Quba Soyqırımı Memorial Kompleksi dövlətin diqqət mərkəzindədir

 

İslam dini yarandığı gündən insanları birliyə, həmrəyliyə, səmimiyyətə və humanizmə səsləyib. Digər dinlərlə yanaşı yaşamaq, onlara hörmətlə yanaşmaq dinimizin əsas qayələrindəndir. Əbəs yerə deyil ki, ölkəmizin müstəqillik uğrunda mübarizəsində yəhudilər, ruslar, tatlar, gürcülər və digər millətlərin nümayəndələri azərbaycanlılarla çiyin-çiyinə vuruşublar. Əsrlər boyu azərbaycanlıları özlərinə düşmən hesab edən ermənilər isə daim yerli əhaliyə qarşı amansız qanlı cinayətlər törətmişlər. Onların cinayətlərinin şahidi Quba Soyqrımı Memorial Kompleksidir.

 

Tarixdən gizlədilən qətliam

 

Kompleksin ərazisindəki məzarlıq 2007-ci il aprelin 1-də torpaq işləri görülərkən aşkar edilib. Həmin ilin iyulundan Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda başlanılan geniş tədqiqat işlərinə 2008-ci ilin sentyabrında yekun vurulub. Tədqiqat nəticəsində məlum olub ki, məzarlıq 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının nəticəsidir. 2009-cu ildə Azərbaycan Prezidentinin sərəncamından sonra Nazirlər Kabineti kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı hazırladı. Aşkar olunmuş məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılmasına və abadlıq işlərinin başlanmasına start verildi. Məzarlığın 514 kvadratmetrlik ümumi sahəsinin 494 kvadratmetrində araşdırmalar aparıldı, 20 kvadratmetr sahə isə beynəlxalq tədqiqatçılar üçün saxlanıldı.

Qudyalçayın sağ sahilində tapılan bu məzarlıqda iki quyuda üst-üstə qalaqlanan insan sümükləri aşkar edilib. Böyük quyunun diametri 5, kiçik quyunun diametri isə 2,5 metrdir. Quyular arasında 2 metr məsafə var. Aşkar edilmiş insan cəsədlərinin əksəriyyəti uşaq və qadınlara aiddir. Skeletlərin bütöv halda tapılmaması insanların öldürüldükdən sonra şaqqalanaraq bura atıldığından xəbər verir. Qurbanların sayı kəllə sümükləri ilə müəyyən olunmuşdur. Sümüklərin tədqiqatı zamanı ölüm faktının nə vaxt baş verdiyi dəqiqləşdirilib. Qubada tapılan sümüklərin tərkibindəki nəmliyin miqdarı ölüm tarixinin ötən əsrin ikinci onilliyinə aid olduğunu üzə çıxarır. Məzarlıqda azərbaycanlılarla birlikdə ləzgilər, yəhudilər, tatlar və digər millətlərin 400-dən artıq nümayəndələri qətlə yetirilərək basdırılmışdır. Alimlərin gəldiyi nəticə budur ki, quyuarxlarda basdırılan insan cəsədləri 1918-ci ildəki Quba qırğınının qurbanlarıdır.

Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin sərəncamı ilə erməni cəlladlarının yüzlərlə günahsız insanı qətlə yetirib quyulara doldurduğu yerdə ucaldılıb. 2013-cü il sentyabrın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi minlərlə insanın nəzər nöqtəsinə çevrilib. Bu gün respublikamızda keçirilən elə bir tədbir yoxdur ki, onun iştirakçıları bu kompleksi ziyarət etməmiş olsunlar.

Bura gələn qonaqların diqqətini insanların başına gətirilən qətliama yönəltmək üçün lazımi tədbirlər görülüb. Memorial kompleks ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks ermənilərin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

 

Azərbaycan həqiqətlərini yaşadan ünvan

 

Ölkəmizdə yaradılan bu cür məbədlər daim dövlət qayğısı ilə əhatələnib. Məqsəd bütün olanları gələcək nəslə ötürmək, Azərbaycan həqiqətlərini yaşatmaqdır. Bunun üçün nəyisə qurub tikəndən sonra onu qorumaq da əsas şərtlərdən biridir.

Son dövrlər kompleksin məzarlıq hissəsindəki ərazidə açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi, torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunur. Azərbaycan Prezidenti bu ziyarət ocağını daim diqqətdə saxlayır.

Ölkə başçısı kompleksin mövcud vəziyyətinin araşdırılması və baş verə biləcək təhlükə proseslərinin qarşısının alınması məqsədilə müvafiq tapşırıq verib. Həmin tapşırığa uyğun olaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz MehdiyevQuba şəhərində “Soyqırımı memorial kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb.

Kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənovun sədr təyin edildiyi komissiyaya Azərbaycan Milli Elmlər Akademiyasını, Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun rəhbər şəxsləri daxildirlər.Komissiya araşdırmanın nəticələri və görüləcək işlər barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edəcəkdir.

Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının tutarlı sübutu olan Qubadakı kütləvi məzarlıqda doğrudan da son dövrlər çökmə müşahidə olunurdu. Məzarlığın bir neçə yerində iri çatlar da yaranıb. Bu səbəbdən məzarlığın aşkarlandığı əraziyə heç kim buraxılmır. Çünki hər an onun dağılması ehtimalı var. Bu isə tariximizin canlı və qanlı səhifəsinin məhvi deməkdir.

Soyqırımı Memorial Kompleksinin sahəsinin çınqılı dəyişdirilsə də, ərazidə rütubətin və yağıntıların miqdarının çoxluğu məzarlığı bir andaca uçurub məhv edə bilər. Mütəxəssislərin fikrincə, burada müasir texnologiyalar əsasında hazırlanan materialdan qoruyucu muzey yaradılsa, eroziyaya uğrayan sümüklərin ömrünü uzatmaq olar. Sonra ətraf ərazilərdə qazıntıların aparılmasına başlanar.

Mütəxəssislər onu da bildiriblər ki, ətrafda bərkitmə işləri aparılmalıdır. Ərazi (onun yerləşmə və sürüşmə əhəmiyyəti) nəzərə alınaraq yaşıllıqların salınması da vacibdir. Qubanın qışı soyuq, yaz və payızı yağışlı olur. Son illərin iqlim dəyişikliyi nəticəsində Qubada yağışların daha da artması, Qudyalçayın sularının çoxalması komplekslə bağlı müxtəlif təhlükələrin yaranmasına səbəb olur. Qudyalçayda tez-tez suların sellənməsi süxurların yuyulması, vadinin getdikcə zəifləməsi ilə nəticələnir. Bəzi yerlərdə bərkitmə işlərinin görülməsinə baxmayaraq bu tarixi abidənin və məzarlığın yerləşdiyi ərazi real təhlükə mənbəyidir. Yağış sularının qarşısının alınması məqsədilə çökəkdə yerləşən kompleksin üç tərəfində (bir tərəfi çaydır) xüsusi kanallar atılmalıdır. Həmçinin kompleksdə ciddi restavrasiyaya da ehtiyac var.

Tariximizin bir parçasını özündə yaşadan, xalqımızın başına gətirilən fəlakətlərin üzərində ucaldılan kompleksin qorunması üçün dövlətimizin atdığı addım alqışlanmalıdır. Ümumiyyətlə, imzalanan sərəncam tariximizin bir parçasının qorunması üçün əhəmiyyətli xarakter daşıyır.

 

Keçmişin qanlı səhifələri vərəqlənərkən

 

Bəşər tarixində hər bir xalqın böyüklüyü onun zəngin tarixi, keçdiyi məşəqqətli yollarla yanaşı, digər xalqlara nümayiş etdirdiyi dözümlülüyü - tolerantlığı ilə ölçülür. Tarixə varsaq görərik ki, əsrlər boyu torpaqlarımıza köçüb, burada yurd salan müxtəlif millətlərin nümayəndələri heç vaxt sıxıntıya, yerli əhali tərəfindən təqiblərə məruz qalmayıblar. Ölkəmizdə məskən salan xalqlardan fərqli olaraq, Azərbaycana köç edən ermənilər torpaqlarımızda “böyük Ermənistan” yaratmaq cəhdi ilə bir tərəfdən qanlı savaşlar, etnik təmizləmələr, qırğınlar törədib, digər tərəfdən milli sərvətlərimizə sahib çıxmağa çalışıblar. Ötən əsrin əvvəllərindən başlayaraq bolşevik-daşnak dəstələri Bakının müxtəlif hissələrində azərbaycanlı türklər əleyhinə mitinqlər və yığıncaqlar keçirməyə başladılar. “Daşnaksütyun” partiyası bitərəfliyini elan etsə də, qırğınlarda Erməni Milli Şurası Bakı Sovetinin tərəfinə keçdi. Azğınlaşan və ciddi müqavimətlə rastlaşmayan bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzaları istiqamətində soyqırımı törətdilər. Hamazaspın başçılıq etdiyi daşnak dəstələri Quba qəzasının 167 kəndini yandırdılar, 16 mindən çox soydaşımızı öldürdülər.

1918-ci il sentyabr ayının ortalarına qədər davam edən soyqırımında 50 mindən çox azərbaycanlı türk qətlə yetirildi. Azğın ermənilər kəndləri viran qoyur, müsəlman əhaliyə xüsusi amansızlıqla işgəncələr verirdilər. Elə bunun nəticəsidir ki, 1918-ci ilin beş ayı ərzində daşnaklar Quba qəzasında ağlasığmaz talanlar, amansız qətllər törətdilər. Hamazaspın əsgərləri minlərlə müsəlmanı və qeyri-millətləri amansız işgəncələrə məruz qoymuş, onları da məhv etmişlər.

Qubada törədilən qətliamlar 1918-ci ildə yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən araşdırılmış, həmin qırğınların təşkilatçısı və icraçısı olan Şaumyan, Korqanov, Selovani, Ağacanyan, Hamazasp və digərlərinin qanlı əməlləri nəticəsində minlərlə yerli sakinin məhv edildiyi öz təsdiqini tapsa da, canilərin adı gizlədildi. Yüz ilə yaxın bir vaxtdan sonra həqiqətin üzə çıxmasına, haqqın qələbəsinə ölkəmizin müstəqilliyi təkan verdi.

 

Azərbaycan həqiqətləri dünyaya çatdırılır

 

Quba turistlərin ən çox səfər etdikləri rayonlərındandır. Rayona təşrif buyuranlar gəzdikləri ərazilərdə erməni terrorunun qurbanı olan kəndlər haqqında bir neçə dildə yazılmış məlumatı oxuyurlar. Onlar məzarlıqda olanda bu vandalizmi öz hafizələrinə köçürür, onu məlumat toplusu kimi ölkələrinə daşıyırlar.

Son illər respublikamızda keçirilən tədbirlər kompleksə gələnlərin sayına da təsir göstərib. I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, veloturlar və digər beynəlxalq yarışlar ziyarətgaha gələnlərin sayının artmasına səbəb olub. Soyqırımı Memorial Kompleksində Beynəlxalq Muzeylər Günü ilə əlaqədar olaraq 18, 19, 20 mayda “Açıq qapı” günü keçirilmişdi. UNESCO-nun Beynəlxalq Muzeylər Şurası tərəfindən tövsiyə olunmuş “Muzeylər və mübahisəli tarixi məqamlar, muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusunda silsilə tədbirlərdə üç gün ərzində kompleksi 408 məktəbli, 196 tələbə, idarə və təşkilatlardan 372, fərdi olaraq 311 və xarici ölkələrdən gəlmiş 142 nəfər ziyarət etmişdir. Ümumilikdə, təxmini hesablamalara görə, kompleksi 60 xarici ölkədən 50 minə yaxın turist ziyarət edib. Onların çoxu xatirə kitabına öz fikrini yazmışdır. Onların içində 2009-cu ildə kanadalı M.Hadirel Qubada olarkən məzarlığı ziyarət etmiş, gördüklərindən dəhşətə gəlmişdi. Sonda xatirə kitabına fikirlərini belə yazmışdır: “Bunları törədənləri Allaha tapşırmaq lazımdır, çünki onların öhdəsindən yalnız O gələ bilər”.

Yayda Qubaya gələn turistlərin sayı birə-beş çoxalır. Deməli, kompleksi ziyarət edən insanların sayının da artması gözlənilir. Kompleksdə müəyyən işlər görülüb. Bunlardan biri müxtəlif dilləri bilən mütəxəssislərin kompleksə işə cəlb edilməsidir. Şifahielektron məlumat bazası vasitəsilə gələn turistlərə onları maraqlandıran informasiyalar ötürülür.

İndiyədək erməni təbliğat maşını yalanların üzərində qurulub. Biz isə reallıqlara söykənirik. Getdikcə onların yalanlardan bəhrələnən təbliğatı zəifləyir, nüfuzdan düşür, bizim həqiqətlərimiz isə qalib gəlir.

Keçmiş təkcə tarix deyil, həm də öyrənmək, acını unutmamaq zamanıdır. O, ilmə-ilmə yaddaşlara hopmalı, səndən sonra gələnlərə ötürülməlidir. Quba Soyqırımı Memorial Kompleksiylə üzbəüz dayananda neçə illər bu dərdi sinəsində gəzdirən, onu əmanət kimi qoruyan torpağın könül böyüklüyünə baş əyib, ehtiram göstərməkdən savayı əlacın qalmır.

İşğal altında olan yurd yerlərimizdə dağıdılan tarixi abidələrimizin, torpağa gömülən insan cəsədlərinin danılmaz dəlil-sübutlarla bütün dünyaya çatdırılması qarşımızda duran ən ümdə vəzifələrdən biridir ki, bunu etməyi özümüzə borc bilməliyik.

 

Akif ƏLİYEV,

 

Azərbaycan.- 2017.- 9 iyun.- S. 1;7.