Müsəlman dünyasını Qərb aləmi ilə birləşdirən ölkə

 

Azərbaycanda millətlərarası və dinlərarası münasibətlər ən yüksək səviyyədədir

 

Sivil bəşər cəmiyyəti formalaşandan insanlar daim inteqrasiyaya can atmış, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışmışlar. İudaizm, xristianlıq, sonra isə İslam gercəkliyinin siyasi və iqtisadi qavrayışına təsirin hududlarını genişləndirərək bu və ya digər dinin numayəndələrinin məskunlaşdığı məkanlar formalaşdırmışlar. Fərqli məkanlarda formalaşan etnosların sivil dialoqu, qarşılıqlı anlaşması antik dövrlərdən başlayaraq mürəkkəb təkamül və inkişaf mərhələləri keçməklə tolerantlıq düşüncəsi sayəsində mümkün olmuşdur.

Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq həm də onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir. Dözümlülük göstərmədən qarşındakını olduğu kimi qəbul etmək, insana yüksək dəyər vermək mümkün deyildir. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır. Dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi başlıca nailliyyətdir.

Bəzi destruktiv dövlətlər İslamı guya “terrorçuluğa zəmin yaradan” din kimi qələmə verməyə çalışsalar da, mütərəqqi dünya bu yanaşmanı əsassız və təhlükəli sayır. Bir çox hallarda terrora rəvac verən başlıca amillərdən biri də milli-etnik və dini tolerantlığın lazımi səviyyədə inkişaf etməməsidir. Əslində, bu problem təkcə dövlətlərin demokratik inkişaf səviyyəsi ilə deyil, həm də ayrı-ayrı millətlərin, xalqların milli yaşam tərzi, psixologiyası ilə bağlıdır. Lakin dini, siyasi, irqi və s. tolerantlığın zəifləməsi son nəticədə bəşəriyyətin tarixən can atdığı sivil dəyərləri sarsıdır. Sivilizasiyaların toqquşması isə son nəticədə sivil dünyanın təhlükəsizliyinə potensial təhlükə meyillərini artırır. Dünyanın bəzi aparıcı dövlətlərində insanları irqi, dini, milli qarşıdurmalara sürükləyən leqal və ya qeyri-leqal qurumlar fəaliyyət göstərir. Bu sırada neofaşistləri, skinxedləri və digər millətçi təşkilatları göstərmək olar. Həmin qurumların fəaliyyəti son nəticədə tolerantlıq düşüncəsinə böyük zərbə vurur, dini dəyərləri sarsıdır.

Tolerantlıq hər bir ölkənin demokratik səviyyəsini müəyyən edən başlıca amillərdən biridir. Bu gün həm İslam, həm də xristian “pərdəsi altında gizlənərək” məkrli niyyətlərini həyata keçirməyə, gərginlik yaratmağa çalışan terrorçu qruplaşmalar, təşkilatlar var. “Əl-Qaidə” təşkilatı, İŞİD, HƏMAS terror qruplaşmaları, mərkəzi qərargahı Livanda olan “Hizbullah” təşkilatı, Ermənistanın dəstəklədiyi ASALA təşkilatının fəaliyyəti dinləri gözdən salmağa, terrorla əlaqələndirməyə yönəlib. Bu da bir həqiqətdir ki, adıçəkilən terror təşkilatları müəyyən qüvvələr tərəfindən və konkret məqsədlər üçün yaradılıb. Müasir dövrdə terrorizm dinc yaşamağın başlıca təhlükəsinə çevrilməklə bütövlükdə insan hüquqları sisteminə, sivilizasiyaya ciddi və qlobal təhdiddir.

Bu gün Avropanın özünün bəzi postsosialist dövlətlərindən tolerantlıq örnəyi götürməyə ehtiyacı var. Bu baxımdan Azərbaycanda milli və etnik tolerantlıq baxımından mövcud vəziyyəti xüsusi qeyd etmək lazımdır. Azərbaycanda tolerantlıq irqi, milli, dini və bəşəri müstəviləri əhatə etmək baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bugünün həm lokal, həm də qlobal gerçəkliyinin tələblərinə cavab verir. Ən əsası, tolerantlıq bu gün Azərbaycan xalqı üçün demokratik dəyərə çevrilib. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımından zəngin olan Azərbaycanda indiyədək dini və milli zəmində heç bir qarşıdurma baş verməmişdir. Ölkədə rəsmi şəkildə 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

2016-cı ildə ölkə başçısının sərəncamı ilə Azərbaycanda “Multikulturalizm ili” elan edildi. Bu da dünya miqyasında nadir bir hadisə idi. Ötən müddətdə Avropa ölkələrində miqrantlara qarşı qeyri-insani hərəkətlər, islamofobiya ilə bağlı açıq-aşkar aqressiv addımların atıldığı bir vaxtda ölkəmizdə “Multikulturalizm ili”nin elan edilməsi və onun ləyaqətlə sona çatdırılması uğurla aparılan siyasəti təsdiqlədi. Azərbaycanda aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və gələcək müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.

Prezident İlham Əliyev Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə keçirdiyi rəsmi qəbulda bildirib: “Azərbaycanda bundan sonra da millətlərarası, dinlərarası münasibətlər ən yüksək səviyyədə öz həllini tapacaq. Biz indi bir çox ölkələr üçün nümunəyik. Bunu artıq heç kim gizlətmir. Nəinki ölkəmizdə keçirilmiş beynəlxalq tədbirlər, eyni zamanda Azərbaycanda mövcud olan vəziyyət bir çox ölkələr üçün nümunədir. Həmkarlarım və təmasda olduğum xarici qonaqlar bunun sirrini öyrənmək üçün mənə dəfələrlə suallar verirdilər. Bunun sirri çox sadədir. Sadəcə olaraq düzgün siyasət aparılmalıdır, inkişaf olmalıdır, savadlılıq artmalıdır, milli və dini siyasət düzgün aparılmalıdır. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri özlərini rahat hiss etməlidirlər. Bu gün bu vəziyyət reallıqdır. Azərbaycanda bütün xalqların nümayəndələri bir ailə kimi mehribanlıq, sülh, qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Bu da bizim böyük sərvətimizdir, gücümüzdür və biz bunu qoruyuruq, qorumalıyıq. Şadam ki, bizim siyasət, bu istiqamətdə atılan addımlar xalq tərəfindən tam dəstəklənir. Ona görə bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi sayılır.

Bununla bərabər, biz öz milli-mənəvi dəyərlərimizə sadiqik. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “Multikulturalizm ili”, bu il “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu, bir daha göstərir ki, öz köklərinə bağlı olan xalq və dövlət həmişə düzgün siyasət aparacaq. Milli dəyərləri möhkəm olan xalq həmişə uğur qazanacaq, inkişaf edəcək. Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyimiz uğurlar bir çox ölkələr üçün çox cəlbedicidir. Həm ənənələr, tariximiz, mədəniyyətimiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq”.

Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə bu il Azərbaycanda “İslam həmrəyliyi ili”nin elan edilməsi də obyektiv reallıqlara söykənir. Dövlət başçısının “2017-ci ilin Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilməsi haqqında” sərəncamında bildirilir: “Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr vermişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır”.

Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2 mini keçib. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki “İmamzadə” kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunmuş, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilmişdir. Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, ISESCO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Bu il ölkəmizdə “İslam həmrəyliyi ili”nin elan edilməsi ayrı-ayrı İslam ölkələri arasındakı qarşıdurma və ziddiyyətlərin aradan qaldırılması istiqamətində addımların atılmasına və burada müəyyən nailiyyətlərin əldə edilməsinə çox böyük təsir göstərəcək. Azərbaycanda “İslam həmrəyliyi ili”nin elan olunması ilə yanaşı, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi də bir-birini üzvi şəkildə tamamladı. IV İslam Həmrəyliyi Oyunları respublikamızın bütün sahələrdə əldə etdiyi nailiyyətlərin və mövcud iqtisadi-siyasi potensialının təbliği baxımından əhəmiyyətli olmaqla yanaşı, ümumən unikal təbliğat platforması kimi də diqqəti çəkdi.

Bakının 16 idman arenasında on gün ərzində davam edən yarışlar əsl həmrəylik bayramına çevrildi və idmançılarımızın parlaq qələbələri ilə yadda qaldı. Müsəlman ölkələrini təmsil edən idmançıların, qonaqların Bakıda on gün ərzində idman arenalarında bir yerdə olmaları dostluğun, əməkdaşlığın güclənməsinə müsbət təsir göstərdi. Hətta siyasi cəhətdən çox da yaxın münasibətləri olmayan ölkələrin nümayəndələri də yarışlardan sonra bir-birlərini təbrik edərək xoş münasibətlərini ifadə edirdilər. İslam dünyasının həmrəyliyinə ehtiyac duyulduğu bir vaxtda bu kimi təşəbbüslərin irəli sürülməsi dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına geniş imkanlar açır.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 11 iyun.- S. 1;3.