Bakıda
Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli
əlaqələri ilə bağlı beynəlxalq konfrans
keçirilib
İyunun 5-də Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: gələcəyə baxış” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov konfransda çıxış edərək Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatının öz töhfəsini verdiyini, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələrinin bu əməkdaşlığa misal olduğunu bildirib. Prezidentin köməkçisi qeyd edib ki, bu üçtərəfli əlaqələrin böyük perspektivləri var.
Novruz Məmmədov bildirib ki, Azərbaycan, Rusiya və İran arasında iki il əvvəl yaradılmış Şimal-Cənub dəhlizi ilə bağlı əməkdaşlıq formatının da böyük gələcəyi var. Bu formatlar milli, iqtisadi, siyasi maraqlar üst-üstə düşdüyü üçün səmərəli olur. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini qoruyub saxlayır. Türkiyənin NATO-nun üzvü olması, Gürcüstanın Avropa İttifaqı ilə Assosiativ Saziş imzalaması bu əməkdaşlığı inkişaf etdirməyə mane olmur, əksinə, regionda təhlükəsizliyə, sabitliyə, davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil.
Prezidentin köməkçisi qeyd edib ki, Cənubi Qafqazın əhəmiyyətli region olduğu məlumdur. Sabitlik, təhlükəsizlik və davamlı inkişaf bu regiona daha çox lazımdır. Üçtərəfli əməkdaşlıq bir regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Dünyada bəzi məsələlərlə bağlı bir sıra ölkələrə qarşı sanksiyalar tətbiq olunur. Amma nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsində ədalətli mövqenin ortaya qoyulması çətin olur. Dünyanın indiki vəziyyətə gəlib çıxmasının səbəbi beynəlxalq miqyasda ədalət prinsipinin qorunub saxlanıla bilməməsidir. Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, başqa dəyərlərdən danışmaq normal görünmür.
Türkiyə Xarici İşlər Nazirliyi yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Məsud Özcan bildirib ki, Türkiyə-Azərbaycan-Gürcüstan əməkdaşlıq formatı bu ölkələr arasında siyasi, iqtisadi, ictimai həmrəyliyə təkan verməkdə davam edəcək. Bu formatla yanaşı, Türkiyə, Azərbaycan, İran, Türkmənistan arasındakı əməkdaşlıq formatları da bölgədə təhlükəsizlik və iqtisadi əməkdaşlıq məsələlərini həll etməyə çalışır. Bu formatlarla paralel, akademik və cəmiyyət səviyyəsində də təmaslar gerçəkləşir. Türkiyə həm Azərbaycanın, həm də Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyərək, münaqişələrin beynəlxalq hüquq çərçivəsində həlli üçün hər cür səy göstərir. Rəsmi Ankara bölgədə sülh və təhlükəsizliyin təminatı baxımından beynəlxalq platformada Azərbaycanı və Gürcüstanı dəstəkləməkdə davam edəcək.
Strateji və Beynəlxalq Araşdırmalar
üzrə Gürcüstan Fondunun Avropa İttifaqı
Araşdırmaları Mərkəzinin direktoru Kaxa
Qoqolaşvili deyib ki, Azərbaycan, Gürcüstan və
Türkiyə bir-birinə lazım olduqlarını
anlayırlar. Əməkdaşlığı gücləndirmək
üçün hər üç ölkədə istək
var. Ölkələrimiz ortaq siyasi tarixə malikdirlər.
Geosiyasi mövqeyimiz də bölgədə sülh və
sabitliyi, xalqlarımızın rifahını təmin etmək
üçün bizə imkan verir. Əlaqələrimiz
yüksək səviyyədədir. Üçtərəfli əməkdaşlıq
vacib məsələdir. İlk növbədə, bu, ölkələrin
problemlərini müzakirə etməyə imkan verir. Əməkdaşlıq
ölkələrimizin və xalqlarımızın
maraqlarına əsaslanır. Hər üç ölkə
bir-birinin ərazi bütövlüyünü dəstəkləyir.
Gürcüstan Avropa İttifaqı ilə Assosiativ Saziş
imzalayıb. Türkiyənin Avropa İttifaqına
üzvlüyü məsələsi müzakirə olunur. Azərbaycan
isə Avropa İttifaqı ilə yeni Saziş üzrə
danışıqlar aparır. Hər üç ölkə
geniş mənada Avropa icmasının bir hissəsidir. Bizim bu
sahədə də əməkdaşlığımız
vacibdir. Biz Avratlantik
inteqrasiyada bir-birimizi dəstəkləyirik.
Konfrans
sessiyalarla davam edib.
Moderatoru
SAM-ın direktor müavini Gülşən Paşayeva olan
“Üçtərəfli münasibətlər
üçün təhlükəsizlik
çağırışları” mövzusunda birinci sessiyada
Yaxın Şərq Texniki Universitetinin dosenti Ayça
Ərgün Özbolad, SAM-ın xarici siyasət məsələlərinin
təhlili şöbəsinin müdiri Cavid Vəliyev, Siyasi,
İqtisadi və Sosial Tədqiqatlar Fondunun direktoru Muhiddin
Ataman, Strateji və Beynəlxalq Araşdırmalar üzrə
Gürcüstan Fondunun baş elmi işçisi Giorgi Badridze
üçtərəfli əməkdaşlıqla
bağlı mühazirələrlə çıxış
edib.
Moderatoru
Siyasi, İqtisadi və Sosial Tədqiqatlar Fondunun direktoru
Muhiddin Ataman olan “Üçtərəfli münasibətlərin
iqtisadi və enerji aspektləri” mövzusunda ikinci sessiyada isə
SAM-ın iqtisadiyyatın təhlili və qloballaşma məsələləri
şöbəsinin aparıcı elmi işçisi Gülmirə
Rzayeva, Strateji və Beynəlxalq Araşdırmalar üzrə
Gürcüstan Fondunun baş elmi işçisi Valeri
Çeçelaşvili, İqtisadi İslahatların Təhlili
və Kommunikasiya Mərkəzinin strateji təhlil və
planlaşdırma üzrə meneceri Vüsalə Cəfərova,
Strateji və Beynəlxalq Araşdırmalar üzrə
Gürcüstan Fondunun Avropa İttifaqı
Araşdırmaları Mərkəzinin direktoru Kaxa
Qoqolaşvili çıxış ediblər.
Tədbir
sual-cavab sessiyası ilə başa çatıb.
Azərbaycan.- 2017.- 6 iyun.- S. 3.