Xocalı təcavüzkara qarşı təkbaşına, tənha döyüşürdü

 

Xocalının, daha doğrusu, Azərbaycan torpaqlarının erməni vandallarının təcavüzündən qorunmasında vətənpərvərlik nümunəsi göstərib şəhid olan xocalılılardan on nəfər (9-u ölümündən sonra) Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. O məşum, o zülmət gecədən salamat çıxanların yaddaşına yazılanlar isə faciənin görünməyən və dərk edilməyən tərəfləridir.

 

25 illik iztirab

 

Xocalı müsibətinin, qanlı gecənin canlı şahidlərindən biri də Cəmşid Orucovdur. Xocalıda doğulub boya-başa çatan, cəfasını çəkən, lakin səfasını sürməyənlərdən biri, körpəlik beşiyi, yeniyetməlik dövrü orada qalan, ömrünün gənclik çağlarını Xocalıda itirən Cəmşid o günlərdə gördüklərini dilə gətirməkdə çətinlik çəkir. Amma hiss edirsən ki, o dəhşətləri xəyalında canlandırır.

Məşəqqətlər yaşayan ata-anasından, hələ də axtardıqları qohum-əqrəbasından öncə Xocalı adlı bir ağsaçlı nənədən, taqəti qırılıb girov götürülən və balaları gözləri qarşısında minbir zülmlə qətlə yetirilən babadan, əli heç yana çatmadığına görə özlərini buz bağlamış Qarqar çayına ataraq yağı əlindən canını “xilas edən” qız-gəlindən söz açmaq istəsə də, nitqi tutulur, gözləri bahar buludu kimi dolur: “Kişi ağlamaz” deyib ulu babalarımız! Amma Xocalı kimləri ağlatmadı ki?! Qürurumuza sığınıb həmişə göz yaşlarımızı gizlətmişik. Qanla yaddaşımıza yazılan Xocalı müsibəti unudularmı?! O gecədən həyəcansız danışmaqmı olar? Fevral biz xocalılılar üçün müsibət və qətliam ayıdır. Amma istəyirəm ki, bu ay xocalılıların qisasının alındığı tarix kimi də həkk olunsun yeni nəslin - Xocalıda doğulmayan, lakin o yerlərə qayıtmaq üçün qisas hissi ilə hər an döyüşlərə atılmağa hazır olan 25 yaşlı xocalılıların yaddaşına... Özümü o gecədə hiss edirəm. Dördbir yanımız od tutub, fəryadlı ah-nalələr nəinki göyləri, elə yerləri də yandırırdı. Xocalının ən ağır günləri idi. Amma nə qədər çətin olsa da, dözürdü xocalılılar. Düşmən qarşısında dayanmaq mümkün olmasa da, oradan çıxmaq, qaçmaq, doğma yurdun viran qalacağını düşünmək belə istəmirdik. Silahımız olmasa da, özümüzü və qədim yurdumuzu qoruyurduq. Ermənini daim qandan qorxan bilirdik. Ümidimiz fevralın 25-dən 26-na keçən gecəyədək azalmadı...

 

Xocalıda o gecə hər şey birdən-birə söndü

 

O danışdıqca, olub-keçənləri xatırladıqca özü də yanırdı, düyünlənmiş yumruqlarını dizinə çırpırdı. Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin komandir olduğu polis dəstəsinin tərkibində Xocalı Hava Limanını mühafizə edən Cəmşid Orucov deyir ki, müsibətlərdən daha çox şəhid qəhrəman komandirinin vətənpərvərliyindən danışa bilər: “O qanlı gecə hava limanını mühafizə etdiyimizdən ailə-uşaqdan xəbərimiz yox idi. Kimin haradan, necə, hansı müsibətlərlə öz canını qurtarmağa çalışması barədə dəfələrlə söz açılıb. Səhərə kimi Əlif Hacıyev bizimlə birlikdə oldu. Qarqar çayını keçənə kimi birlikdəydik. Sonra bir-birimizdən aralı düşdük. Kosalardan olan Kamran əmi sonralar dedi ki, onun yanında vurublar komandiri. Son nəfəsinə kimi “Özünüzü ələ verməyin, əsir düşməyin” deyib. Qarqar çayını keçəndən sonra vurublar. Böyük qardaşımı və Milli Qəhrəman Aqili də elə orada - meşədə gördüm. Oradan Ağdama iki günə keçə bildik. Ağdam camaatının bizimlə birlikdə nələr çəkdiklərini unutmaq olmaz. Əsir-yesir oldular... Hava limanından ata-baba yurdum Qaladərəsinə heç bir kilometr məsafə yox idi. Bu qədər qısa yol olmasına baxmayaraq, ata-anadan, ailə-uşaqdan xəbər tutmaq üçün ora keçə bilmirdik, mühasirədəydik. Üstümüzə gələn sovet-erməni qoşun birləşməsinin Xankəndidəki 366-cı alayı havanı işıqlandıran fişənglərlə gecə hər yanı gündüzə döndərmişdi. Tərpənmək, mühasirədən çıxmaq mümkün deyildi. Düşmən ağır zirehli texnika ilə üstümüzə gəlmişdi, biz isə cəmi 25 nəfər sınıq-salxaq avtomatla şəhəri və camaatı qoruyurduq. Necə çıxa bilərdik ki? Ancaq yeganə yolumuz orada döyüşüb şəhid olmaq idi”.

 

Məzarsız qalan Milli Qəhrəman

 

“İnqilaba heç məzar da qazılmadı, nəinki adı başdaşına yazıldı”...

Milli Qəhrəman İnqilab İsmayılovunun şəhidlik tarixçəsinə qısaca nəzər salan Cəmşid bacısının həyat yoldaşının döyüşkənliyindən, göstərdiyi igidlikdən və cəsədinin düşmən əsarətindən çıxarılmadığından danışdı: “İnqilab 1962-ci il fevralın 24-də Xocalıda anadan olmuşdu. Hərbi xidmət keçərkən Xarkov şəhərində gizirlik məktəbini bitirmişdi. 1988-ci ildən başlayaraq Dağlıq Qarabağda vəziyyət gərginləşəndə, erməni quldurları tez-tez təxribatlar törədəndə, bizi yurd-yuvamızdan sıxışdırıb çıxarmağa çalışanda gənclər gecə-gündüz Xocalının keşiyini çəkirdilər. İnqilab da onların sırasında idi. O, 1990-cı ildə Xocalı Polis Şöbəsində işə düzəlmişdi. Bu o vaxtlar idi ki, erməni quldurlarının hücumlarının ardı-arası kəsilmirdi. Hər gün ermənilər şəhərə raket zərbəsi endirirdilər. Partlayışlar nəticəsində evlər dağılır, ailələr faciəli surətdə məhv edilirdi. Vəziyyət get-gedə gərginləşirdi. Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Uşaqları, qadınları və qocaları çıxarmaq lazım idi. İnqilab bu işdə camaata öz köməyini əsirgəmirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə İnqilab yoldaşları ilə birlikdə vuruşa-vuruşa salamat qalan camaatın bir hissəsinin düşmən mühasirəsindən çıxmasına yardım edə bildi. O, ailəsini Oğuz rayonunda yerləşdirib, yenidən cəbhə xəttinə döndü. Fəaliyyətini bu dəfə Ağdam Rayon Polis Şöbəsində davam etdirdi. Xidmət etdiyi post-patrul alayı Daşbaşı yüksəkliyini göz bəbəyi kimi qoruyurdu. Erməni silahlı birləşmələri bu yüksəkliyi ələ keçirmək üçün dəfələrlə hücuma keçir, lakin ağır itki verərək geri çəkilirdi. 1992-ci il iyun ayının 12-də ermənilər böyük qüvvə ilə Daşbaşı yüksəkliyinə yenidən hücum etdilər. Cəsur döyüşçülər bu dəfə də hücumun qarşısını məharətlə aldılar və düşmənin 6 postunu sıradan çıxardılar. İnqilab bu döyüşdə üstünlüyü öz qanıyla yazdı. Cəbhə dostları nə qədər cəhd etsələr də, onun meyitini döyüş meydanından çıxara bilmədilər. Üç övladı yadigar qalan İnqilab göstərdiyi şücaət və hünərə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü”.

 

Qisasımız qiyamətə qalmayacaq

 

Xocalının şəhidlik gecəsinin şahidlərindən biri olan Nazim Hüseynov Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin komandirliyi ilə Xocalı Hava Limanını müdafiə edirdi. O gecə Nazim də hava limanında olduğundan Xocalıda və ailələrində nələr yaşandığını bilməyib. Amma gözləri ilə gördüyü dəhşətlərdən danışmaqdan dili qabar bağlayıb. Sayları azala-azala tükənən döyüşçü dostlarını əvəz etməyə məcbur qalan Nazim o gecənin yox, həmin illərin sahibsizliyindən, müdafiənin nizamsızlığından, Qarabağın kimsəsizliyindən, daşnak erməni quldur dəstələrinə havadarlıq edənlərdən danışır və sanki birdən nəfəsi kəsilir. Deyir ki, danışmaqdan yorulmuşuq, düşməni yerində oturtmalıyıq, vəssalam. Bunu da edəcəyik, inşallah: “Dövlətimiz siyasətini yüksək səviyyədə aparır. Buna görə də artıq Ermənistanın içərisində çaxnaşma yaşanır. Özgə torpaqlarında at oynatmaq asan deyil. Vaxtları çatıb, layiq olduqları cəzanı alacaqlar! Bizim diplomatiyamızın uğurları göstərir ki, ermənilər Qarabağda duruş gətirə bilməyəcəklər”.

Gahdan təngnəfəs olan keçmiş döyüşçü sanki həmin gecəni yenidən yaşayır, Xocalı dərdinin, fəryadının, ailə-uşaqların çəkdiyi məşəqqətlərin heç zaman unudulmayacağını bildirir: “Nəinki Xocalının, ümumiyyətlə, Qarabağın, onun tacı sayılan Şuşanın, “Laçın koridoru” bəhanəsiylə bizdən qoparılan Laçının, namus-qeyrətlərini qorumaq üçün özlərini qayalardan Tərtər çayına atıb məhv edən kəlbəcərli qız-gəlinlərin, onlardan da bir əsr öncə “siyasətlə” əlimizdən alınan, daşnaklara qurulan işğalçı Ermənistanın paytaxtına çevrilən qədim İrəvanımızın, eləcə də Qərbi Azərbaycandakı 16 mahalın sahiblərinin - 25 ildən artıqdır ki, qaçqın həyatı yaşayan soydaşlarımızın qisası qiyamətə qalmayacaq”...

 

Kapitan Əlif Hacıyev general Safonovu necə susdurdu...

 

Nazim yaddaşını silkələyib nəyisə xatırlamağa çalışır. Hələ yaddaşından silinməyib o qürurverici an: “Ermənistandan Xankəndiyə uçan bütün təyyarə və hərbi helikopterlər bu limandan istifadə edirdi. Fevralın 25-dən əvvəl idi. Xəbər verdilər ki, Xankəndiyə rəsmi nümayəndələr gəlir, qəbul edin. Komandirimiz Əlif Hacıyev onların qəbul edilməsinin əleyhinə çıxaraq cavab verdi ki, vəziyyət yaxşı deyil. Moskvadan gələnlərin təhlükəsizliyinə təminat verə bilmərik. Az keçmiş general Safonov Xankəndidən bir dəstə silahlı əsgərlə üstümüzə gəldi. Aldığı rədd cavabından qəzəbli və yumruqları düyünlənmiş halda qışqırdı: “Yoldaş kapitan, unutma ki, qarşındakı generaldır!” Komandirimizin generala verdiyi “Siz də unutmayın ki, Azərbaycan torpağındasınız!” sərrast cavabı bizi ürəkləndirdi. General rütbəcə özündən aşağı zabitin ona belə cavabından sarsıldı. O susub dayandı və dönüb getdi. Sonra həmin generalların erməni sevgisi komandirimizi və Xocalımızı əlimizdən aldı. Amma komandirimiz gözlərimizdə daha da ucaldı, əsl qəhrəman kimi”...

Nazimin fikri dağılır. Xocalılıların nəsli kəsilənlərinin dərdinə yanır: “Zəkara kişi var idi, Quliyev soyadlı. Ailədən cəmi iki nəfər qaldı. İki oğlu, üç qızı qətlə yetirildi. Bahadur Səlimovun iki oğlu, gəlinləri, uşaqları... özü də qorxmaz döyüşçü idi. Hamısı qırılıb qurtardı. Uşağı olmayan bir gəlini o ocağın çırağını yandırır”.

Bu da onun sonuncu kəlməsi... Dərdini büküb bağladı... Danışmaq asan deyil axı o gecədən. Əsəbləri düyünlənmiş yumruqlarında hiss olunan keçmiş döyüşçü veteran bu gün Ali Baş Komandanın əmrini gözləyir ki, Qarabağın erməni vandallarının əsarətindən xilas edilməsində öz şücaətini göstərsin. Ona görə də “Danışmaq dananı qurda verər”,- atalar sözü ilə fikrini bitirdi. Əlavə etdi ki, Cəbrayılın Cocuq Mərcanlı kəndinə başlayan qayıdış Qarabağımıza, o cümlədən Xocalıya dönüşün siqnalıdır: “Ermənilər ona görə vahiməyə düşüblər. Biz Xocalımızı da azad edib orada yeni həyat quracağımıza tam əminik”.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 9 iyun.- S.7.