Azərbaycan Vyanada gender bərabərliyinin nəzərdən keçirilməsi üzrə ikinci konfransda təmsil olunur

 

İyunun 12-də Vyana şəhərində gender bərabərliyinin nəzərdən keçirilməsi üzrə ikinci konfrans işə başlayıb. Konfransda gender bərabərliyinin təmin edilməsi üzrə rəsmi şəxslər, ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Konfransın keçirilməsində məqsəd ATƏT-in gender bərabərliyi üzrə öhdəliklərinin nəzərdən keçirilməsi və gələcək addımlar üçün təkliflərin müzakirəsidir. Tədbir yüksək səviyyəli panellə başlayıb. Paneli giriş sözü ilə Avstriyanın ailə və gənclər üzrə federal naziri Sofi Karmasin açıb.

Tədbirdə Hicran Hüseynova gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi ilə bağlı çıxış edib. O bildirib ki, 2014-cü ildə baş tutmuş ilk konfransdan keçən dövr ərzində Azərbaycan qadınların statusunun yüksəldilməsi, xüsusilə onların iqtisadi gücünün artırılması istiqamətində mühüm nailiyyətlər əldə edib. Həyata keçirilən tədbirlər nəticəsində qadınlar arasında yoxsulluğun səviyyəsi 49 faizdən 5,9 faizə enib. Bu gün əmək fəaliyyəti ilə məşğul olan qadınların 69 faizi özəl sektorda, 31 faizi isə büdcə təşkilatlarında çalışır. 2016-cı ildə kiçik və orta sahibkarlıq sektorunda qadın sahibkarların payı 4 faizdən 28 faizə yüksəlib. Azərbaycan hökuməti qadınların iqtisadi müstəqilliyini onların siyasi və ictimai həyatda fəal iştirakı və gender bərabərsizliyinin aradan qaldırılması üçün vacib komponent hesab edir. Bu sahədə davamlı inkişafa nail olmaq üçün 2016-cı ilin oktyabr ayında Azərbaycan Prezidentinin sərəncamı ilə gender məsələləri üzrə bütün QHT-lərin işini birləşdirən Milli Koordinasiya Şurası təsis olunub. Komitə sədri həmçinin qeyd edib ki, Azərbaycan bütün bu tərəqqiyə ölkəyə qarşı aparılmış hərbi təcavüz fonunda nail ola bilib.

Konfrans ATƏT-in iştirakçı dövlətləri, rəsmi dövlət qurumları, vətəndaş cəmiyyəti təşkilatları və elmi dairələr üçün gender bərabərliyi üzrə ATƏT Fəaliyyət Planının həyata keçirilməsində əldə edilən uğurların müəyyən edilməsinə xidmət edən platformadır. Özünü təsdiqləmiş təcrübələrin mübadiləsi, yeni çağırışlar ətrafında diskussiya və gender bərabərliyi sahəsində mövcud boşluqlar və görülən tədbirlər konfransda aparılan debatların əsas mövzularıdır.

Konfrans iyunun 13-də başa çatacaq.

 

Azərbaycan.- 2017.- 13 iyun.- S. 6.