Milli maraqları layiqincə təmin edən müstəqil siyasət

 

Azərbaycan dünya birliyinin fəal və qəbul edilən üzvü kimi beynəlxalq mövqelərini ildən-ilə gücləndirir. Rəsmi Bakının həyata keçirdiyi daxilixarici siyasət milli maraqlarımızı, dövlətimizin qlobal miqyasda mövqelərini layiqincə təmin edir. Eyni zamanda bu siyasət müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya verərək özünü uğurla doğruldur.

 

Regionun aparıcı dövləti

 

Respublikamız həm də Cənubi Qafqaz regionunda sabitləşdirici rol oynayan dövlət, Avropa ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadienerji layihələrinin təşəbbüsçüsü və təşkilatçısı kimi böyük nüfuz, etibar qazanıb. Tarixi İpək yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun və “Cənub qaz dəhlizi”nin çəkilməsinə başlanması Azərbaycanın regionda lider mövqelərini daha da möhkəmləndirib. Ona görə bu gün ölkəmiz mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, perspektivli tərəfdaş hesab edilir. Beləliklə, geosiyasi çəkisi sürətlə artan Azərbaycan həm də regionda sabitləşdirici faktor kimi çıxış edir.

Ümumiyyətlə, indiyədək Cənubi Qafqazı əhatə edən hər bir layihənin taleyi Azərbaycanın bölgədəki əvəzolunmaz rolundan xəbər verir. Bunu xüsusən tək Azərbaycanın deyil, Orta Asiya dövlətlərinin də karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxaran enerji layihələrinin həyata keçirilməsi göstərir. Zaman Azərbaycanın bu təşəbbüslərinin nə qədər düzgün olduğunu təsdiq edir. Çünki bu gün dünya siyasətinin ən aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Təsadüfi deyil ki, çağdaş dünyamızda baş verən müharibələr, ekolojihumanitar fəlakətlər, enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin və mübahisələrin yaşanması ayrı-ayrı dövlətlərdən enerji təhlükəsizliyi üçün daha ciddi düşünməyi, xüsusən alternativ nəql sistemlərinin yaradılması istiqamətində əməli hərəkətə keçməyi tələb edir. Bu baxımdan zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın marşrutların genişləndirilməsi ilə bağlı yeni təşəbbüsləri də alternativ nəql imkanlarının axtarışında olan Avropanın diqqətini cəlb edir. Digər tərəfdən, Azərbaycan rəhbərliyi neft və qazın nəqli marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyib, xüsusən bu sahədə müxtəlif layihələr üzərində baş sındıran Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfələr verməyə hazır olduğunu bəyan edib. Ona görə bir çox ölkələrin enerji təhlükəsizliyinin təminatına böyük töhfələr verən respublikamız dünya birliyində etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirib.

Prezident İlham Əliyev Azərbaycanın regionda mühüm dövlətə çevrilməsi ilə bağlı deyib: “1993-cü ildən etibarən hər ili uğurlu il hesab etmək olar. Bu gün biz beynəlxalq aləmdə hörmət olunan ölkəyik. Bir neçə il əvvəl biz BMT üzvlərinin mütləq əksəriyyəti, 155 ölkə tərəfindən BMT Təhlükəsizlik Şurasının üzvü seçildik. Bu, dünyanın Azərbaycana olan dəstəyinin və hörmətinin ən yüksək göstəricisi oldu. Biz iqtisadi cəhətdən sabit, müstəqilik. Biz müstəqil siyasət həyata keçiririk. Qonşularımızla çox yaxşı əlaqələrimiz vardüşünürük ki, dünya yalnız əməkdaşlıq və qarşılıqlı hörmət vasitəsilə və bir-birinin işlərinə qarışmamaq şərti ilə uğurla inkişaf edə bilər”.

Əlbəttə, dövlətin və xalqın inkişafı, yüksəlişi, dünya birliyindəki yerinin müəyyən olunması ona rəhbərlik edən şəxslərdən əhəmiyyətli dərəcədə asılıdır. Tarix bunu hər bir güclü dövlətin təcrübəsində sübut edib. Müstəqil Azərbaycanın da 1993-cü ildən sonra yazılan tarixinə nəzər salsaq, bunu aydın görə bilərik. Məhz ulu öndər Heydər Əliyevin başladığı və bu gün Prezident

İlham Əliyevin həyata keçirdiyi siyasi kurs güclü Azərbaycan dövlətinin qurulmasını, onun yerləşdiyi bölgənin liderinə, dünyada isə söz sahibinə çevrilməsini təmin edib.

 

Öz taleyinin sahibi

 

Bu gün beynəlxalq münasibətlər sistemində baş qaldıran təbəddülatlar, dünyanı cənginə alan maliyyə-iqtisadi böhran, enerji təhlükəsizliyi məsələlərinin getdikcə daha aktual şəkil alması, sivilizasiyalararası dialoqun təhdidi məlum dövlətləri həyata keçirdikləri siyasətə yenidən baxmağa vadar edir. Mövcud reallıqlar göstərir ki, bir sıra dövlətlər dünyada nəyin baş verib-verməməsindən asılı olmayaraq, ümumiyyətlə, nəinki müstəqil xarici, hətta daxili siyasət belə həyata keçirə bilməkdən məhrumdurlar. Həmin ölkələr öz siyasətlərini kənar təsirlərlə uzlaşdırmaq, müəyyən diktələri qəbul etmək məcburiyyətindədirlər. Onların siyasi hakimiyyətlərinin həm beynəlxalq məsələlərlə bağlı baxışları, həm də daxili həyata hesablanmış addımları mütləq vassallığında olduqları dövlətlərlə razılaşdırılır. Xüsusən, Ermənistanın beynəlxalq əməkdaşlığı kənar dövlətlərlə, hətta xaricdəki diaspor təşkilatları ilə razılaşdırmadan həyata keçirməsinin mümkünsüzlüyü, daxili iqtisadiyyatın aparıcı sahələrinin, energetika sektorunun tamamilə xarici investorlardan asılı vəziyyətə düşməsi bu ölkənin müstəqil siyasətinin olmamasını təsdiqləyən faktorlardır.

Məsələyə bu kontekstdən yanaşsaq, əminliklə deyə bilərik ki, regionun lider dövləti olan Azərbaycan həm də tam müstəqil siyasət yeridən, öz taleyini özü müəyyən edən dövlətdir. Digər tərəfdən, Şərq və Qərbin qovuşuğunda yerləşən Azərbaycan həm Avropa, həm də Asiya dövlətləri və təşkilatları ilə müstəqil, ən əsası, milli maraqlarımıza uyğun əməkdaşlıq edir. Azərbaycan həm Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.

Hər iki təşkilat da Azərbaycan torpaqlarının işğalını pisləyən və Ermənistan qoşunlarının respublikamızın ərazilərindən çıxarılmasını tələb edən müvafiq sənədlər qəbul ediblər. Prezident İlham Əliyev bunu ölkəmizin uğurlu siyasəti kimi dəyərləndirib: Bu, doğrudan da nadir bir vəziyyətdir. Çünki dünyada hər iki təşkilata üzv olan ölkələrin sayı o qədər də çox deyil və hər iki təşkilatda rəğbət, dəstək qazanmaq, əlbəttə ki, bizim böyük uğurumuzdur. Biz bunu nəyin hesabına qazanmışıq? Hesab edirəm ki, səmimi siyasətimizə görə. Ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Ona görə ki, biz sözümüzü imzamız qədər qiymətləndiririk və əgər nəyisə deyiriksə, buna əməl edirik. Heç vaxt yalançı vədlər verməmişik. Heç vaxt kiminsə xoşuna gəlmək üçün hər hansı bir addım atmamışıq. Prinsipial mövqeyimizi nümayiş etdirmişik. Eyni zamanda, biz həm ölkə daxilində, həm beynəlxalq müstəvidə uğur qazanmışıq”.

Azərbaycan dövləti xarici siyasətdə elan etdiyi prioritetlərə uyğun dünyanın ayrı-ayrı subyektləri ilə özünün siyasiiqtisadi əməkdaşlığını tamamilə bərabərhüquqlu tərəfdaşlıq formatında qurur. Nəinki qurur, o cümlədən inkişaf etdirir, keyfiyyətcə yeni mərhələyə qaldırır. Bu münasibətlər bəzi ölkələrlə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ölkəmizin NATO, ATƏT, Aİ kimi beynəlxalq təşkilatlarla da sıx qarşılıqlı münasibətləri var. Bu qurumlarla qarşılıqlı əməkdaşlıq münasibətləri müxtəlif sahələri əhatə edir. Bu əlaqələr və qarşılıqlı faydalı münasibətlər regionda sabitliyinsülhün təmin olunmasına töhfə verir, eyni zamanda əmin-amanlığın, ərazi toxunulmazlığının qorunması istiqamətində prinsipial mövqe nümayiş etdirən Azərbaycanın dünya birliyinə təsir imkanlarını daha da genişlənir. Azərbaycan Ordusunun bölmələri ayrı-ayrı ölkələrdə əmin-amanlığın təmin olunmasında iştirak edir, beynəlxalq terrorçuluqla mübarizədə öz sözlərini deyirlər.

Azərbaycanda dövlət adından qəbul edilən bütün qərarlar yalnız dövlətimizin özünün müstəqil qərarlarıdır. Bununla bağlı kifayət qədər və beynəlxalq səviyyədə öz təsdiqini və dəstəyini tapmış faktlar ortaya qoymaq mümkündür. Bunların bəziləri barədə yuxarıda söz açıldı. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti, Qərblə Şərqi, Şimalla Cənubu birləşdirən kommunikasiya xətlərinin reallaşmasındakı təşəbbüsləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ortaya qoyduğu prinsipial mövqeyi, öz ərazilərini məhz dialoq və əməkdaşlıq üçün açıq olduğunu birmənalı şəkildə elan etməsi və sair məsələlər bu barədə kifayət qədər aydın fikir yeritməyə əsas verir.

Bütün bunlar göstərir ki, Prezident İlham Əliyev ölkəmizin inkişafına və təhlükəsizliyinə nail olmaqla yanaşı, dünya birliyində onun mövqelərini davamlı şəkildə gücləndirib. Dövlət başçısının fəaliyyəti ölkəmizdə milli birliyin, sabitliyin möhkəmlənməsinə, Azərbaycanın regional və beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxarıb. Dəfələrlə sübut olunub ki, Azərbaycan heç bir dilemma qarşısında deyil, hansısa məsələdə tərəddüdü yoxdur. Ölkəmizin sosial, siyasi, iqtisadi həyatına kiçik bir məsələnin diktə edilməsi isə mümkün deyil. Bu da bir daha onu təsdiq edir ki, müstəqil siyasətin fəlsəfəsində müstəqil qərarların qəbul edilməsi dayanır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2017.-22 iyun.- S.1; 5.