Sağlamlıq turizmi insanlara həyat bəxş edir

 

Sağlamlıq turizminə respublikamızda maraq artmaqdadır. Bu sahənin inkişafı üçün hər cür şərait var. Azərbaycan iqlim şəraitinə görə əsrarəngiz bir məmləkətdir. Çayları, şəlalələri, bulaqları, meşələri onun hüsnünü yalnız bəzəmir. On bir iqlim tipindən doqquzunun olduğu bu ölkənin təbiəti möcüzədir, havası, suyu can dərmanıdır. Elə buna görə Azərbaycan gözəl bir ölkə kimi dünyanın diqqət mərkəzindədir.

Əsrlərdir ki, təkcə yerli əhali deyil, ölkəyə gələn əcnəbilər də buradakı təbii müalicə mənbələrindən yararlanırlar. 1925-1930-cu illərdə bu təbii sərvətlər öyrənilməyə başlanılıb. Bir sıra müalicəvi-kurort yerlərində sanatoriya və istirahət evləri tikilib. 1980-ci illərdə Azərbaycanın sağlamlıq müəssisələri xüsusilə populyar olub.

Ancaq respublikamızın yüksək potensiala malik olan sağlamlıq turizmi sovet dövründə dərindən öyrənilməyib. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyasının və Millennium Turizm şirkətinin prezidenti Ruslan Quliyev qeyd edir ki, daha geniş araşdırmalar aparmaqla bu məkanlarda tanınmış təsisatlar qurula bilərdi. Keçmiş ittifaq respublikaları, hətta digər sosialist ölkələri arasında daha çox tanınan sağlamlıq mərkəzlərimiz Naftalan, Duzdağ və Qalaaltı idi. Elə indinin özündə də bu məkanlara gələnlər arasında Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus, Pribaltika ölkələrinin vətəndaşları üstünlük təşkil edirlər.

R.Quliyevin fikrincə, Azərbaycanda müalicə turizmi imkanlarından danışarkən Naftalan neftini xüsusi qeyd etmək lazımdır. Çünki o, dünyada bənzəri olmayan nadir müalicə vasitəsidir. Vaxtilə Naftalan nefti xarici ölkələrə aparılır və orada müalicə məqsədilə istifadə olunurdu. Sonralar Naftalan şəhərində geniş müalicə mərkəzləri inşa olundu. Sovet dövründə ittifaqın məşhur kurortları içərisində Naftalanın adı öndə idi. Qalaaltı suyu müalicəvi təsirlərinə görə bir neçə dəfə ümumittifaq yarışlarında 2-ci və 3-cü yerlərə layiq görüldü. Həmin vaxtlar Azərbaycanın məşhur təbii müalicə məkanlarından biri də Naxçıvanda yerləşən Duzdağ mağaraları olub. Bakı-Abşeron istiqamətində yerləşən bir sıra sanatoriya-kurort müəssisələri, həmçinin Bilgəhdə, Mərdəkanda fəaliyyət göstərən sanatoriyalar da o dövrdə məşhur idi. Qəbələdəki Yengicə suyu, Masallıdakı İstisu tərkibinə görə neçə-neçə xəstəliyin dərmanıdır. 1987-ci ilin rəsmi statistikasına görə, Azərbaycana gələn milyon yarım turistin 60 faizindən çoxu müalicə məqsədilə gələnlər olub.

SSRİ dağıldıqdan sonra bu sahə bir müddət diqqətdən kənarda qaldı. Dağlıq Qarabağ münaqişəsi zamanı torpaqlarımız erməni qəsbkarları tərəfindən işğal olundu. 1 milyondan çox soydaşımız yurd-yuvasından qovuldu. Onlar əsasən müxtəlif ərazilərimizdəki məktəb, idarə binaları, sanatoriya və digər tikililərdə yaşamalı oldular. Sovet dövründə qurulmuş kurortların bir hissəsi qaçqın və məcburi köçkünlər yerləşdiyi üçün, bir hissəsi isə keçid dövründəki baxımsızlıq ucbatından yararsız hala düşdü.

Müstəqillik illərində, xüsusilə son vaxtlar görülən işlər, müasir hotel və müalicə mərkəzlərinin açılması ölkəmizdə müalicə turizminin inkişafından xəbər verir. Hazırda Naftalanda 5 ulduz səviyyəsində üç mehmanxana, 15-ə yaxın müxtəlif təbəqələrə xidmət edən müəssisə fəaliyyət göstərir. Qalaaltında dünya səviyyəli müasir sanatoriya kompleksi, Masallıda, Naxçıvanda, Qəbələdə müasir sağlamlıq kompleksləri istifadədir. Hər il bu müəssisələrə yüzlərlə xarici turist, minlərlə yerli sakin gedir. R.Quliyevin sözlərinə görə, hazırda Azərbaycanın sağlamlıq turizmi məkanı kimi tanınması istiqamətində bir markalaşma siyasəti həyata keçirilir. Ölkəmizdə sağlamlıq turizmi bazasının yaradılması məsələsi gündəmdədir.

Hədəf uyğun bazarları araşdırmaq, tələbatı öyrənmək, bu ölkələrdən daha çox turist gəlişinə nail olmaqdır. R.Quliyev vurğulayır ki, belə bazarlar var, biz onları şərti olaraq üç zonaya ayırmışıq: birinci zonaya MDB-ni, ikinci zonaya postsosialist məkanını, üçüncü zonaya isə bu məhsulu tanıya biləcək yeni ölkələri daxil edirik.

R.Quliyev Azərbaycandakı sağlamlıq təsisatlarının bir-birinə rəqib olmadığını söyləyir. Yəni hərəsi bir dərdin dərmanıdır. Məsələn, Naftalan neftinin dünyada bənzəri yoxdur. Əsasən revmatizm, oynaq, dəri-zöhrəvi xəstəliklərinin müalicəsində istifadə olunur. Qalaaltı suyu böyrək daşlarının düşürülməsində, Duzdağ astma-bronxit xəstələrinin, Masallıdakı İstisu mədə-bağırsaq sistemi xəstəliklərinin və digər xəstəliklərin müalicəsində müstəsna rol oynayır. R.Quliyev maraqlı bir faktı da diqqətə çatdırır ki, Naftalan neftini, mineral suları öz məkanlarından kənarda apardıqda, müalicəsi həmin effekti vermir. Ona görə də onların hər birindən elə öz yerlərində istifadə etmək lazımdır.

Abşeronda müxtəlif mineral sular, palçıq vulkanları var ki, onlardan da insanlar kortəbii olaraq müalicə üçün istifadə edirlər. Azərbaycan Termal və Sağlamlıq Turizminin İnkişafına Dəstək Assosiasiyasının əsas məqsədi dövlət qurumlarına çağırış etmək, mütəxəssislərimizin bu suların tərkibinin analizi zamanı əldə etdikləri nəticələri beynəlxalq qurumların, məşhur institutların tədqiqat obyekti etmək, onları sertifikatlaşdırmaqdır. Assosiasiyanın prezidenti deyir ki, artıq lokal fəaliyyətdən çıxıb bunları beynəlxalq səviyyədə tanıtmalıyıq. Belə fəaliyyətə ən gözəl nümunələrdən biri odur ki, “Qalaaltı” müalicəvi istirahət kompleksi Mədəniyyət və Turizm Nazirliyinin təqdimatı ilə 2015-ci ilin oktyabrında Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının “Termal şəhərlər” beynəlxalq mədəni turizm marşrutuna daxil edilib. Bütün bunlar sonda təbii ki, Azərbaycana turist axınına səbəb olacaq.

Azərbaycanda alternativ turizm növlərinin inkişafında ən prioritet istiqamət məhz sağlamlıq turizmidir. Bu turizm növü daha rəqabətədavamlı istiqamətdir. Digər turizm növlərinin müddəti qısa olduğu halda, sağlamlıq turizminin günləri 7, 14 və 21 gün olmaqla müəyyənləşdirilir. Bundan əlavə, burada mövsümilik anlayışı da yoxdur. Çünki söhbət insan sağlamlığından gedir. Yəni insan hər zaman müalicə ala bilir.

Azərbaycanda sağlamlıq turizmi hazırda öz inkişaf mərhələsini yaşayır. Bu istiqamətdə görüləcək işlər isə hələ çoxdur. Ən vaciblərindən biri mövcud sağlamlıq turizm mərkəzlərimizin, kurortlarımızın təbliğatıdır. Müxtəlif beynəlxalq tədbirlərdə, sərgilərdə iştirak etməklə bu istiqamətdə müəyyən işlər aparılır. Ümumiyyətlə, turizmdə birinci məsələ ölkənin tanıdılmasıdır. Azərbaycanda keçirilən “Eurovision”, “Formula-1”, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlər ölkənin coğrafi məkan kimi dünyaya tanıdılmasında əhəmiyyətli rol oynayıb, turist axınını gücləndirib.

Son illər dövlət tərəfindən turizmin inkişafı ilə əlaqədar bir sıra əhəmiyyətli islahatlar aparılır, dövlət proqramları qəbul edilir. “Azərbaycan Respublikasında 2007-2016-ci illər üçün turizmin inkişafına dair Dövlət Proqramı” müvafiq normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalara uyğun bu sahədə dövlət siyasətinin həyata keçirilməsini, onun ölkə iqtisadiyyatının öncül istiqamətlərindən biri kimi tanınmasını və səmərəliliyinin artırılmasını təmin etmişdir.

Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” ümumilikdə ölkədə turizmin inkişafına geniş yollar açıb.

Görüləcək işlər isə hələ çoxdur. R.Quliyev Xəzərsahili məkanlarda köhnə sanatoriyaların bazasında və yeni ünvanlarda kurort müəssisələrinin tikilməsinə, Qax, İsmayıllı, Lerik, Astara rayonlarındakı mineral qaynaqların üzərində yeni təsisatların inşasına ehtiyac olduğunu deyir.

Qeyd etdiyimiz kimi, sağlamlıq turizmini digər turizm növlərindən fərqləndirən əsas cəhət mövsümdən asılı olmaması, 365 gün fəaliyyət göstərməsidir. Bu da həmin turizm sahəsinə gələn gəlirlərin daimi və yüksək olmasını təmin edir. Müalicə turizmində qonaqlara təkcə müayinə-müalicə deyil, həm də kompleks turizm xidmətləri də göstərilməlidir. Ölkəmizdəki bir sıra sağlamlıq turizm məkanlarında güclü texnoloji avadanlıqlardan müayinə, müalicə və reabilitasiya mərhələlərində istifadə olunur. Həmçinin bu sahədə ixtisaslaşmış təcrübəli həkim heyəti fəaliyyət göstərir. Xəstələrin asudə vaxtlarını səmərəli keçirmələri üçün müxtəlif əlavə xidmətlər təklif olunur. Sanatoriyaların içərisində oyunlar, yaxın bölgələrə ekskursiyalar təşkil olunur. Bir sözlə, Azərbaycanın sağlamlıq təsisatlarına müraciət edənlər həm müalicə olunur, həm də turist kimi istirahət edə bilirlər. Hazırda Azərbaycana müalicə məqsədilə Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus, Pribaltika, Rusiya, Almaniya, Polşa, son zamanlar isə Türkiyə, İran və ərəb ölkələrindən gələnlər daha çoxdur. Bunların arasında Naftalana, Duzdağa və Qalaaltına üz tutanlar üstünlük təşkil edir.

Zöhrə FƏRƏCOVA,

 

Azərbaycan.- 2017.- 11 iyun.- S. 5.