Əbədi müstəqilliyə təminat formulu: güclü dövlət - müstəqil siyasət

 

Bəşəriyyətin min illiklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini sözün qüdrəti ilə canlandırmaq nə qədər çətin olsa da, ibtidai dövrlərdən sivilizasiyanın müasir mərhələsinədək adəm övladı üçün səciyyəvi olan bir tale ümumiliyi var: fərdi və ümumi toplum maraqları, anadangəlmə təbii və sonradan qazanılmış hüquqlar uğrunda mücadilə yaradılışın ali zinəti olan insanın ruhuna hakim kəsilib. İnsan həyatı daim mübarizədə keçir - bu gün də belədir, sabah da belə olacaq!

Yunan mütəfəkkiri Sokrat yazırdı ki, insanın məqsədləri onun həqiqi mahiyyətini əks etdirir. Qərinələr boyu ayrı-ayrı fərdlərin ümumi maraq və mənafelər naminə can atdığı hədəflər, arzu və istəklər fərqli mahiyyət dayışıb. Vahid məkan və ərazi hüdudlarında azad yaşamaq, öz taleyi ilə bağlı müstəqil qərar qəbul etmək istəyi bütün dövrlər üçün aktual olaraq qalır. Bu həqiqəti də etiraf etməliyik ki, tarixin şahidlik etdiyi saysız-hesabsız qanlı müharibə və toqquşmalar mahiyyətcə yeni münbit ərazilərin istilası yolu ilə maddi nemətlər əldə etmək, coğrafi, iqtisadi və siyasi üstünlüklər qazanmaq kimi merkantil niyyətləri hədəfləyib. Qanlı mübarizənin bir tərəfində zor gücünə başqalarının taleyinə hakim olmaq istəyənlər, digər tərəfində milli mövcudluğunu, istiqrarını, müstəqilliyini qoruyub saxlamaq, üzərində yaşadığı müqəddəs torpağı yadellilərdən qorumaq istəyənlər dayanıb.

Münaqişə və ziddiyyətlərin, qanlı müharibələrin mahiyyəti XXI əsrdə də dəyişməyib. Adına beynəlxalq hüquq dediyimiz ümumbəşəri normaların deyil, güclünün haqlı sayıldığı, qalibin mühakimə edilmədiyi zamanda yaşayırıq. Həm də elə zamanda ki, bəzən dünyanı idarə edən fövqəlgüclərin hegemon qərarları “cəngəllik qanunları”nı xatırladır. Beynəlxalq hüquqa məhəl qoymadan bir dövlətin digərinin ərazisinə soxulması, ərazisini işğal etməsi, bəzi beynəlxalq təşkilatların, hətta BMT-nin belə müvafiq qərarlarının qəbul edilməsini gözləmədən “cəzalandırma əməliyyatı”na başlaması buna əyani sübut deyilmi?!

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Dünyada gedən proseslər göstərir ki, kim güclüdürsə, o da haqlıdır. Əfsuslar olsun ki, belədir. Amma bu, həqiqətdir və biz bu real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq. Hamı istəyər ki, qanunlar, beynəlxalq hüquq normaları işləsin, ədalət olsun. Ancaq biz bunu görmürük... Ona görə güclü olmaq üçün biz bütün imkanlarımızı səfərbər etməliyik”.

Bəli, dövlətimizin müdrik və praqmatik rəhbəri bu narahat, ədalətsiz dünyada, əslində, ayaqda durmağın, dövlət müstəqilliyini möhkəmləndirməyin, dünyada söz sahibi kimi qəbul olunmağın sadə formulunu irəli sürüb: güclü olmaq üçün əzmlə çalışmaq, bütün imkanları səfərbər etmək!

 

Həqiqi müstəqilliyin formulu

 

Biz bu gün adı müstəqil olub, başqa dövlətlərin “for-postu”na çevrilən, müstəqil qərarlar qəbul edə bilməyən, diktə altında olan dövlətləri uzaqda axtarmırıq. Havadarlarının dəstəyi ilə tarixi topaqlarımızı hələ də işğal altında saxlayan, təcavüzkar siyasətindən əl çəkməyən Ermənistanın timsalında formal müstəqilliyin nə demək olduğu cəmiyyətimizə yaxşı məlumdur. Bədxah qonşularımızdan fərqli olaraq Azərbaycan bu gün Cənubi Qafqaz regionunda tamamilə müstəqil siyasət yürüdən, öz sözü, mövqeyi, prinsipial xarici siyasəti olan dövlətdir.

Qürurla qeyd etməliyik ki, ötən 26 ildə xalqımızın ümummilli lideri, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin irəli sürdüyü “Güclü dövlət-müstəqil siyasət” ideyası tam mahiyyəti ilə reallaşıb. Məhz Heydər Əliyev dühasının əsasını qoyduğu milli inkişaf strategiyasının uğurları dövlət müstəqilliyinin ictimai təfəkkürdə başlıca milli ideya olaraq qəbulunu şərtləndirib.

Bəli, Azərbaycan xalqı əsrlər boyu həsrətində olduğu müstəqilliyi bu 26 ildə əzmlə qoruyub saxlaya bildi. Bu baxımdan 15 iyun - Milli Qurtuluş Günü Vətənini, xalqını sevən hər bir azərbaycanlı üçün möhtəşəm tarixdir. Məhz bu əlamətdar tarix Azərbaycan xalqının qanı, canı bahasına ötən əsrin sonlarında yenidən bərpasına nail olduğu dövlət müstəqilliyini öz böyük liderinin rəhbərliyi ilə qoruyub saxlamaq əzmini simvolizə edir.

Milli dövlətə mənsubluq ayrı-ayrı xalqların keçdikləri şərəfli mübarizə yolunu, dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirir. Azərbaycan Respublikası 1991-ci ilin oktyabrında müstəqillik qazandıqdan sonra 1993-cü ilin iyun ayınadək hakimiyyət boşluğunun doğurduğu bir sıra ağır fəlakətlərlə üzləşmiş, həqiqi müstəqilliyinə qovuşa bilməmişdi. Vəziyyət elə dözülməz hala çatmışdı ki, bir çox insan artıq müstəqilliyin həqiqi mahiyyətinə şübhə və tərrəddüdlə yanaşır, keçmişlə bağlı “nostalji hisslərə” qapılırdı.

Məhz 1991-1993-cü illərdə yaşanan sarsıntı və təlatümlər göstərdi ki, yalnız fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünyagörüşünə malik lider milli müstəqilliyi qorumaq və yaşatmaq kimi çətin missiyanın öhdəsindən gələ bilər. Dövlət idarəçiliyində lider fenomeninin müstəsna rolu respublika tarixində ikinci dəfə qabarıq üzə çıxdı. Belə bir şəraitdə xalqın aparıcı ziyalıları, eləcə də vətəndaşların mütləq əksəriyyəti çıxış yolunu ulu öndər Heydər Əliyevin fəal siyasi səhnəyə qayıtmasında gördülər. Ümummilli liderin yadigarı olan Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir mərhələdə Azərbaycanın mütərəqqi fikirli ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandı.

1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan cəmiyyətində müstəqil dövlətçilik ideyalarının praktik şəkildə bərqərar olmasına fundamental əsaslar yaratdı. İyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkədəki kütləvi inamsızlıq, xaos və hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin azalmasına, sözün həqiqi mənasında, xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.

Məhz bu xilaskar missiyanın nəticəsi kimi Azərbaycan xalqı 1993-cü ilin 3 oktyabrında Heydər Əliyevə etimad göstərərək onu özünün layiqli rəhbəri seçdi. 1993-cü ilin oktyabrın 10-da keçirilmiş andiçmə mərasimində “Belə bir yüksək və məsuliyyətli vəzifəni üzərimə götürərkən, birinci növbədə, Azərbaycanın zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edib. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm” - deyən ümummilli lider müstəqil Azərbaycanın milli inkişaf strategiyasını özünəməxsus müdrikliklə irəli sürdü və onun həyata keçirilməsinə başladı.

Ümummilli liderin dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini birləşdirən yeni inkişaf modeli kimi özünü tam doğrultdu. Heydər Əliyev cəmiyyətdə möhkəm milli birliyə nail olmaq üçün ilk növbədə insan hüquq və azadlıqlarının maksimum təminatına xüsusi diqqət yetirirdi. Ulu öndər özüməxsus müdrikliklə bəyan edirdi ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyildir.

Ulu öndərin diplomatik səyləri nəticəsində 1994-cü ilin mayında cəbhə bölgəsində atəşkəs əldə edildi. İctimai-siyasi sabitliyin təmin olunması hökumətə Qərbin nüfuzlu neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması istiqamətində diplomatik danışıqları uğurla sona çatdırmağa imkan verdi. Yeni neft strategiyasının həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən birinə çevrildi. Bu strategiyanın milli inkişafdakı misilsiz əhəmiyyəti hazırkı intensiv sosial-iqtisadi inkişaf fonunda özünü daha qabarıq göstərir. Azərbaycana son 23 ildə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır.

 

Milli Qurtuluşdan - milli intibaha

 

Ümummilli lider Heydər Əliyev cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bunun üçün bütün zəruri tədbirləri həyata keçirdi. Məhz ulu öndərin gərgin səyləri nəticəsində hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradıldı. Hüquqa və ədalətə söykənən vətəndaş cəmiyyətinin əsası qoyuldu, onun təkmilləşdirilməsi prosesi uğurla davam etdirildi. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı.

Heydər Əliyevin milli dövlətçilik qarşısındakı böyük xidmətlərindən biri də milli iqtisadi inkişaf strategiyasının düzgün müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsidir. Bu inkişaf modelinin konseptual əsasları 1995-ci ilin noyabrında qəbul edilmiş ilk Konstitusiyada əksini tapmışdı. Məhz bu mərhələdən respublikada özəlləşdirmə siyasəti və torpaq islahatlarının həyata keçirilməsinə başlanıldı. Keçmiş imperiyadan miras qalan kolxoz və sovxozlar ləğv olundu, əvəzində nümunəvi fermer təsərrüfatları yaradıldı. Postsovet məkanı respublikalarından fərqli olaraq, torpaq islahatları ilk dəfə Azərbaycanda qüsursuz şəkildə həyata keçirildi.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdığı ilk gündən ziyalılara qayğını vacib məsələ kimi gündəmə gətirdi. Heydər Əliyev zəkasının ölkə elmi və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının adekvat əks-sədası müasir tarixdə bu sahənin ən müqəddəs izlərinə çevrilib.

1993-cü ildə Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev ilk görüş yeri kimi də məhz Elmlər Akademiyasını seçdi. Bununla o, yeni yaratmağa başladığı müstəqil dövlətin bünövrəsinin elmi sütunlar üzərində qurulduğunu, intellektual potensiala arxalandığını ictimai fikrə çatdırdı. Bu, bir tərəfdən Heydər Əliyevin Azərbaycan elminə, intellektinə böyük hörmətinin təsdiqi idisə, digər tərəfdən Azərbaycan ziyalılarının ümummilli liderə sonsuz inam və yüksək etimadının bariz nümunəsi idi.

1997-ci il yanvarın 31-i ulu öndərin bir qrup aparıcı alimlə görüşdə söylədiyi fikirlər Azərbaycan Elmlər Akademiyasına ikinci həyat bəxş etdi. Uzun müddət təsirlərə məruz qalan Azərbaycan intellekti yenidən dirçəliş yoluna qədəm qoydu. Heydər Əliyev alimlərə dünya səviyyəli elmi işlərlə bərabər, həm də dövlətimizə, xalqımıza lazım olan elmi tutumlu strateji problemlərlə məşğul olmağı məsləhət gördü.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsası qoyuldu. Gənclər və idman siyasəti sahəsində iş keyfiyyətcə yeni mərhələyə keçdi. Heydər Əliyevin 1993-cü il 22 sentyabrda - ölkədə çox ziddiyyətli ictimai-siyasi proseslərin cərəyan etdiyi bir zamanda gənclərlə görüşə vaxt tapması, onların problemlərini dinləməsi ümummilli liderin Azərbaycan gəncliyinin cəmiyyət həyatındakı roluna verdiyi böyük önəmin əyani göstəricisi idi.

 

Milli dəyərlərə qayıdış fəlsəfəsi

 

26 illik zaman kəsiyində dövlət müstəqilliyinin Azərbaycan üçün ən böyük töhfələrindən biri də sovet dövründə təzyiqlərə məruz qalan milli-mənəvi irsin bərpa edilməsi, yeni dövrün tələblərinə uyğun gənc nəslə təqdimatı oldu. Sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində də inamla davam etdirən ulu öndər bu məqsədlə Azərbaycanın görkəmli şairlərinin, yazıçılarının, elm və incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşırdı. Heydər Əliyevin mədəni quruculuq siyasəti nəticəsində qloballaşma şəraitində mənəvi dəyərlərimiz qorundu. Klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün bütün zəruri addımlar atıldı.

Ulu öndər müstəqillik illərində xalqın milli-mənəvi dəyərlərini və düşüncə sistemini yaşadan, günümüzə gətirib çıxaran folklor nümunələrinə diqqətlə yanaşırdı. Heydər Əliyevin 1997-ci il aprelin 20-də imzaladığı “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında fərmanı, yubiley komissiyasını yaratması və ona sədrlik etməsi, bunu dövlət işinin tərkib hissəsinə çevirməsi milli-mənəvi irsin qorunması, yaşadılması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində olduqca əhəmiyyətli hadisə idi.

Ulu öndər mənəviyyatın, milli əxlaq və düşüncə modellərinin qorunub saxlanılması üçün də səylərini əsirgəmirdi. Bu baxımdan Heydər Əliyevin 13 avqust 2001-ci il tarixli bəyanatı da milli-mənəvi dəyərlərin qorunması məqsədinə xidmət etməklə, gənc nəslin tərbiyəsinə mənfi təsir göstərən neqativ amillərin aradan qaldırılmasına xidmət edirdi.

Əminliklə deyə bilirik ki, dövlət müstəqilliyinin ilk illərində yaşadığımız böyük problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. İqtisadi sahədə keçid dövrünün ağır sosial-iqtisadi, mənəvi-psixoloji çətinliklərini geridə qoyan respublikamız bütün sahələrdə sürətlə inkişaf edir. Azərbaycan siyasi müstəvidə də bir çox problemləri geridə qoyur. Neftlə, qazla zəngin bir çox ölkələrdən fərqli olaraq, respublikamız daha çox demokratikləşmə yolunda qazandığı uğurlar, tolerantlıq və mültikulturalizm sahəsindəki mütərəqqi milli modellə Avratlantik məkana inteqrasiya edir. Azərbyacan demokratik ideallara, liberal dəyərlərə, insan və vətəndaş hüquq və azadlıqlarına sadiqliyi ilə tanınmaq əzmini sübuta yetirir.

 

Maraqlarını təmin edən ölkə

 

Prezident İlham Əliyevin qətiyyəti ilə son illər xarici siyasətdə inanılmaz hədəflərə yetişmişik. Milli maraqların gerçəkləşdirilməsi amalı bu siyasətin əsasında hər şeydən öndə dayanır. Bu məqamda bəzi həssas tarixi məqamları yenidən xatırlatmaq vacibdir. Azərbaycan bayrağını təhqir edən erməni zabitini affekt vəziyyətində qətlə yetirdiyinə görə ədalətsiz şəkildə ömürlük həbs cəzası almış Ramil Səfərovun ölkəmizə ekstradisiyası və dərhal əfv olunması cənab İlham Əliyevin yüksək vətənpərvərliyinin təzahürü idi.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin obyektiv səbəblərdən həllinə nail olmadığı bir problem var - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi. Dövlət başçısı bu problemin siyasi yolla həllinə çalışsa da, torpaqlarımızın azad edilməsi üçün lazımi məqamda qətiyyətli addımların atılacağını da istina etməyib. 2006-cı ilin aprel ayının ilk günlərində xalqımız ölkə başçısının bununla bağlı əzmkar və prinsipial siyasi mövqeyinin şahidi oldu.

İşğalçılıq siyasətindən əl çəkməyən təcavüzkar Ermənistanın atəşkəs rejimini kobud şəkildə pozaraq qoşunların təmas xəttində törətdiyi son təxribatlara - dinc əhali üçün təhlükə yaratmasına adekvat cavab olaraq Azərbaycan Ordusu son günlərdə düşmənə Bişkek protokolunun imzalanmasından sonrakı 22 ildə ən ağır və sarsıdıcı zərbəni vurdu. Bir daha təsdiqləndi ki, Azərbaycan xalqının milli maraqlarını daim önə çəkən, mürəkkəb geosiyasi məkanda qətiyyətli, düzgün qərarlar qəbul etmək cəsarəti ilə seçilən lideri, rəhbəri var!

Milli Qurtuluşla başlayan əzəmətli inkişaf yolunun ən parlaq nəticəsi ondan ibarətdir ki, Azərbaycan tam müstəqil siyasət yürüdən ölkədir. Respublikanın milli inkişaf modeli, hüquqi, mədəni-mənəvi təkamül konsepsiyası, vahid milli ideologiyası formalaşıb. Qloballaşma şəraitində milli özünəməxsusluğun qorunub saxlanması, habelə milli-mənəvi dəyərlərə sədaqətlə yanaşı, ümumbəşəri dəyərlərin inkişaf etdirilməsi, böyük dövlətlər və qonşularla münasibətlərin qurulmasında tarazlığın qorunması Azərbaycanın müsbət siyasi aurasını, özünəməxsus beynəlxalq imicini formalaşdırır.

Ölkənin davamlı uğurlarını təmin edən, rəsmi Bakının bütün sahələrdə müstəqil siyasət yürütməsinə, milli maraq və mənafeləri qətiyyətlə müdafiə etməsinə imkan yaradan ən mühüm amil son illərdə əldə olunmuş böyük iqtisadi nailiyyətlərdir. Neftin qiymətlərinin 3 dəfəyədək aşağı düşdüyü hazırkı şəraitdə respublikamız iqtisadi müvazinətini əzmlə qoruyur, böhranın mənfi təsirlərini azaltmaq üçün səmərəli iqtisadi və inzibati-qanunverici islahatlar aparır, manatın məzənnəsində sabitlik təmin edilir.

Ölkə başçısı milli-mənəvi dəyərlərə sadiqliklə yanaşı, sivil Qərb dəyərlərinin mənimsənilməsini də vacib sayır. Avropa dəyərləri, müasirlik dedikdə, demokratikləşmə, plüralizm və s. ilə yanaşı, həm də işçilərin siyasi fəallıq görüntüsünə görə yox, məhz peşəkarlıq xüsusiyyətlərinə görə seçilməsi nəzərdə tutulur. Bu baxımdan Prezident İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamları, dövlət proqramları yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır.

Son illər ərzində Azərbaycan Respublikasında elm və təhsilin inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilib. Dövlət proqramları çərçivəsində ölkənin bütün regionlarında ümumi təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənib, təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazası yaradılıb. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsiplərin tətbiqi, təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədi ilə dövlət proqramları qəbul edilib, layihələr həyata keçirilib. Birləşmiş Millətlər Təşkilatının İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan “orta insan inkişafı” qrupundan “yüksək insan inkişafı” qrupuna daxil olub.

Vətəndaşa sərmayə qoyulması, onun fərdi keyfiyyətlərinin və qabiliyyətlərinin inkişafı, bilik və intellektin milli inkişafda prioritet amil kimi müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən ən mühüm addımlardan biri də dövlət başçısı İlham Əliyevin 7 may 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis edilməsidir. Fondun yaradılmasında da məqsəd təkcə cəmiyyətin maarifləndirilməsi deyil, eyni zamanda ictimai əhəmiyyəti elmi, sosial-fəlsəfi, kulturoloji tədqiqatların dəstəklənməsidir.

 

Unikal multikulturalizm modeli

 

Xarici və daxili siyasətdə ardıcıl uğurlarımız sayəsində qlobal tədbirlərə evsahibliyi etmək Azərbaycanın gündəlik həyat tərzinə, qürur və fəxarət dolu tarixi hadisələri müşahidə etmək isə insanlarımızın yaşam normasına çevrilib. Şübhəsiz, beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsinin başlıca səbəbi respublikamızın dünya miqyasındakı nüfuzu, hörmətidir. Bunun nəticəsi olaraq Azərbaycanın son illər təşkilatçılıq etdiyi beynəlxalq tədbirlərin sırası ildən-ilə genişlənir: Beynəlxalq Humanitar Forum, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Dünya Dini Liderlərinin Zirvə görüşü, Krans Montana Forumu, Ümumdünya Davos Forumu, Qlobal Bakı Forumu, I Avropa Oyunları, “Formula-1” yarışları, IV İslam Həmrəyliyi Oyunları...

Bu və digər tədbirlər zamanı Bakıda qədimliklə müasirliyin vəhdətinə əsaslanan milli arxitekturanın, müasir şəhər infrastrukturunun, ən başlıcası, isti və səmimi münasibətin şahidi olan çoxsaylı əcnəbi qonaqların etiraf etdiyi bir gerçəklik də var: ölkəmiz regionun ən sabit, müasir, müstəqil, təhlükəsiz, tolerant və multikultural ölkəsidir! Bir neçə gündən sonra keçiriləcək növbəti “Formula-1” yarışları Azərbaycan mültikulturalizminin Avropa üçün model rolunu oynadığının daha bir əyani göstəricisi olacaq.

Bu uğurlarda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var.

Bəli, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və bu kursu yeni dövrün tələblərinə uyğun zənginləşdirir. Milləti Heydər Əliyev ideyaları ətrafında toplayır, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir. Bu gün hər bir azərbaycanlı dərk edir ki, bizi xəyallarda yaşatdığımız demokratik, qüdrətli, modern Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir. Əminik ki, bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində qarşıya qoyduğu bu hədəflərə çox qısa zamanda qovuşacaqdır.

 

İsaxan VƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti yanında

Bilik Fondunun aparat rəhbəri, hüquq elmləri

doktoru, professor

 

Azərbaycan.- 2017.- 13 iyun.- S. 4.