Əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verən qanun layihəsi birinci oxunuşda qəbul olundu

 

Milli Məclisin növbədənkənar sessiyasında

 

İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. Gündəlikdəki məsələlər təsdiq edildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov qanun layihələrinin müzakirəsinə başlamağı təklif etdi.

Gündəlikdə olan ilk üç məsələ - Cinayət, İnzibati Xətalar məcəllələrində və “Bədən tərbiyəsi və idman haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri  uyğunlaşdırma xarakteri daşıdığından ayrılıqda səsə qoyularaq qəbul edildi. “Atçılıq haqqında” qanunda istinad olunan, eləcə də məsuliyyəti müəyyən edən qanunun adının dəqiqləşdirilməsi məqsədi ilə “Atçılıq haqqında” və “Damazlıq heyvandarlıq haqqında” qanuna təklif olunan dəyişikliklər də qəbul edildi.

Sonra “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırma məqsədilə  Əmək Məcəlləsində, “Turizm haqqında”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Əmək pensiyaları haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim edərək bildirdi ki, dəyişikliyin məqsədi gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda, bu izlərin tətqiqi və maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir. Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.

Sonra Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Terrorçuluğa qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihəni təqdim etdi. Onun sözlərinə görə, sənədin 1-ci və 14-cü maddələrinə dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib. Qanunun 1-ci maddəsinə edilən dəyişikliyə görə, maddənin üçüncü və beşinci abzaslarında “terrorçu” və “terror təşkilatı” anlayışları genişləndirilir və onların izahı daha dolğun şəkildə verilir. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiq edildi.

İclasda qanunvericiliyin uyğunlaşdırılması və dəqiqləşdirilməsi üçün Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiqləndi. Gündəlikdə olan “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə isə eyniləşdirilməsi həyata keçirilməli olan sığorta fəaliyyəti subyektlərinin dairəsini dəqiqləşdirir. Layihə səsə qoyularaq qəbul olundu.

Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Onun sözlərinə görə, layihənin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərin daha yaxından iştirakının təmin olunmasından ibarətdir. Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda, binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq. Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.

İclasda müzakirələrə səbəb olan növbəti qanun layihəsi “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə idi. Dəyişikliklər ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun yeni qaydasının tətbiqini - birillik təhsil qrupları vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Hazırlıq qruplarına tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcəkdir. Hazırlıq qruplarında  tədrisin sonunda keçirilən buraxılış imtahanları nəticəsində müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Qanun layihəsi müzakirələrdən sonra qəbul edildi. Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə  Torpaq, Gömrük, Vergi məcəllələrində, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət qulluğu haqqında”, eləcə də “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiqləndi.

Sonda “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsinə başlanıldı. Bildirildi ki, layihənin məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Bu qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Qanun layihəsinin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Lahiyə ilk oxunuşda səsverməyə çıxarılaraq qəbul edildi. Bununla da Milli Məclisin dünən keçirilən iclası başa çatdı.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 14 iyun.- S. 4.