Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib

 

Respublikamız bütün sahələrdə özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıdıb

 

Azərbaycan regionun davamlı inkişaf edən, müasirləşən dövlətinə çevrilib. Qlobal böhranın təsirlərinin qabarıq duyulduğu bir şəraitdə ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılıb və böyük infrastruktur layihələri də uğurla həyata keçirilir. Cəmiyyətin bütövlüyü və monolitliyi təmin olunub, insanlarda uğurlu gələcəyə nikbin baxış formalaşıb.

Prezident İlham Əliyevin müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı, respublikanı qısa zamanda bölgədə, bütövlükdə Avropa məkanında nüfuzlu dövlətə çevirməsi onun həm daxildə, həm də ölkə hüdudlarından kənarda ciddi siyasi dəstək almasına zəmin yaradıb. Azərbaycanın son illərdəki nailiyyətləri artıq nəinki ölkə daxilində, xaricdə də böyük rəğbətlə qeyd edilir. Ölkəmizin beynəlxalq nüfuzu yüksəlir, Azərbaycan etibarlı tərəfdaş kimi tanınır, onunla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır. Bir neçə il bundan əvvəl böyük beynəlxalq dəstəklə - 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimiz ölkəmizin beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirdi.

Dövlət başçısının bəyan etdiyi kimi, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı demokratik yeniliklərin geniş tətbiqindən keçir. Prezident İlham Əliyev bu iki təmayülü bir-birindən ayırmadan Azərbaycanın milli strateji inkişaf yolu kimi müəyyənləşdirmiş, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkmişdir. Ölkəmizin rəhbəri Azərbaycanın müstəqil dövlət kimi inkişaf strategiyasını belə xarakterizə edib: “Cəmi 23 il ərzində - 1993-cü ildən başlayaraq görün Azərbaycan nə qədər inkişaf edib, Azərbaycan nə qədər güclənib, görün Azərbaycan dünyada hansı möhkəm mövqelərə sahib olub. İqtisadi sahədə, sosial sahədə, bütün başqa sahələrdə Azərbaycan böyük uğurlara imza atıb və bu gün bütün dünya bunu bilir və qəbul edir. Bu gün Azərbaycan bir çox ölkələr üçün nümunədir.

Biz gələcək illərdə də müsbət dinamikanı saxlamalıyıq və əminəm ki, saxlayacağıq. Daxili siyasətə gəldikdə, ilk növbədə Azərbaycanda bundan sonra da təhlükəsizlik təmin edilməlidir. Deyə bilərəm ki, Azərbaycanda daxili risk mənbələri mövcud deyil. Mümkün olan risklər xaricdə formalaşır. Belə olan halda biz ölkəmizi bundan sonra da xarici risklərdən qorumalıyıq, həm fiziki nöqteyi-nəzərdən, eyni zamanda düzgün siyasət aparmaqla. Biz sərhəd mühafizəsini kifayət qədər gücləndirmişik və bu istiqamətdə əlavə addımlar atılacaqdır. Eyni zamanda Azərbaycan bizə sərf etməyən, şübhə doğuran heç bir beynəlxalq hərəkətlərə, avantüralara qoşulmur. Baxmayaraq ki, müxtəlif tərəflər bizi müntəzəm olaraq bu hərəkətlərə cəlb etməyə çalışırdılar. Bu gün də belə səylər var. Ancaq Azərbaycan bizə sərf etməyən heç bir hərəkətə, təşəbbüsə qoşulmur və qoşulmayacaq. Biz ilk növbədə öz maraqlarımız, öz təhlükəsizliyimiz, inkişafımız, rifahımız haqqında düşünürük. Əgər hansısa beynəlxalq təklif və təşəbbüs bizim maraqlarımızla üst-üstə düşürsə, əlbəttə ki, biz buna müsbət yanaşa bilərik. Ancaq ilk növbədə milli maraqlar, Azərbaycanın maraqları, xalqımızın rahatlığı, firavanlığı və ölkəmizin təhlükəsizliyi məsələləri ön plandadır, xüsusilə indiki şəraitdə”.

Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilən, regionda əsas söz sahibi kimi çıxış edən Azərbaycanın son illər əldə etdiyi davamlı uğurlarını həzm edə bilməyən müəyyən bədxah qüvvələrin hədəfi dəyişməz olaraq qalır: nəyin bahasına olursa-olsun Azərbaycan hakimiyyətinin həyata keçirdiyi iqtisadi, siyasi və hüquqi islahatların, demokratik inkişaf proseslərinin üzərinə kölgə salmaq, ölkənin beynəlxalq imicinə zərbə vurmaq! Dünyada nüfuzu durmadan artan, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycanın gündən-günə güclənməsi bu qüvvələrin narahatlığına səbəb olur. Mötəbər tədbirlər vaxtı Azərbaycana qarşı qarayaxma kampaniyası aparan həmin antiazərbaycançı şəbəkə nəticədə fiaskoya uğrayır. Bu gün Azərbaycanda kənar təsir və diktə altında hərəkət etməyən, xalqın maraqlarını, mənafeyini müdafiə edə bilən hakimiyyət mövcuddur. Məhz bu amil ölkəmizə qarşı yönəlmiş ikili standartları neytrallaşdırır, onu beynəlxalq səviyyədə söz sahibinə çevirir.

Ölkə rəhbəri İlham Əliyevin son 14 illik fəaliyyətinin üstün cəhəti bundan ibarətdir ki, dövlət başçısı praqmatik siyasi lider kimi reallığı operativ və obyektiv şəkildə dəyərləndirməyi, milli maraqlar naminə cəsarətli və prinsipial addımlar atmağı, istənilən ekstremal şəraitdə ən optimal, düzgün qərar qəbul etməyi, habelə ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır. Ölkəmiz təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Azərbaycan dövləti milli maraqları ilə bağlı məsələlərdə heç bir dövlətə güzəştə getmək niyyətində olmadığını dəfələrlə sübuta yetirmişdir. Bu prinsipial və qətiyyətli yanaşma ölkənin daxili işlərinə kobud şəkildə müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi maraqlarını gerçəkləşdirməyə çalışan bəzi dövlətlərə, beynəlxalq qurumlara, transmilli korporasiyalara münasibətdə özünü daha kəskin şəkildə göstərmişdir.

Azərbaycan bu gün özünəməxsus milli inkişaf modeli ilə tanınır. Bu modelin üstün cəhətləri ilə bağlı beynəlxalq maliyyə qurumlarında geniş müzakirələr, təhlillər aparılır. Respublikamız son illər bütün investisiya layihələrini daxili resursları hesabına reallaşdırmaqla yanaşı, regionda sərmayədar dövlət kimi çıxış edir. Müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir.

Azərbaycan bu gün təkcə Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən biri kimi tanınır. Ölkəmizdə aparılan çoxmədəniyyətli dialoq müxtəlif dinlərə və mənşəyə malik olan insanlar arasında sülh şəraitində birgəyaşayışın yaxşı nümunəsi kimi istifadə oluna bilər. Azərbaycan tolerant ölkədir. Ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri arasında tərəfdaşlıq və qardaşlıq ruhu yaratmaq məqsədilə səylər gündən-günə artırılır. Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir.

Azərbaycanın yaxın-uzaq ölkələrlə münasibətləri qarşılıqlı maraqlar, sivil birgəyaşayış prinsipləri əsasında inkişaf edir. Bəzən Azərbaycanın bölgədə artan rolunun qərəzli olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmur. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan daha çox demokratikləşmə yolunda qazandığı uğurlarla Avratlantik məkana inteqrasiya edir. Demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir. Bərabərhüquqlu tərəfdaşlıq və tarazlı xarici siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına da qətiyyətlə yol vermir.

Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün sahələrdə özünü dünyaya güclü, müstəqil və müasir inkişaf edən ölkə kimi tanıdıb. Dövlət başçısının həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan gəlir.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 13 iyun.- S. 1; 5.