Hər şey qələbə üçün

 

Azərbaycan xalqı Silahlı Qüvvələrə könüllü yardımını davam etdirir

 

Dövlət müstəqilliyimizin yaşı elə milli ordumuzun yaşı qədərdir. Arxada qalan əsrin dörddə biri qədər zaman kəsiyində enişli-yoxuşlu, keşməkeşli, əzabla, ağrı-acılarla birlikdə şərəfli və şanlı dirçəliş yolu keçmişik. Bu yolda tufanlara düşmüşük, ölüm, ya qalım savaşına qatılmışıq. Şəhidlərimiz olub, qurbanlar vermişik. Azadlıq, müstəqillik uğrunda mücadilədə tökülən al qanlardan rəng alan bayrağımızı enməyə qoymamışıq.

İmperiyanın məkrli planları, nankor qonşularımızın xəyanətləri min bir maneələr yaratsa da, sınmadıq, sarsılmadıq, tutduğumuz azadlıq yolundan dönmədik. Azərbaycan hakimiyyətinə xalqın istəyi ilə dönən ulu öndər Heydər Əliyev öz tarixi xilaskarlıq missiyasını şərəflə yerinə yetirib xalqı da, yenicə təşəkkül tapan, ayaq üstə güclə dayanan dövləti də real təhlükələrdən xilas etdi.

Müstəqil dövlətin var olması, xalqın azadfiravan yaşaması üçün milli ordu əsas şərtdir. Ulu öndər Heydər Əliyev siyasi fəaliyyətində bu məsələyə böyük önəm verir, güclü, qüdrətli bir ordu yaratmağa uğurla nail olurdu. Nankor qonşumuz olan Ermənistanın ərazi bütövlüyümüzə etdiyi qəsdlər, torpaqlarımızın 20 faizinin işğalı, zorla cəlb edildiyimiz müharibə bizi məcbur edirdi ki, müdafiə qabiliyyətimizi artırmaq üçün zəruri tədbirlər görək. Bu nöqtədə dövlətin də, xalqın da istəyi üst-ütsə düşürdü. Ümummilli lider Heydər Əliyev milli orduya münasibətini bir cümlə ilə ifadə edərək demişdir: “Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır”. Bu dayağın güclü və etibarlı olması üçün dövlət də, xalq da gücü çatan, imkanı yetən hər şeyi edirdi. Silahlı Qüvvələrə Yardım Fondu məhz bu zərurətdən, ümumxalq istəyinin gerçəkləşməsi kimi yarandı.

Bu gün hər birimiz qürurla deyirik ki, Azərbaycan Ordusu regionun ən güclü, ən qüdrətli, modern ordusudur. Bütün Qafqazda onun qarşısında dura biləcək güc yoxdur. Amma vaxt vardı ki, hər bölgədə bir silahlı dəstə fəaliyyət göstərir, ölkə xaos içində boğulur, idarə olunmurdu. Hərbi geyimli quldur dəstələri erməni yaraqlıları ilə döyüşmək əvəzinə, rayonlarda kadr məsələləri ilə məşğul olur, elin-obanın nifrət etdiyi yaramaz ünsürləri icra başçısı təyin edirdilər. Bu fürsətdən yararlanan düşmən isə addım-addım irəliləyir, yeni-yeni ərazilərimizi işğal etməkdə davam edirdi. Baş verən hadisələr, tökülən nahaq qanlar, törədilən silsilə təxribatlar isə işini görür, xalqın öz ordusuna olan inamı çatlamış şüşə kimi çilik-çilik olurdu.

Belə ağır zamanda Azərbaycan rəhbərliyinə gələn ümummilli lider Heydər Əliyev siyasi müdrikliyi, qətiyyətli sərkərdə qüdrəti ilə hər şeyi yerbəyer etdi. Qanunsuz silahlı dəstələr ləğv olundu. Nizami ordu quruculuğu ilə bağlı dövlət səviyyəsində təxirəsalınmaz zəruri tədbirlər görüldü. Zaman keçdikcə tədricən bulanıq sular duruldu. Dostumuzu, düşmənimizi bir daha tanıdıq. Xalqın öz ordusuna, Azərbaycan əsgərinə itirilmiş inamı yenidən canlanmağa başladı...

Beləcə, ağrılı günlər yaşadıq. Bu gün regionun ən qüdrətli silahlı qüvvəsi kimi qəbul edilən Azərbaycan Ordusunun əvvəlini də unutmamışıq. Əsgər gedən övladlarımız aylarla mülki geyimdə qulluq edirdilər. Ordudan tərxis olunandan sonra isə hərbi formanı alıb yeni gələn çağırışçılara verirdilər. Bəzən valideynlər övladlarına öz vəsaitləri ilə əsgər çəkmələri alırdılar. Bu acı reallıqlara çox adam şahidlik edib. Bütün bunların mayasında bir səbəb dururdu. Ordunun maddi-texniki bazası çox zəif idi. Əsgərlər toqqalarını bərk çəkməyə məcbur idilər. Hələ hərbi texnika, silah-sursat çatışmazlığını demirik.

Bəs ordumuzun bugünkü durumu necədir? Bütün istiqamətlərdə Heydər Əliyev siyasi kursunu böyük uğurla davam etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycan Ordusunu yenilməz edib. Bu siyasət sayəsində dövlətimizin iqtisadi inkişafı dönməz xarakter almışdır. Dünyanı iqtisadi böhranlar bürüsə də, iqtisadiyyatımız dinamik şəkildə inkişaf edir, gücümüz aydan-aya, ildən-ilə artır. Təbii ki, dövlətin qüdrəti ordunun maddi-texniki bazasını da tənzimləyir. Artıq respublikamızın iqtisadi gücü o həddə çatıb ki, hərbi məsələlərə ayırdığımız vəsait Ermənistanın dövlət büdcəsi ilə müqayisə edilir. İndi ordumuz ən müasir hərbi döyüş texnikasına malikdir. Əsgər və zabitlərimizin döyüş ruhu arzu olunan səviyyədə yüksəkdir.

Ötən ilki aprel döyüşlərində ordumuz şanlı tarix yazdı. Düşmən təxribatlarının qarşısı qətiyyətlə alındı. Ermənistan ordusu xeyli hərbi texnika və canlı qüvvə itirdi. Aprel döyüşlərindəki yüksək əhvali-ruhiyyə indi ön xəttə yaxın Cocuq Mərcanlı kəndinin müharibə xarabalıqları üzərində başdan-başa yenidən qurulması ilə davam edir.

Bu gün xalq öz ordusunu sevir, ona inanır, güvənir, etibar edir. Bu fikrin birbaşa təsdiqidir ki, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayonlardakı bölmələrində gənclərin hərbi xidmətə yola salınması hər dəfə el şənliyinə çevrilir. Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Yalçın Sadıqlı xalq-ordu birliyinin təntənəsindən söz açaraq deyir:

- Ağcabədi Qarabağ müharibəsinin ağrı-acılarını yaxından duyan, ordu ilə nəfəs alan bir cəbhə bölgəsidir. Burada xalq-ordu birliyi hər addımda hiss olunur. Bir zamanlar fərariliyin baş alıb getdiyi rayonda indi ordu sıralarına çağırışdan yayınan kimsə yoxdur. Halal zəhmət, alın təri ilə dolanan rayon sakinləri öz övladlarını ordu sıralarına toy-bayramla yola salırlar. Qədirbilən Ağcabədi camaatı torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olan oğulları da məhəbbət ehtiramla yad edir. Bu ilin fevralında döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuş Rüstəmov Ülvin Əhməd oğlunun dəfn mərasimində hərbi hissələrin əsgər zabitləri ilə bərabər, çox sayda rayon sakini iştirak edirdi. Möhtəşəm bir izdiham vardı. El-oba vətən yolunda canını əsirgəməyən övladına sonsuz ehtiramını ifadə edirdi. Bu, hüznlü bir səhnə olsa da, eyni zamanda, ordu-xalq birliyinin göstəricisi idi.

Ağcabədidə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinə böyük önəm verilir. Həqiqi hərbi xidmətini başa vurub ordu sıralarından tərxis olunan əsgərlər qayğı diqqətdən kənarda qalmırlar. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində əsgərlərlə görüşlərin keçirilməsi ənənəyə çevrilmişdir. Ağcabədinin üç Milli Qəhrəmanı var. Hər il onların anım günlərini keçirmək bir ənənəyə çevrilib.

Ağcabədidə xalq-ordu birliyini doğmalaşdıran çox incə maraqlı məqamlar var. Hələ neçə il əvvəl rayonda faydalı bir təşəbbüs həyata vəsiqə alıb. Elimizin əziz bayramı olan Novruzda hər rayon məktəblisi şirniyyat dolu kiçik bağlama hazırlayır, içinə əsgərə ünvanlanmış məktub yazıb qoyurdu. Həmin məktubu yazarkən şagirdin keçirdiyi hissləri ifadə etmək əlbəttə, çətin deyil. Əsgər isə o məktubu oxuyarkən üzərinə necə şərəfli vəzifə düşdüyünü bir daha dərk edir, məsuliyyəti artır, vətənin keşiyində ayıq-sayıq dayanırdı. Sonralar bu təşəbbüs ölkənin başqa rayonlarına da yayıldı, gözəl əks-səda verdi.

Silahlı Qüvvələrə Yardım Fondu xalq-ordu birliyinin formalaşmasında əhəmiyyətli rol oynayır. Təqdirəlayiqdir ki, bu hal Ağcabədidə yüksək dəyərləndirilir. Son illər, daha dəqiq desək, 2010-cu ilin martından günümüzədək Silahlı Qüvvələrə Yardım Fonduna ən çox vəsait köçürən məhz Ağcabədi rayonu olmuşdur. Şübhəsiz, bu, rayon rəhbərliyinin aydın mövqeyinin məntiqi nəticəsidir. Sözü gedən müddət ərzində ağcabədililər Silahlı Qüvvələrə Yardım Fonduna 2 milyon manatdan çox vəsait ödəmişlər.

Bu gün Azərbaycan əsgəri ən müasir silahlardan istifadə edir. Onlara ən yaxşı qidalar verilir. Azərbaycan əsgəri ən rahat yataqxanalarda yaşayır. Söz yox ki, ön xətdə, cəbhə xəttinə yaxın postlarda həyat tərzi, rejim fərqlidir. Bunu hər kəs başa düşür dəyərləndirir. Eyni zamanda, hər kəs onu da istəyir ki, orduda hər şey yaxşı olsun, əsgərə silahın da, yeməyin , geyimin ən yaxşısı verilsin. Dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanının qayğısı ilə bu ümumxalq istəyi gerçəkləşir. Ona görə kiminsə yardımına, əsgərə əl tutmasına zərrə qədər ehtiyac qalmır. Ancaq burada incə bir məqam var. Ağcabədi rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən müəllim Nəzakət Həsənovanın bu barədə dedikləri:

- Günümüzün reallığıdır ki, bu gün ordumuzun bütün ehtiyacları ən yüksək səviyyədə ödənilir. Kimsə düşünə bilər ki, axı, Silahlı Qüvvələrə Yardım Fonduna ehtiyac var?! Belə düşünənlərə deyərdim ki, əməkhaqqımızdan sözü gedən fonda ödədiyimiz vəsait əslində, simvolikdir, rəmzi xarakter daşıyır. Bu, bizim hər zaman ordunun qayğıları ilə yaşamağımızı, əsgər balalarımızla birlikdə olmağımızı şərtləndirir. Bir ziyalı olaraq qürur duyuram ki, son 83 ay ərzində ağcabədililər fonda vəsait ödənişində həmişə respublikada birinci olmuşlar. Bu, ağcabədililərin orduya qayğı diqqətinin, isti münasibətinin göstəricisidir. Biz bütün bayramlarda, əziz günlərdə rayon ərazisindəki hərbi hissələrə gedir, əsgər zabitlərin qonağı oluruq. Təbii ki, bayram sovqatları, musiqi, çal-çağırla.

Bu gün Azərbaycan ordusunun üzərinə son dərəcə şərəfli bir missiya düşür. 25 ildən bəri Ermənistan silahlı qüvvələrinin işğal altında saxladıqları torpaqlarımızı, doğma Qarabağımızı güvəndiyimiz, etibar etdiyimiz, inandığımız Azərbaycan əsgəri azad edəcəkdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hücum əmrinə hər an müntəzir olan bu azadlıq ordusu xalqımızı tezliklə böyük qələbəyə qovuşduracaqdır. Bu müqəddəs işdə Azərbaycan əsgərinə hər birimiz yardımçı olmalıyıq. Hər kəsin mövqeyi bilinməlidir. Bu gün xalq öz ordusuna dayaq olduğunu sözüylə, əməliylə ən parlaq formada bildirməli, Azərbaycan əsgərini qələbəyə ruhlandırmalıdır.

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2017.-1 iyun.- S.1; 9.