Olimpiya Hərəkatında İlham Əliyev missiyası

 

İdmana qayğı dövlət siyasətinin əsas prioritetlərindəndir

 

Azərbaycanın sürətli inkişafı ölkəmizdə idman hərəkatının daha geniş vüsət almasına səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bunun nəticəsi olaraq idmançılarımız dünyanın ən mötəbər yarışlarında uğurla çıxış edərək ölkəmizin adını daim uca tuturlar. Yüksək nailiyyətlər qazanılan yarışlar içərisində ən nüfuzlusu isə dünyanın məşhur və 4 ildən bir keçirilən kütləvi idman müsabiqəsi - Yay Olimpiya Oyunlarıdır. Hər bir ölkə Olimpiya oyunlarında layiqincə təmsil olunmağa çalışır. Azərbaycanda isə Olimpiya hərəkatının inkişafı birbaşa dövlət başçısı İlham Əliyevlə bağlıdır.

 

Azərbaycan idmanının yüksəliş mərhələsi

 

Sovet dövründə idmançılarımız yalnız SSRİ-nin adı və bayrağı altında beynəlxalq idman yarışlarına çıxa bilirdilər. Ölkəsinin bayrağını qaldırmaq, himnini səsləndirmək o dövrün qalib Azərbaycan idmançısına nəsib olmurdu. Müstəqillik dövründə isə vəziyyət başqadır. Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllərində, xaos və anarxiya dövründə idmançılarımız iştirak hüququ qazandıqları yarışlara belə, vəsait çatışmazlığından qatıla bilmirdilər. Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtmasından sonra bu sahədə vəziyyət kökündən dəyişdi.

1992-1997-ci illərdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) fəaliyyəti heç də istənilən səviyyədə deyildi və qənaətbəxş sayıla bilməzdi. Çünki buradakı fəaliyyət planı lazımi səviyyədə qurulmamışdı. Həmin dövrdə MOK qarşıda duran ümdə vəzifələrin həyata keçirilməsi üçün kənarda qalmamalı, aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe tuta bilmədi, ölkənin idman həyatına müsbət təsir edəcək işləri, demək olar ki, görmədi. İdmanın inkişafı ilə bağlı əsas yük dövlət strukturlarının üzərinə düşürdü.

Həmin vaxt Atlanta Olimpiadasına hazırlıq üzrə Təşkilat Komitəsi yaradıldı. Olimpiya oyunlarına hazırlıq və respublikanın təmsil olunması istiqamətində işlərin həyata keçirilməsinə yalnız dövlət strukturları cəlb olundu. Ümumən MOK-un fəaliyyətinin ilk beşilliyi dövründə Milli Olimpiya Hərəkatında durğunluq hökm sürürdü. Belə bir vəziyyət isə ölkə rəhbərliyini, idman ictimaiyyətini qane etmirdi. Çünki Olimpiya oyunlarında yüksək nəticələr göstərmək lazım idi.

MOK-un 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisində bütün məsələlərin müzakirəsi zamanı bəlli oldu ki, istedadlı idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən getmiş, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə əlaqəsi yoxdur.

Belə bir vəziyyətlə barışmayan Baş Məclis MOK İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi. Elə ilk günlər göstərdi ki, MOK çox düzgün və qətiyyətli bir addım atıb. Komitə ilk növbədə mövcud durumu düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib hərəkətə keçməyə başladı. Olimpiya Hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarılaraq araşdırıldı. Cənab İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin görməli olduğu işlər həddən artıq çox idi. Bunların sırasında beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi olduqca vacib rol oynayırdı. Qarşıya çıxan bütün problemləri bacarıqla həll edərək İlham Əliyev Olimpiya Hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl əməli çərçivəsini müəyyənləşdirdi. Beləliklə, İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya Hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü. Azərbaycanın Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Avropa Olimpiya Komitəsi (AOK) kimi nüfuzlu təşkilatları da daxil olmaqla dünyanın bütün idman qurumları ilə sıx əlaqələri var. Son illər bu əlaqələr daha da genişlənib. Bunu idman təşkilatlarının rəhbərlərinin Bakıya intensiv səfərləri və ölkəmizdə keçirilən mötəbər turnirlər də təsdiq edir. BOK, AOK və digər beynəlxalq idman təşkilatları ilə sıx əməkşdaşlığın qurulması ölkəmizin dünya Olimpiya Hərəkatına fəal şəkildə qoşulduğunu nümayiş etdirir.

 

Maddi-texniki baza gücləndirildi

 

Milli Olimpiya Komitəsinin fəaliyyətində canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın Olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də maddi-texniki bazanın gücləndirilməsi sahəsini əhatə etdi. Ölkədə idmanın sürətli inkişafını və onun perspektivlərini genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın yaxşılaşdırılmasının əsası qoyuldu.

MOK 1999-cu ildən öz obyektlərinin tikintisinə başladı və 2000-ci ilin oktyabrında Bakıda ilk Olimpiya Kompleksinin açılış mərasimi oldu. Paytaxtdan başlayan quruculuq işləri bölgələrə doğru genişləndirildi. Bölgələrdə Olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi həmin yerlərin idman hərəkatının tərəqqisi üçün önəmli rol oynadı. Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 50-dək Olimpiya İdman Kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İndi demək olar ki, respublikamızın bütün bölgələrində Olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında belə, müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var.

 

6 Olimpiada, 44 medal

 

İlham Əliyevin MOK-un prezidenti seçilməsindən cəmi 3 il sonra - 2000-ci ildə Azərbaycan idmançıları Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında çıxış etdilər və çox möhtəşəm tarixi bir zəfərə imza atdılar. 199 ölkənin qatıldığı XXVII Yay Olimpiya Oyunlarında Azərbaycan müstəqil dövlət kimi ikinci dəfə Olimpiadada iştirak etdi. Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan komandasına ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahətdinova qazandırdı. Ölkəmizə ikinci qızıl medalı güləşçi Namiq Abdullayev gətirdi. “Sidney-2000” Yay Olimpiya Oyunlarında Azərbaycan boksunun salnaməsinə də ilk Olimpiya medalı yazıldı. 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu. İki qızıl və bir bürünc mükafatla Azərbaycan medal alan ölkə arasında 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Azərbaycan idmanı Sidney sınağından zəfərlə çıxdı.

2014-cü ildə Afina Olimpiadasında 12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Bu oyunlarda BOK-un üzvü olan 204 ölkədən 202-si iştirak edirdi. Atletlərimiz XXVIII Yay Olimpiya Oyunlarında 5 medal (1 qızıl, 4 bürünc) qazandılar. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçikçaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, “Sidney-2000” Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahətdinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar.

Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.

XXIX Pekin Yay Olimpiya Oyunlarında ölkəmiz 44 idmançı ilə təmsil olunurdu. Bu yarışda təmsilçilərimiz digər Olimpiya oyunlarından həm idmançıların, həm də qazanılan medalların sayına görə fərqlənirdi. Komandamız Olimpiya oyunlarında ilk dəfə hər üç əyarda medallar qazandılar.

Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) qazandırdı. Finala qədər bütün rəqiblərinə vaxtından əvvəl “ipponla” qalib gələn E.Məmmədli həlledici matçda koreyalı idmançını 13 saniyəyə məğlub edərək 73 kq çəkidə güclü oldu. Gümüş medalları yunan-Roma güləşində Rövşən Bayramovla (55 kq) Vitali Rəhimov (60 kq) qazandı.

Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medala layiq görüldülər. Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.

Londonda XXX Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 10 medal qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların ümumi sayına görə 25-ci sırada yer tutdu. İki qızıl, iki gümüş və altı bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yerdə idi.

Londonda güləşçilərimiz - Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalın sahibi oldular. Digər üç güləşçimiz - Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə çıxışlarını bürünc medalla başa vurdular. Digər üç bürünc medalı isə ağırlıqqaldıran Valentin Xristov və boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı. İlk dəfə rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıldı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi turnirə respublikamız 56 idmançı ilə qatılmışdı. Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq İslam, türk və Qafqaz ölkələri arasında lider oldu.

Sevindirici haldır ki, buna kimi iştirak etdiyimiz son 5 olimpiadada qazanılan medallar 5 idman növündə qeydə alınmışdısa, bu dəfə say 7-yə yüksəldi. Bunlar güləş, atıcılıq, cüdo, boks, ağırlıqqaldırma, avarçəkmə (kayak və kanoe) və taekvondodur. İdmanın ayrı-ayrı növlərinə gəlincə, başa çatmış Olimpiya oyunlarında ən çox güləş (14 lisenziya), boks (11 lisenziya), cüdo (6 lisenziya) və taekvondoda (4 lisenziya) təmsil olunmuşduq. Əldə edilən nəticələr isə bir-birindən fərqlidir.

Bundan əvvəlki olimpiadalarda ölkəmizə medal yazdıran pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş yığmamızın aktivinə 3 gümüş medalı pəhləvanlar (Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov) əlavə etdilər. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev isə çıxışlarını bürünc medalla başa vurdular.

Cüdoçular bu dəfə etimadı doğrultdular. Rüstəm Orucov və Elmar Qasımov 4 illiyin zirvə yarışını gümüş medalla başa vurdular.

Tarixində ilk dəfə Olimpiya oyunlarında mükafat qazanan teakvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşılardan biri olub. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi olub. Milad Beiqi Harçeqani və Patimat Abakarova bürünc medal qazandıqlarına seviniblər.

Boksçulardan Sotomayor Lorenzo gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürüncü isə İnna Osipenko-Rodomskaya əlavə etdi.

Atletlərimizin bütün idman növləri üzrə son 6 olimpiadada qazandıqları medalları aşağıdakı kimi qruplaşdırmaq olar:

Güləş: 23 medal (4 qızıl, 8 gümüş, 11 bürünc)

Boks: 8 medal (1 gümüş, 7 bürünc)

Cüdo: 4 medal (1 qızıl, 2 gümüş, 1 bürünc)

Taekvondo: 3 medal (1 qızıl, 2 bürünc)

Avarçəkmə: 2 medal (1 gümüş, 1 bürünc)

Stend atıcılığı: 3 medal (1 qızıl, 2 bürünc)

Ağırlıqqaldırma: 1 medal (1 bürünc)

 

Uğur estafeti davam etdirildi

 

Ümumiyyətlə, dünyanın ən nüfuzlu beynəlxalq idman yarışlarının təşkili ölkəmizə böyük imic qazandırıb. “Bakı-2015” ilk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının da Azərbaycana həvalə edilməsi son illər bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir.

Son iki ilə nəzər yetirdikdə isə ən böyük idman hadisələrindən biri sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi idi. Ölkəmiz 2 il davam etdirilən yüksək səviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, “köhnə qitə”nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.

Nümunəvi və qüsursuz təşkilatçılığı, möhtəşəm açılış və bağlanış mərasimləri ilə yaddaqalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi. 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bunun bir daha şahidi olduq ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir.

Bu il mayın 12-22-də isə Azərbaycan daha bir nüfuzlu tədbirə - sayca IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Həmin ərəfədə milyonlarla insanın qəlbi Azərbaycanda döyündü. İslamiadanın ölkəmizdə keçirilməsi haqqında qərarın qəbul edilməsi bir daha göstərdi ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır. Eyni zamanda, bu hadisə Azərbaycanda həyata keçirilən idman siyasətinin uğurlarından xəbər verir.

Yarış günlərində paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-i gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq 1-ci yeri tutdular. Prezident İlham Əliyevin idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi onlara verilən ən böyük mənəvi dəstək idi. Tribunalarda yarışları izləyən tamaşaçılar böyük coşqu və sevinclə uğurlarımızı alqışlayıb, qürur hissi yaşadılar.

 

Dünyanın idman paytaxtı

 

Qeyd olunduğu kimi, Azərbaycan artıq dünyanın ən mötəbər idman yarışlarının mərkəzinə çevrilib. Hər il onlarla nüfuzlu idman yarışı paytaxtımızda təşkil edilir. Bunlardan biri də 2016-cı ildə may ayında Bakıda 17 yaşlı futbolçular arasında 34-cü Avropa çempionatı idi. Qitə birinciliyində 16 ölkənin - Azərbaycan, Belçika, Portuqaliya, İsveç, İngiltərə, Ukrayna, İtaliya, Bosniya və Herseqovina, Almaniya, Hollandiya, Danimarka, Serbiya, Fransa, İspaniya, Şotlandiya və Avstriya milli komandaları iştirak etdilər.

Azərbaycan qitə çempionatını qəbul edən sayca 26-cı ölkə oldu. Belə bir turniri təşkil etmək hüququnun ölkəmizə verilməsi heç də təsadüfi deyil. Çempionatın final mərhələsinin ölkəmizdə təşkil olunması haqqında qərar 20 mart 2012-ci ildə UEFA İcraiyyə Komitəsinin İstanbulda keçirilmiş iclasında qəbul edilib. Turnirin birincisi isə finalda İspaniya yığmasına qalib gələn Portuqaliya millisi olub.

Paytaxtımızın evsahibliyi etdiyi möhtəşəm turnirlərdən biri də Ümumdünya Şahmat Olimpiadası idi. Ötən il sayca 42-ci dəfə təşkil olunan yarışda 175 ölkədən 181 kişi və 142 qadın komandası medallar uğrunda mübarizə aparırdı. Bu, ölkələrin sayına görə, olimpiadalar tarixində rekord göstərici idi. Ölkəmiz bu yarışlarda üç qadın və üç kişi komandası ilə təmsil olunurdu.

Olimpiadanın qalibi kişilərin mübarizəsində 20 xal qazanan ABŞ millisi olub. Eyni xala malik Ukrayna yığması əlavə göstəricilərə görə ikinci yerdə qərarlaşıb. Üçüncü yeri isə 18 xalla Rusiya millisi tutub. Qadınların yarışında olimpiadanın qalibi 20 xal toplayan Çin şahmatçıları olub. Polşa yığması 18 xalla 2-ci, Ukrayna millisi isə 17 xalla 3-cü yerlərə yiyələnib.

Bu il iyunun 23-25-də isə Bakı planetin bir nömrəli avtomobil yarışına növbəti dəfə evsahibliyi etdi. “Formula-1” dünya çempionatının 8-ci mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı. Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 57 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi.

Pilotlar ümumu məsafəsi 306 kilometr və 20 çətin döngəsi olan trekdə 51 dövrə vurdular. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu, müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edirdi. 30 mindən çox tamaşaçının yarışları yerində izləməsi üçün hər cür şərait yaradılmışdı.

Maraqlı və gərgin keçən yarışın yekununda “Red Bull Racing” komandasının üzvü Daniel Rikkiardo 2 saat 3 dəqiqə 55 saniyəlik nəticə ilə Azərbaycan Qran-prisinin qalibi oldu. İkinci yerə “Mercedes” komandasının üzvü Valtteri Bottas, üçüncü yerdə isə “Williams” komandasının pilotu kanadalı Lans Strol qərarlaşdı. Konstruktorlar kubokunun sahibi isə “Red Bull Racing” komandası oldu. “Formula-1” üzrə dünya çempionatında 8-ci mərhələdə ən yaxşı dövrənin sahibi “Ferrari”nin pilotu Sebastian Vettelə məxsusdur. O, 47-ci dövrəni saatda 280 kilometr sürətlə 1 dəqiqə 43.441 saniyəyə qət edib.

Beləliklə, Azərbaycan idmançıları qazandıqları nəticələri təkrar etmək, tutduqları mövqeyi qoruyub saxlamaq və yaxşılaşdırmaq uğrunda gərgin mübarizə aparırlar. Müxtəlif irimiqyaslı yarışlarda idmançılarımızın qələbələri və yeni gənc idmançılar nəslinin aşkar olunan potensial imkanları Azərbaycan Olimpiya komandasının qarşıdakı Tokio Olimpiadasında və digər nüfuzlu yarışlarda yüksək nəticələr göstərərək əvvəlki mövqelərini daha da yaxşılaşdıracağına inam yaradır.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.-30 iyul.- S.1; 3.