Sənət eşqi sənət aşiqlərinin obrazlarında

 

Ölkəmizdə fəaliyyət göstərən 37 xalq teatrının repertuarı zəngindir, kollektivlər isə istedadlılardan ibarətdir

 

Milli-mənəvi sərvətlərimizdən sayılan, eləcə də qədim tarixə malik folklor nümunələrinin tərkib hissəsi kimi yaşadılan teatrın yaşının minilliklərlə ölçülməsi heç də təsadüfi deyil. Onu da deyək ki, xalq xeyir-şərlə bağlı adət-ənənələrini məhz özünün mədəniyyət nümunələrində yaşadıb. Belə sənətlərdən birixalq teatrlarıdır.

Xalq teatrlarının əsası onlardan öncə yaranmış məzhəkə və meydan tamaşalarından qoyulub. İlkinliyini qoruyub saxlayan xalq teatrları fəaliyyətlərini bu gündavam etdirirlər.

Vətəni qədim Yunanıstan olsa da, yunan dilində “tamaşa yeri” mənasını verən teatr tezliklə bütün dünyaya yayılıb. Əsrlərdir ki, həyat hadisələrinin bədii ifadəsi olduğunu təsdiqləyən səhnə sənətinin yaşı Azərbaycanda 1873-cü ildən hesablansa da, bünövrəsi hələ meydan tamaşalarından qoyulub. Bu günə qədər gəlib çıxan bir sıra folklor nümunələri (“Maraloyunu”, “Zopu-zopu”, yaxud “Kilimarası”, eləcə də Novruz bayramı şənliklərində göstərilən “Kosa-kosa”, “Qodu-qodu”, həmçinin digər tamaşa və məzhəkələr) var ki, onlar səhnə sənətinin rüşeymləri, xalq teatrlarının əsası sayılıb.

Ulu öndər Heydər Əliyevin Azərbaycan milli teatrının qazandığı nailiyyətlərlə bağlı söylədiyi fikirlər olduqca maraqlıdır: “Teatrımızın böyük tarixi, böyük ənənələri, gözəl nümunələri var. Milli teatr bu gün də, gələcəkdə də yaşayacaqdır. Çünki onun əsası xalqdan gəlir”.

Azərbaycan teatr tarixinə adları qızıl hərflərlə yazılan sənətkarlarımızın fəaliyyətinə nəzər salsaq, bir daha yəqinləşdirərik ki, milyonlarla insanın həyat və təfəkkür tərzi - onların ictimai münasibətləri, baxışları, adətləri, inamları, idealları, arzu və istəkləri M.F.Axundzadə, S.S.Axundov, N.Vəzirov, Ə.Haqverdiyev, eləcə də S.Ruhulla, H.Sarabski, H.Ərəblinski, M.Əliyev və digər sənətkarların yaradıcılığında təcəssüm etdirilib. Səhnə sənətində silinməz izlər qoyan ölməz korifeylərimizin yolları da məhz bədii özfəaliyyət kollektivləri yarananadək dram dərnəkləri əsasında formalaşan xalq teatrlarından başlayıb.

Danılmaz faktlardan biribudur ki, respublikada fəaliyyət göstərən 27 dövlət, 37 xalq, həmçinin bələdiyyə, uşaq və özəl teatrların səmərəli fəaliyyəti hər cür qayğı ilə əhatə olunub.

Şərqdə ilk dəfə olaraq peşəkar teatrın Bakıda yaranması da burada səhnə sənəti tarixinin qədimliyindən soraq verir. Xalq teatrları xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, təbliğində, estetik zövqünün formalaşmasında, maarifləndirilməsində də mühüm vəzifələr yerinə yetirərək mütərəqqi ideyaların carçısına çevrilib.

Azərbaycan xalq teatrı realist özəllik daşıyıb və daim əməkçi təbəqələrlə bağlı olub. Azərbaycan professional teatrının təşəkkülündə də onlar əhəmiyyətli rol oynayıblar. Paytaxt və bölgələrdə fəaliyyət göstərən xalq teatrlarının repertuarını müəyyən etik məzmunlu kiçik tamaşalar təşkil edir. Bu qədim sənətin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər müxtəlif formada olsalar da, mahiyyətcə vahid məqsədə xidmət edir. Peşəkarlığa aparan yolda əsas pillə hesab edilən xalq teatrlarının festivallarının keçirilməsi də ənənəvi xarakter daşıyır. II Respublika Xalq Teatrları Festivalının keçirilməsində də məqsəd onların fəaliyyətlərinin dəstəklənməsi, həvəskar yaradıcılıq kollektivlərinin potensialından səmərəli istifadə edilməsi, əhalinin asudə vaxtının təşkilində rolunun artırılmasıdır.

Seçim mərhələsində iştirak edən xalq teatrlarının tamaşalarına baxmaq, onların qiymətləndirilib yekun mərhələyə, finala dəvət edilmələri üçün münsiflər heyəti regionlara ezam edilib. Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsində keçirilən ilk seçim turunda Kürdəmir, Sabirabad və Bərdə regional mədəniyyət və turizm idarələrinin tabeliyindəki müəssisələrdə fəaliyyət göstərən xalq teatrları iştirak edib. Festivalın növbəti seçim mərhələsi isə Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsində keçirilib.

M.Ə.Sabir adına Balaxanı xalq teatrı “Heykəl danışır”, H.Sarabski adına Mədəniyyət evinin xalq teatrı “Beş manatlıq gəlin”, Nizami adına Mədəniyyət Mərkəzinin Mərdəkan xalq teatrı “İşdə məhəbbət macərası”, İ.Qutqaşınlı adına Qəbələ rayon xalq teatrı “Gəl qohum olaq”, Heydər Əliyev adına İsmayıllı rayon Mədəniyyət Mərkəzinin xalq teatrı “Narkomaniya bəlası”, Cəlilabad rayon xalq teatrı “Özümüz bilərik”, Masallı rayon xalq teatrı “Ana fəryadı”, Qax rayonunun xalq teatrı “Ər və arvad”, Badamdar qəsəbə mədəniyyət evinin xalq teatrı “Dədə Qorqud”, Sumqayıt şəhər “28 May” diyarşünaslıq evinin xalq teatrı “Dursunəli və Ballıbadı”, Xaçmaz rayon xalq teatrı “Diqqət, başlayırıq”, Yevlax rayon B.Səfəroğlu adına xalq teatrı “Oyun bitdi”, Sabirabad rayon Mədəniyyət Mərkəzinin A. İsgəndərov adına xalq teatrı “Qisas qiyamətə qalmaz”, Zaqatala rayon xalq teatrı “Vicdan hökmü”, Beyləqan rayonundakı “Gənclik” xalq teatrı “Apar məni yurduma” tamaşaları ilə çıxış ediblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın yekun mərasimindəki çıxışı zamanı qeyd edib ki, bu günü bizə bəxş edən ulu öndər Heydər Əliyev hər zaman yaradıcı adamlara, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına xüsusi diqqət göstərib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin inkişafı, təbliği istiqamətində gördüyü işləri xüsusilə qeyd edən nazir xatırladıb ki, birinci xanımın yorulmaz fəaliyyəti nəticəsində xalqımıza məxsus milli-mənəvi dəyərlər dünyada bu gün geniş şəkildə tanınır və maraqla qarşılanır.

Xatırladaq ki, festivala 32 teatr qatılıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, xalq artisti Vaqif Əsədovun başçılıq etdiyi münsiflər heyəti Bakı Şəhər Mədəniyyət Turizm Baş İdarəsi, Sumqayıt, Kürdəmir, İsmayıllı, Şəmkir Masallı regional mədəniyyət turizm idarələrində keçirilmiş seçim turunda baxdıqları tamaşaların arasından 15-nin final mərhələsində iştirakını məqbul sayıb. Həmin tamaşalar Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunub.

Münsiflər heyətinin rəhbəri, xalq artisti Vaqif Əsədov festivalın əhəmiyyətindən söz açmaqla yanaşı, xalq teatrlarında çox istedadlı gənclərin olduğunu söyləyib. O, yaxın gələcəkdə belə istedadlıların peşəkar aktyor kimi yetişməsi üçün müvafiq tədbirlər görülməsini təklif edib. Onun fikrincə, bölgələrdə teatra marağın güclü olması, müxtəlif peşə sahiblərinin səhnədə özünü uğurla sınaması göstərir ki, Azərbaycan teatrının gələcəyi parlaq, milli aktyor sənətinin potensialı isə tükənməzdir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən festivalın final mərhələsində xalq teatrlarının çıxışları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Festivalın birinci, ikinci üçüncü yerə layiq görülən, habelə müxtəlif nominasiyalar üzrə təltif olunan xalq teatrları bağlanış mərasimində mükafatlandırılıblar. Onlara diplom, fəxri fərman xatirə hədiyyələri təqdim edilib.

Azərbaycan milli teatrının bünövrəsi meydan tamaşalarından qoyulduğundan, onun bundan sonra da uzunömürlü olmasına şübhə yoxdur. Çünki bu sənəti yaşadanlar yalnız səhnə fədailəri deyil, xalqın özüdür. Xalq isə özünün tarixi keçmişini yaşatmaqda mühüm vasitə rolu oynayan mədəniyyət incəsənətin inkişafı yolunda daim mübarizələrdən keçib.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 27 iyul.- S.5.