Yeni texnologiya və innovasiyalar patentlə qorunur

 

Və ya sadə damğadan nüfuz və keyfiyyət göstəricisinə çevrilən əmtəə nişanları

 

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi üçün konkret addımlar atılır. Bu sahədə həyata keçirilən iqtisadi islahatlar sürətləndirilib, dövlət başçısı tərəfindən çoxlu sayda fərman və sərəncamlar imzalanıb. Bunun nəticəsində Azərbaycan öz inkişafının yeni - qeyri-neft dövrünə qədəm qoyub.

Bu istiqamətdə ən çox diqqət yetirilən məsələlərdən biri də Azərbaycanda istehsal olunan məhsulların keyfiyyətini, təhlükəsizliyini, rəqabət qabiliyyətini və ixrac potensialını yüksəltmək, xarici ticarəti daha da liberallaşdırmaqdır. Sözsüz ki, bu da standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrini müasir tələblərə uyğunlaşdırmağın, nəzarət mexanizmində şəffaflığın və çevikliyin artırılmasını zəruri edir. Prezidentin fərmanı ilə bir sıra mərkəzi icra orqanları statusuna malik olan təşkilatların bazasında eyni adlı publik hüquqi şəxslərin yaradılmasında məqsəd konkret sahələr üzrə inkişafı daha da sürətləndirmək və genişləndirməkdir. Bu baxımdan “Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli fərmanına uyğun olaraq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində bir sıra struktur dəyişiklikləri aparılıb. Fərmana əsasən, komitədə təsis edilən publik hüquqi şəxslərdən biri də Patent və Əmtəə Nişanları Mərkəzidir.

 

Patent ilkinliyi təsdiq edir və müstəsna hüquq verir

 

Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxs (fərmanın 3.4-cü bəndində göstərildiyi kimi) qanunvericiliklə müəyyən edilmiş qaydada ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barəsində daxil olmuş iddia sənədlərinin ekspertizasını, onların qeydiyyatını, reyestrini və müvafiq sahədə qanunvericiliyə uyğun müqavilələrin qeydiyyatını aparır. Eyni zamanda mühafizə sənədləri və şəhadətnamələr verir, qanunvericiliyə uyğun müvafiq məlumatların dərcini həyata keçirir, patent müvəkkillərinin attestasiyasını, qeydiyyatını, habelə ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin hüquqi mühafizəsindən irəli gələn digər məsələləri qanunvericilik çərçivəsində həyata keçirir. Göründüyü kimi, mərkəzin fəaliyyət sahəsi çox genişdir və Azərbaycanda konkret sahələrin inkişafında və patentləşməsində, eyni zamanda Azərbaycan brendinin inkişafında və dünyada tanınmasında xüsusi əhəmiyyəti var. Təsis olunmasından az vaxt keçməsinə baxmayaraq, mərkəz qeyd olunan sahələr üzrə artıq fəaliyyətə başlayıb.

Patent və Əmtəə Nişanları Mərkəzi publik hüquqi şəxsin baş direktoru vəzifəsini icra edən Günel Sevdimalıyeva yeni təsis edilən mərkəzin fəaliyyət istiqamətləri və görüləcək işlər haqqında ətraflı məlumat verdi. O bildirdi ki, patent və əmtəə nişanlarına dair hüquq mülkiyyətin bir növüdür, qeyri-maddi aktivdir və onun dəyəri var. Hazırda patent və əmtəə nişanlarına dair hüquqların qiymətləndirilməsi xidmətinin həyata keçirilməsi nəzərdə tutulub və ümumilikdə mərkəzin fəaliyyətində xeyli mütərəqqi dəyişikliklər gözlənilir. Konkret olaraq patent, əmtəə nişanlarından istifadə, sənaye nümunəsinə verilən hüquqi mühafizə və onun qüvvədə olma müddəti, eyni zamanda coğrafi göstəricilər haqqında normalar müəyyən olunub və onlar Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Onu da qeyd edək ki, patent ixtira, faydalı model və sənaye nümunəsinə müəllifliyi və ilkinliyi təsdiq edir və onlardan istifadə üçün müstəsna hüquq verir. Azərbaycanda sənaye nümunələrinin yaradılması, hüquqi mühafizəsi və istifadəsi ilə əlaqədar yaranan əmlak münasibətləri və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətləri Azərbaycan Respublikasının “Patent haqqında” qanunu ilə tənzimlənir. Sənaye nümunəsinin qeydiyyata alınması zamanı patent verilir. Əmtəə nişanlarının bir qayda olaraq onların aid edildiyi əmtəələrdə, əmtəə qablarında və göstərilən xidmətlərdə tətbiqi onlardan istifadə sayılır. Əmtəə nişanının istifadəsindən yaranan satışın həcmini genişləndirir, rəqabətədavamlığı artırır, gəlirlərin artırılması üçün zəmin yaradır, istehlak bazarında öz layiqli yerini tutmasına, genişlənməsinə, saxlanmasına xidmət edir və s. Coğrafi göstəricilər də adından göründüyü kimi, əmtəənin mənşəyinin dövlət, bölgə, ərazi, yaxud müəyyən ərazidəki yer ilə (coğrafi obyektlə) bağlılığını müəyyənləşdirən, eyni zamanda bu əmtəənin xüsusi keyfiyyətini, şöhrətini və başqa xassələrini əsasən coğrafi mənşə ilə əlaqədar əks etdirən işarədir. Xatırladaq ki, coğrafi göstərici kimi mineral sular, faydalı qazıntılar, kənd təsərrüfatı məhsulları, ənənəvi istehsal metodlarını özündə saxlayan sənətkarlıq nümunələri və kulinariya inciləri qeydiyyata alına bilər. İnsanların müxtəlif tələbatlarını təmin edən coğrafi məkanla bağlı məhsullar hələ qədim dövrlərdən ən vacib yaşam elementi kimi mövcud olmuş və insanların məişətinə daxil olaraq həyatda qalmalarını və təbiətin sərt qovğalarına dözməyi şərtləndirmişdir. Coğrafi məkanla bağlılıq təşkil edən əmtəə və məhsullar sivilizasiyanın sonrakı inkişaf dövrlərində, sərhədlərin cızılması və dövlətlərin yaranması ilə bahəm əmtəənin mənşə yerinin adı kimi müstəqil şəkildə qeydiyyata alınmış və onun qorunmasına dair müvafiq hüquqi aktlar qəbul edilmişdir.

Xatırladaq ki, keçən ayın sonlarında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) və Patent və Əmtəə Nişanları Mərkəzinin birgə keçirdiyi subregional seminarda bir daha Azərbaycanın coğrafi adlarla bağlı əmtəələri, məhsulları nümayiş olundu. Yeri gəlmişkən qeyd edək ki, mərkəzdə regionlarımıza aid mənşə yeri ilə bağlı məhsullarımızın - istər kənd təsərrüfatı məhsulları, sənətkarlıq nümunələri, mineral sular, istərsə də faydalı qazıntılara aid məhsullar (duz, mərmər) olsun, onların axtarılıb tapılması və dəqiq siyahısının tərtib edilməsi məqsədilə işçi qrupun yaradılması nəzərdə tutulub və bununla əlaqədar müvafiq qurumlara müraciətlər ünvanlanıb.

 

“Azərbaycan brendləri” adlı albom-kataloq hazırlanır

 

Prezident İlham Əliyevin “Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası” ilə bağlı 5 oktyabr 2016-cı ildə imzaladığı fərmanla əlaqədar Patent və Əmtəə Nişanları Mərkəzinin də üzərinə böyük vəzifələr düşür və bu istiqamətdə konkret işlər həyata keçirilir.

Azərbaycan brendlərinin tanınmasının qanuni tərəfləri ilə məşğul olan bir təşkilat kimi mərkəzin imkanları daha genişdir. Məlumdur ki, yerli məhsulların dünya bazarına çıxarılması üçün brend olması önəmlidir. Bu baxımdan iqtisadiyyatımızın müxtəlif sahələrinə dair brendləri - əmtəə nişanlarını xarici və daxili iş adamlarına təqdim etmək, tanıtmaq və təbliğ etmək niyyəti ilə ölkə başçısının “Made in Azerbaijan” brendi ilə bağlı çağırışına ilk qoşulanlardan biri də məhz Patent və Əmtəə Nişanları Mərkəzinin olması təsadüfi deyil. Hazırda Azərbaycanın qeyri-neft məhsullarının xaricdə daha sivil formada təşviqi məqsədilə mərkəzdən şəhadətnamə almış və daxili bazarda kifayət qədər tanınan şirkətlərin əmtəə nişanlarından ibarət “Azərbaycan brendləri”adlı albom-kataloq hazırlanır. Sənaye mülkiyyəti obyektlərinin növlərindən biri olan əmtəə nişanları uzun inkişaf yolu keçmişdir. Sadə damğadan nüfuz və keyfiyyət göstəricisinə çevrilən əmtəə nişanları şirkətlərə milyardlarla dollar gəlir gətirməklə yanaşı, əqli mülkiyyətin ayrılmaz hissəsi kimi dövlətlərin iqtisadi inkişafına güclü təkan verir. Mərkəzdə olarkən öyrəndik ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə universitetlərdə, elmi-tədqiqat və təcrübi-konstruktor müəssisələrində Texnologiya və İnnovasiyalara Dəstək mərkəzlərinin (TİDM/TİSC) yaradılması ilə bağlı təşəbbüsə qoşulan Patent və Əmtəə Nişanları Mərkəzi bu layihədən irəli gələn bəzi struktur yeniliklərinin də icrasına başlayıb.

İqtisadi tərəqqi naminə sənayenin səmərəliliyinin artması üçün yeni texnologiyalar, yanaşmalar və ixtiraların tətbiqi həlledici əhəmiyyətə malikdir. Bu həm də ixtiraçıya və ya elmi araşdırma mərkəzinə intellektual fəaliyyətindən mənfəət əldə etməyə zəmanət mexanizmidir. Digər bir önəmli məqam isə odur ki, müasir sənayenin rəqabətliyini artırmaq investisiyaların həcmi ilə deyil, daha çox innovativliyin səviyyəsi ilə ölçülməsidir. Rəqabətqabiliyyətli və innovativ sənaye müasir dünya bazarına çıxış üçün həlledici faktordur. İnnovasiyalı inkişafın mayasında texnologiyaların kommersiyalaşması dayanır. Ali tədris məktəblərinin, elmi-tədqiqat müəssisələrinin, təcrübi-konstruktor bürolarının yaradıcı əməklərinin nəticələrinin bazara çıxarılması, istehlakçıya çatdırılması və onlara müəyyən olunmuş hüquqların təsdiqlənməsi innovasiyaların kommersiyalaşması prosesinin əsas faktorlarını təşkil edir. Yeni kiçik innovasiyalı müəssisələrin yaradılmasının stimullaşdırılması, müəssisələrdə innovasiyaların istifadəsi imkanlarının artırılması, universitetlərin və elmi təşkilatların müxtəlif kampaniyalarla, sənaye sektoru ilə əməkdaşlığının sürətləndirilməsi və şirkətlərin yeni texnologiyaların istifadəsinə həvəsləndirilməsi kommersiyalaşma prosesinin əsas istiqamətləridir. Beynəlxalq təcrübə göstərir ki, bu istiqamətlər, eyni zamanda elmi-tədqiqat sahəsində qanunvericilik bazasının və normativ hüquqi tənzimləmənin təkmilləşdirilməsini tələb edir.

Patent və Əmtəə Nişanları Mərkəzində bu məqsədlə yeni departament - İnnovasiyalar Departamenti və onun 2 şöbəsi - Texnologiyaların transferi və kommersiyalaşması Mərkəzi və Təlim Mərkəzi yaradılıb. Əsas məqsəd tədqiqat və sənaye strukturlarının əməkdaşlığını təşkil, dövlət və qeyri-dövlət sektoru tərəfindən onların inkişafına sərmayələri isə təşviq etməkdir.

 

Elnur HADIYEV

 

Azərbaycan.- 2017.-20 iyun.- S.7.