Ucalığa səsləyən poeziya

 

Bu günlərdə mərhum şair Eldar Nəsibli Sibirelin “Seçilmiş əsərlər” (“Yazıçı” nəşr, 2017)  kitabı oxuculara təqdim olunub. Keçmiş iş yoldaşımız, qələm dostumuz  Eldar Nəsibli ilə neçə ilin ayrılığından sonra bu “görüş” çoxumuzda kədər yaratsa da, böyük şairimiz Səməd Vurğunun:

 

Ölüm sevinməsin qoy,

               ömrünü vermir bada!

El qədrini canından

               daha  əziz bilənlər,

Əbədi xatirə tək

                 qalacaqdır dünyada!

Sevərək sevilənlər,

               sevilərək ölənlər.

 

misraları duyğularımıza bir az rahatlıq gətirdi.

El qədrini canından əziz bilən şair Eldar Nəsibli Sibirel cəmi 58 il yaşadı. Ölümündən 7 il keçməsinə baxmayaraq, o, bu gün bütün həmkarlarının qəlbində səmimi, xoşqılıq, zarafatcıl şair məcazlı, habelə şeirsevərlərin qəlbində  unudulmaz yazar kimi yer alıb.

Eldar Nəsibli Alı oğlu Sibirel 18 may 1952-ci ildə Tomsk vilayəti, Baxçar rayonunun Çernişovka kəndində anadan olub. 1948-ci ildə ailəlikcə Sibirin Tomsk vilayətinə sürgün ediliblər. Valideynləri bəraət aldıqdan sonra Qazaxa, öz doğma yurdlarına qayıdıblar. Şeirlərinin birində:

 

Vətəndən uzaqda olsam da mən,

Bu torpağa verdim könül varımı.

Tənzif əvəzinə ümidlərimlə,

Sarıdım sağalmaz yaralarımı.

Çəkdiyim əzabla, udduğum qəmlə,

Çoxu elə sandı öləcəyəm mən.

Ancaq bilmədilər, gün işığında,

Bahar arzuların yaşıllığında

Təzədən dünyaya gələcəyəm mən,

 

- deyən şair vətənə qayıtdıqdan sonra sanki yenidən dünyaya gəlmişdi. Eldar orta məktəbi Qazax rayonunun İkinci Şıxlı kəndində başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdı (1969-1974). “Elm və həyat” jurnalı redaksiyasında ədəbi işçi, baş ədəbi işçi, şöbə müdiri vəzifələrində işləmişdir. 1984-cü ildən 1990-cı ilə qədər həmin jurnalın məsul  katibi olmuşdur. 1990-1995-ci illərdə Qızıl Aypara Cəmiyyətinin orqanı “Mərhəmət” jurnalının baş redaktoru, daha sonra isə “Azərbaycan” qəzetinin müxbiri vəzifəsində çalışmışdı. Təsadüf elə gətirmişdi ki, iş yoldaşımız oğlu Alının toyundan bir neçə gün sonra Qazaxa getmiş və orada (11 oktyabr 2010) avtomobil qəzasında dünyasını dəyişmişdi.

Eldarın “Ağacların söhbəti” adlı ilk şeiri 1968-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində işıq üzü görüb. O vaxtdan mətbuatda lirik-epik şeirləri, poemaları, publisistik yazıları ilə çıxış edib. “Salam, dan ulduzu”, “Məni səsləyən var”, “Harayla məni”, “Dünya məndən gəlib keçir”, “Yaddaş”, “Bu da bir ömürdü ağlı, qaralı”, “Könül, qəm eləmə...”, “Bura Qazaxdır, oğlum!”, “Turan şərqisi” şeirlər kitablarının və yüzlərlə məqalənin müəllifidir. “Şıxlıdan düşən işıq” toplusunun tərtibçilərindən biridir. Əsərləri bir çox xalqların dillərinə tərcümə edilib. Ukraynanın Lvov şəhərində keçirilən XII Ümumittifaq poeziya festivalının (1982) və gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsinin (1984) iştirakçısı olub. 1986-1987-ci illərdə Bakıda, Filarmoniyada yaradıcılıq gecəsi keçirilən üç gənc şairdən biri Eldar Nəsibli idi. O, 1982-ci ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilib. Prezident mükafatçısı olub.

Eldar Nəsibli həm də gözəl tərcüməçi idi. Marina Svetayeva, Yevgeni Yevtuşenko, Sergey Yesenin kimi bir çox tanınmış rus şairlərinin, eləcə də görkəmli rumın şairi Mixail Emneskonun şeir və əsərlərini ana dilimizə çevirib. Xalq şairlərindən Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, ədəbiyyatşünas alimlərdən Şamil Cəmşidov, Mirəli Seyidov, Vahid Xələfov, Abbas Səmədov və başqaları E.Nəsiblinin yaradıcılığı haqqında nüfuzlu qəzet və jurnallarda dəyərli fikirlər söyləyiblər. Bir çox şeirinə musiqi bəstələnmişdir. “Bura Qazaxdır, oğlum”dan başlayaraq onlarla bu qəbildən olan şeiri aşıqların repertuarını bəzəyir.

Onun yaradıcılığına dəyər verən qədirbilən oxuculardan Kamran Nəbizadənin sponsorluğu ilə Eldar Nəsibli Sibirelin anadan olmasının 65-ci ildönümü münasibətilə nəşr olunan 240 səhifəlik “Seçilmiş əsərlər”ə şairin müxtəlif illərdə yazdığı şeirləri daxil edilib. Ana yurdun bənzərsiz gözəllikləri, bəşəri hisslər, vətən həsrəti, sevgi, məhəbbət duyğuları bu şeirlərin ana xəttini təşkil edir.

E.Nəsibli həmişə ürəyinin böyüklüyünə, istedadının gücünə və zəhmətinə  arxalanıb. Bu güc, bu zəhmət daim onu ucalığa, yüksəkliyə səsləyib.

 

Rəhman SALMANLI,

 

Azərbaycan.- 2017.- 11 iyun.- S. 5.