Bakıda ECO-ya üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə təşkilatları rəhbərlərinin 3-cü iclası işə başlayıb

 

İyunun 6-da Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdirilmiş korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərlərinin və ombudsmanlarının üçüncü iclası işə başlayıb.

AZƏRTAC xəbər verir ki, iclas iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən iclas iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Yüksək səviyyəli tədbirə Türkiyə, İran, Qazaxıstan, Pakistan, Əfqanıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistanın prokurorluq orqanlarının, ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının, ombudsmanlarının və digər dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri, ECO baş katibinin müavini, Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) icraçı katibi və digər beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Tədbirdə, həmçinin dövlət və hökumət rəsmiləri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, mərkəzi icra hakimiyyəti orqanlarının, Baş Prokurorluğun, habelə ölkəmizin digər hüquq-mühafizə qurumlarının və QHT-lərin nümayəndələri, Milli Məclisin deputatları iştirak ediblər.

Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov iclasda çıxış edərək Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizin dünyada, o cümlədən İslam aləmində qarşılıqlı əməkdaşlığa mühüm töhfə verdiyini diqqətə çatdırıb. İqtisadi Əməkdaşlıq Təşkilatının mühüm funksiyalar həyata keçirən nüfuzlu qurum olduğunu vurğulayan baş prokuror bu baxımdan üçüncü iclasın əhəmiyyətini xüsusi qeyd edib. Baş prokuror bildirib ki, Azərbaycanın 1992-ci ildə üzv olduğu ECO 2004-cü ildən korrupsiyaya qarşı mübarizə sahəsində də səmərəli fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov dövlətimizin başçısı İlham Əliyevin iclas iştirakçılarına müraciətini diqqətə çatdırıb.

Müraciətdə qeyd olunub ki, Azərbaycan dünyada tolerantlıq mühitinin inkişafına, multikulturalizmin, mədəniyyətlərarası dialoqun qurulmasına böyük əhəmiyyət verir. Bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İlielan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsi Azərbaycanın İslam dəyərlərinə və müsəlman aləmində birliyə verdiyi önəmin təzahürüdür.

Ümumi tarixə, mədəniyyətə və dinə malik ölkələrin üzv olduğu ECO-nun korrupsiyaya qarşıya mübarizəyə və insan hüquqlarının müdafiəsinə həsr edilən bu tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətinin xüsusi vurğulandığı müraciətdə bildirilib ki, Azərbaycan ECO-nun fəal üzvü olmaqla onun iki zirvə görüşünə ev sahibliyi edib, o cümlədən 2012-ci və 2017-ci illərdə təşkilata sədrliyi həyata keçirib. Azərbaycan ECO-ya sədrliyi dövründə bu təşkilatın inkişafına və əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verib.

Diqqətə çatdırılıb ki, hazırda dayanıqlı iqtisadi inkişafı təmin edən müasir ölkə olan, müxtəlif sahələrdə mühüm nailiyyətlər qazanan Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşdırılıb, demokratik institutların fəaliyyəti, insan hüquq və azadlıqları təmin edilib. Beynəlxalq tələblərə uyğun qanunvericilik, ixtisaslaşmış qurumların səmərəli fəaliyyəti və dövlət idarəçiliyində şəffaflığın təmin edilməsi Azərbaycanın antikorrupsiya siyasətinin əsas uğurlarındandır. Dövlət xidmətlərinin göstərilməsində tətbiq edilən model korrupsiyanın qarşısının alınması üzrə beynəlxalq səviyyədə ən yaxşı təcrübə kimi qəbul olunur.

Müraciətdə ECO çərçivəsində təşkil edilən bu tədbirin əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edən dövlətimizin başçısı iclasın işinə uğurlar arzulayıb.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibinin müavini Ələvi Səbzivari tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirərək ölkəmizin ECO-nun ən fəal üzvlərindən biri olduğunu diqqətə çatdırıb. ECO-nun tarixindən və keçdiyi inkişaf yolundan danışan Ə.Səbzivari deyib ki, təşkilatın üzvləri olan ölkələrin ərazisi 8 milyon kvadratkilometrdən çoxdur. Qlobal cəmiyyətin inkişafına təkan verən ECO növbəti 25 il üçün öz qarşısına bir sıra mühüm məqsədlər qoyub. Təşkilat üzv ölkələr arasında iqtisadi əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün qarşılıqlı işbirliyinin genişləndirilməsinə çalışır. Antikorrupsiya tədbirləri bu prosesdə mühüm rol oynayır. Buna görə də antikorrupsiya fəaliyyəti ECO-nun işində vacib istiqamətlərdən birini təşkil edir. Üzv dövlətlər arasında bu sahədə sürətli inkişaf müşahidə olunur. Azərbaycan da bu baxımdan xüsusilə seçilir. Bu ölkədə korrupsiyaya qarşı mübarizə istiqamətində vahid və qətiyyətli məram nümayiş etdirilir.

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova korrupsiyaya qarşı mübarizədə müvafiq hüquq-mühafizə orqanları ilə Ombudsman arasında sıx əməkdaşlığın önəmini vurğulayaraq, Azərbaycanda həyata keçirilən antikorrupsiya tədbirlərindən danışıb. Bildirib ki, səmərəli idarəetmənin təşkilində mühüm fəaliyyət göstərən Ombudsman təsisatları korrupsiyaya qarşı mübarizədə vacib rol oynayırlar. Birgə əməkdaşlıq nəticəsində korrupsiya halları aradan qaldırılır, dövlətin maraqları və zərərçəkmiş vətəndaşların hüquqları təmin olunur. Korrupsiyaya qarşı mübarizədə siyasi iradənin önəmini vurğulayan E.Süleymanova deyib ki, ölkəmizdə bu sahədə güclü siyasi iradə var. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə qətiyyətlə davam etdirilir.

Ombudsman deyib ki, Azərbaycanda dövlət siyasəti vətəndaşların, xalqın maraqlarına xidmət edir. Bu prinsip Konstitusiyamızda da əksini tapıb. Bundan başqa, korrupsiyaya qarşı mübarizənin əsas prinsiplərindən olan qanunun aliliyi, hamının qanun qarşısında bərabərliyi ölkəmizdə yüksək səviyyədə təmin edilir.

Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox vətəndaşımızın əsas hüquq və azadlıqlarının pozulduğunu diqqətə çatdıran E.Süleymanova bildirib ki, ölkəmizdə korrupsiyaya qarşı preventiv tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu sahədə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması, sahibkarlığa dair mühüm hüquqi aktların qəbul edilməsi, Apellyasiya şuralarının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Azərbaycana beşinci dəfə səfər etdiyini diqqətə çatdıran Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) dekanı və icraçı katibi Martin Kreutner Bakıda ilk dəfə olduğu 2010-cu ildən sonra ölkəmizin sürətlə inkişaf edərək mühüm uğurlar qazandığını bildirib. Son illər dünyada münaqişələrin, miqrant və qaçqın probleminin, ölkələr arasında ziddiyyətlərin artaraq dünya üçün böyük təhdid təşkil etdiyini vurğulayan M.Kreutner bu baxımdan beynəlxalq əməkdaşlığın və dialoqun önəmini xüsusi qeyd edib.

Ölkəmizin Beynəlxalq Antikorrupsiya Akademiyasında fəal iştirak etdiyini diqqətə çatdıran icraçı direktor bildirib ki, Azərbaycan bu qurumun rəhbər strukturlarında da təmsil olunur. Antikorrupsiya sahəsində magistr proqramında azərbaycanlı tələbələr yüksək hazırlıqları ilə daim seçilirlər.

İclasın təşkilinə görə Azərbaycana və ECO-ya təşəkkürünü bildirən M.Kreutner Beynəlxalq Antikorrupsiya Akademiyasının korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa daim hazır olduğunu diqqətə çatdırıb.

Açılış çıxışlarından sonra təşkilati məsələlərə baxılıb. Azərbaycan Respublikasının baş prokuroru ECO-ya üzv dövlətlərin prokurorluq, ixtisaslaşdırılmış korrupsiyaya qarşı mübarizə qurumları rəhbərləri və ombudsmanlarının 3-cü iclasının sədri seçilib. Sonra gündəlik səsə qoyularaq təsdiqlənib.

İclasda geniş məruzə ilə çıxış edən baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər barədə iştirakçılara məlumat verərək, bu sahədə zəngin təcrübə qazanıldığını, mühüm qurumların yaradıldığını diqqətə çatdırıb. İslam aləminin üzvü olan Azərbaycanın müsəlman ölkələri ilə əməkdaşlığı uğurla inkişaf etdirdiyini bildirən baş prokuror deyib ki, ölkəmizdə “İslam Həmrəyliyi İlielan edilən 2017-ci ildə Azərbaycanın uğurla ev sahibliyi etdiyi IV İslam Həmrəyliyi Oyunları müsəlman aləmində əməkdaşlığın və həmrəyliyin inkişafına mühüm töhfə verib. Baş prokuror İslamiadanın yüksək səviyyədə təşkilində Azərbaycanın Birinci vitse-prezidenti, Oyunların Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirib.

Azərbaycanın ECO ilə əməkdaşlığa mühüm önəm verdiyini deyən baş prokuror ölkəmizin bu quruma sədr seçilməsinin Azərbaycanın bu təşkilat ilə səmərəli əməkdaşlığının göstəricisi kimi qiymətləndirib. Mühüm mövzuya - korrupsiyaya qarşı mübarizəyə həsr olunan bu iclasın ölkəmizdə keçirilməsi korrupsiyaya qarşı ən kəsərli vasitələrlə mübarizə apararaq, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm töhfə verən Azərbaycanda görülən işlərə verilən yüksək qiymət kimi dəyərləndirilib.

Korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlərdən danışan baş prokuror Azərbaycanın müstəqilliyin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyini, vətəndaş müharibəsi təhlükəsi qarşısında qaldığını, ölkəmizdə bütün sahələrdə dərin tənəzzülün yaşandığını bildirib. Belə bir şəraitdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda sabitliyin təmin olunduğu, demokratik inkişaf, hüquqi dövlət quruculuğu sahəsində mühüm islahatların reallaşdırıldığı qeyd edilib. Vurğulanıb ki, bu siyasəti davam etdirən Prezident İlham Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində bu gün Azərbaycan sürətli inkişafa, beynəlxalq əhəmiyyətə malik enerji layihələri, multikulturalizm prinsiplərinin dərin kök saldığı ölkə kimi tanınır.

Azərbaycanda mənfi hallara, o cümlədən korrupsiyaya qarşı mübarizə tədbirlərinin daim diqqət mərkəzində saxlanıldığını deyən baş prokuror ölkəmizin bu sahədə bütün beynəlxalq konvensiyalara qoşulduğunu, korrupsiyaya qarşı mübarizəyə dair qanunvericiliyin təkmilləşdirildiyini, bu sahədə mühüm təsisatların yaradıldığını bildirib. Qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində üç Milli Fəaliyyət Proqramı başa çatdırılıb, dördüncüsü isə hazırda icra edilməkdədir. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumlar bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayırlar. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan “ASAN xidmət” mərkəzləri də bu baxımdan mühüm fəaliyyət həyata keçirir.

Ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində bir sıra mühüm beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq qurduğunu diqqətə çatdıran baş prokuror Zakir Qaralov deyib ki, Azərbaycanın bu sahədə qazandığı uğurlar, əldə etdiyi müsbət nəticələr bütün dünyada geniş tanınır və yüksək qiymətləndirilir.

Sonra xatirə şəkli çəkdirilib.

Fasilədən sonra tədbir işini birinci plenar iclasla davam etdirib.

Türkiyə Respublikası baş prokurorunun müavini Xəlil Adıgözəlin sədrliyi ilə keçirilən iclasda nümayəndə heyətləri rəhbərlərinin hesabat məruzələri dinlənilib.

Tədbirin birinci plenar iclasında Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, İranın Dövlət Baş Müfəttişliyinin sədri Naser Seraci, Pakistanın Milli Hesabatlılıq Bürosunun direktoru Zakir Şah, Tacikistanın Maliyyə Nəzarəti və Korrupsiyaya Qarşı Mübarizə üzrə Agentliyinin rəisi Solayman Soltanzodə, Türkiyənin baş prokurorunun müavini Xəlil Adıgözəl, Qazaxıstanın Dövlət QulluğuKorrupsiyaya Qarşı Mübarizə Agentliyinin rəis müavini Dulat Azbergenov, Özbəkistanın baş prokurorunun müavini İslamcan Eqraşxocayev, Bişkek şəhər prokurorunun müavini Asan Kangeldiyev, Türkmənistan Prokurorluğunun idarə rəisi Mərdan Carıyev və Əfqanıstanın Korrupsiyaya qarşı mübarizə və təftiş qurumunun şöbə rəisi Vahidullah Zahid hesabat məruzələri ilə çıxış ediblər.

Çıxışlarda məruzəçilər öz ölkələrində antikorrupsiya tədbirləri, görülən işlər, bu sahədə beynəlxalq əməkdaşlıq və sair məsələlər barədə ətraflı məlumat veriblər.

İclasın ilk gününün sonunda tədbir iştirakçıları Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə tanışlıq səfəri ediblər. Baş İdarənin milli memarlıq üslubunda inşa edilən və ən müasir avadanlıqla təchiz olunan inzibati binasında yaradılmış yüksək şəraitlə tanışlıqdan sonra qonaqlara qurumun fəaliyyət potensialı barədə məlumat verilib.

İşini iyunun 7-də başa çatdıracaq iclasda beynəlxalq və regional qurumlar, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər tərəfindən həyata keçirilən müsbət təcrübələr, səmərəli mexanizm və tədbirlər, bu sahədə qarşıya çıxan problemlər və onların həlli yollarına dair məsələlər müzakirə ediləcək.

 

Azərbaycan.- 2017.- 7 iyun.- S.4.