Milli Məclisdə Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüş  olub

 

16 İyun 2017

İyunun 16-da Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova parlamentdə Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyənin baş ombudsmanı, Rusiya Federasiyasının Başqırdıstan, Dağıstan və Tatarıstan respublikalarının, həmçinin Moskva, Kaluqa, Saratov vilayətlərinin, Özbəkistanın və Serbiyanın insan hüquqları üzrə müvəkkilləri, ombudsman aparatlarının rəhbərləri iştirak ediblər.

Qonaqları Milli Məclisin rəhbərliyi adından salamlayan vitse-spiker Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolundan söz açıb. Ölkəmizdə müasir dəyərlərə xüsusi önəm verildiyini bildirən Bahar Muradova bu gün Bakıda öz işinə başlayan “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi, milli prioritetlər və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın əhəmiyyətini yüksək dəyərləndirib. Bildirib ki, Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri artıq formalaşdırılıb, bu istiqamətdə zəruri qanunvericilik bazası yaradılıb. Bu zəmində qəbul olunan qərarlar müsbət nəticələr verir.

İnsan hüquq və azadlıqlarının təmin edilməsi üçün həm beynəlxalq, həm də ikitərəfli əməkdaşlığın genişləndirilməsinin, ölkələr arasında təcrübə mübadiləsinin aparılmasının vacibliyinə toxunan Milli Məclis sədrinin müavini qeyd edib ki, bu baxımdan Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı önəmli tribunadır.

Sonra Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova çıxış edərək ölkəmizdə ombudsman institutunun Milli Məclislə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Bu barədə çoxşaxəli əlaqələri əks etdirən sanballı kitab hazırlandığını qeyd edən müvəkkil Azərbaycan parlamentinin ombudsman təsisatına dəstəyi barədə ətraflı məlumat verib.

 

Azərbaycan.- 2017.- 17 iyun.- S.4.