Donald Tramp İlham Əliyevlə əməkdaşlığa hazırdır

 

ABŞ Prezidenti Azərbaycanla tərəfdaşlığın davamlı inkişafını arzulayır

 

Müstəqilliyinin 25 ilini geridə qoyan Azərbaycan bu gün dünya birliyində özünün layiqli yeri olan dövlətdir. Ulu öndər Heydər Əliyevin qurduğu dövlətimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə uğurlarını daha da artıraraq həm də beynəlxalq miqyasda söz sahibinə çevrilib. Bu gün Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin edərək dünya çapında da böyük ehtiramla izlənilir.

Təsadüfi deyil ki, inkişaf etmiş və beynəlxalq siyasi arenada xüsusi çəkisi olan aparıcı Qərb dövlətləri Azərbaycanın regiondakı mövqeyini, beynəlxalq enerji məsələlərindəki aparıcı rolunu yüksək qiymətləndirirlər. Xüsusilə enerji məsələlərində uğurlu əməkdaşlığın nəticəsi olaraq bəzi Avropa dövlətləri ilə əlaqələr strateji səviyyəyə yüksəlib. Qərb dünyası Azərbaycan Prezidentinin siyasi-iqtisadi kursunun, beynəlxalq məsələlərə münasibətdə mövqeyinin nə qədər mütərəqqi, düşünülmüş və dəyərli olduğunu görür, buna görə ölkəmizlə əməkdaşlığa önəm verdiyini bəyan edir. ABŞ-ın yeni Prezidenti Donald Trampın XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktub bunu bir daha təsdiqləyir.

Öncə onu qeyd edək ki, bu, Donald Trampın son bir həftədə Prezident İlham Əliyevə göndərdiyi ikinci məktubdur. Bundan əvvəl ABŞ rəhbəri 28 may - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə məktub ünvanlamış, Azərbaycanın Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşı olduğunu bəyan etmişdi.

Ümumiyyətlə, ABŞ Azərbaycanın enerji siyasətini daim dəstəkləyib, ölkəmizin beynəlxalq terrorçuluğa qarşı mübarizədə köməyini yüksək qiymətləndirib. Donald Trampın Respublika Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda göstərdi ki, ABŞ-ın yeri rəhbərliyi Prezident İlham Əliyevlə əməkdaşlığa hazırdır. “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı münasibətilə ünvanladığı məktubunda isə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdıran Donal Tramp ABŞ-Azərbaycan tərəfdaşlığının davamlı olmasını arzulayıb: “Mən son 25 il ərzində Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın birgə qurduğu tərəfdaşlığı yüksək qiymətləndirirəm və bu tərəfdaşlığın davamlı inkişafını arzulayıram”.

Göründüyü kimi, Donald Tramp prezident seçildikdən sonra ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlanıb. Bu mərhələ isə bir sıra məqamları özündə ehtiva edir. Bunun biri ondan ibarətdir ki, ABŞ-ın xarici siyasətində bəzi yeniliklər özünü göstərəcək. Prezident Donald Trampın bəyan etdiyi kimi, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. ABŞ Prezidenti digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur. Nəticə etibarilə bu siyasət ABŞ-ın keçmiş prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan neqativ halların və soyuqluğun aradan qaldırılmasını, iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsini nəzərdə tutur.

Diqqəti çəkən məqamlardan biri də ABŞ-ın Azərbaycanın liderliyi ilə həyata keçirilən qlobal enerji layihələrini dəstəkləməkdə davam etməsidir. Donald Trampın ilk məktubunda yazıldığı kimi ABŞ Azərbaycanı Avropa üçün yeni enerji mənbəyi hesab edir. O cümlədən bu ölkə qlobal enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı rolu yüksək dəyərləndirir. İkinci məktubunda ABŞ Prezidenti Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu bir daha yüksək dəyərləndirib: “Amerika Birləşmiş Ştatları “Cənub qaz dəhlizi”ni qətiyyətlə dəstəkləyir, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının bu dəhlizin tamamlanmasına yönəlmiş səylərini alqışlayır. Mən qlobal enerji təhlükəsizliyinin möhkəmlənməsində, o cümlədən Xəzər regionunda enerji resurslarının işlənilməsi və ixracında Azərbaycanın oynadığı mühüm rolu dəyərləndirirəm”.

Azərbaycan iqtisadiyyatında son illərdə həyata keçirilən iqtisadi islahatlar öz uğurlu bəhrəsini verməkdədir. Bunun nəticəsi olaraq milli iqtisadiyyat şaxələndirilib və qeyri-neft sektorunun inkişafında yeni mərhələ başlayıb. İndi Azərbaycan “Made in Azerbaijanbrendi altında xarici ölkələrə müxtəlif məhsullar ixrac edir. Yerli şirkətlərimizin malları ABŞ bazarlarına çıxarılır. Məktubunda bu məsələlərə də toxunan Donald Tramp əməkdaşlıq üçün digər sahələrin də araşdırılmasını arzulayıb: “Mən iqtisadiyyatın şaxələndirilməsi və islahatların aparılması sahəsində Azərbaycanın səylərini dəstəkləyirəm və alqışlayıram, xalqlarımızın rifahına xidmət edən digər əməkdaşlıq sahələrinin də araşdırılmasını arzulayıram. İqtisadiyyat, idarəçilik və məhkəmə sahələrində islahatları davam etdirdiyiniz bir zamanda Amerika Birləşmiş Ştatları Sizinlə işləməyə hazırdır. Amerika Birləşmiş Ştatları, həmçinin regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək Minsk qrupu prosesi vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqdir”.

Bu fikirlər onu göstərir ki, ABŞ Prezidenti İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafı və islahatların həyata keçirilməsi istiqamətində gördüyü işləri alqışlayır, habelə iki ölkə arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyir.

Prezident İlham Əliyev mayın 31-də ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanla görüşündə də iki ölkə arasındakı əməkdaşlıqdan söz açılıb. ABŞ Prezidenti Donald Trampa sərgiyə ünvanladığı məktubda xoş sözlərə görə təşəkkürünü çatdırmağı xahiş edən Prezident İlham Əliyev qeyd edib ki, ABŞ hökumətinin Azərbaycanın həyata keçirdiyi qlobal layihələri dəstəkləməkdə davam etməsi böyük əhəmiyyət daşıyır. “Bakı-Tbilisi-Ceyhan” layihəsini və ondan sonra icra olunan layihələri, o cümlədən “Cənub qaz dəhlizi” layihəsini ABŞ hökuməti həmişə güclü şəkildə dəstəkləmiş və bugünkü sərgiyə ABŞ Prezidentinin ünvanladığı məktubda ifadə olunan fikirlər bir daha göstərir ki, Birləşmiş Ştatların yeni administrasiyası da bu layihəyə sadiqdir. Biz bunu yüksək qiymətləndiririk. Hesab edirəm ki, bu məktubda səslənən fikirlər Azərbaycana verilən dəstəyin və dostluq münasibətlərimizin daha bir göstəricisidir”, -deyə Prezident İlham Əliyev bildirib.

Beləliklə, Prezident Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda əks olunmuş fikirlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin yeni dönəminin başlandığına işarə edilir. Donald Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bəyan edib. Bütün bunlar onu göstərir ki, iki ölkə arasında münasibətlər bundan sonra yüksələn xətlə inkişaf edəcəkdir.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2017.-1 iyun.- S.5.