“Şahdəniz-2” layihəsində tarixi hadisə

 

İlk qazın əldə olunması istiqamətində işlər qrafikə uyğun davam edir

 

Müəllifi ulu öndər Heydər Əliyev olan yeni neft strategiyası uğurla davam edərək Azərbaycanı bir-birinin ardınca daha önəmli meqalayihələrə qovuşdurur. Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü iqtisadi siyasət sayəsində qədim neft diyarı olan ölkəmiz son illərdə dünyada qaz ixracatçısı kimi də şöhrət qazanıb. Azərbaycan öz tərəfdaşları ilə birlikdə Xəzərdə “Şahdəniz” kimi nəhəng bir yatağı işləməklə bərabər, buradan hasil olunan qazı Avropaya çatdıracaq 3500 kilometrlik dəhlizin çəkilişinə də liderlik edir.

“Şahdəniz-2” müqavilə sahəsində quraşdırılacaq iki platformadan birincisinin üst modullarının dənizə yola salınması Azərbaycan qazının Avropaya çatdırılması istiqamətində aparılan genişmiqyaslı işlər sırasında xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin qurğunun yola salınması mərasimində iştirak etməsi bu hadisənin əhəmiyyətini bir daha təsdiqləyir.

“Şahdəniz” yatağı “Cənub qaz dəhlizi”nin əsas ehtiyat mənbəyidir. Xatırladaq ki, “Şahdəniz” üzrə hesablanmış bütün ilkin geoloji qaz ehtiyatı təxminən 1 trilyon kubmetrdən çoxdur. Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilat ildə 10 milyard kubmetr qaz və gündə təxminən 50 min barel kondensat təşkil edir. Birinci mərhələnin qazı artıq 10 ildən çoxdur Azərbaycana, Gürcüstana və Türkiyəyə nəql olunur. Yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində gələn ildən başlayaraq çıxarılan qaz əvvəlcə Türkiyəyə, 2020-ci ildən isə Avropaya ixrac ediləcək. “Şahdəniz-2” ildə Türkiyəyə 6 milyard, Avropaya isə 10 milyard kubmetr qaz verəcək.

“Şahdəniz-2” layihəsi “Cənub qaz dəhlizi”nin vacib seqmentidir. Dəhlizin sonrakı hissələrini CQBK (Cənubi Qafqaz Boru Kəməri), TANAP (Transanadolu Qaz Boru Kəməri) və TAP (Transadriatik Qaz Boru Kəməri) təşkil edir.

“Şahdəniz-2” ərazisində quraşdırılacaq yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin dənizə vaxtından əvvəl yola salınması işlərin qrafikə uyğun getdiyini göstərir. Ümumiyyətlə, “Şahdəniz-2” qurğularının hamısı ölkə daxilində inşa edilir. Hər iki platformanın Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda tikilmiş dayaq blokları artıq dənizdədir. Bu günlərdə yola salınan üst modullar həmin dayaq bloklarından birinin üzərində qərar tutacaq.

Üst tikililər quraşdırma işləri tamamlandıqdan sonra “STB-1” barjına yüklənərək dənizə yola salınmağa hazırlıq məqsədilə bu il mayın 8-də tikinti-quraşdırma sahəsinin yanalma körpüsündəki yükləmə çərçivəsinə qaldırılmışdı. Qurğunun vahid bir konstruksiya kimi daşınması, sürüşdürmə üsulu ilə dayaq blokunun üzərinə yerləşdirilməsi, montajı və quraşdırılması işləri dəqiq planlaşdırılıb və bu işlərin 5 gün ərzində tamamlanacağı gözlənilir.

Üst tikililərin Xəzərə yola salınmasının Azərbaycanda 24-cü dəfədir keçirilən ənənəvi beynəlxalq neft-qaz sərgisinin fəaliyyət göstərdiyi vaxta təsadüf etməsi xoş bir hadisə idi.

Prezident İlham Əliyev “Şahdəniz”in işlənməsi üçün müqavilənin imzalanmasının da vaxtilə bu sərginin keçirildiyi zaman baş verdiyini xatırladaraq demişdir: “Şahdəniz” üzrə kontrakt 21 il bundan əvvəl iyun ayında Xəzər neftqaz sərgisi zamanı imzalanmışdır. Artıq 21 ildən sonra biz bax bu tarixi günü qeyd edirik. Bütün bu qurğular Azərbaycanda inşa edilib. Mənə verilən məlumata görə, bu qurğuların inşasında çalışanların əksəriyyəti - 90 faizi Azərbaycan vətəndaşı olub. Yəni bu illər ərzində gözəl kadr potensialı yetişibbu, əlbəttə, ölkəmizin enerji potensialını, iqtisadi potensialını gücləndirəcək”.

Ümumiyyətlə, indiyədək “Şahdəniz-2” və “Cənub qaz dəhlizi” layihələri üzrə iştirakçı ölkələrdə 40 min yeni yeri açılıb. Yaşayış blokları və texnoloji təchizat platformasının üst tikililərinin inşasında isə 5 min nəfərdən çox işçi çalışıb ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşıdır.

Üst modullar Bibiheybətdəki “Azfen” tikinti-quraşdırma sahəsində “AMEK-Tekfen-Azfenkonsorsiumu tərəfindən inşa edilib. Konstruksiyanın çəkisi 12400 tona yaxındır, uzunluğu 100, eni 60 metrə çatır. Qurğunun yaşayış bloku 100 nəfər üçün nəzərdə tutulub. Burada işçilər üçün yaşayış otaqları, ofisidman zalları yaradılıb. Modulların 4 əsas elektrik generatorunun gücü 60 MVt-dır.

Hazırda “Şahdəniz-2” və CQBK-nın genişləndirilməsi layihələri tamamlanmaq üzrədir. Təchizat-tədarük, mühəndis-layihələndirmə və tikinti işləri də daxil olmaqla, ümumilikdə bu layihələrin 92 faizdən çox hissəsi tamamlanıb.

Bütün böyük layihələr kimi, “Şahdəniz-2”ni də müxtəlif ölkələri təmsil edən tərəfdaş şirkətlər həyata keçirir. Sözügedən mərasimdə Prezident İlham Əliyev bu tərəfdaşlığı yüksək dəyərləndirmişdir: “Mən həmçinin Azərbaycana yatırılan investisiyalarauğurlu fəaliyyətə görə bütün tərəfdaşlarımıza, “Şahdəniz” tərəfdaşlarına və bu nadir qurğunu tikən şirkətlərə bir daha təşəkkürümü bildirmək istərdim. Azərbaycanda fəaliyyət göstərən beynəlxalq komanda ölkəmizin inkişafına kömək edir. Düşünürəm ki, ev sahibi olan ölkə yerli şirkət SOCAR ilə əcnəbi investorlar arasında nadir əməkdaşlıq mühiti yaradır”.

Dövlət başçısı eləcə də “Şahdəniz-2” layihəsinin əməliyyatçısı olan BP şirkəti ilə tərəfdaşlığı strateji tərəfdaşlığa çevirən bir sıra digər müqavilələrin də imzalandığını, bu tərəfdaşlığın hələ neçə-neçə illər bundan sonra da davam edəcəyinə inamını bildirmişdir.

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.-3 iyun.- S.1; 5.