Kür qırağının əcəb seyrəngahı var...

 

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov söhbətimizə bu sözlərlə başladı:

- Yaxşı olar ki, hər şeyi öz gözlərinizlə görəsiniz. Görün vaxtilə boz çöllərdən, kol-koslardan ibarət olan ərazilər indi necə yaşıllıqlar içindədir. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın digər bölgələri kimi Tovuz rayonunun Kürqırağı əraziləri də bərəkətli sahələrə çevrilib. Yüz illərlə istifadəsiz qalmış çöllərdə indi kənd təsərrüfatı məhsulları yetişdirilir ki, bunun da nəticəsində həm dövlətin iqtisadi qüdrəti artır, həm də rayon sakinlərinin dolanışığı yüksəlir.

Tovuz camaatı olduqca işgüzardır. Rayonun hansı ərazisinə yolun düşsə, bekar adama rast gəlməzsən. Xüsusilə yaz aylarında insanların işgüzarlığı ikiqat artır. Hamı gələcək məhsulun bünövrəsini qoyur. İnsanları işgüzar olduğu kimi, torpağı da bərəkətlidir Tovuzun. Bunun Kür çayının ətrafında yerləşən Hunanlar kəndinə gedəndə bir daha şahidi olduq. Yol boyu hər iki tərəfdəki geniş ərazilərdə salınmış üzüm və meyvə bağları, tərəvəz sahələri göz oxşayırdı. Keçdiyimiz Bozalqanlı və Əlimərdanlı kəndlərində görünən hündürmərtəbəli evlər elə əhalinin güzəranından xəbər verirdi. Maşınımız genişrahat asfalt yolla irəlilədikcə bələdçimiz sanki ürəyimizi oxudu:

- Sağ olsun Prezidenti! 2014-cü ildə verdiyi sərəncamla rayon mərkəzindən 18 kilometr aralıda yerləşən Hunanlar kəndinə belə rahat yol çəkildi.

Öyrəndik ki, bu kəndin əvvəlki adı Gürzan olub. Sakinləri də əsasən ermənilər idi. Dağlıq Qarabağ müharibəsi başlayanda onlar Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızla danışıqlar aparıb evlərini dəyişdilər. İndi kənddə yaşayanlar əsasən Ermənistandan didərgin düşmüş azərbaycanlılardır. Kəndin adı isə qədim dövrlərdə Kür çayı ətrafında yaşamış Hunan tayfalarının adından götürülüb.

Hazırda 2000-dən çox əhalisi olan kənddə 532 təsərrüfat mövcuddur. Hamının pay torpağı var. Əsasən taxıl, kartof, tərəvəz əkən, mal-qara saxlayan kənd sakinləri çox işgüzardırlar. Bunu kəndin ərazisini gəzəndə də şahidi olduq. Kənd fasiləsiz işıq, su ilə təmin olunur. Burada poçt, rabitə, həkim ambulatoriyası fəaliyyət göstərir.

Kənd icra nümayəndəsi Sakit Məmmədov söhbət zamanı dedi ki, Hunanlarda bir qarış da olsun əkilməyən torpaq sahəsi yoxdur. Elə buna görə də əhalinin normal günü-güzəranı var. Yetişdirilən məhsulların bir hissəsi yerli bazarlarda satılsa da, çox hissəsi Rusiya bazarlarına göndərilir. Təkcə keçən il Rusiyaya 8 min ton yerköküçuğundur göndərilib ki, bu da kənd sakinlərini cari il daha çox məhsul istehsal etməyə sövq edib. Nəticədə əkin sahələrinin həcmi genişlənib. Hazırda yerköküçuğundurun yığım vaxtıdır. Hər gün tonlarla yüklənmiş avtomaşınlar ölkə xaricinə yola salınır. Cəmi bir həftədir ki, yığıma başlanmasına baxmayaraq, kənd sakinləri 140 ton tərəvəz ixrac ediblər. Məhsulun göndərilməsində də elə bir problem yaşanmır. Qiyməti də istehsalçıları qane edir. Söhbət zamanı kənd sakini Əjdər Abdullayev dedi ki, 25 ildən çoxdur 6 nəfərdən ibarət ailə üzvü ilə tərəvəzçiliklə məşğuldur. Dövlət onun ailəsinə 4 hektar pay torpağı verib. Keçən il bol məhsul istehsal edib, 30 ton yerkökü sataraq xeyli gəlir əldə edib. Dövlətdən hər hektara görə 50 manat subsidiya alıb. Bundan başqa, güzəştli qiymətlə gübrə ilə təmin olunub. Bu il də məhsul boldur. Satışına gəldikdə, elə sahədəcə kilosu 70-80 qəpikdən alırlar.

Kənd sakinləri ilə apardığımız söhbətlərdən sonra Kürqırağı ərazilərə yollandıq. Burada gördüklərimiz bizi heyrətə gətirdi. Hər tərəf yaşıllığa bürünmüşdü. Yadımıza Molla Pənah Vaqifin “Hayıf ki, yoxdur” qoşmasındakı “Kür qırağının əcəb seyrəngahı var, yaşılbaş sonası hayıf ki, yoxdur” sətirləri düşdü. Fikirləşdik ki, əgər şair sağ olsaydı, yəqin bu əraziləri başqa cür təsvir edərdi. İndi Kür qırağının nəinki yaşılbaşları, eləcə də yüzlərlə digər təbiət gözəlləri var.

İcra nümayəndəsi bildirdi ki, iki il bundan əvvəl buralarda kol-kosdan başqa heçyox idi: “Kənd ağsaqqalları ilə məsləhətləşdik və belə qərara gəldik ki, cəmi 5-10 metrliyindən Kür çayı axan ərazilər niyə istifadəsiz qalsın. Tovuz Rayon İcra Hakimiyyətinin yaxından köməyi və dəstəyi ilə çoxlu sayda texnika gətirdik, gördüyünüz bu yerləri lazımsız ağackollardan təmizlədik. Sonra şum apardıq. Təxminən 450 hektara yaxın torpaq sahəsini əkin dövriyyəsinə daxil edib 50 hektarda taxıl, 98 hektarda kartof, 25 hektarda şəkər çuğunduru, 130 hektarda günəbaxan, 30 hektarda yerkökü, 2 hektarda kələm, 2 hektarda qarabaşaq və digər bostan bitkiləri əkdik. Elə birinci il yüksək məhsul toplandı. Götürülən qazanc kənd sakinlərini daha da həvəsləndirdi. Bu il üçün bol məhsulun bünövrəsi qoyuldu. Gördüyünüz kimi, zəhmətimiz hədər getməyib”.

İcra nümayəndəsi onu da diqqətə çatdırdı ki, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi prosesi hələ davam edir. Kürqırağı ərazilər imkan verir ki, bu rəqəm 1000 hektara çatdırılsın. Ancaq bir məsələ var ki, ərazilər əvvəllər göl yatağı olduğundan suvarmada çətinliklər yaranır. Belə ki, su itkisi çox olur. Mütəxəssislərin rəyinə görə, problemi yalnız müasir suvarma qurğularından istifadə etməklə aradan qaldırmaq olar. Həmin qurğular isə çox baha olduğundan əhali ala bilmir. Yaxşı olardı ki, həmin qurğular əhaliyə güzəştli qiymətlərlə uzun müddətə satılsın.

Son iki ildə kənd sakinləri iqtisadi cəhətdən səmərəli olan şəkər çuğunduru istehsalının artırılmasını diqqət mərkəzində saxlayırlar. Elə bu məqsədlə əkilmiş 25 hektarın məhsuldarlığını artırmaq üçün bütün aqrotexniki tədbirlər vaxtında həyata keçirilir. Hazırda çuğundur çıxarılmasının qızğın vaxtıdır. Torpaqdan çıxarılan çuğundur xüsusi yerlərdə güclü su şırnağı ilə yuyulduqdan sonra kisələrə yığılıb İmişli Şəkər Zavoduna göndərilir. Orada qəbul edilən məhsulun hər tonuna 60 manat ödənilir. Lakin bu qiymət istehsalçıları razı salmır. Söhbət zamanı bir neçə kənd sakini dedi ki, həmin zavod məhsulu qəbul edərkən müxtəlif bəhanələrlə məhsulun 10 faizini çıxdaş edir. Üstəlik, şəkər istehsalı zamanı yem üçün alınan tullantının hər tonunu elə kəndlinin özünə 100 manata satır.

Bütün bunlara baxmayaraq, istər fermer təsərrüfatlarının, istərsə də ayrı-ayrı adamların istehsal etdikləri məhsulların satışında yaranan çətinliklər artıq bu ildən etibarən aradan qaldırılır. Bu işdə yeni yaradılan “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” Açıq Səhmdar Cəmiyyətinin kəndliyə böyük köməyi dəyir. İndi kəndli əmindir ki, yetişdirdiyi məhsulun alıcısı varonun satışında hər hansı problemlə qarşılaşmayacaq. Elə buna görə hər bir torpaq sahibi daha çox, daha keyfiyyətli məhsul istehsal etməyə və daha çox qazanmağa can atır.

Yeni qurum təkcə əhalidən istehsal edilmiş məhsulları almaqla kifayətlənmir. ASC yeni istehsal sahələri yaratmaqla fəaliyyət dairəsini də genişləndirir. Elə götürək ASC-nin Şəmkir-Qazax Ərazi İdarəsini. İdarə kollektivinin gərgin əməyi nəticəsində bu il 98 hektar sahədə kartof, 20 hektarda yerkökü, 2 hektarda qarabaşaq, 2 hektarda kələm, 130 hektarda günəbaxan əkilib. Hazırda idarənin təşəbbüsü ilə müasir suvarma qurğusu quraşdırılır ki, bu da gələcəkdə əkin sahələrinin genişləndirilməsi üçün yeni imkanlar açacaq. İdarənin rəhbəri Natiq Hacıyev görülən işlərin hələ başlanğıc olduğunu vurğuladı. Dedi ki, hazırda yeni texnologiyaların ölkəmizdə tətbiq edilməsi üçün digər işlər də həyata keçirilir. Məsələn, bu yaxınlarda Çin mütəxəssislərinin iştirakı ilə yeni pilot layihə əsasında müasir istixananın inşasına başlanılıb. Təəccüblü görünsə də, bu istixana üçün heç bir istilik sistemi lazım olmayacaq. Layihəyə əsasən, istixananın üst hissəsində quraşdırılacaq örtüklər günəş şüasını udmaqla içəridə istilik yaradacaq ki, bu da xüsusi avadanlıqların vasitəsilə tənzimlənəcək. Nəticədə istehsal olunan məhsulun maya dəyəri xeyli aşağı düşəcək. Çin şirkətinin mütəxəssisləri ilə söhbət zamanı dedilər ki, hələlik pilot layihə olan yeni istixana 3 hektar sahədə inşa edilir. Müsbət nəticə əldə edilsə, onun həcmi 300 hektara çatdırılacaq. Yeni istixanaya çəkilən xərcin əvəzi isə istehsal olunacaq məhsulla əvəzlənəcək.

İdarənin əkin sahələrində də bol məhsul yetişdirilmişdir. Hər gün 100-dən artıq kənd sakini sahələrə çıxaraq yetişdirilən məhsula aqrotexniki qaydada qulluq göstərir. Əməkhaqqı günəmuzd qaydada ödənilir. Əkin sahələrində işləyən bir neçə kənd sakini ilə söhbət etdik. Razılıqlarını ifadə etdilər.

Kənd icra nümayəndəsi onu da əlavə etdi ki, son bir neçə ildir insanlar baramaçılığa da maraq göstərirlər. Məhz bunun nəticəsidir ki, keçən il iki kənd sakini 164 kiloqram barama təhvil verdi. İqtisadi cəhətdən gəlirli olan bu sahəyə maraq göstərənlərin sayı bu il artaraq 6 nəfərə çatıb. Onların hər biri “Şəki İpək” Açıq Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamışdır. Kombinat onları barama qurdu ilə təmin etmişdir. Tut yarpağının əldə olunmasında da problem yaşanmır. Hələlik kəndin ətrafında olan tut ağaclarının yarpaqlarından istifadə edilir. Ancaq keçən il Çindən gətirilmiş 120 tut tingi əkilmişdir ki, bu da gələcək illərdə baramanın yem təminatında olan çətinlikləri aradan qaldıracaq. Kənd sakinləri Aydın Cəfərov və Məhsum Bayramov hər kiloqram baramanın alışının 8 manatdan 9 manata qaldırılmasını stimul kimi dəyərləndirdilər.

Ümumiyyətlə, bu yerlərdə əmək bulaq kimi qaynayır. Hara baxsan hamı işləyir. Kimi kətmən vurur, kimi kartofun dibini boşaldır, kimisuvarma ilə məşğul olur. Məqsəd isə birdir: bol məhsul istehsal etmək və ailəsinin dolanışığını yaxşılaşdırmaq.

 

Sabir ƏLİYEV,

 

Azərbaycan. - 2017.-3 iyun.- S.7.