Azərbaycan-Gürcüstan əməkdaşlığı müzakirə olunub

 

İyunun 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu məmnunluqla vurğulayan Baş nazir Artur Rasi-zadə bu baxımdan Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyətinin daha da genişləndirilməsinin zəruri olduğunu bildirib. Ölkələrimiz arasında mövcud əlaqələrin yeni reallıqlar nəzərə alınmaqla davam etdirilməsinin vacibliyini qeyd edən Baş nazir hər iki dost, qonşu ölkənin dövlət və özəl sektorunda iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə, o cümlədən energetika, nəqliyyat, ticarət, turizm, kənd təsərrüfatı, humanitar sfera və digər sahələrdə müştərək layihələrin uğurla həyata keçirilməsinin xalqlarımızın mənafeyinə uyğun gəldiyini deyib. Xüsusən, irimiqyaslı beynəlxalq enerji və nəqliyyat layihələrində birgə fəaliyyətin səmərəliliyini vurğulayan Artur Rasi-zadə bu əməkdaşlığın təkcə regionun tərəqqisi üçün deyil, eləcə də bütün Avropanın mənafeyi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Baş nazir, həmçinin regionun davamlı inkişafı üçün bütün münaqişələrin tezliklə aradan qaldırılmasının, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də hüquq normaları çərçivəsində, ölkəmizin ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin zəruriliyini bildirib.

Azərbaycan hökumətinin və xalqının ən çətin məqamlarda qonşu respublikaya əlindən gələn köməyi əsirgəmədiyini məmnuniyyətlə xatırladan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxaria gürcü xalqının bu təmənnasız dostluq yardımlarını heç zaman unutmayacağını deyib. Bakıya səfəri müddətində keçirdiyi görüşlər və apardığı danışıqlar barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verən Giorgi Qaxaria azərbaycanlı həmkarları ilə gələcəkdə də müxtəlif layihələr üzrə sıx əməkdaşlıq şəraitində çalışmaq əzmində olduqlarını qeyd edib. Sonda o, səfər müddətində göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Səmimilik şəraitində keçən qəbulda qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2017.- 15 iyun.- S. 4.