Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” elektron resursunun təqdimatı olub

 

İyunun 6-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimini giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov İslam aləminin bir parçası olan, müsəlman dünyasına və eləcə də bəşəriyyətə görkəmli simalar bəxş edən Azərbaycanın hər zaman sanki bir cazibə mərkəzi olduğunu söyləyib. O deyib ki, Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan bütün ictimai-siyasi quruluşlar zamanı islami dəyərləri yaşatmaqla bərabər, Qərbin mütərəqqi ideyalarını da mənimsəyib və özünəməxsus şəkildə inkişaf etdirib. Təsadüfi deyil ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik cümhuriyyət yüz il öncə məhz Azərbaycanda qurulub. Sovetlər dönəminin bütün dini təzahürlərə qarşı ən repressiv üsullarla mübarizə apardığı dövrdə belə, Azərbaycan xalqı öz dini adət-ənənələrini və milli-mənəvi dəyərlərini yaşadıb.

M.Əhmədov qeyd edib ki, Azərbaycan XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə “Dini etiqad azadlığı haqqında” Qanun qəbul edilib, din-dövlət münasibətlərini tənzimləmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatına (indiki İslam Əməkdaşlıq Təşkilatı) üzv olub, müsəlman dövlətləri ilə diplomatik əlaqələr qurub. Təsadüfi deyil ki, Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlər də məhz müsəlman dövlətləri olublar. Bu gün Azərbaycan bütün müsəlman dövlətləri ilə qarşılıqlı mənfəətə və beynəlxalq hüquq normalarına əsaslanan diplomatik münasibətlər qurub. Azərbaycan Avropa Şurasının, ATƏT-in, UNESCO-nun üzvü olmaqla bərabər, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və ISESCO kimi nüfuzlu beynəlxalq təşkilatların da üzvüdür. Müsəlman ölkələri ilə əlaqələrin daha da genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Daha sonra Mayıl Əhmədov qeyd edib ki, hazırda qloballaşan dünyada gedən proseslər göstərir ki, müsəlman dünyasının əvvəlki dövrlərdə heç olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İlielan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin əsas məqsədləri müsəlman aləminin birliyini möhkəmləndirmək, İslamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya nümayiş etdirməkdir. Bütün bunları nəzərə alaraq Prezident Kitabxanasının əməkdaşları “Azərbaycan və İslam dünyası” adlı elektron resurs hazırlayıblar. Hələlik Azərbaycan dilində hazırlanan və 12 əsas bölmədən ibarət olan resurs http://islamworld.preslib.az/ domenində yerləşdirilib. Resursun strukturu haqqında danışan Kitabxananın direktoru deyib ki, əvvəlcə Azərbaycan haqqında qısa məlumat verilib.

İslam” bölməsində bu dinin mahiyyəti, “Qurani-Kərim” haqqında müfəssəl şərhlər verilib. Həmçinin İslam həmrəyliyinin mahiyyəti və onu zəruri edən amillər barədə söhbət açılıb. “Qurani-Kərim” yarımbölməsində Ziya BünyadovunVasim Məmmədəliyevin tərcüməsində “Qurani-Kərim”in Kitabxananın əməkdaşları tərəfindən PDF formatında hazırlanan mətni yerləşdirilib.

İslam Əməkdaşlıq Təşkilatından (İƏT) bəhs edən bölmədə qurumun tarixçəsi haqqında qısa arayış verilib, üzv dövlətlərin hər biri barədə ayrıca informasiya təqdim edilib, qurumun Zirvə görüşlərinə, Azərbaycan-İƏT əlaqələrinə və İƏT-in Ermənistanın hərbi təcavüzünə qarşı qəbul etdiyi sənədlərə dair ayrıca materiallar yerləşdirilib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ISESCO haqqındakı bölmədə təşkilatın strukturu, onun fəaliyyət istiqamətləri, xoşməramlı səfirləri və Azərbaycan-ISESCO münasibətləri barədə materiallar toplanılıb.

Elektron resursun Azərbaycanın üzv olduğu daha bir təşkilatdan - İqtisadi Əməkdaşlıq Təşkilatından (ECO) bəhs edən bölməsi haqqında məlumat verən M.Əhmədov qeyd edib ki, müsəlman dövlətlərini birləşdirən bu regional təşkilat əsasən nəqliyyat və kommunikasiya, ticarət və enerji sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası” bölməsində təşkilatın məqsəd və vəzifələri, strukturu, qurumları, Azərbaycanla türkdilli dövlətlərin əməkdaşlığı barədə ayrı-ayrı yarımbölmələrdə istifadəçilərə məlumat verilir.

Elektron resursun maraqlı bölmələrindən biri də “İslamiada” adlanır. Bu bölmədə İslam Həmrəyliyi Oyunlarının qısa tarixçəsi və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları barədə geniş məlumat verilir.

“Sənədlər” bölməsində yuxarıda adları sadalanan qurumlarla bağlı qəbul edilmiş qərarların, fərman və sərəncamların mətnləri, habelə ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mövzu ilə bağlı nitqlərinin, çıxışlarının, müsahibələrinin mətnləri toplanılıb.

E-Resurslar” bölməsində Azərbaycan və rus dillərində İslama aid kitabların elektron versiyaları, Azərbaycan, ingilisrus dillərində məqalələrin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan elektron mətnləri yerləşdirilib.

Biblioqrafiya” bölməsində isə mövzu ilə bağlı Azərbaycan, türk, ingilisrus dillərində seçmə kitabların və məqalələrin biblioqrafik təsvirləri verilib.

Elektron resursunFotoqalereya” bölməsində Azərbaycanın İslam ölkələri ilə əlaqələrini özündə əks etdirən fotolar toplanılıb.

Mütəmadi olaraq yenilənən “Azərbaycan və İslam dünyası” elektron resursunun ingilis dilində versiyasının da hazırlanması nəzərdə tutulur.

 

Azərbaycan.- 2017.- 7 iyun.- S.8.