"Formula-1" həyəcanı başladı

 

Bakıda bayram ab-havası yaşanır

 

Dünyanın ən möhtəşəm idman yarışlarından biri olan  “Formula-1” üzrə Azərbaycan Qran-prisi başlayıb. Dünyanın bir nömrəli avtomobil yarışına ölkəmizin evsahibliyi etməsinin qürursevincini yaşamaqdayıq. Belə bir möhtəşəm yarışın Azərbaycanda keçirilməsi dünyaya növbəti dəfə azərbaycanlıların mehribanlığı, qonaqpərvərliyi, qədim tarixi, füsunkar təbiəti, mentaliteti, sürətlə inkişaf edən müasir ölkə ilə tanışlıq fürsəti verib.

 

Sürət həvəskarları “F1 Şəhərciyi”ndə toplaşırlar

 

Çoxlu sayda siyasi, mədəni, idman və digər səpkili tədbirlərin ən mötəbər ünvanına çevrilən respublikamız növbəti beynəlxalq tədbirə layiqincə evsahibliyi etməklə dünyanın diqqətini Bakıya cəlb edib. “Formula-1” Azərbaycan Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs ölkəmizin  inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə gördü.

Hər kəs Azərbaycanda keçirilən sürət yarışına hazırlıq işlərinin çox yüksək səviyyədə aparıldığının növbəti dəfə şahidinə çevrildi. Bunu iyunun 23-də start verilən ilk yarış günündə aydın şəkildə görmək olurdu. Yarışlardan bir gün öncə bütün əyləncə zonaları, Dənizkənarı Milli Parkda “F1 Şəhərciyi” bilet sahiblərinin üzünə qapılarını açıb. Dünəndən etibarən tamaşaçılar onlar üçün qurulmuş möhtəşəm əyləncə məkanlarından istifadə edə bilirlər. Burada yürüş simulyatorları, şou-animatorlar, habelə “Formula-1” komandalarının eksklüziv məhsullarının satıldığı mağazalar açılıb.

“F1 Şəhərciyi”ndə ölkəmizin mədəniyyətini və mətbəxini təmsil edən xüsusi bölmələr xalqımızın qədim ənənələrini qonaqlara təqdim edir. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları bu məkanda qonaqların diqqətini daha çox cəlb edir. Milli şirniyyat növləri olan paxlava, şəkərbura və qoğalın ləziz dadı turistlərin zövqünü oxşayır. Rəngarəng naxışlı əl işləri və ipək kəlağayılar da ziyarətçilərin böyük marağına səbəb olur.

 

Pitleyndə evlilik təklifi

 

Tədbirlər isə hər kəs üçün inanılmaz dərəcədə maraqlı və unudulmayacaq məqamlarla yadda qalıb. Bilet sahibləri günorta saatlarında pitleyn yürüşü edərək, “Formula-1” həyatını daha yaxından izləmək şansına malik olublar. Tamaşaçılar komandaların qarajlarında dünyanın ən innovativ yarış avtomobillərinin mühəndis və mexaniklər tərəfindən necə sazlanması prosesini yaxından izləmək imkanını əldə ediblər. Böyük coşqu ilə keçən pit yolu gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar.

Ən xoş sürprizlə isə, sözsüz ki, ingiltərəli xanım azarkeş qarşılaşıb. Belə ki, pitleyndə Qraham Barker adlı ingiltərəli fanatMercedes” komandasının boksunda bolidin ön tərəfinə üzük salaraq, rəfiqəsi Viktoriya Uilliamsa evlilik təklif edib. Qarşı tərəf isə onun istəyini müsbət qarşılayıb. Maraqlıdır ki, “Formula-1” həvəskarı bunu Luis Hamiltonun avtomobili önündə edib.

 

Pilotlar mövsümün ən sürətli trasına hazırdırlar

 

“Mercedes AMG” komandasının pilotu Valtteri Bottas deyib ki, “Formula-1” Azərbaycan Qran-prisinə yaxşı hazırlaşıblar. Çalışacağıq ki, Bakıda yüksək nəticə əldə edək: “Sıralama turlarında mövqeyimin pis olması çıxışıma təsir göstərə bilməz. Əvvəllər yaxşı olmayan mövqelərdən yarışa başlamışam. Hesab etmirəm ki, bu, mənə isə çətinlik yaradacaq”.

Red Bull Racing” komandasının pilotları Daniel RikkiardoMaks Ferstappen də Bakıda keçiriləcək yarışın böyük maraq doğurduğunu vurğulayıblar: “Bakı Şəhər Halqasının sürət rekordunu yeniləmək bu il çətin olacaq. Amma biz bunu etməyə çalışacağıq. Bakı treki mövsümün ən sürətli trasıdır. Bu il bolidlər geniş döngələrdə daha sürətli, düzxətli hərəkətlərdə isə daha ləng olublar. Bakıda dar döngələr var, ona görə də sürəti artırmaq çətin olacaq. Bakıda yüksək nəticələr əldə etməyə çalışacağıq. Məqsədimiz fəxri kürsüdə yer almaqdır. Bakı bizə düşərli olacaq”.

 

Sürətsevərlərin qəhrəmanları ilə görüşləri

 

Bakı bulvarının əsas səhnəsində sürətsevərlər öz qəhrəmanları - “McLaren”, “Haas” və “Williams” komandalarının pilotları ilə avtoqraf sessiyalarında görüşdülər. Bu, azarkeşlər üçün əsl hədiyyə oldu. “Formula-1”in Azərbaycan nümunəsi yüksək səviyyədə hazırlıq, qonaqpərvərlik ilə dünyanı heyran etməklə yanaşı, paytaxtımızda yarışan ən məşhur pilotların qəlbində dostluq, anlaşma, sevgi məşəli yandırıb.

Beləliklə, Azərbaycan bu yarışa yüksək səviyyədə evsahibliyi etməklə bir daha sübut edir ki, beynəlxalq tədbirlərin keçirilməsi üçün əsas ünvanlardan biridir.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan.- 2017.- 24 iyun.- S. 10.