Milli qurtuluş ağsuluların həyatına rahatlıq gətirdi

 

Yaradılışından Azərbaycan xalqı mürəkkəb mübarizə yollarından keçib. Ölkəmizin yerləşdiyi coğrafi məkan, ətrafımızda bizi istəməyənlərin olması, uğurlarımızı həzm edə bilməyən bədxahların mövcudluğu müşküllərimizi hər zaman artırıb. Buna baxmayaraq, mübarizlik əzmi həmişə öz sözünü deyib. Beləliklə də, xalqımız hər dəfə bu və ya digər şəkildə qarşılaşdığı problemlərdən çıxış yolu tapmaq iqtidarında olub.

Çağdaş tariximizdə də bu, belə oldu. Dövlət müstəqilliyimizin bərpası ərəfəsində və ondan sonrakı dövrdə xalqımız həm xarici, həm də daxili düşmənlərin hərtərəfli hücumları ilə üz-üzə qalmışdı. Bu, istər əbədi və əzəli yurd yerlərimizin bir-birinin ardınca işğala məruz qalması, istərsə də ideoloji baxımdan uğradığımız məğlubiyyətlər fonunda açıq-aşkar hiss olunmaqda idi. Ölkə üçün belə bir həlledici dövrdə xalqını, ölkəsini sevən mütərəqqi fikirli insanların, xüsusən də ziyalıların fikri qətiləşdi: necə olursa-olsun, yüksək dövlətçilik təcrübəsi ilə seçilən xalqımızın dəyərli oğlu Heydər Əlirza oğlu Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə gəlişi təmin olunmalıdır. Belə də oldu. Ümummilli lider Heydər Əliyevin ölkənin siyasi hakimiyyətinə qayıdışından sonra xalq öz nicatına qovuşdu.

O dövrlərdə Azərbaycanda acınacaqlı vəziyyət hökm sürməkdə idi. Bütün sahələrdə böhran hökm sürürdü. Amma xalqımız rahatlıq tapdı. Çünki artıq ölkənin idarəçiliyi xalqımızın xilaskar övladı, dünya şöhrətli siyasətçi Heydər Əliyevə etibar olunmuşdu. Beləliklə də zamanla ölkəmizin bütün guşələrində, şəhər, qəsəbə və kəndlərində inkişaf meyilləri hiss olunmağa başladı. O zaman regionlarımızın bir çox məkanlarında olduğu kimi, paytaxta yaxın ərazidə yerləşməsinə baxmayaraq, arzuolunmayan vəziyyətdə olan Ağsu rayonunun da bəxtinə gün doğdu. Rayon yeni inkişaf mərhələsinə qədəm qoydu.

Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev deyir: “1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət gərginləşdi və hakimiyyət böhranı yarandı. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. 1992-ci il may ayının 14-də hakimiyyəti ələ keçirən Xalq Cəbhəsi ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərirdi. 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.

Vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.

Ulu öndər Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi.

1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu günü xalqımız əziz bayram kimi qeyd edir.

Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaradıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami Silahlı Qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Digər tərəfdən isə atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salındı. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə nail olundu.

Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının uğurla həyata keçirilməsinə zəmin yaratdı.

Heydər Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu. Bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almışdı ki, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil edirdi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Tarixin amansız və sərt sınaqları dövründə dünyanın ayrı-ayrı ölkələrinə səpələnərək yaşamaq məcburiyyətində qalmış azərbaycanlıların birlik və həmrəyliyinin əldə edilməsində də Heydər Əliyevin müstəsna xidmətləri vardır. O, dünya azərbaycanlılarının təşkilatlanması və onların bir vətən - müstəqil Azərbaycan ətrafında sıx birləşməsi üçün daim və əzmlə səy göstərib, bu istiqamətdə son dərəcə qiymətli qərarlar qəbul edib.

Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Ümummilli liderin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. Heydər Əliyevin fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının bərqərar olması, iqtisadi inkişafın təmin edilməsi, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası, özəlləşdirmə proqramının, aqrar islahatların həyata keçirilməsi ardıcıl prioritet sahələr olub.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq”.

Dövlət müstəqilliyinin bərpasının ilk illərində ciddi problemlərlə üzləşən ağsulular Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə nicatlarına qovuşdular. Tədricən rayonun bütün sahələrində dinamik inkişaf meyilləri müşahidə olundu. Ümumilikdə isə son illər Ağsu rayonunda nəzərəçarpacaq işlər görülüb, əhalinin həyat səviyyəsi yüksəlib, iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişafa nail olunub.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını təmin edən iki dövlət proqramı (2004-2008 və 2009-2013-cü illər) tam, III Dövlət Proqramının ilk üç ili uğurla başa çatdırılıb. Bu müddətdə Ağsu rayonunda da yeni iş yerlərinin açılması, tikinti, quruculuq və abadlıq işləri diqqət mərkəzində saxlanılıb, rayon sakinlərinin sosial problemlərinin həllinə qayğı göstərilib. Yollar küçə və meydanlar asfaltlaşdırılıb və abadlaşdırılıb. Yeni müəssisələr, çoxsaylı sahibkarlıq obyektləri yaradılaraq fəaliyyətə başlayıb, əhalinin məşğulluğu təmin edilib.

Hazırda Ağsu respublikamızın ən gözəl şəhərlərindən birinə çevrilib. Xüsusən qeyd etmək lazımdır ki, son illər Ağsu şəhərinin özündə 2550 abonentin həyətində təmiz və dağlardan gələn bulaq suyu istifadə olunur. Halbuki əvvəllər həmin insanlar çaydan gələn lil suyu içmək məcburiyyətində idilər. Bu da, şübhəsiz ki, xəstəliklərin yaranmasına yol açırdı. Artıq kəndlərin bir çoxu sutəmizləyici qurğu quraşdırılmaqla ekoloji cəhətdən təmiz içməli su ilə təmin olunur. 4 kəndə - Hacısəmədli, İlxıçı, Muradlı və Təhlə kəndlərinə Kür çayının Ağsu rayonu ərazisindən keçən qolundan su gətirilərək təmizlənməklə əhaliyə verilməsi nəzərdə tutulub. Artıq layihə hazırdır. Real vəziyyətdə isə 8 kənddə sutəmizləyici qurğu işləyir və sakinlər təmiz sudan istifadə edirlər.

Milli qurtuluşa nail olana qədər təkcə kəndlər deyil, hətta şəhər mərkəzindəki yollar da bərbad vəziyyətdə idi. Təbii ki, bu da belə davam edə bilməzdi. Hazırda şəhər küçələrinin əksər hissəsi asfalt örtüklə örtülüb. Eyni fikri şəhərlə kəndi birləşdirən yollar barədə də demək mümkündür. Mövcud vəziyyətdə Prezident İlham Əliyevin sərəncamı əsasında Cəlayir-Kəndoba-Çaparlı avtomobil yoluna asfalt vurulur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə ulu öndərin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalmaqla Azərbaycanın dövlət müstəqilliyini daha da gücləndirib, yeni mərhələdə onun daimiliyini, dönməzliyini təmin edib.

Azərbaycanda uğurla həyata keçirilən davamlı inkişaf strategiyasının mühüm halqalarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkənin sosial-iqtisadi həyatının bütün sahələrində ciddi inkişaf dinamikasına və keyfiyyət dəyişikliyinə təkan verən strateji sənəd olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi müddətdə həyata keçirilən modernləşmə proqramı və uğurlu sosial-iqtisadi siyasət nəticəsində ölkədə yüksək iqtisadi artım dinamikası formalaşıb, dayanıqlı makroiqtisadi sabitlik şəraitində bu iqtisadi artımın sosial rifaha və yüksək həyat standartlarına sürətli transformasiyası baş verib.

Azərbaycanın ardıcıl islahatlara və sistemli proqramlara əsaslanan dinamik sosial-iqtisadi inkişafı keçən il və bu ilin ötən aylarında da uğurla davam etdirilib. Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafın başlıca hədəfi xalqın rifahının daha da yüksəldilməsidir. Bu məqsədə nail olunması üçün makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi və regionların davamlı inkişafı təmin edilib.

Əhalinin məşğulluğu, işlə təmin olunmaları məsələsinə də həssas yanaşılıb. Yalnız bu il 5 min nəfərdən çox rayon sakininin pambıq sahələrində işləməsi mümkünləşəcək. 140 qutu ipəkqurdu götürülüb ki, bununla da orta hesabla 250 nəfər orada məşğulluğunu tapıb. Eyni zamanda rayonda bir-birinin ardınca tikilməkdə olan istilikxanalarda da yüzlərlə adam işlə təmin olunacaq. Hazırda iki il əvvəl istifadəyə verilmiş istilikxanada konkret olaraq 100 nəfərdən çox adam çalışır.

“Azqranata” şirə və şərab emalı müəssisəsi hazırda dünyanın 20-dən çox ölkəsinə, o cümlədən Avropa ölkələrinə “Made in Azerbaijan” brendi altında məhsul istehsalını təmin edir. Hətta Ağsuda istehsal olunan şirə və alkoqollu içkilər keyfiyyət göstəricilərinə görə digər istehsalçıların analoji məhsullarından seçilir. Müəssisənin fəaliyyəti məhsul istehsalı ilə məhdudlaşmır. Şamaxı və Ağsu rayonları ərazisində müəssisənin balansında 1000 hektar yararlı torpaq sahəsi var. Həmin sahələrin 700 hektarında üzüm və nar bağları salınıb. Bağlarda hazırda 500 işçi çalışır. Gələcəkdə salınacaq bağlar üçün daha 600 hektar sahənin ayrılması nəzərdə tutulur. Ümumiyyətlə, zavodda və ona məxsus bağlarda yaxın gələcəkdə 1500-1800 nəfərin işlə təmin olunması gözlənilir. Üzüm və nar bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika alınıb. Bütün bu amillər ixracqabiliyyətli yüksəkkeyfiyyətli məhsul istehsalına təminat verir. Ən başlıcası isə, bu müəssisə rayonda əhalinin məşğulluğunun təminatında əhəmiyyətli rol oynamaqdadır.

Sovetlər dönəmindən qalma “Şərab-3” zavodunun fəaliyyət istiqaməti də dəyişdirilib. Orada istehsal olunan keyfiyyətli alkoqollu içkilər də “Qradus 40” adı ilə dünya bazarında yerini tapmaqdadır.

Heyvandarlıq sektorunda da güclü artım müşahidə edilməkdədir. Hazırda “Şərab-3” zavodunun bazasında kökəltmə məqsədli yeni tövlələr tikilir. Ora yaxın zamanlarda xaricdən xeyli sayda heyvanların gətirilməsi gözlənilir.

Çiyni kəndində fermer Müşfiq İsmayılov böyük heyvandarlıq komplekslərinin tikintisini həyata keçirir. Orada yüzlərlə baş heyvanın saxlanılması nəzərdə tutulur. Qeyd olunanlar isə, şübhəsiz ki, həm ölkədə ərzaq təhlükəsizliyinin daha da yaxşılaşmasına, maddi nemətlər bolluğunun yaradılmasına, həm də sakinlərin işlə təminatlarına dəstək deməkdir.

Bildiyimiz kimi, ərzaq təhlükəsizliyinin vacib seqmentlərindən biri də taxılçılıqdır. Belə müasir təsərrüfatlardan biri də Ağsu rayonu ərazisində fəaliyyət göstərən “Süsən” MMC-dir. Burada aqrar sektora aid olan ən son texnologiyalar tətbiq edilməkdədir. Onlar yalnız 2016-cı ildə 10 min ton toxumluq qarğıdalı, 5 min ton isə toxumluq buğda istehsal ediblər. Bu müəssisədə məhsuldarlıq respublika üzrə rekord səviyyədə olmaqla 60 sentner təşkil edib.

Bu gün Ağsunun küçələrində, Heydər Əliyevin adını daşıyan seyrəngahda təmir işləri gedir. Ardınca isə asfaltlaşdırma aparılması planlaşdırılır.

Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə də xüsusi diqqət yetirilir. Konkret olaraq hazırda ən müasir standartlara cavab verən stadion, idman sağlamlıq mərkəzi, şahmat məktəbi, uşaqlar üçün ministadionlar təşkil olunub. Ağsunun futbol komandası birinci divizyonda təmsil olunur və ilk uçlükdə qərarlaşmaqla hər il yüksək çıxışı ilə seçilir.

Yeni tikilən məktəblərin hər birində idman qurğuları, zallar var. Dövlət müstəqilliyimizin bərpasına qədər fəaliyyət göstərən məktəblər əsasən köhnə, istismara yararsız vəziyyətdə idisə, ötən 25 ildə 24 məktəb tikilərək uşaqların ixtiyarına verilib. Bunlardan 9-u Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilib.

Rayonda infrastruktur sahələrinin yaradılmasına da xüsusi diqqət yetirilib. Rayon ərazisinin təxminən 98 faizinin təbii qazla təminatı müsbət həllini tapıb. Uçotun dəqiq aparılması və istehlak olunan təbii qazın ödənişini təmin etmək üçün 100 faiz smart-kart tipli sayğaclar quraşdırılıb. Şəhərin kanalizasiya sisteminin quraşdırılması da tamamilə yekunlaşıb.

Ənvər Seyidəliyev fikirlərini cari ilin sonuna kimi rayonda reallaşdırılacaq layihələr üzərində qurmaqla aşağıdakı şəkildə tamamladı: - İlin sonuna kimi rayon iqtisadiyyatının daha da yüksəldilməsi, əhalinin sosial problemlərinin həlli, özəl sektorun inkişafına kömək göstərilməsi, abadlıq-quruculuq işlərinin aparılması, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması istiqamətində müvafiq tədbirlər həyata keçiriləcək.

Eyni zamanda rayon ərazisində avtomobil yollarının əsaslı təmiri və körpülərin yenidən qurulması istiqamətində tədbirlər davam etdiriləcək. İstehsal, xidmət və sosial-mədəni obyektlərin inşasına diqqət artırılacaq, əhalinin enerji daşıyıcıları ilə dayanıqlı təminatının ödənilməsi məqsədilə, həmçinin iri fermer təsərrüfatlarının və sənaye zonalarının yaradılması istiqamətində zəruri tədbirlər icra olunacaqdır.

Rayonun qaz infrastrukturunun yenidən qurulması tədbirləri, yaşayış məntəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini təmin etmək məqsədilə Ağsuçay çayında sahilbərkitmə işlərinin aparılması diqqət mərkəzində saxlanılacaq.

Cari ildə görüləcək işlər əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində və maddi rifah halının yaxşılaşdırılmasında müstəsna rol oynayacaqdır.

Əmin edirəm ki, Ağsu rayonunda görülən sosial-iqtisadi, tikinti-abadlıq və quruculuq işlərinin tempi ölkəmizdə gedən ümumi işlərin ahənginə uyğun olaraq bundan sonra da davam etdiriləcək. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları öz həyatlarında daha qabarıq hiss edən ağsulular 2017-ci ildə də dövlətimizin genişmiqyaslı iqtisadi strategiyasının həyata keçirilməsinə öz töhfələrini verəcəklər.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2017.- 13 iyun.- S. 3.