (BƏT) bu məsələ ilə bağlı ümumiləşdirilmiş yanaşması var. Ümumiyyətlə, BƏT tərəfindən qeyri-formal iqtisadiyyatla bağlı səkkiz fundamental konvensiya qəbul olunmuşdur. İlk dəfə 1993-cü ildə əmək statistiklərinin 15-ci Beynəlxalq konfransında qəbul edilmiş qətnamədə qeyri-formal məşğulluq anlayışına aydınlıq gətirilmişdir. Daha sonra 2003-cü ildə əmək statistiklərinin 17-ci beynəlxalq konfransında bu anlayış bir daha nəzərdən keçirilərək genişləndirilmişdir.

Təşkilatın yanaşmasına görə, məcmu qeyri-formal məşğulluq iqtisadiyyatın qeyri-formal sektorunda məşğul olanların və iqtisadiyyatın formal sektorunda qeyri-formal məşğul olanların cəmindən ibarətdir. Belə ki, qeyri-formal sektorda fəaliyyət göstərən subyektlər qeydiyyatsız olduğundan bu sektorda çalışanlar (işəgötürənlər, işçilər və onlara bu sahədə kömək edən ailə üzvləri, özünəməşğul çalışanlar, qeyri-formal istehsal kooperativlərinin üzvləri və s.) tam olaraq qeyri-formal məşğulluğa aid edilirlər. Eləcə də iqtisadiyyatın formal sektorunda qeydiyyatsız çalışanlar da qeyri-formal məşğul şəxslər sayılırlar. BƏT iqtisadi fəaliyyət subyektlərinin qeyri-formal sektora aid edilməsi cəhətlərinin (iqtisadi fəaliyyət subyektlərinin ölçüsü, qeydiyyatın aparılmasına tələblər, kənd təsərrüfatının qeyri-formal sektora aid edilib-edilməməsi və s.) ölkələrin özləri tərəfindən müəyyənləşdirilməsini tövsiyə etmişdir. Bütün bunlarla yanaşı, BƏT özü də müəyyən tövsiyələr hazırlamışdır. Həmin tövsiyələrə görə, ev təsərrüfatlarında müəyyən xidmətlər göstərən şəxslər (dayələr, ev qulluqçuları və s.) ayrıca qrupda göstərilməlidir. Vəkillərin, həkimlərin, mühasiblərin formal və ya qeyri-formal sektora aid edilməsi şərtləri digər peşəkar qruplara bu mənada edilən yanaşma ilə eyni olmalıdır. Qeyri-formal məşğulluq daha çox şəhər yerlərinə xas olduğundan eləcə də bu sektorun həcminin düzgün qiymətləndirilməsi və digər ölkələrlə münasibətdə müqayisəli formaya salınması üçün qeyri-formal məşğulluq göstəricilərinin həm ümümilikdə, həm də kənd təsərrüfatı sektoru istisna edilməklə tərtib olunması tövsiyə edilir.

Qeyri-formal məşğulluğun qiymətləndirilməsi üçün bu sahədə məlumatların toplanması vacib məsələlərdən biridir. Hazırda BƏT tərəfindən yalnız 47 ölkə üzrə bu sahədə müəyyən göstəricilərin toplanması mümkün olmuşdur. Son məlumatlara görə, kənd təsərrüfatı sektorunun qeyri-formal məşğulluqda payı Cənubi Asiyada 82 faiz, Saxara səhrasından cənubda yerləşən Afrika ölkələrində 66 faiz, Çin istisna olmaqla, Şərqi və Cənub-Şərqi Asiya ölkələrində 65 faiz, Latın Amerikası ölkələrində 51 faiz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində 10 faiz təşkil edir. Kənd təsərrüfatı istisna olmaqla, qeyri-formal qaydada çalışanların xüsusi çəkisi Latın Amerikası və Karib hövzəsi ölkələrində Uruqvayda 40 faizdən Boliviyada 75 faizədək, Saxara səhrasından cənubda yerləşən Afrika ölkələrində - Cənubu Afrika ölkələrində 33 faizdən Malidə 82 faizədək, Çin istisna olmaqla, Şərqi və Cənub-Şərqi Asiya ölkələrində Tailandda 42 faizdən Hindistanda 83,5 faizədək, Şimali Afrika və Yaxın Şərq ölkələrində Türkiyədə 30,5 faizdən Qəzzada 58,5 faizədək dəyişir.

Ümumiyyətlə, kənd təsərrüfatında çalışanların məşğul əhalidə xüsusi çəkisinin yüksək olduğu ölkələrdə qeyri-formal məşğulluğun payı daha yüksəkdir. Belə ki, məşğul əhalidə kənd təsərrüfatında çalışanların xüsusi çəkisi Latın Amerikası və Karib hövzəsi ölkələrində 18 faiz, Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində 17 faiz, Şərqi Asiya və Saxara səhrasından cənubda yerləşən Afrika ölkələrində 54-57 faiz təşkil edir. Statistikasında cins nisbəti göstərilən ölkələrdə kənd təsərrüfatı istisna olmaqla, Saxara səhrasından cənubda yerləşən Afrika ölkələrində çalışan qadınların 74 faizi, kişilərin isə 61 faizi, Latın Amerikası və Karib hövzəsi ölkələrində qadınların 54 faizi və kişilərin 48 faizi, Cənubi Asiyada qadınların 83 faizi və kişilərin 82 faizi, Çində isə qadınların 36 faizi və kişilərin 30 faizi qeyri-formal əsasda çalışır.

Bütün inkişaf etməkdə olan ölkələrdə özünüməşğul və ya sərbəst məşğul əhalinin qeyri-formal məşğulluqda xüsusi çəkisi yüksəkdir. Statistik qiymətləndirmə göstərir ki, kənd təsərrüfatında çalışanlar istisna olmaqla, özünüməşğul və ya sərbəst məşğul əhali qeyri-formal məşğulluğun üçdə ikisini təşkil edir. Bu göstərici Saxara səhrasından cənubda yerləşən Afrika ölkələrində 53 faiz, Latın Amerikası ölkələrində 44 faiz, Asiyada 32 faiz, Şimali Afrikada 31 faizdir. Latın Amerikası ölkələrində qeyri-formal çalışanların 38,6 faizi müəssisələrdə, 10,9 faizi ev təsərrüfatlarında muzdla işləyənlər, 41,4 faizi isə sərbəst məşğul olanlardır.

 

Problemin mənfi fəsadları

 

Göründüyü kimi, qeyri-formal əmək bazarı bütün dünya ölkələrində mövcuddur. Adətən, yüksək səviyyədə qeyri-formal məşğulluq daha çox inkişaf səviyyəsi aşağı, iqtisadiyyatında qeyri-formal sektorun payı yüksək olan ölkələrə xasdır. Bununla belə, təcrübə göstərir ki, hətta inkişaf etmiş ölkələrdə belə qeyri-formal iqtisadiyyat formal iqtisadiyyatla paralel şəkildə fəaliyyət göstərərək inkişaf edir. Belə ki, iqtisadiyyatda qeyri-formal sektorun payı inkişaf etmiş Avropa Birliyi (EC-27) ölkələrində orta hesabla 18,4 faiz, Avstraliya, Kanada, Yaponiya, Yeni Zelandiya və ABŞ-da isə 8,6 faiz təşkil edir.

Qloballaşma qeyri-formal məşğulluğa yeni formalar gətirmiş və yeni dəyərin yaradılmasının qlobal sistemlərini formalaşdırmışdır. Başqa sözlə, qloballaşma gəlirlərin bölgüsündə qeyri-bərabərliyi artırmış, işsizlik və yoxsulluq səviyyəsinə mənfi təsir göstərmiş, iqtisadiyyatın xarici risklərdən qorunmasını təmin etməmiş, məşğulluq imkanlarını məhdudlaşdırmış və qeyri-formal iqtisadiyyatı stimullaşdırmışdır. Bütün bunlar da, öz növbəsində, əmək bazarına yeni daxil olmaq istəyən və ya artıq iş yerini itirmiş əmək bazarı iştirakçılarının formal sektorda çalışmaq imkanlarının məhdudlaşmasına səbəb olmuşdur. Hətta dünyanın bəzi regionlarında qeyri-formal əmək bazarında çalışmaq işsizlikdən yeganə çıxış yolu kimi qəbul olunur.

Qeyri-formal məşğulluq formal məşğulluqla bərabər fəaliyyət göstərir, eyni siyasi və iqtisadi faktorların təsirinə məruz qalır. Lakin məcmu istehlakın və kredit imkanlarının azalması, beynəlxalq ticarətin zəifləməsi, yanacaq daşıyıcılarının qiymətlərinin artması və s. amillər qeyri-formal məşğulluğa formal məşğulluqdan daha çox mənfi təsir göstərir. Qeyd etmək lazımdır ki, bu sektorun maliyyə imkanlarının zəif olması böhranın onlara təsirlərini daha da artırır.

Qeyri-formal məşğulluğu yaradan hallar aşağıdakılardır:

* Qeyri-formal iqtisadiyyatın fəaliyyəti üçün əlverişli iqtisadi mühitin olması.

* Formal sektorun həm işəgötürənlər, həm də işçilər üçün cəlbedici olmaması.

* Vergi, sosial sığorta və digər məcburi ödəmələrdən yayınmaqla daha çox gəlir əldə etmə imkanlarının qazanılması.

* Sığorta haqları ilə sığorta ödənişləri arasında birbaşa əlaqənin olmaması.

* İşçilərin təhsil, peşə və ixtisaslarının olmaması və ya aşağı səviyyədə olması.

* İşçi qüvvəsindən çevik istifadə etmək imkanlarının olması.

* Əmək bazarında tələblə təklif arasında uyğunsuzluğun mövcudluğu.

* Formal əmək bazarında əmək ödənişinin aşağı səviyyədə olması, əmək xərclərinin düzgün dəyərləndirilməməsi.

* Tibbi sığorta sisteminin olmaması.

* Formal əmək bazarında aşağı ödənişli iş yerlərinin cəlbedici olmaması.

* Əmək bazarına nəzarəti həyata keçirən orqanların səmərəsiz fəaliyyəti və ya təsir imkanlarının məhdudluğu, nəzarət tədbirlərinin icrası mexanizminin təkmil olmaması, cərimə və sanksiyaların təsiredici səviyyəyə çatmaması.

* Maarifləndirmə və təbliğat işlərinin aparılmaması, formal əmək münasibətlərinin üstünlüklərinin işəgötürənlər və işçilər tərəfindən düzgün dərk edilməməsi, yaxud ümumiyyətlə, bu barədə məlumatın verilməməsi.

Qeyri-formal məşğulluq özünün müxtəlifliyi ilə fərqlənir. Bu sahədə çalışanlar gəlirlərinə (ölçüsünə, davamlılığına, mövsümi olmasına), çalışma statusuna (muzdla fəaliyyət, işəgötürən, özünüməşğul, müvəqqəti işlər, ev işçiləri və s.), fəaliyyət sahələrinə (ticarət, tikinti, xidmət, kənd təsərrüfatı və s.), fəaliyyət subyektlərinin ölçülərinə və növlərinə, onların yerləşmələrinə (şəhər və ya kənd), sosial müdafiə ilə əhatə olunma dərəcəsinə (sosial sığorta haqlarının ödənilməsi) və əmək hüquqlarının təminatı dərəcəsinə (əmək müqaviləsinin növünə, müddətinə, məzuniyyət hüququnun olmasına və s.) görə fərqlənir. Bu mənada qeyri-formal məşğulluqla mübarizə tədbirlərinin hazırlanması zamanı bütün aspektlərin nəzərə alınması vacib şərtlərdən biridir.

Əksər ölkələrin sosial-iqtisadi həyatında mühüm praktiki rol oynayan qeyri-formal məşğulluğun, bir sıra bəzi iqtisadçıların fikrincə, aşağıdakı müsbət tərəfləri də var:

* İlk növbədə qeyri-formal məşğulluq əmək bazarında nisbi gərginliyi aradan qaldırır. Əmək bazarının formal sektorunda müxtəlif səbəblərdən, əsasən də təhsilin, peşə və ixtisasının, təcrübəsinin olmaması, yaxud aşağı olması səbəbindən iş tapa bilməyən şəxslər qeyri-formal sektorda işlə təmin olunmaq imkanı qazanırlar, çünki əksər hallarda qeyri-formal məşğulluq daha çox ixtisas tələb etməyən, formal sektorda cəlbedici olmayan iş yerlərindən ibarətdir.

* Bir sıra hallarda qeyri-formal məşğulluq əhalinin aztəminatlı hissəsinə, qeyri-formal olsa da, gəlir əldə etmək imkanı verir. Adətən, əmək bazarının formal sektorunda iş tapa bilməyən şəxslər təhsil, peşə və ixtisası olmayan aztəminatlı ailələrin üzvləri olurlar.

* Qeyri-formal məşğulluq əmək bazarında çevikliyi təmin edir. Belə ki, bu sektorda müəssisələr və sahələr arasında, eləcə də müəssisə daxilində işçi qüvvəsinin hərəkət tezliyi daha yüksəkdir. Bəzi işəgötürənlər mövsümi, bəziləri isə fasilələrlə fəaliyyət göstərirlər. Bu səbəbdən onlara daimi işçi qüvvəsi lazım olmur. Belə halda işəgötürən işçi ilə rəsmi əmək münasibətində olmadığı üçün onu istədiyi vaxt çox asanlıqla, heç bir əlavə xərc çəkmədən işdən azad edə və yeni işçini isə çox asanlıqla, heç bir rəsmi öhdəlik götürmədən işə cəlb edə bilir.

* Qeyri-formal məşğulluq istehlak bazarına ucuz və maya dəyəri aşağı olan məhsul və xidmətlər təqdim edir. Belə ki, bu sektorda çalışan iqtisadi fəaliyyət subyektləri vergi, sosial sığorta və digər məcburi ödəmələrdən yayındığından istehsal olunan mallar, göstərilən xidmətlər və görülən işlər, adətən, orta bazar qiymətindən aşağı olur. Qeyd etmək lazımdır ki, belə malların, işlərin və xidmətlərin alıcıları da, əsasən, əhalinin aztəminatlı hissəsidir.

* Bəzi hallarda isə qeyri-formal məşğulluq ilkin kapital yığımına və bununla da kiçik və orta sahibkarlıq fəaliyyətinin başlanmasına maddi stimul yaradır, beləliklə də kapitallaşmış sahibkarların qeyri-formal fəaliyyətdən formal fəaliyyətə keçidini təmin edir.

Lakin bu müsbət cəhətlərin hər biri zahiri baxımdan effektivdir, nəticə etibarilə isə mənfi nəticələri qaçılmazdır. Məsələn, qeyri-formal məşğulluq əmək bazarında nisbi gərginliyi aradan qaldırsa da, çoxsaylı əmək mübahisələri ilə müşayiət olunur. Qeyri-formal məşğulluq istehlak bazarına ucuz və maya dəyəri aşağı olan məhsul və xidmətlər təqdim etsə də, təcrübədə onların keyfiyyət səviyyəsinin aşağı olması, yarıtmazlığı, müvafiq standartlara cavab vermədiyi də diqqətdən yayınmır

s. Yəni qeyd olunan müsbət hallara baxmayaraq, qeyri-formal məşğulluq ölkə ictimaiyyətinə, ölkə iqtisadiyyatına və əhalinin sosial rifah halına mənfi təsir göstərir və ona sarsıdıcı zərbə vurur. Belə ki:

lQeyri-formal məşğulluq ilk növbədə dövlətçiliyin təməl prinsiplərinə, xüsusən də qanunvericilik qarşısında hər kəsin bərabər məsuliyyət daşıma prinsipinə ziddir. Belə ki, qeyri-formal məşğulluğun əsasən mövcud olduğu qeyri-formal iqtisadiyyat qanunsuz fəaliyyət göstərir və bu sektorda qanunvericiliyin tələblərinə riayət edilmir.

* Qeyri-formal məşğulluq vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməməsinə səbəb olmaqla, nəticədə dövlət büdcəsinə böyük itkilər yaradır, işçiləri cari və gələcək sosial təminat hüquqlarına malik olmaqdan məhrum edir. Bu zaman isə həmin işçilərin dövlətin sosial müdafiə sisteminə çıxışının olmaması ictimai birliyin və sosial ədalətin tam təminatına mane olur, onların iqtisadi risklərdən qorunması mümkün olmur.

* Qeyri-formal məşğulluq iqtisadiyyatda azad və bərabər rəqabət mühitini pozur. Belə ki, məcburi ödəmələrə vəsait xərcləməyərək bazara daha ucuz malları, işləri və xidmətləri təklif edir, bununla da intizamlı və məcburi dövlət ödəmələrini qanunvericiliyin tələblərinə uyğun həyata keçirən iqtisadi fəaliyyət subyektlərinin istehsal etdikləri malların, işlərin, xidmətlərin bazara çıxışına imkan vermir.

* Qeyri-formal məşğulluq əmək məhsuldarlığının süni sürətdə aşağı düşməsinə səbəb olur. İşçilərin, öz növbəsində, əmək ödənişlərinin yeni yaranan dəyərdə nəzərə alınmaması bəzi sahələr (tikinti, xidmət

s.) üzrə əmək məhsuldarlığının aşağı düşməsi ilə nəticələnir. İşçilərin daha çox kiçik və orta sahibkarlıq subyektlərində toplanması əmək məhsuldarlığının azalması ilə nəticələnə bilər.

* Qeyri-formal məşğulluq işçilərin əmək hüquqlarının pozulmasına şərait yaradır. Bu sektorda işçilər təhlükəli iş yerlərində və normalaşdırılmamış iş rejimində çalışır, əməyin mühafizəsi qaydalarından kənarda qalır, minimum əməkhaqqı məbləğindən də aşağı əməkhaqqı alır, məzuniyyət və müavinət almaq hüquqlarından məhrum olurlar.

* Qeyri-formal məşğulluq daha çox qadınlara, aztəminatlı ailələrə, gənclərə və miqrantlara mənfi təsir edir.

* Qeyri-formal məşğulluğun təmsil olunduğu iqtisadi fəaliyyət subyektləri əsasən dövlətin sahibkarlığın inkişafına yaratdığı imkanlardan, o cümlədən kapitala və kreditlərə çıxış imkanlarından kənarda qalır, məhkəmə prosedurlarından istifadə edə bilmir.

* Qeyri-formal məşğulluğun təmsil olunduğu iqtisadi fəaliyyət subyektləri bununla eyni zamanda iri müəssisələrə investisiya imkanlarını məhdudlaşdırmış olurlar.

* Qeyri-formal məşğulluq əsasən təhsilsiz, peşəsiz və ixtisassız şəxslərdən ibarət olduğundan bu sahədə fəaliyyət göstərən işəgötürənlər insan kapitalının formalaşmasına investisiya yatırmaqda maraqlı olmurlar.

* Qeyri-formal məşğulluq korrupsiyaya şərait yaradır.

Qeyd olunanlar nəzərə alınmaqla qeyri-formal məşğulluqla mübarizə bütün ölkələrdə sosial-iqtisadi sahədə prioritet istiqamətlərdən biri kimi müəyyən edilmişdir.

 

Qeyri-rəsmi məşğulluqla mübarizə bütün ölkələrdə əsas hədəflərdəndir

 

Formal əmək bazarında məşğulluğun təmin olunmasına yönəldilən siyasət əhalinin sosial rifah halının yüksəldilməsinə xidmət edir. Lakin nəzərə almaq lazımdır ki, bütün ölkələrdə qeydiyyatsız məşğulluqla mübarizənin yeganə yolu məşğulluğun təmin edilməsinə, yeni iş yerlərinin açılmasına yönəldilən iqtisadi siyasətdən keçir. Sağlam, təhlükəsiz və layiqli iş yerlərinin yaradılması, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin əmək hüquqlarının genişləndirilməsi, gəlirlərin ədalətli bölgüsünün təmin olunması, əhalinin rifah halının yüksəldilməsi, sosial müdafiə sahəsində minimal tələblərin real vəziyyətə uyğunlaşdırılması kimi məqsədlər iqtisadi artımın və bu sahədə islahatların başlıca ana xətti olmalıdır. Yeni iş yerlərinin açılması və nəticədə gəlir əldə edən insanların daha çox xərcləməsi ümumi daxili məhsul (ÜDM) üçün önəmlidir.

Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidlə bağlı tədbirlər yalnız qeydiyyatın aparılması və cəzaların artırılması demək deyildir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, belə yanaşma, adətən, əks səmərə verir. Məsələyə daha geniş mənada baxılmalı, formal keçidin növləri araşdırılmalı və təbii keçidi təmin edəcək stimullaşdırıcı elementlər müəyyən edilməlidir. Dünya ölkələrində bu sahədə atılan addımlar məsələyə vahid və universal yanaşmanın olmadığını göstərir.

Təbii ki, hər bir ölkə özünün spesifik xüsusiyyətlərindən asılı olaraq bu tədbirləri dizayn etməlidir. Amma ümumilikdə bütün ölkələr aşağıdakı əsas istiqamətlər üzrə tədbirlərin görülməsini zəruri hesab etmişlər:

Makroiqtisadi mühitin təkmilləşdirilməsi

* layiqli və yeni iş yerlərinin yaradılmasına hədəflənən iqtisadi inkişafın təmin edilməsi;

* makroiqtisadi sabitliyin qorunub saxlanılması;

* kiçik və orta sahibkarlığın inkişafına şərait yaradan makroiqtisadi siyasətin həyata keçirilməsi;

* iqtisadiyyatın real sektoruna və istehlak tələbatına dövlət dəstəyinin və iqtisadi stimullaşdırma proqramlarının həyata keçirilməsi;

* əlverişli biznes və investisiya mühitinin yaradılması;

* yumşaq pul-kredit siyasətinin aparılması.

Formal məşğulluğun cəlbediciliyinin artırılması

* qeyri-formallıqdan formallığa keçid xərclərinin azaldılması üçün lisenziyalaşmanın sadələşdirilməsi;

* qeyri-formallıqdan formallığa keçidə hüquqi yardım mərkəzlərinin yaradılması;

* əlverişli inzibati mühitin formalaşdırılması, inzibati maneələrin aradan qaldırılması;

*vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi yükünün azaldılması, vergi güzəştlərinin tətbiq edilməsi;

* sosial sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, sosial sığorta yükünün işçi ilə işəgötürən arasında optimallaşdırılması, sosial sığorta haqları ilə sığorta ödənişləri arasında birbaşa əlaqənin formalaşdırılması;

* tibbi sığorta sisteminin tətbiq edilməsi;

İşsizlikdən sığorta sisteminin tətbiqi

* vergi və mühasibat uçotunun tətbiq edilməsi, biznesə başlama və fəaliyyətin bağlanılması prosedurlarının, qeydiyyatın və hesabatlılığın sadələşdirilməsi;

* maliyyə mənbələrinə çıxış imkanlarının təmin edilməsi, ucuz borclanma siyasətinin aparılması;

* sahibkarlığa yardım edən və ona dəstək verən dövlət proqramlarından istifadə imkanlarının asanlaşdırılması və əhatə dairəsinin genişləndirilməsi;

* aktiv məşğulluq proqramlarının, xüsusilə də özünüməşğulluq, “start up” və “mini-job” proqramlarının genişləndirilməsi;

* investisiya layihələrində kiçik və orta sahibkarlığın iştirakının təmin edilməsi;

* sosial müdafiə sahəsində minimal tələblərin reallığının təmin edilməsi və genişləndirilməsi;

* peşə təhsili sisteminin əhatə dairəsinin genişləndirilməsi;

* mübahisələrin məhkəmə qaydasında ədalətli həllinə nail olunması, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi.

Qeyri-formal məşğulluqla mübarizənin gücləndirilməsi

* əmək, mülki, vergi və inzibati qanunvericiliyin təkmilləşdirilməsi;

* maliyyə sanksiyalarının və cərimələrin sərtləşdirilməsi;

* nəzarət mexanizmlərinin təkmilləşdirilməsi;

* əmək bazarına nəzarət funksiyaları olan orqanların birgə fəaliyyətinin və koordinasiyasının təmin edilməsi, işin səmərəliliyinin artırılması, əmək müfəttişlərinin sayının optimallaşdırılması, maddi və texniki təminatlarının yaxşılaşdırılması, səlahiyyətlərinin (məlumatlandırma aparmadan reydlərin keçirilməsi) artırılması, nəticələrə əsaslanan mükafatlandırma sisteminin tətbiqi, ixtisasartırma tədbirlərinin görülməsi;

* podratçı təşkilatın subpodratçı təşkilatın vergi, sosial sığorta və digər məcburi ödəmələr üzrə öhdəliklərinə məsuliyyət daşıması sisteminin tətbiqi;

* əmək bazarına nəzarət üzrə məlumat informasiya ehtiyatının formalaşdırılması;

* əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması tədbirlərinin həyata keçirilməsi;

* qeyri-formal məşğulluğun müəyyən edilməsi məqsədilə bu sahədə çalışan şəxslərə əmək qabiliyyətinin itirilməsi ilə bağlı minimum sığorta ödənişinin verilməsi sisteminin tətbiqi;

* ictimai təşkilatların və sosial tərəfdaşların fəaliyyətinin gücləndirilməsi.

Qeyri-formal məşğulluğa qarşı ictimai şüurun formalaşdırılması

* Maarifləndirmə, məlumatlandırma və təbliğat tədbirlərinin keçirilməsi;

* qeyri-formallıqdan formallığa keçidi təmin etmiş sahibkarların mükafatlandırılması;

* təhsil müəssisələrində, regionlarda bu mövzuda konfransların və seminarların keçirilməsi;

* qeyri-formal məşğulluğun mənfi nəticələrinin, formal məşğulluğun üstünlüklərinin ictimaiyyətin diqqətinə çatdırılması;

* yayınma hallarına daha çox rast gəlinən iqtisadiyyat sahələrində çalışan iqtisadi fəaliyyət subyektlərində qeyri-formal məşğul olan şəxslərin qınaq obyektinə çevrilməsinə və cəmiyyət üçün mənfi nəticə yaradana qarşı hədəflənən təbliğat kampaniyasının keçirilməsi;

* videoroliklərin, reklam çarxlarının çəkilməsi və nümayişi, stendlərin, broşürlərin, məlumat vərəqələrinin hazırlanması və ictimai yerlərdə yayılması, eləcə də əmək bazarına daxil olmağa hazırlaşan gənclər, o cümlədən orta-ixtisas və ali təhsil müəssisələrinin son kurslarında oxuyan tələbələr arasında sistemli şəkildə bu mövzuda təbliğatın aparılması, kütləvi informasiya vasitələrində müzakirələrin təşkili, çıxışların edilməsi, məqalələrin dərc olunması və s.

Tədbirlərin dizayn edilməsində inzibati və stimullaşdırıcı amillər arasında balansın təmin olunması siyasətçilər qarşısında duran əsas vəzifədir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, potensial imkanları gücləndirən və resurslara əlçatanlığı təmin edən sosial dialoq, eləcə də qeyri-formal iqtisadiyyatın konkret tələblərinə cavab verən hüquqi bazanın formalaşdırılması, vergiqoyma, kreditləşdirmə və sosial müdafiə sisteminin yaradılması formal iqtisadiyyata və rəsmi məşğulluğa keçidi daha asan və səmərəli edir.

 

Azərbaycan prosesə uğurla başlayır

 

Azərbaycanda qeyri-formal məşğulluqla mübarizənin gücləndirilməsi ilə paralel olaraq qeyri-formal əmək münasibətlərindən formal əmək münasibətlərinə keçidin stimullaşdırılmasına yönələn institusional və praktiki platformanın formalaşdırılması, vətəndaşların məşğulluğunun təmin edilməsi, layiqli iş yerlərinin yaradılması, onların əmək və sosial hüquqlarının qorunması, maddi və sosial tələbatlarının ödənilməsi islahatların əsas hədəflərindəndir.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti respublikamızın dinamik iqtisadi inkişafına şərait yaratmaqla, bu istiqamətlərin hər biri üzrə mühüm addımların atılmasına imkan vermiş, məşğulluğun təmin edilməsi, yoxsulluğun azaldılması və regionların inkişafı ilə bağlı bir sıra dövlət proqramları və strategiyalar icra edilmişdir. Ölkəmizin həyatında yeni və sürətli inkişaf dövrü olan son 13 ildə makroiqtisadi sabitlik şəraitində sosialyönümlü iqtisadiyyatın formalaşması tam təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmişdir. Bunun nəticəsində ölkədə əməkhaqqı və sosial ödənişlər dəfələrlə artmış, 1,6 milyondan çox iş yeri açılmış, yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına nail olunmuş, sosial cəhətdən həssas əhali qruplarının müdafiəsi gücləndirilmişdir.

Hazırda respublika həyatının bütün sahələrində gerçəkləşdirilən islahatlar yeni keyfiyyət mərhələsinə keçmiş və başlıca hədəflər milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində öz ifadəsini tapmışdır. Əhalinin məşğulluğunun, iqtisadiyyatın rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin olunması, əmək bazarında çevik siyasətin həyata keçirilməsini təmin edən institutlar vasitəsilə sosial dialoqun inkişafı, inklüziv məşğulluğun artmasına nail olunması, habelə əmək resurslarından səmərəli istifadə nəticəsində əmək məhsuldarlığının yüksəldilməsi əsas strateji hədəf və prioritetlər kimi müəyyən edilmişdir.

“Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-cı il 17 mart tarixli sərəncamının tətbiqi ilə əlaqədar ölkədə işçilərin sosial müdafiəsinin daha da gücləndirilməsi, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsi, əməyin ödənişinin təşkilinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, habelə əmək münasibətləri iştirakçılarının digər əmək hüquqlarının və təminatlarının effektiv müdafiəsinin təmin edilməsi və bu sahədə dövlət orqanları arasında koordinasiya olunmuş siyasətin həyata keçirilməsi məqsədilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yaradılmışdır.

Ölkədə əmək bazarının mövcud vəziyyətini, o cümlədən qanunvericiliyi təhlil edərək əmək münasibətlərinin tənzimlənməsi sahəsində qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla inzibatçılığın, habelə bu sahənin təkmilləşdirilməsinə dair təkliflərin və əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi də daxil olmaqla, tədbirlər planının hazırlanması barədə müvafiq tapşırıqlar verilmişdir.

Bu tədbir qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasının Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən olduğunu bir daha təsdiq edir. Cənab Prezidentin bu sahədə imzaladığı sərəncam bir daha sübut edir ki, dövlətimiz qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına yönələn tədbirləri həyata keçirərək işçilərin əmək və sosial hüquqlarının qorunmasını, maddi və sosial tələbatlarının ödənilməsini təmin edəcəkdir.

Qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsinə, qeyri-rəsmi məşğulluqla mübarizədə nəzarət tədbirlərinin gücləndirilməsinə, bu sahədə monitorinq və təhlil sisteminin qurulmasına, məlumatlandırma və təbliğat işlərinin təşkilinə yönəldiləcək tədbirlər nəticə etibarilə yeni iqtisadi və demoqrafik vəziyyətə uyğun olaraq əmək bazarında sabitliyin təmin edilməsinə, səmərəli məşğulluq və layiqli iş imkanlarının genişləndirilməsinə, əmək bazarı üzrə institusional sistemin potensialının gücləndirilməsinə, inklüziv məşğulluğun artırılmasına, təhsil sistemi ilə əmək bazarı arasında və sosial müdafiə ilə məşğulluq arasında əlaqələrin gücləndirilməsinə xidmət edəcəkdir.

Bu tədbirlər, eləcə də Azərbaycan hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində imzalanan növbəti “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın prioritetləri çərçivəsində və Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın fəaliyyəti müstəvisində aparılan işlər nəticə etibarilə qeyri-rəsmi məşğulluğun səviyyəsinin kəskin şəkildə azaldılması sahəsində əhəmiyyətli nəticələrin əldə olunmasına gətirib çıxaracaqdır.

 

İdris İSAYEV,

Azərbaycan Respublikasının

əmək və əhalinin sosial müdafiəsi

nazirinin müavini

 

Azərbaycan.- 2017.- 27 iyul.- S.1; 3.