Qədim tarixi və böyük perspektivi olan ipəkçilik

 

“Mən ipəkdən paltar görürəm, əgər nə bədəni, nə də abır-həyanı örtə bilən bu libası paltar adlandırmaq mümkündürsə. Bu romalılara lazımdırmı? Roma onun xəzinəsini müflis edən, mənəviyyatını dağıdan bu abırsızlıq simvolunun - ipəyin paytaxta daxil olmasına qadağa qoymalıdır!” Bu sözləri natiqlərin ən mahiri Lusiy Anney Seneka Roma Senatındakı çıxışında deyib. Təqvimdə isə XXI əsr yox, miladi tarixdən o yana adlayan 30-cu illər idi.

Amma artıq gec idi. Çünki Senator Lusiyin çıxışından 5 əsr əvvəl Böyük İpək yolu formalaşmağa başlamışdı. Gec idi, ona görə ki, bu çıxışdan təxminən 3 əsr əvvəl Yaponiya çinlilərdən barama qurdunu oğurlamış, 522-ci ildə Bizans da onu əldə etmişdi. İtalyanların geyimə bugünkü bağlılığının 2500 illik qısa tarixçəsi belədir və bu tarix ipəklə bağlıdır.

Beləliklə, bütün cəhdlərə baxmayaraq, Senat ipəyin Romaya gətirilməsinin qarşısını ala bilmədi və ipək zərifliyi, incəliyi ilə hamının qəlbinə yol açdı, zövqünə hakim kəsildi. Ona görə ki, senatorlar ipəklə savaşa çıxanda artıq 2 min il idi ki, Çin onu “kəşf” etmişdi və min il onun sirrini heç kimə verməmişdi. Hətta baramanın sirrini satmağa cəhd edənləri edam da etmişdi. Amma sonda aciz qalmışdı. Əsrlər ötdükcə ərəblər və xaç yürüşlərindən geri dönən xristianlar baramanı tədricən Qərbi Avropaya gətirmişlər. Bununla tarixinə fatehlərinin qələbələrini həkk edib dünyanı diz çökdürən əfsanəvi Roma imperiyası ipəyin gözəlliyi qarşısında diz çöküb məğlub olduğunu etiraf etmişdi.

İp əyirən cəhrələr orta əsrlərdə icad olunmuşdur. Lakin Yaponiya və Çin yalnız XX əsrdə ipək istehsalında əvvəlki şöhrətlərini və gücünü bərpa edə bilmişlər. İpək Avrasiya materikinə sürətlə yayılsa da, təxminən 3 min il onun əsas istehsalçısı Çin olmuşdu.

Qərbə isə Böyük İpək yolu bizim eranın ikinci əsrində açılıb. İpək karvanları həddən ziyadə böyük idi, bir karvanda yalnız insanların sayı 100-500 nəfər arasında olurdu. Hər dəvənin yükü 140 kiloqrama çatırdı. Yolun qət edilməsinə bir ilə yaxın vaxt gedərdi. Min ilə yaxın Çin saraylarında ipək geyimi təkcə ən yüksək vəzifəli məmurlar geyinə bilərdi, kəndlinin isə belə hüququ yox idi. İpək kağız da elit təbəqəyə məxsus olan məhsul idi. Çində seçilən dövlət qulluqçuları ipəklə mükafatlandırılardı. Min ildən yuxarı ipək Çin imperatorunun diplomatik görüşlərdə bağışladığı ən nəfis hədiyyə idi.

* * *

Bu gün Çində ipəkçilik sahəsində 1 milyon, Hindistanda isə 700 min nəfər çalışır. Tailandda 20 min ailənin güzəranı ipəkçilikdən asılıdır. İndi yalnız 5 ölkə - Çin, Hindistan, Özbəkistan, Braziliya və Vyetnam dünyanın ən nəhəng ipək istehsalçıları sayılır. Hazırda dünya üzrə hər il 80 min ton ipək xammalı istehsal olunur. Bunun 70 faizi Çinin payına düşür. Romada 2 min il əvvəl senatorların ipək idxalına qadağa qoymağa çalışmasına baxmayaraq, bu gün ipək sapının ən böyük idxalçısı İtaliyadır. Ən çox ipək istifadə edən ölkə isə Yaponiyadır. ABŞ da ipək tekstilinin və geyimin ən nəhəng ixracatçıları sırasındadır.

Qlobal bazarda ipəyin qiyməti artmaqdadır. Bu gün Avropa ipəyin emalında ciddi rol oynayır. Emalda İtaliya, Almaniya, Fransa kimi ölkələr öndədir. Avropanın ipəkdən hazırladığı müxtəlif geyimlər bir qayda olaraq yüksək dəbi təlqin edir və çox bahadır. İpək geyimlərin üzərində ən məşhur modelyer və dizaynerlər çalışırlar. İndi tədricən ipəyin emalı Şərq ölkələrinə keçir, orada dizayner və modelyerlər öz mərkəzlərini yaradırlar.

Amma bunlar o demək deyil ki, ipək sənayesində bütün işlər ipək kimidir. İpək istehsalçılarının həmişə müəyyən problemləri olub və indi də var. Yeni sintetik məhsulların yaranması ipəyin imicini zəiflədir, iqtisadi böhranlar isə satışının azalmasına səbəb olur. Bir sıra ölkələrdə ipək istehsal edən mərkəzlər bağlanır. Yaponiyada və Koreyada bu, aydın hiss olunur. Ümumdünya Ticarət Təşkilatı ipək istehsalının azalmaması üçün təklif edir ki, bu məhsulun üstünlüklərini təbliğ etsinlər. Belə ki, ipək ətraf mühit və insan sağlamlığı üçün ziyanlı olmayan təbii məhsuldur. Ondan geyim istehsalından savayı, digər məqsədlər üçün də istifadə etmək mümkündür.

* * *

Özümüzə gəldikdə qeyd edək ki, hələ Azərbaycan Rusiya ilə İran arasında bölüşdürüldükdən sonra rus məmurları tərəfindən işğal edilmiş ərazilərin kameral təsviri tərtib edilmişdi. Orada hətta meyvəçilikdə dünya şöhrəti qazanan Quba qəzasında məhz tut bağlarının, çəkilliklərin böyük üstünlük təşkil etdiyi aydın göstərilmişdi. Sonrakı illərdə ipəkçiliyin inkişafı səngisə də, sovet dönəmində Heydər Əliyevin rəhbərliyi altında 1971-ci ilin martında Azərbaycan KP MK və Nazirlər Sovetinin “Azərbaycan SSR-də ipəkçiliyi inkişaf etdirmək tədbirləri haqqında” qərari ilə respublikada baramaçılığın inkişafına yeni təkan verildi. Bərdə, Zaqatala, Şəki, Balakən, Göyçay, Ağdaş, Cəbrayıl və digər rayonlarda ipəkçiliyin inkişafı vüsət aldı. Ötən əsrin 70-80-ci illərində isə Azərbaycan ipəyinin tarixi şöhrəti özünə qayıtdı. Barama istehsalı 1969-cu ildəki 3569 tondan 1982-ci ildə 5272 tona çatdı. 1986-cı ildə isə bu rəqəm rekord həddə - 5678 tona yüksəldi. Azərbaycan yaş barama istehsalının həcminə görə Yaponiya, Çin, Cənubi Koreya, Hindistan, KXDR və Braziliyadan sonrakı yeri tutdu. Keçmiş SSRİ-də isə respublikamız ipək istehsalında Özbəkistandan sonra ikinci oldu. Sonrakı illərdə respublikada barama istehsalına diqqət zəiflədiyindən istehsal aşağı düşdü. Hətta 1993-cü ildə barama istehsalı 3202 tona endi. Halbuki Azərbaycanda hələ 1910-cu ildə bundan çox - 3587 ton barama istehsal edilmişdi.

Məlum olduğu kimi, Azərbaycanda son illər baramaçılığın inkişafı istiqamətində ciddi addımlar atılır, mühüm qərarlar qəbul olunur. Bütün bu işlər dövlət başçısının nəzarəti altında həyata keçirilir. Nəticə göz qarşısındadır. 2007-ci ildən bəri ilk dəfə olaraq ölkəmizdə 70,7 ton yaş barama məhsulu istehsal edilib, 1250-yə yaxın kümçü ailəsi 600 min manata yaxın gəlir götürüb.

Hələ 2016-cı ildə Azərbaycan Prezidenti baramaçılığın tamamilə unudulduğunu, tut bağlarının böyük hissəsinin kəsildiyini qeyd etmiş, 2015-ci ildə cəmi 200 kiloqram barama istehsal edildiyini və bağların bərpasına start verildiyini bildirmiş və barama istehsalının ən azı iki dəfə artmasını qarşıya məqsəd kimi qoymuşdur. Dövlət başçısının bu tövsiyəsinə konkret işlə cavab vermək üçün 2015-ci ildə 1 milyon 700 min tut tingi əkilmiş, 37 rayonda baramaçılığın dirçəldilməsinə başlanılmışdır. Bu tədbirlərin davamı kimi 2019-cu ilə barama istehsalının 1300 tona çatdırılması və Şəki İpək Kombinatının tam gücü ilə işləməsi hədəf götürülmüşdür. Onu da qeyd edək ki, ötən ilin payız mövsümündə respublika üzrə 1 milyon 793 mindən çox tut (çəkil) tingi əkilmiş, yüksək keyfiyyətli ipəkqurdları 31 rayonun 739 kəndini əhatə edən 3013 kümçü ailəsinə pulsuz paylanmışdır.

İstehsalın stimullaşdırılması istiqamətində atılan digər önəmli addım barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi bütün növ yaş baramanın hər kiloqramına görə kümçülərə dövlət büdcəsi vəsaiti hesabına 5 manat həcmində subsidiya verilməsidir. Prezidentin digər sərəncamlarına əsasən isə barama toxumlarının alınmasına 163 min, tut tinglərinin alınmasına 600 min, eləcə də Qax Damazlıq İpəkçilik Stansiyasının bərpası, əlavə istehsal sahələrinin yaradılması və müasir avadanlıqlarla təchiz olunması üçün Kənd Təsərrüfatı Nazirliyinə 4,5 milyon manat ayrılmışdır.

Artıq bir sıra rayonlarda yeni mövsümün barama tədarükünə başlanılıb. Ümumilikdə ölkə üzrə iyunun 1-nə “Şəki-İpək” ASC tərəfindən 8717 ton barama qəbul olunub və bu proses davam edir. Məhsul istehsalı və tədarükündə Zərdab (4157 ton), Ağdam (1296 ton) və Zaqatala (933 ton) rayonları irəlidə gedir. İri barama istehsalçılarından olan Füzuli rayonunda 36,5, Zərdabda 24, Şəkidə 22,5, Zaqatalada 21, Ağcabədidə 17,5, Ağdam, İmişli və Kürdəmir rayonlarının hər birində 15 ton məhsul istehsalı gözlənilir. Bu il ipəkqurdu bəslənilməsi və barama tədarükü 10 min 782 nəfərin əlavə işlə təminatına imkan yaradıb.

* * *

Baramaçılığın inkişafı əslində, biznesin yalnız bir sahəsinin yox, bütünlükdə milli mədəniyyətimizin, tariximizin dirçəlişi, ekoloji mühitin bərpası deməkdir, getdikcə daha çox tanınan Azərbaycan brendinin ən vacib və zəruri elementlərindən biridir. Çünki brend sırf bizneslə bağlılığı olan bir anlayış deyil. O həm də xalqın psixologiyasına, özünə, keçmişinə, məhsuluna qoyduğu qiymətlə sıx bağlıdır. Biz ipəkdən elə məhsulları istehsal edib dünya bazarına çıxara bilərik ki, hətta romalılar bizə həsəd apara bilər.

Ərəb səhralarının rəngləri kasad olur, şimalda yaşayan eskimoslar ağ qardan başqa bir şey görmürlər. Odur ki, ərəblər səhranı, eskimoslar qarı vəsf edirlər. Eskimoslar üçün qar bir rəngdən ibarət deyil. Yağan, hərəkətdə olan, yatan, tapdanan, əriyən qarın hərəsinin öz rəngi, öz adı var. Onlar ağ qarda yüzlərlə fərqli rənglər görə bilirlər. Biz də gəlin ağ ipəyə eskimosların ağ rənglərini, ya da ərəblərin səhralarının qumlarını yox, keçmişimizin çalarlarını otuzduraq, nağıllarımızın qəhrəmanlarını gətirək. Bizlim qəhrəmanlarımız özü açılıb yığılan süfrənin tənbəl personajları deyillər. Ən cılız qəhrəmanımız Cırtdan belə, divin başına dəyirman daşını keçirib xəlbirlə çaya göndərə bilən igiddir. Bütün bunları, üstəlik də xalçalarımızın naxışlarını ipəyə hopdurub Avropanı fəth edən brend sahibi ola bilərik.

Heç kim bizim yerimizə fikirləşməyəcək, heç kim dünya bazarının qapılarını asanlıqla bizim məhsulların üzünə açmayacaq. Lakin səylərin, biliklərin, ideyaların sintezi və dünyanın qabaqcıl təcrübəsi ilə sıx təmaslar yolumuza işıq sala, bizi olduğumuzdan qat-qat güclü edə bilər. Bu baxımdan biz ipəkçiliyin inkişafına, onun dirçəlməsinə aqrar sektorun adi bir sahəsi kimi baxmalı deyilik. Biz bununla min illər boyu sevib əzizlədiyimiz məhsulu ərsəyə gətiririk. Özümüzü dünyaya tanıtmağı, məhsulumuzla dünya bazarını fəth etməyi arzulayırıqsa buna nail ola biləcəyik. Unutmalı deyilik ki, ipəkdən hazırlanan ən müxtəlif məhsullar yüksək dəbi təmsil edir. Onun üzərində modelyer və dizaynerlərin ən dahiləri çalışırlar. Bu baxımdan ipək həm də yüksək gəlir gətirən nəfis məhsuldur.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2017.- 11 iyun.- S.1;3.