Qurtuluşdan başlanan milli intibah

 

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi təmin olundu

 

Tarixdə izləri olan şəxsiyyətlərimizin istər dövlətçilik ənənələrimizin yaradılması və inkişafı, istərsə də Azərbaycan mədəniyyətinin intibahı ilə bağlı xidmətləri fəxarət və qürur mənbəyimizdir.

Bu dühalar insan ömrünün zaman adlı sədlərini dəf edərək əbədiyasarlıq hüququ qazanıblar. Dahilərimizin arasında ümummilli lider kimi ucalıq zirvəsinə çatan yalnız bir nəfər var ki, o da şərəfli və mənalı ömrünü Azərbaycan xalqının nicatına, milli dövlətçiliyinin dirçəlməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına həsr edən Heydər Əliyevdir.

Bu böyük şəxsiyyət həyatı boyu fəaliyyət göstərdiyi hər bir vəzifədə, ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın və dövlətimizin mənafeləri üçün çalışmış, onu hər şeydən uca tutmuş, Azərbaycanın inkişafı naminə misilsiz işlər görmüşdür. Heydər Əliyevin ölkəmizə istər sovet illərində, istərsə də müstəqillik dövründə rəhbərliyə gəlişini Azərbaycanda intibahın başlanğıcı kimi səciyyələndirmək olar. Birinci dəfə ulu öndər Azərbaycanı sovetlər birliyinin inkişaf etmiş sənaye-aqrar respublikasına çevirdi, gələcək müstəqilliyimizin əsaslarını formalaşdırdı.

1993-cü ildə isə Heydər Əliyev xilaskarlıq missiyasını üzərinə götürdü, özünün böyük əsəri olan müasir və müstəqil Azərbaycan dövlətini qurdu. O dövrdə Azərbaycanda cərəyan edən xaotik proseslər təsdiq edirdi ki, yalnız möhkəm siyasi iradəsi olan bir rəhbər ölkəni bütün təhlükələrdən qurtarmaq, dövlət müstəqilliyimizi yaşatmaq kimi ağır bir missiyanın öhdəsindən gələ bilər. Bu lider isə Heydər Əliyev idi. Bu baxımdan 1993-cü ildə dövlət idarəçiliyindəki kobud səhvlərin məntiqi nəticəsi olaraq ağır sosial-iqtisadi gərginliyin pik həddinə çatdığı, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldığı, cəbhədə torpaqlarımızın itirildiyi, bir sözlə, Azərbaycan dağılmaq və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın böyük oğlu, həyatı və mübarizəsi üçün ümummilli liderlik missiyası xarakterik olan Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkədəki hərc-mərcliyi, itaətsizliyi, anarxiyanı, siyasi çəkişmələri, Gəncədə başlanmış qardaş qırğınını, hərbi xəyanəti, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü yalnız o böyük insan aradan qaldıra bilərdi. O zaman vəziyyəti düzgün qiymətləndirən xalqın qərarı ölkə rəhbərliyinə Heydər Əliyevin gəlməsi idi. Bu məqsədlə ulu öndərə məktublar, teleqramlar göndərilirdi. Bu müraciətlər maddi-mənəvi iztirablara məruz qalan bir xalqın sadəcə vəziyyətdən çıxış yolu deyil, həm də dövlətçiliyimizin yaşaması üçün qəbul edilən tarixi bir xalq qərarı idi.

İflasa uğrayan AXC-Müsavat iqtidarı da vəziyyətdən çıxış yolunu Heydər Əliyevin Bakıya dəvət edilməsində görürdü. Hansı ki buna qədər özlərinə əsas təhlükə, qorxulu rəqib kimi xalqın içərisində böyük hörməti və nüfuzu olan Heydər Əliyevi hesab edir və onu necə sıradan çıxarmaq barədə düşünürdülər. Bu niyyətin gerçəkləşməsi üçün hətta 1992-ci ildə Heydər Əliyevi Naxçıvan Ali Məclisinin Sədri vəzifəsindən devirməyə cəhd etmişdilər.

Dövlətçiliyimizin müqəddəratının həll olunduğu məqamda ulu öndər Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində böyük ümidlər yaratdı. Heydər Əliyevin 1993-cü il iyunun 9-da xalqın təkidli istəyinə səs verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, dövlətinin taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərinin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, normal məcrasına salmaq böyük siyasət və müdriklik tələb edirdi.

Bakıya gəldikdən sonra isə parlamentə sədr seçilmək barədə iqtidarın və deputatların xahişini qəbul etməyən Heydər Əliyev ilk növbədə Gəncədə yaranmış vəziyyətlə tanış olmaq üçün ora yola düşdü, döyüş meydanına çevrilmiş hərbi hissələrin ərazisini gəzdi. Dahi siyasətçinin şəhərə gəlişi əhalidə gələcəyə böyük inam yaratdı. Şəhər sakinləri, hərbi qulluqçularla görüşüb söhbət etdi.

Ulu öndər Heydər Əliyev sonralar həmin vaxtları xatırlayaraq deyirdi: “1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər”.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə, xalqın tələbi ilə hakimiyyətə qayıdan ulu öndər xilaskarlıq missiyasını həyata keçirməyə başladı. 1993-cü ilin iyununda bir tərəfdən erməni hərbi birləşmələri hücumlarını, bir tərəfdən Azərbaycanı parçalamaq istəyən separatçı qruplar öz fəaliyyətlərini genişləndirir, digər yandan vətəndaş qarşıdurması şiddətlənirdi. Ölkənin bu vəziyyətə salınmasında birbaşa günahkar olan Ə.Elçibəy isə vəzifəsini tərk edərək Kələkiyə çəkilmişdi. Belə bir dövrdə Ali Sovetə Sədr seçilən Heydər Əliyevin qarşısında olduqca ağır və gərgin vəzifələr dururdu.

Lakin Heydər Əliyevin qətiyyətinin, xarizmasının, siyasi uzaqgörənliyinin qarşısında aradan qaldırılması mümkün olmayan məsələ yox idi. Bu mənada 1993-cü ildən sonra cərəyan edən siyasi-ictimai, iqtisadi proseslər, bütün sahələrdə inkişafa doğru dönüş yaradılması həqiqətən də ölkəmizə milli mənafelərimizi əldə rəhbər tutan xarizmatik və qətiyyətli liderin, əsl siyasətçinin rəhbərlik etməsindən xəbər verirdi. O siyasətçidən ki üzləşdiyi çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə baxmayaraq, Azərbaycanı parçalanmaqdan, vətəndaş müharibəsindən qurtardı.

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri seçilməsi onun sadəcə hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş, qəhrəmanlıq tarixidir. Bu məqam Heydər Əliyev ömrünün mənalı, əzəmətli tarixi olduğu kimi, həm də Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür.

Heydər Əliyevin Prezident seçilməsi, onun yaratdığı Yeni Azərbaycan Partiyasının iqtidara gəlməsi isə respublikada tamamilə yeni bir siyasi-ictimai münasibətlər sisteminin bərqərar edilməsinə, nəhayət, ümumxalq maraqlarının gerçəkləşməsinə xidmət edən proseslərin start götürməsinə səbəb oldu, xalqın özünə inamını, sabaha nikbin baxışlarını bərpa etdi, dövlətçiliyimizin əsasını təmin edən ictimai-siyasi sabitliyin əsasını qoydu. Azərbaycan yalnız Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirə bildi. Azərbaycan beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsindən sovuşdu, dünya dövlətləri arasında özünə layiqli yer qazandı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında dönüş yarandı, sivil və hüquqi dövlət quruculuğunun əsası qoyuldu.

15 iyun - Milli Qurtuluş Gününün hər il ölkədə bayram kimi qeyd olunması da xalqımızın arzu və istəyindən irəli gəlir. Çünki məhz 1993-cü il iyunun 15-dən etibarən Azərbaycanın taleyində tamamilə yeni bir səhifə başlandı. Ümummilli liderin rəhbərliyi altında ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Ermənistanın daha geniş ərazilərimizi işğal etməsinə, cəb-hədə hər gün onlarla gənc hərbçinin qanının tökülməsinə son qoyuldu. Ölkəmiz tərəqqi və yüksəliş yoluna qədəm qoydu.

Beləliklə, XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin uzaqgörən və zəngin siyasi fəaliyyəti sayəsində mümkün oldu. Ulu öndər öz əməlləri, xalqa əvəzsiz xidmətləri ilə tariximizdə əbədiyaşarlıq qazandı.

Hər kəsin birmənalı olaraq qəbul etdiyi reallıq ondan ibarətdir ki, ötən əsrin 90-cı illərinin əvvəllərində üzləşdiyimiz problemlərin aradan qaldırılması, ən əsası, Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinin təmin olunması və bütün sahələrdə vüsət alan inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və ölkəyə rəhbərliyi sayəsində mümkün oldu. Bu gün isə Heydər Əliyevin xilas etdiyi, nəfəs verdiyi Azərbaycan ulu öndərin ideyalarından nur alaraq gələcəyə doğru inamla addımlayır. Ulu öndərin siyasi kursunun, yaratdığı dövlətçilik ənənələrinin Prezident İlham Əliyev tərəfindən uğurla və layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir, güclənir, qazandığı uğurlarla regionun qüdrətli, aparıcı və əsas söz sahibi olan bir dövləti kimi nüfuzunu artırır.

Hazırda Prezident İlham Əliyev təkcə Cənubi Qafqazda və yaxın regionda deyil, bütün dünyada tanınan, seçilən və qəbul edilən siyasi liderlərdəndir. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 14 ilə yaxın dövr ərzində Azərbaycan çox mühüm keyfiyyət dəyişiklikləri yaşayıb: ölkə kompleks inkişaf edib, beynəlxalq nüfuzu yüksəlib, maliyyə imkanları çoxalıb, insanların sosial rifahı yüksəlib. Beləliklə, Prezident İlham Əliyev Azərbaycanı Heydər Əliyevin arzuladığı bir səviyyəyə çatdırıb, Heydər Əliyevin görmək istədiyi ölkəyə çevirib.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2017.-15 iyun.- S.1;13.