Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatının 106-cı sessiyasında iştirak etmişdir

 

İsveçrənin Cenevrə şəhərində cari ilin iyunun 5-dən üzv dövlətlərin hökumət nümayəndələrinin və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti iştirak etmişdir. Sessiyanın iclasında iştirak edən nümayəndə heyətinin rəhbəri Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev tədbirdə çıxış etmişdir.

Çıxışın əvvəlində sessiya iştirakçılarını salamlayan M.Musayev qeyd edib ki, Beynəlxalq Əmək Təşkilatı artıq yüz ilə yaxındır ki, dünyada sülhün bərqərar olmasına, yoxsulluğun azaldılmasına, sosial problemlərin danışıqlar yolu ilə həll edilməsinə əvəzsiz töhfələr verməkdədir.

Beynəlxalq Əmək Təşkilatı özünün spesifik strukturu ilə bütün dünyanı narahat edən məsələlər barədə yalnız hökumətlərin deyil, eləcə də yaradılan dəyərin əsas 2 tərəfinin - işəgötürənlərin və əməkçilərin öz təmsilçiləri vasitəsilə ən yüksək səviyyədə münasibət bildirməsinə, inkişaf proqramlarının hazırlanmasında iştirakına şərait yaradır. Bəlkə də elə buna görədir ki, Beynəlxalq Əmək Təşkilatı Millətlər Liqası sistemində bu günə kimi yaşayan yeganə qlobal təşkilatdır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti təəssüf hissi ilə bildirib ki, bu gün dünya əhalisi kütləvi miqrasiya, əhali qrupları arasında artan sosial bərabərsizlik, dünya iqtisadiyyatında yaranan gərginlik ilə əlaqədar işsizlik, xüsusilə də gənclərin işsizlik problemləri, iqlim dəyişikliyi kimi çətinliklərlə qarşılaşmışdır.

Azərbaycanda mövcud olan qaçqınlar və məcburi köçkünlərin problemlərindən danışan məruzəçi qeyd edib ki, bu məsələni doğuran əsas səbəb regional münaqişələr və dərinləşən sosial bərabərsizlikdir. Hər kəs anlamalıdır ki, əgər dünya ictimaiyyəti tərəfindən bu münaqişələrə vaxtında ədalətli yanaşma olmazsa, bütün dünya bu vəziyyətdən əziyyət çəkəcəkdir. Azərbaycan Respublikası da müstəqillik qazandığı ilk illərdən etibarən müharibə kimi böyük bir sosial bəla ilə üzləşmiş, Ermənistanın ölkəmizə təcavüzü və apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyona qədər soydaşımız qaçqın və məcburi köçkün həyatı keçirərək öz torpaqlarından didərgin düşmüşlər. Bu baxımdan dünya ictimaiyyəti tərəfindən Qarabağ məsələsi də daxil olmaqla regional münaqişələrə daha həssas yanaşma olmalı, müharibələr nəticəsində bütün əmlakını, iş yerini, yaşadığı yeri itirən insanlara diqqət artırılmalıdır. Qaçqınların və məcburi köçkünlərin öz torpaqlarına geri dönüşü təmin edilməlidir. Bu istiqamətdə Birləşmiş Millətlər Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının üzərinə çox ciddi işlər düşür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyəti dövründə ölkədə apardığı uğurlu iqtisadi siyasət sosial sferaya da öz töhfəsini vermiş, yoxsulluğun və işsizliyin azaldılması sahəsində ciddi nailiyyətlər əldə edilmişdir.

Əmək miqrasiyasını və qaçqınlığı doğuran digər bir səbəb isə ölkələr, müxtəlif əhali qrupları arasında dərinləşən iqtisadi bərabərsizlikdir. Bu məsələnin həlli üçün də beynəlxalq təşkilatlar istiqmətverici rol oynamalıdır. Bu sahədə milli dövlətlərlə yanaşı, beynəlxalq təşkilatlar, digər dövlətlər, transmilli şirkətlər, aparıcı beyin mərkəzləri birlikdə fəaliyyət göstərməlidirlər. Ticarətin və iqtisadi əlaqələrin qarşısında duran maneələr aradan götürülməli, bəşəriyyətin gələcəyi üçün effektiv əməkdaşlıq mexanizmləri yaradılmalıdır.

Azərbaycanda müstəqilliyin ilk illərində çox yuxarı səviyyədə olan işsizlik Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət nəticəsində hazırda 5 faiz həddindədir.

Məhz Azərbaycanda aparılan məqsədyönlü iqtisadi siyasət sayəsində ölkəmizdə 2016-cı ildə 148 mini daimi olmaqla, 190 minə yaxın yeni iş yeri açılmış, son 13 ildə isə bir milyon 700 min yeni iş yeri yaradılmışdır ki, onların bir milyon 300 mini daimi iş yeridir. Yeni açılmış iş yerlərinin əsas hissəsi, yəni, 76 faizi regionların, 88 faizi iqtisadiyyatın qeyri-dövlət sektorlarının payına düşür.

Dünyada, xüsusilə də Avropada gənclər arasında artan işsizlik bu gün bizim təhsil siyasətimizə yenidən baxmağımıza zərurət yaradır. Bunu yaradan əsas səbəb isə ixtisaslar və əmək bazarı arasında mövcud uyğunsuzluqdur. Düşünürük ki, bu problem bütün dünyada mövcuddur və bunun həlli əmək bazarı tələblərinin daha yaxşı öyrənilməsindən, təhsilin buna uyğun olaraq təkmilləşdirilməsindən keçir.

M.Musayev sessiya iştirakçılarına Azərbaycan Sahibkarlar Konfederasiyasının ölkəmizin sosial-iqtisadi həyatındakı rolu barədə məlumat verərək bildirib ki, bu təşkilat işəgötürənlərin ümumrespublika birliyidir. Təşkilat ölkədə sosial-iqtisadi siyasətin müəyyən edilməsi və əmək münasibətlərinin tənzimlənməsi məsələlərini özündə ehtiva edən 3 tərəfli Baş Kollektiv Sazişin tərəflərindən biri olub, burada işəgötürənləri təmsil edir. Baş Kollektiv Sazişdə iqtisadi siyasət, sosial siyasət, əmək münasibətləri, əməyin təhlükəsizliyi, məşğulluğun təmin olunması və s. məsələlər barədə müddəalar öz əksini tapır. Artır bir ildir ki, Baş Kollektiv Sazişin icrasının koordinasiyası məqsədi ilə ölkəmizdə Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya fəaliyyət göstərir. Komissiyanın yaranmasında Beynəlxalq Əmək Təşkilatı çox yaxından iştirak etmişdir. Komissiyanın fəaliyyəti keçən dövr ərzində çox məhsuldar olmuşdur.

Konfederasiya çoxsaylı beynəlxalq təşkilatların üzvü kimi bütün regional və beynəlxalq əməkdaşlıq platformalarını dəstəkləyir, ixracın, xarici investisiyaların önəmini bütün ictimaiyyətə çatdırır.

Təsadüfi deyil ki, fəaliyyətimiz nəticəsində Azərbaycan Sahibkarlar Konfederasiyası bu gün ölkənin ən böyük işəgötürənlər (sahibkarlar) birliyidir. Bununla belə, biz öz fəaliyyətimizi təkmilləşdirməyə, üzvlərimizə təklif etdiyimiz xidmətlərin sayını və keyfiyyətini artırmağa, ictimai vəkillik fəaliyyətimizi daha da genişləndirməyə, beynəlxalq əlaqələrimizi daha da gücləndirməyə ehtiyac duyuruq. Bu sahədə isə Beynəlxalq Əmək Təşkilatının və Beynəlxalq İşəgötürənlər Təşkilatının dəstəyinə ümid bəsləyirik.

Çıxışının sonunda M.Musayev bir daha bildirb ki, məhz Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə biz ölkəmizdəki mövcud üçtərəfli məsləhətləşmələr mexanizmini daha da təkmilləşdirə, layiqli əməyin təmin olunmasına nail ola bilərik.

Sessiya çərçivəsində ASK-nın prezidenti bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə işgüzar görüşlər keçirmişdir.

 

Azərbaycan.- 2017.-14 iyun.- S. 7.