Azərbaycan parlamenti “Azərbaycan” qəzetində

 

(Professor Şirməmməd Hüseynovun “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” üçcildliyi barədə qeydlər)

 

Gələn ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin və ümumiyyətlə, müasir Azərbaycan dövlətçiliyinin yüz yaşı tamam olur. Azərbaycan xalqı bu yüz il ərzində bir neçə min illik zəngin dövlətçilik ənənələrinə (və təcrübəsinə) əsaslanaraq milli dövlət quruculuğu uğrunda bütün varlığı ilə ardıcıl mübarizə aparmış, qurbanlar vermiş, hər cür müdaxilələrə - daxildən və xaricdən gələn müxtəlif xarakterli dağıdıcı təsirlərə, təzyiqlərə baxmayaraq, öz təbii istiqlal arzularını, ideallarını təsdiq etmişdir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyir: “1918-ci ilin mayında Azərbaycanda, müsəlman aləmində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Azərbaycan xalqının həyatında böyük hadisə baş verdi. Xalqımız, millətimiz müstəqil, sərbəst yaşamaq iradəsini dünyaya nümayiş etdirdi. Azərbaycan Xalq Cümhuriyyəti özünün qısa ömrü dövründə dəyərli fəaliyyət göstərmişdir və Azərbaycan xalqının müstəqil olmaq iradəsini nümayiş etdirmişdir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli sərəncamı bir daha təsdiq edir ki, müasir Azərbaycan dövlətçiliyi öz tarixi köklərinə, mənbələrinə, istiqlal ənənələrinə həmişə sadiq olmuş və bu gün də sadiqdir.

Sərəncamda deyilir: “Azərbaycan Xalq Cümhuriyyəti məhz dünyanın siyasi nizamının yenidən qurulduğu bir vaxtda, XIX əsrin axırları və XX əsrin əvvəllərində Azərbaycanın yaşadığı parlaq mədəni yüksəliş mərhələsinin məntiqi yekunu kimi meydana çıxmışdır”.

Və milli mentalitetdən irəli gələn demokratik birgəyaşayış texnologiyalarına əsaslanmasının nəticəsi idi ki, Azərbaycan Xalq Cümhuriyyəti özünü yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də tanıda, təmsil etdiyi xalqın tamamilə təbii, qanuni olan siyasi təsisatı kimi meydana qoya bildi.

Sərəncamda deyilir: “Cümhuriyyət parlamentinin il yarımlıq fəaliyyəti boyunca qəbul etdiyi qanunlar milli dövlətin müstəqilliyinin möhkəmləndirilməsinə, siyasi və iqtisadi inkişafa, mədəniyyət və maarif sahələrində sürətli irəliləyişə imkan verdi. Azərbaycan Xalq Cümhuriyyəti daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmağa və bir-birinin hüquqlarına hörmət prinsipləri əsasında münasibətlər qurmağa cəhd göstərirdi. Dünya birliyi tərəfindən tanınmış Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində Azərbaycanın beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı”.

Professor Şirməmməd Hüseynovun böyük istedad, zəhmət və məsuliyyət ilə hazırladığı üçcildlik “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər (noyabr 1918- aprel 1920)” kitabı (I c., 2015; II c., 2016; III c., 2017) Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinə görkəmli alim-jurnalistin, Azərbaycan ziyalısının dəyərli ərməğanıdır.

Kitabın birinci cildinin ön sözündə göstərilir ki, “Cümhuriyyət tarixinin ən mötəbər salnaməsi “Azərbaycan” qəzetidir. Bu möhtəşəm dövrün 443 gününün tarixi zamanın kollektiv yaddaşı olan bu qəzetin 443 nömrəsinin səhifələrində həkk olunmuşdur”.

“Azərbaycan” qəzetinin 17 noyabr 1918-ci il tarixli nömrəsində Azərbaycan parlamentinin açılışı aşağıdakı şəkildə təsvir edilir:

“16 təşrini-sani saat 1-də təyin edilmiş olan iclas saat 2:15 dəqiqədə açılıyor. Hələ saat 12-dən iclasın intizarında yüzlərlə adam duruyor. Nəhayət, Məclis açılıyor. Şurayi-Milli əzası və nazirlər qabaqca hazırlanmış yerləri işğal ediyorlar. Əcnəbi məmləkət nümayəndələrindən Gürcüstan və Dağıstan hökumətləri nümayəndələri, erməni və rus Milli şuraları nümayəndələri və İran general konsulu isbati-vücud ediyorlardı.

Salon tamaşaçılarla dolu idi.

Rəsulzadə Məhəmməd Əmin bəy cənabları sədr yerini tutaraq iclası açıyor”...

Məhəmməd Əminin bu müxtəsər açılış nitqi, həqiqətən, tarixi bir çıxışdır:

“Möhtərəm Şura əzası! Bu gün Azərbaycan Şurayi-Millisi Azərbaycanın baş və ayrılmaz bir əzasını təşkil edən paytaxtında açılıyor. Azərbaycanlılar, necə ki hamınıza məlumdur, heç vəqt hürriyyət və istiqlaliyyət fikrindən ayrılmayaraq daima bu uğurda çalışmış, mübarizə eləmişlərdir...

...Bu gün biz azərbaycanlılar Şuraya yığıldıqda Milli Şura əzaları və bütün hüquqi-milliyyənin müdafiəsi üçün firqə nizai, sinif münaqişəsi və sairəyi kənara ataraq əl-ələ versək, müttəhidən çalışsaq, əmin olmalıdır ki, vicdani-bəşərdə yerləşmiş olan hüquqi-milliyyədən məhrum qalmazız”.

Professor Şirməmməd Hüseynovun əsas xidməti ondan ibarətdir ki, “Azərbaycan” qəzetinin, demək olar ki, bütün nömrələrini araşdırmış, parlamentin fəaliyyətinə dair ən zəruri materialları seçib təqdim etmiş, bu gün anlaşıqlı olmayan sözlərin dəqiq izahını vermişdir.

Qəzetdə gedən parlament hesabatları, parlament iclaslarının indiyə qədər, çox yaxşı ki, mühafizə edilmiş stenoqrafik hesabatlarından onunla fərqlənir ki, qəzet hesabatları daha dolğun, daha mükəmməl hazırlanmış, peşəkar (və geniş dünyagörüşlü) redaktorların zəruri ümumiləşdirmələrilə çap olunmuşdur. Doğrudur, parlamentin fəaliyyətini daha təfsilatlı, daha dərindən, hətta belə demək mümkünsə, hərfi-hərfinə öyrənmək istəyən tədqiqatçıların stenoqrafik materiallarla işləməsi vacibdir, lakin geniş oxucu kütləsinin marağını, ehtiyacını ödəmək baxımından professor Şirməmməd Hüseynovun üçcildliyi əvəzedilməzdir... Və elə anlaşılmasın ki, bu sözlərlə kitabın elmi dəyərini azaltmış oluruq, əksinə, demək tistəyirik ki, həmin nəşr Cümhuriyyət parlamentinin “fəaliyyət fəlsəfəsi”ni daha rahat, mübahisəsiz və tərəfsiz dərk etmək, bu fəaliyyətin tarixi mahiyyətini düzgün təsəvvür etmək üçün geniş ideya-metodoloji imkanlar açır.

Şirməmməd müəllim yazır:

“Məlumdur ki, qanunvericilik və icra orqanının fəaliyyəti ilə əlaqədar qəzetdə xeyli qiymətli yazılar var. Mən burada millət vəkilləri, hökumət başçıları və nazirlər, fraksiya rəhbərləri və üzvlərinin, müxtəlif komissiyaların fəaliyyətinə dair yazıları nəzərdə tuturam. Məsələn, mən M.Ə.Rəsulzadənin parlamentdəki çıxışlarını toplayıb xüsusi bir cilddə vermək istəyirdim. Ancaq gördüm ki, onları parlament müzakirələrindən ayırıb nəşr etmək mümkün deyil”.

Bu isə o deməkdir ki, üçcildliyin müəllifi sadəcə tekstoloq işi görməmiş, mətnlərin seçilib sistemləşdirilməsini ideya-metodoloji səviyyədə aparmış, həm parlament hesabatlarını, həm də parlamentdə müzakirə olunmuş məsələlər ətrafındakı mübahisələri, mövqeləri (həmin mövqelər bir tərəfdən siyasi mənsubiyyətləri əks etdirirsə, digər tərəfdən ölkənin düşdüyü mürəkkəb siyasi, sosial-iqtisadi və mədəni şəraitdən irəli gəlir) miqyaslı, təfərrüatlı bir şəkildə nəzərə çatdırmışdır.

M.Ə.Rəsulzadənin “Bütün Azərbaycan əhalisinə!” başlıqlı müraciətnaməsi, Üzeyir Hacıbəylinin “Azərbaycan parlamenti” məqaləsi, “Azərbaycan Parlamanı ətrafında” məlumatları Fərhad Ağazadənin “Parlamandan nə tələb olunur?” yazısı, eləcə də ölkənin müxtəlif guşələrindən - Bakıdan, Gəncədən, Şəkidən, Qazaxdan, Ağdamdan, Kürdəmirdən, Qubadan... gəlmiş təbrik məktubları parlamentin ilk iclası keçirilməmişdən bir-iki gün əvvəl “Azərbaycan” qəzetində dərc edilərək milli ictimai şüuru belə bir mühüm məqsəd və mərama hazırlamaq istəmişdir ki, yeni qurulan parlament bütünlüklə xalqın iradəsini ifadə edəcək, ona bəslənən tarixi ümidləri, əlbəttə, mövcud imkanlar daxilində, layiqincə doğruldacaqdır.

Xüsusi olaraq qeyd etmək lazım gəlir ki, Şirməmməd müəllimin kitabı parlamentin, ümumən Cümhuriyyətin (çünki ölkənin elə bir problemi yox idi ki, burada müzakirə edilməsin) tarixini əks etdirməklə yanaşı, son dərəcə maraqlı bir roman kimi oxunur... Və bu romanın süjet xəttini parlamentin iclasları, detal və təfərrüatları isə çox mükəmməl bir şəkildə M.Ə.Rəsulzadənin, Ü.Hacıbəylinin, Xəlil İbrahimin, F.Ağazadənin, Ö.F.Nemanzadənin, Əhməd Həmdinin... məqalə-təəssüratları təşkil edir.

Yeri gəlmişkən, Şirməmməd Hüseynov Azərbaycan elmi ictimaiyyətinə adı o qədər də məlum olmayan, ancaq xüsusilə parlamentin fəaliyyətinin son beş ayında “Azərbaycan” qəzetində əlliyə qədər yazısı dərc edilmiş Əhməd Həmdi haqqında ilk dəfə mötəbər məlumat-materiallar əldə etmişdir ki, buraya M.Ə.Rəsulzadənin “Əməkdaş haqqında” məqaləsi də daxildir.

“Azərbaycan” qəzetinin təqdimatından (və Şirməmməd müəllimin kitabından) görünür ki, parlament müzakirələri olduqca canlı, predmetli və dramatik keçmişdir. Hətta Məclisdə böyük nüfuz və son söz sahibi olan M.Ə.Rəsulzadə belə ciddi tənqidə məruz qalmış, iclasa sədrlik edən Həsən bəy Ağayev firqə təəssübkeşliyi üstündə məzəmmət olunmuş və nəticə etibarilə Müsavatın təklifi keçməmişdir:

“Sədr: - Təklif var ki, müzakirə bitsin.

Səmədağa: - Hər zaman Məhəmməd Əmin əfəndinin nitqindən sonra təklif varid olur ki, müzakirə bitsin. Bu bizim Parlamanımızda bir adət olmuşdur. Bən təklif ediyoram, bu adət götürülsün. Müzakirə hələ bitməsin.

...Sədr təklifi səsə qoyur. Əksəriyyəti ilə təklif keçmiyor. Müzakirə qət edilməyərək davam ediyor”.

Kitabı oxuduqca bütün bu dramatik münasibətlərin, sözgüləşdirmələrin fövqündə dayanan bir idealın daim mövcud (və mübahisəsiz) olduğunu təsəvvür etməmək mümkün deyil ki, o da xalqın özünün özünəinamının get-gedə artmasıdır... Məsələn, parlamentin 12 may 1919-cu il tarixli iclasında sədr Nəsib bəy Yusifbəyli belə bir bəyanat verir:

“Paytaxtımızı general-qubernatorluq elan edən Tomson, mətəəssüf, ərz eləməliyəm ki, bütün daxili işlərimizə müdaxilə ediyordu. Lakin gün-gündən bu münasibət dəgişildi.

...Bu axır günlərdə onlar çox diyorlar ki, biz gördük və anladıq ki, siz özünüzü idarə edə bilirsiniz. Sizin daxili işlərinizə müdaxilə etmək artıqdır”.

Və Nəsib bəyin əlavə etdiyi aşağıdakı sözlər isə alqışlarla qarşılanır:

“Əlbəttə, biz istəmiyoruz və istəməyəcəgiz ki, kim olursa-olsun, xahi ingilis və xahi başqa bir dövlət bizim işlərimizə müdaxilə eləsin... Özümüz özümüzü idarə etməyə ləyaqətimiz vardır. Və idarə də edə biləriz”.

Məlumdur ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı məsələlər həmişə parlamentin diqqət mərkəzində olmuş, bu sahədə olduqca gərgin mübarizə aparılmışdır... Azərbaycanın tarixi ərazisində yaradılmış qondarma Ermənistan dövləti öz himayədarlarına arxalanaraq Qərbdən, bir sıra qüvvələr isə Şimal və Cənubdan gənc respublikanın yüzillər boyu məhz azərbaycanlılarla məskun tarixi coğrafiyasını təhdid etdikləri kimi, ölkənin Xəzər dənizi hüdudlarına da göz dikmişlər. Və Azərbaycan dövlətinin bu məsələdəki mövqeyini Üzeyir Hacıbəyli “Əsassız tələb” məqaləsində obrazlı olduğu qədər də dəqiq əks etdirir:

“Dabrovol komandası - dünki nömrəmizdə yazıldığı üzrə - “tələb” edir ki, bəhri-Xəzərdə Azərbaycanın nə ticarət və nə də hərbi gəmiləri olmasın.

...Azərbaycan üçün dəniz məsələsi - can məsələsidir. Bu məsələyə əl vurmaq - Azərbaycanın canına toxunmaqdır. Azərbaycan Bakı dənizində hərbi gəmilər saxlamaqla heç kəsi qorxutmaq və heç bir kəsin yerinə təərrüz etmək fikrində deyildir... Azərbaycanın özgələr yerinə göz dikdigini heç kəs xəyalına belə gətirməz. Halbuki özgələrin Azərbaycan torpağı haqqındakı təcavüzkaranə fikri cümləcə məlumdur”.

Cümhuriyyət parlamentinin fəaliyyətinin bir mühüm cəhəti də o olmuşdur ki, xalqa, cəmiyyətə tamamilə açıq idi və “Azərbaycan” qəzeti də çalışırdı ki, bu fəaliyyət mümkün qədər geniş (və obyektiv) işıqlandırılsın... Məsələn, qəzetin 9 dekabr 1919-cu il tarixli nömrəsində Əhməd Həmdinin “Azərbaycan Parlamanının birinci illiyi” adlı o qədər də həcmli olmayan bir məqaləsi getmişdir, lakin həmin məqalədə hətta bugünkü ictimai-siyasi jurnalistikamızın, xüsusilə parlament müxbirlərimizin nümunə götürəcəyi bir səviyyədə mükəmməl ümumiləşdirmə ilə rastlaşırıq.

Müəllif göstərir ki, ötən bir il Azərbaycan parlamenti üçün o dövr oldu ki, “fövqəladə bir surətdə vicdan təzahüratını meydana çıxar”dı... Və məqalədə maraqlı bir müqayisə verilir... Bir vaxtlar Napoleon Prussiyanın paytaxtını tutanda almanlar azadlıq ümidlərini tamam itirib pərişan olurlar və bu ağır günlərdə “millətinin hiss və fikirlərinə tərcüman olan professor Fixte bütün Berlin cəmaətini Berlin darülfünununun zalına toplayaraq demiş idi:

“Almanlar! Bugünki uğradığımız fəlakət, nə fəsadlarda şədid və faş olsa da, bizi almanca düşünməkdən, almanca dərdlərimizi söyləməkdən kimsə mən edəmməz...”

Azərbaycan Parlamanı da o fəlakətli dəmlərdə, o mütərəddid və mübhəm zamanlarda bir şeyə müvəffəq olmuş idi ki, o da lisani-milli ilə hər təsirini, hər fikrini söyləmiş, millətin həyəcan və hissiyyati-ümumiyyəsini bir mərkəzə toplayaraq tərcüman olmuş idi”.

Bundan sonra müəllif bir il ərzində müxtəlif nazirliklərdən neçə qanun layihəsi təqdim olunduğu, Məclisdə neçəsinin təsdiq edildiyi, neçəsinin isə geri qaytarıldığı barədə məlumat verir; məsələn: “Hərbiyyə nəzarətindən 9 qanun layihəsi gəlmiş, 7- si qəbul, 2-si də rədd edilmişdir.

Hərbiyyə nəzarətinin əhəmiyyətini tərifə hacət varmı? Əlbəttə, bütün qüvvət və gücümüzün mərkəzi oradadır.

Onun üçün də hərbiyyə nəzarətinin yeni-yeni qanun layihələri məmləkətimizin qüvvayi-hərbiyyəsi cəhətilə böyük əhəmiyyəti olacağından bütün azərbaycanlılar bundan müstəfid olacaqdır.

Hərbiyyə nazirimizin qeyrət və əzmi məlumdur.

Binaənileyh: ümidimiz də qüvvətlidir”.

Göründüyü kimi, bu hesabat-icmalda həm konkret faktlar, həm nəticə-ümumiləşdirmələr var, həm də təklif-ümidlər...

Cümhuriyyət parlament respublikası olduğundan bütün dövlət məsələləri məhz burada həll edilirdi.

Və Şirməmmməd müəllimin Cümhuriyyət lideri M.Ə.Rəsulzadədən verdiyi aşağıdakı epiqraf bunu bir daha (və bütün siyasi emosionallığı ilə) təsdiq edir:

“Millət Məclisi məmləkətin bütün sinif və millətlərini təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf yapılmaz, heç bir müharibə başlamaz, heç bir barışıq imzalanmazdı. Hökumət Məclisin etimadını qazananda qalır, itirəndə düşürdü. Ortada hakim olacaq vasitə-vəzifə yox idi. Parlament hakimi- mütləq idi”.

Üçcildliyin ikinci cildinin əvvəlində Şirməmməd müəllim Cümhuriyyət parlamentinin fəaliyyətini, eləcə də ümumən ölkənin iqtisadi, ictimai-siyasi və mədəni vəziyyətini işıqlandırmaqda “Azərbaycan” qəzetinin tarixi rolunu təsəvvür etmək üçün bir neçə mötəbər sənəd vermişdir ki, bunlardan ən mühümü “Azərbaycan” qəzetinin 9 oktyabr 1919-cu il tarixli nömrəsində dərc olunmuş “Azərbaycan”ın birinci səneyi-davamiyyəsi” adlı redaksiya məqaləsidir. Həmin məqalədə (kitab müəllifi tutarlı dəlillərlə sübut edir ki, bu məqaləni M.Ə.Rəsulzadə yazmışdır) deyilir:

“Azərbaycan” mühərrirləri böyük bir xülus və safiyyətlə əllərində tutduqları qələm ilə ancaq bir hədəf və bir qayəyi gözlərinin önündə bulundurmuşlardır ki, o da məmləkətin səlaməti, millətin hürriyyəti-siyasiyyəsi, fikri-istiqlaliyyətin qüvvətlənməsidir. Bu üç şüar bittəb bu gün ümum əfradi-millət arasında söylənib təkrar edilməkdə və mətbuat isə bunu təqviyə eləməkdədir”.

M.Ə.Rəsulzadə milli azadlıq hərəkatında mətbuatın, ilk növbədə “Azərbaycan” qəzetinin tarixi rolunu yüksək qiymətləndirmişdir:

“İştə “Azərbaycan”ın birinci səneyi-davamiyyəsini biz bu gün qeyd edər ikən bütün mühərrirlər və mütəfəkkirlərimizin də ülvi və həqiqətpərvər bir qayə ilə həyati-təhriyyələrinə davam edərək cəmaətimiz üçün görəcəkləri fikri xidmətin mənəvi mükafat və qədri də, əlbəttə, yaddan çıxmaz”.

Gələn il Azərbaycan Cümhuriyyəti (və onun parlamenti) ilə birlikdə “Azərbaycan” qəzetinin də yüz yaşı tamam olur.

Şirməmməd müəllim üçcildliyin üçüncü cildinin əvvəllərində Cümhuriyyət “Azərbaycan”ının varisi olan bugünkü “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun “Azərbaycan - 100: istiqlalımızın yadigarı, həmyaşıdı və tərənnümçüsü” məqaləsini də vermişdir.

Bəxtiyar müəllim bu səmimi məqaləsində professor Şirməmməd Hüseynovun kitabını yüksək qiymətləndirdikdən sonra yazır:

“Təəssüf ki, “Azərbaycan”ın Cümhuriyyət dövründə nəşr edilmiş 443 nömrəsi bu gün də hamı üçün əlçatan deyildir. Hətta redaksiyamızın bütün cəhdlərində - Azərbaycandakı bütün arxivlərə, respublika Mədəniyyət Nazirliyinə, M.F.Axundov adına Milli Kitabxanaya, Rusiyadakı Azərbaycan diasporunun bəzi tanınmış üzvlərinə (eşitdiyimizə görə, Moskva və Sankt-Peterburq şəhərlərindəki mərkəzi kitabxanalarda “Azərbaycan” qəzetinin bütün nüsxələri tam halda saxlanılır) dönə-dönə müraciətlərinə baxmayaraq, indiyədək həmin 443 nömrənin ksero-surətini əldə edə bilməmişik...

Yenə ümidimiz qalıb sevimli müəllimimiz Şirməmməd Hüseynova!..

Əlbəttə, keçən il 25 illiyini təntənə ilə qeyd etdiyimiz bugünkü müstəqil Azərbaycan dövləti nə daxili, nə də xarici (beynəlxalq) vəziyyətinə görə öz sələfi ilə müqayisə oluna bilmədiyi kimi, bugünkü “Azərbaycan” qəzeti də Cümhuriyyət “Azərbaycan”ı ilə müqayisəyə gəlmir. Kifayət qədər zəngin, hətta demək olar ki, inqilabi bir inkişaf yolu keçilmiş, həm Azərbaycan cəmiyyəti, həm də Azərbaycan jurnalistikası böyük uğurlar əldə etmişdir... Bununla belə, heç zaman unutmaq olmaz ki, ölkəmiz, xalqımız, ictimai- mənəvi varlığımız hansı dövrlərdən, mərhələlərdən (və mübarizələrdən!) keçərək bu günə gəlib çıxmışdır...

Və heç zaman unutmamışıq!.. Hətta yasaqlar, təzyiqlər, repressiyalar vasitəsilə buna nail olmaq istəsələr belə!..

“Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyilir:

“Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı”.

Əlbəttə, sərəncamda bu müddəanın özünə yer tapması tamamilə təbiidir; hər şeydən əvvəl ona görə ki, Heydər Əliyev 60-cı illərin sonlarında respublikanın rəhbəri təyin edildikdən sonra milli tarixi dəyərlərin ümumxalq təfəkkürü miqyasında yenidən mənimsənilməsi, milli ictimai şüurun üzvi tərkib hissəsinə (və əslində, ideya generatoruna) çevrilməsi prosesi başladı və Azərbaycan Xalq Cümhuriyyəti barədə illərlə qadağan olunmuş, unutdurulmuş, tarixin qaranlıq bir küncünə sıxışdırılmış məlumatların (həqiqətlərin!) şüurlarda bərpası hərəkatı geniş meydan aldı... Cəsarətlə demək olar ki, Şirməmməd müəllimin Cümhuriyyətin (və onun de-fakto mətbuat orqanı olan “Azərbaycan” qəzetinin) 100 illiyi ərəfəsində nəşr edilən üçcildliyi kimi fundamental əsərlərin meydana çıxmasının ideoloji-mənəvi təməli də həmin dövrdən - Heydər Əliyevin Azərbaycana (və Azərbaycan xalqına) rəhbərlik etməyə başladığı ilk illərdən qoyuldu.

Prezident sərəncamında göstərildiyi kimi, “1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq qeyd edir”.

Və gələn il Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd edərkən professor Şirməmməd Hüseynovun Cümhuriyyət tarixşünaslığı üçün gördüyü böyük işlərin, xüsusilə həmin yüzilliyə həsr etdiyi “Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər” üçcildliyinin də ən dəyərli hədiyyələrdən biri kimi qəbul olunacağına qətiyyən şübhə etmirik.

 

Nizami CƏFƏROV,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2017.- 23 iyun.- S. 7.