NATO
standartlarına uyun qumbaraların istehsalına
başlanılıb
İyunun 23-də Şirvan şəhərində
Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat
Birliyinin 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar
üçün müxtəlif növ qumbaralı atəş
yığımlarının istehsalı zavodunun
açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılış mərasimində iştirak edib.
Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat verdi ki, zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.
Dövlətimizin başçısı zavodu işə saldı.
Bildirildi ki, bu məmulatlar 400 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Müəssisədə mexaniki emal, ştamplama, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, yığma, ümumilikdə, 7 istehsal sahəsi var. Məmulatın yaradılması və istehsalı üçün müasir standartlara cavab verən universal və xüsusi texnoloji avadanlıq - proqramla idarə olunan torna və frez dəzgahları, müxtəlif güclü hidravlik və mexaniki preslər, termoplast avtomatlar, termiki və kameralı elektrik sobaları İsveç, Almaniya, Türkiyə, Bolqarıstan, Serbiya, Sloveniya, Rusiya, İsrail və digər ölkələrin müvafiq qurumlarından alınıb.
Diqqətə çatdırılıb ki, zavodda məmulatların yaradılması və istehsalının mənimsənilməsi üçün tələb olunan alət və tərtibatlar texnoloji əməliyyatlara uyğun hazırlanaraq tətbiq edilib. Eyni zamanda, döyüş sursatlarının qəbul-təhvil sınaqlarında texniki nəzarət işlərini aparmaq üçün 300 adda xüsusi və universal ölçü aləti, həmçinin tərtibatlar alınıb. Layihə üzrə nəzərdə tutulan 40 işçiyə xarici mütəxəssislər tərəfindən müvafiq təlimlər keçirilib. Müəssisənin illik istehsal gücü birnövbəli iş rejimində 15 min atəş yığımı təşkil edir.
Bu cür müəssisələrin yaradılması ölkəmizdə müdafiə sənayesinin inkişafı istiqamətində görülən tədbirlərə böyük töhfədir. Belə zavodların işə düşməsi Azərbaycanın müdafiə potensialını gücləndirir, ölkəmizdə istehsal edilən hərbi təyinatlı məhsulların çeşidini artırır. Eyni zamanda, bu sahədə ixrac imkanlarımızı da genişləndirir, xaricdən asılılığımızı aradan qaldırır.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşları və Müdafiə Nazirliyinin bir qrup hərbçisi ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə nitq söylədi.
Prezident, Ali
Baş Komandan İlham Əliyevin nitqi
-Hörmətli hərbçilər,
əziz dostlar.
Mən sizi və
bütün Azərbaycan xalqını qarşıdan gələn
Silahlı Qüvvələr Günü münasibətilə
təbrik etmək istəyirəm, Azərbaycan Silahlı
Qüvvələrinə yeni uğurlar, qələbələr
arzulayıram.
Bu gözəl bayram ərəfəsində
biz Şirvan şəhərində müdafiə sənayesinin
yeni zavodlarının açılışına
toplaşmışıq. Bu, əlamətdar
hadisədir. Bildiyiniz kimi, Müdafiə Sənayesi
Nazirliyi mənim Sərəncamımla 2005-ci ilin dekabr
ayında yaradılmışdır və bu illər ərzində
böyük, uğurlu yol keçmişdir. O vaxt bu
nazirliyin yaradılması imkan verdi ki, biz
özümüzü hərbi texnika ilə, silah-sursatlarla
böyük dərəcədə təmin edə bilək. Çünki o illərdə bizim böyük imkanlarımız
yox idi, biz xarici istehsalçılardan asılı vəziyyətdə
idik. Bəzən hansısa silahları ala
bilirdik, bəzi hallarda ala bilmirdik. Ona görə,
Müdafiə Sənayesi Nazirliyinin yaradılmasının əsas
məqsədi idxaldan asılılığı azaltmaq, yeni
iş yerləri yaratmaq və Azərbaycan Silahlı Qüvvələrini
müasir texnika və silahlarla təmin etmək idi. Bugünkü nailiyyətlər və reallıq onu
göstərir ki, biz məqsədimizə çata
bilmişik.
Onu da qeyd etməliyəm ki,
o vaxt bizim böyük vəsaitimiz də yox idi. Azərbaycan
büdcəsinə əsas gəlirlərin əldə
olunması 2006-cı ildən sonra başlamışdır,
Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə
verilmişdir. 2005-ci ildə isə bizim
maliyyə vəziyyətimiz bir qədər məhdud idi.
Buna baxmayaraq bu məqsədlər, o cümlədən
bu nazirliyin formalaşdırılması üçün
dövlət büdcəsindən kifayət qədər
böyük vəsait ayrılmışdır və bu gün
nəticələr göz qabağındadır. Azərbaycanda 30-a yaxın hərbi zavod fəaliyyət
göstərir və Silahlı Qüvvələrimizin tələbatı
böyük dərəcədə ölkəmizdə istehsal
edilən hərbi məhsullarla təmin olunur. Bu illər ərzində 1200-dən çox adda hərbi
təyinatlı məhsulun istehsalı qaydaya salınıb.
Demək olar ki, bu gün Azərbaycan bu istiqamət
üzrə də dünya miqyasında öz layiqli yerini tuta
bilibdir. Azərbaycanda güclü hərbi
sənaye kompleksi yaradılıb və Şirvan şəhərində
bir neçə hərbi müəssisə fəaliyyət
göstərir. Təkcə Şirvan şəhərindəki
müəssisələrdə 1200 nəfər işlə təmin
edilibdir.
Hər bir ölkədə hərbi
sənaye kompleksini yaratmaq üçün bir neçə
vacib amil lazımdır. İlk növbədə, vəsait, ondan
sonra yeni texnologiyalar lazımdır. Yeni
texnologiyaları əldə etmək üçün beynəlxalq
əməkdaşlıq da mütləq yüksək səviyyədə
olmalıdır. Kadr
hazırlığı xüsusi yer tutur. Son
illər ərzində bu istiqamətlər üzrə
ardıcıl fəaliyyət aparılmışdır və
bu gün Azərbaycan dünya miqyasında artıq hərbi sənaye
kompleksinə malik olan aparıcı ölkələr
sırasındadır. Bunu, eyni zamanda, təsdiqləyən
ölkəmizdə iki dəfə keçirilmiş beynəlxalq
hərbi sərgilərdir. Azərbaycan da,
həmçinin bütün aparıcı beynəlxalq hərbi
sərgilərdə öz məhsulu ilə iştirak edir.
Bunun nəticəsində biz artıq nəinki
özümüzü böyük dərəcədə təmin
edirik, bizdə gözəl ixrac potensialı da
yaranmışdır. 2005-ci ildə isə
bu barədə ancaq fikirləşmək olardı. Bəlkə də heç təsəvvürümüzə
gəlmirdi ki, nə vaxtsa Azərbaycan hərbi məhsullar da
ixrac edəcək. Bu, artıq
reallıqdır. İş yerləri
açılır, idxaldan asılılıq azalır, yeni
texnologiyalar gətirilir, sənaye potensialı güclənir və
Azərbaycan Silahlı Qüvvələri daxili istehsalla təmin
olunur.
Şirvan şəhəri
Bakıdan sonra Cənubi Qafqaz regionunda hərbi sənaye
kompleksi baxımından ikinci yerdədir. Bu, Şirvan
şəhərinin inkişafına böyük dəstək
verir. Son illər ərzində şəhərin
inkişafı ilə bağlı çox önəmli
addımlar atılmışdır. Sosial-iqtisadi
məsələlər, infrastruktur məsələləri
öz həllini tapmışdır. Bir neçə il bundan əvvəl Şirvanda böyük “Cənub”
Elektrik Stansiyası fəaliyyətə
başlamışdır. Onun gücü təxminən
800 meqavata yaxındır. Şirvanda
böyük xəstəxana, Olimpiya Kompleksi, məktəblər,
mədəniyyət mərkəzi, digər sosial və sənaye
obyektləri fəaliyyətə başlamışdır.
Bu gün də bu istiqamətdə işlər
davam etdirilir. Şirvanda qazlaşdırma
100 faiz səviyyəsindədir. İçməli
su məsələləri də həllini tapır. Beləliklə, hərbi-sənaye kompleksinin də
Şirvanda yaradılması şəhərə növbəti
bir töhfədir.
Biz Silahlı Qüvvələr
Günü ərəfəsində tam qətiyyətlə deyə
bilərik ki, bu gün Azərbaycan Ordusu güclü ordular
sırasındadır. Bunu həm biz deyirik, həm Azərbaycan
ictimaiyyəti bunu görür və bilir. Aparıcı
reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır.
Ordu quruculuğu daim diqqət mərkəzindədir.
Büdcəmizin ən böyük xərcləri
hərbi xərclərdir. Bu da təbiidir.
Çünki biz müharibə şəraitində
yaşayırıq. Son illər ərzində
ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində çox böyük işlər
görülmüşdür. Həm yerli
istehsal, həm də xaricdən gətirilən hərbi texnika
hesabına biz bu gün təminat baxımından ən
yüksək səviyyədəyik. Ən müasir
silahlar, texnika, döyüş aparatları, təyyarələr,
vertolyotlar, pilotsuz döyüş aparatları, artilleriya qurğuları,
zirehli maşınlar, tanklar, toplar, hava hücumuna qarşı
ən müasir qurğular, yəni, bütün bunlar bizim hərbi
gücümüzü böyük dərəcədə
artırmışdır. Növbəti illərdə də bu
istiqamətdə ardıcıl iş aparılacaq. Bizim hərbi büdcəmiz kifayət qədər
böyükdür. Bu məsələ
bizim üçün prioritet məsələdir. Çünki daha demək istəyirəm ki, biz
müharibə şəraitində yaşayırıq. Əgər müharibə olmasaydı, bəlkə də
bu qədər vəsait bu məqsədlər
üçün ayrılmazdı. Ancaq
müharibə bitməyib, birinci mərhələ başa
çatıb. Biz daim hazır olmalıyıq
ki, işğal edilmiş torpaqları öz hərbi
gücümüzlə azad edək.
Bununla bərabər, son illər
ərzində hərbçilərin xidmət və məişət
problemləri də öz həllini tapmışdır. Son illərdə
bir çox hərbi bazalar, şəhərciklər istifadəyə
verilmişdir, hərbçilərin xidmət şəraiti
böyük dərəcədə
yaxşılaşmışdır. Məişət
şəraiti də yaxşılaşır. Hazırda qəbul
edilmiş qərarlar əsasında 20 il
qüsursuz xidmət göstərmiş hərbçilərə
dövlət tərəfindən pulsuz mənzillər verilir. Hesab edirəm ki, bu da dünya miqyasında çox
nadir hallarda müşahidə olunur. Bu da
Azərbaycan dövlətinin həm sosial siyasətini ifadə
edir, eyni zamanda, Azərbaycan dövlətinin öz hərbçilərinə
olan diqqətini göstərir.
Ordumuzun döyüş
qabiliyyəti, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Bunu təmas xəttindəki
vəziyyət əyani şəkildə təsdiqləyir.
Bu gün biz təmas xəttində tam
üstünlüyə malikik. Bu
üstünlüyü biz əldə etmişik və bunu
artırırıq. Bizim döyüş
qabiliyyətimizi əks etdirən bir çox hadisələr
olub. Onların içərisində
keçənilki aprel döyüşləri xüsusi qeyd
edilməlidir. Bu döyüşlər nəticəsində
Ermənistanın hərbi təcavüzünün
qarşısını alarkən bizim hərbçilərimiz
böyük qəhrəmanlıq göstərərək
işğalçılardan üç rayonun bir hissəsini
azad etmişlər. O yerlərdə, o torpaqlarda bu gün
Azərbaycan bayrağı dalğalanır. Aprel
döyüşləri nəticəsində bu gün biz
köçkünləri öz doğma kəndinə yola
salırıq. Cocuq Mərcanlı kəndi
cəmi iki ay ərzində bərpa edilib. Onun
bərpasının birinci mərhələsi başa
çatıb. Əlavə vəsait
ayrılıbdır ki, kəndin bərpasının ikinci mərhələsi
də başa çatsın.
Aprel döyüşləri
bizim şanlı qələbəmizdir, böyük
uğurdur. Bir daha onu göstərir ki, bu gün Azərbaycan
Ordusu güclü ordular sırasındadır. Bir daha onu göstərir ki, Azərbaycan xalqı
işğalla heç vaxt barışmayacaq. Cocuq Mərcanlıya bu kəndin sakinlərinin
qayıtması onu göstərir ki, bizim bütün
köçkünlər öz doğma şəhərlərinə,
kəndlərinə qayıtmaq arzusu ilə yaşayırlar.
Bu gün Cocuq Mərcanlı bizim dirçəliş,
qələbə rəmzimizdir. Keçən
ilin aprelində işğaldan azad edilmiş torpaqlarda Azərbaycan
bayrağı dalğalanır. Bu da hər
bir vətənpərvər Azərbaycan vətəndaşını
fərəhləndirir. Yəni, bizim kifayət
qədər gücümüz var və Ermənistanın
bütün təxribatlarına layiqli cavab veririk. Bir həftə bundan əvvəl yenə də bizə
qarşı silahlı təxribat törədildi. Azərbaycan Ordusu düşmənə layiqli cavab
vermişdir.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli
yollarına gəldikdə, Azərbaycan dövlətinin
mövqeyi ictimaiyyətə bəllidir. Biz bu
mövqeyi dəfələrlə ifadə etmişik. Bu
münaqişə ölkəmizin ərazi
bütövlüyü çərçivəsində, beynəlxalq
hüququn norma və prinsipləri əsasında
öz həllini tapmalıdır. Bunun başqa yolu ola bilməz. Dağlıq
Qarabağ bizim tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda
yaşayıb və bütün toponimlər, bütün
tarixi abidələr Azərbaycan tarixini əks etdirir.
Dağlıq Qarabağ, eyni zamanda,
dünya ictimaiyyəti tərəfindən də Azərbaycanın
ayrılmaz hissəsi kimi tanınır. Bütün
aparıcı beynəlxalq təşkilatlar bu məsələ
ilə bağlı qərar, qətnamələr qəbul
etmişlər ki, Ermənistan silahlı qüvvələri dərhal,
qeyd-şərtsiz işğal edilmiş torpaqlardan
çıxarılmalıdır. Lakin Ermənistan
buna məhəl qoymur, əməl etmir. Əfsuslar
olsun ki, Ermənistana qarşı heç bir ciddi tədbir
görülmür. Ermənistana
qarşı çoxdan beynəlxalq sanksiyalar tətbiq
olunmalı idi. Çünki bu ölkə
XXI əsrdə başqa ölkənin ərazisini işğal
altında saxlayır, başqa xalqa qarşı
soyqırımı törədib, bütün tarixi abidələri
dağıdıb. Cocuq Mərcanlının
dağılmış mənzərəsi bunun əyani
sübutudur. Bizim işğal edilmiş
bütün torpaqlarda da eyni vəziyyətdir.
Beynəlxalq hüquqa gəldikdə
isə beynəlxalq hüquq tarixi ədalət kimi tamamilə
bizim mövqeyimizi gücləndirir. Dağlıq
Qarabağda keçirilmiş son qondarma “referendum” da onların
– separatçıların, işğalçıların
növbəti iflası, növbəti
biabırçılığı idi. Çünki
bu “referendum”u heç bir beynəlxalq təşkilat, qonşu
ölkələr, Avropa İttifaqı, Minsk qrupunun həmsədr
ölkələri tanımayıb. Yəni,
bu qondarma “referendum”u tanımamaqla bütün bu ölkələr
və beynəlxalq təşkilatlar bir daha təsdiq edirlər
ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır.
O qondarma, separatçı xunta rejimini dünya birliyi
tanımır və tanımayacaq. Ona görə,
tarixi ədalət, beynəlxalq hüquq, əlbəttə ki,
bizim siyasi çəkimiz Ermənistanla müqayisəedilməz
dərəcədə böyükdür. Bizim
iqtisadi gücümüz Ermənistanınkından qat-qat
artıqdır. Yəni, bütün bu
amillər bizim mövqeyimizi gücləndirir. Əlbəttə, Azərbaycan dövləti öz
prinsipial mövqeyini daha da gücləndirməlidir və
gücləndirir. Bir daha demək istəyirəm
ki, biz müharibə şəraitində yaşayırıq.
Bizim xalqımız heç vaxt bu vəziyyətlə
barışmayacaq. Biz heç vaxt icazə
verməyəcəyik ki, tarixi torpağımızda ikinci
qondarma erməni dövləti yaradılsın. Biz öz ərazi bütövlüyümüzü
bərpa edəcəyik. Son hadisələr və ölkəmizin
güclənməsi bu məsələyə nail olmaq
üçün bizim imkanlarımızı artırır.
Əlbəttə, öz məqsədimizə
çatmaq üçün biz daha da güclü
olmalıyıq. Əfsuslar olsun ki, indiki dünyada güc
amili aparıcı rol oynayır. Əlbəttə
ki, beynəlxalq hüquq da vacibdir. Çünki
bu, münaqişənin həllinin hüquqi bazasını
yaradır. Ancaq güc amili əsas rol
oynayır. Biz görürük ki, dünyanın müxtəlif
yerlərində beynəlxalq hüquq pozulur, tapdalanır, kim onu necə istəyirsə, elə də
yozur və güc amilindən istifadə edərək
reallıqda vəziyyəti dəyişmək mümkün
olur. Bu, bizim seçimimiz deyil, ancaq biz də
real həyatda, real dünyada yaşayırıq. Məqsədimizə
nail olmaq üçün biz daha da güclü
olmalıyıq və bu istiqamətdə işlər
aparılır.
Azərbaycan bu il
gözəl iqtisadi inkişaf templəri nümayiş etdirir,
beş ayın yekunları çox müsbətdir. Qeyri-neft sektorumuz 2 faizdən çox, qeyri-neft sənayemiz
4 faizə yaxın, ixrac 40 faizdən çox artıbdır.
Əminəm ki, gələn il göstəricilər
daha da müsbət olacaq. Biz öz fəaliyyətimizi
düşünülmüş siyasət əsasında
qurmuşuq. Bizim daxili və xarici siyasətimiz,
iqtisadi və sosial sahələrlə bağlı təşəbbüslərimiz
həm beynəlxalq aləmdə, həm də xalq tərəfindən
bəyənilir və dəstəklənir. Ölkəmizdə mövcud olan əmin-amanlığın,
sabitliyin əsas səbəbi də məhz bundadır.
Bu gün Silahlı Qüvvələr
Günü ərəfəsində biz Silahlı Qüvvələrimizin
inkişafı ilə bağlı önəmli hadisəni qeyd
edirik. Bu gün açılan iki sənaye müəssisəsi
bizim hərbi gücümüzü daha da artıracaq və Azərbaycan
quruculuq, inkişaf yolu ilə uğurla gedəcəkdir.
Bir daha sizi ürəkdən
təbrik edirəm, bütün Silahlı Qüvvələrimizin
şəxsi heyətinə yeni uğurlar, qələbələr
arzulayıram.
***
Müdafiə sənayesi naziri Yavər CAMALOV
çıxış edərək dedi:
- Möhtərəm cənab Prezident.
Bu gün Sizin
iştirakınızla müdafiə sənayesinin əsas mərkəzlərindən
biri olan Şirvan şəhərində daha iki yeni istehsal
zavodunun açılışına toplaşmışıq.
Bu, təsadüfi deyil. Hələ,
ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər
Əliyevin təşəbbüsü ilə, sovet rejiminin
qadağalarına baxmayaraq, Azərbaycanda, eləcə də
Şirvan şəhərində bir sıra hərbi sənaye
zavodlarının yaradılması müstəqil ölkəmizin
müdafiə sənayesinin inkişafı üçün
baza rolunu oynayıb.
Lakin 1990-cı illərin əvvəllərində
ölkədə hakimiyyətə gələn qeyri-peşəkar
və dağıdıcı qüvvələrin səriştəsizliyi,
mütəşəkkil ordunun olmaması, iqtisadiyyatın iflic
vəziyyətinə düşməsi, maliyyə
çatışmazlığı və s. amillər
respublikanı dağılmaq təhlükəsi ilə
üz-üzə qoymuşdu. Belə bir vəziyyətdə
xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin
hakimiyyətə qayıdışı Azərbaycanı
müstəqilliyini itirmək kimi təhlükədən
qorudu. Azərbaycanın müstəqilliyinin
möhkəmləndirilməsi və xalqın birliyinin təmin
edilməsi dövlətçilik prinsiplərinin əsası
kimi müəyyənləşdirildi. Ulu
Öndər tərəfindən iqtisadiyyatın bütün
sahələrinin inkişafı ilə yanaşı, sovet
dönəmində istifadəyə verilmiş hərbi sənaye
müəssisələrinin də fəaliyyətlərinin bərpası
istiqamətində mühüm addımlar atıldı.
Məlumdur ki, hər bir
dövlətin müstəqilliyinin qorunub saxlanılmasında
müvafiq atributlar mövcuddur. Onların əsaslarından
biri də ordunun təminatını həyata keçirən
müdafiə sənayesi sahəsidir. Bu səbəbdən
də ilk növbədə, respublikada ordu quruculuğu ilə
yanaşı, müdafiə sənayesinin inkişafı məqsədilə
1993-cü ildə Dövlət Xüsusi Maşınqayırma
və Konversiya Komitəsi yaradıldı. Eyni
zamanda, ordumuzun hərbi-texniki bazasını gücləndirmək
və bu sahədə xaricdən asılılığı
azaltmaq məqsədilə 2003-2005-ci illərdə sahənin
inkişafına dair Dövlət Proqramı qəbul olundu.
Həmin Proqramın təsdiq edilməsi ilə
respublikanın hərbi sənayesinin inkişafının yeni
mərhələsi başlandı.
Cənab Prezident, Siz ölkə
başçısı seçildikdən sonra ümummilli
lider Heydər Əliyevin ideyalarını rəhbər tutaraq,
uzaqgörən siyasətinizlə apardığınız
qlobal islahatlar nəticəsində iqtisadiyyatın
bütün sahələrində uğurlu nəticələr
əldə olundu. Bu islahatlardan biri də ordu
quruculuğunun və müdafiə sənayesinin
inkişafı ilə bağlı idi. Ölkəmizin
müharibə vəziyyətində olmasını nəzərə
alaraq, regionda və Yaxın Şərqdə ilk dəfə olaraq,
Müdafiə Sənayesi Nazirliyinin yaradılması
haqqında qərar verdiniz. Yeri gəlmişkən,
onu da qeyd edim ki, Müdafiə Sənayesi Nazirliyinin
yaradılması özünü doğrultmaqla yanaşı,
bu gün bir sıra dövlətlərdə nümunə kimi
qəbul edilir.
Sizin
tapşırığınızla əlaqədar nazirliyin fəaliyyətinin
təşkili üçün ilkin olaraq işi tamamilə
dayanmaq təhlükəsi ilə üzləşən müəssisələrin
bərpasına başlandı. Eyni zamanda, müəssisələrin
avadanlıq parkının yenilənməsi, maliyyə sabitliyi
üzrə tədbirlərin görülməsi, dövlət
sifarişi proqramının və digər istehsal
proqnozlarının tərtibi, sosial sahələrin bərpası
və sair işlər həyata keçirildi.
Cənab Prezident, ötən müddət
ərzində Sizin
tapşırığınız və hərtərəfli dəstəyinizlə
dünyanın inkişaf etmiş aparıcı şirkətlərindən
alınan ən müasir texnologiya və avadanlıqlarla təchiz
olunan 58 adda istehsal sahəsi yaradılıb. Yeni yaradılan
istehsal müəssisə və sahələrində,
ümumilikdə, 283,5 min kvadratmetrlik tikinti
və yenidənqurma işləri görülüb, 500 min
kvadratmetr sahədə abadlaşdırma işləri
aparılıb. Yaradılmış istehsal sahələrində
bütün tələblərə cavab verən və insan
amilini minimuma endirən rəqəmsal proqram təminatlı
25-dən çox mürəkkəb texnoloji xətt və
avadanlıq dəstləri, 2200-dən çox müxtəlif
təyinatlı dəzgah, on minlərlə cihaz, alət və
tərtibatlar alınaraq quraşdırılıb. Bütün bunların hesabına bu gün nazirliyin
tabeliyində olan zavodların sayı artaraq 18-dən 28-ə
çatdırılıb.
Nazirliyin fəaliyyəti
dövründə, ümumilikdə, 1 milyard 745 milyon manatdan
çox məhsul istehsal edilib. Həmin məhsulların
80 faizdən çoxu müdafiə təyinatlı məhsullardır.
2007-ci illə müqayisədə 2016-cı ildə ümumi məhsul
istehsalının həcmi 6,7 dəfə,
müdafiə təyinatli məhsulların həcmi isə 42 dəfə
artıb. Ümumilikdə istehsalı mənimsənilmiş
müdafiə təyinatlı məmulatların çeşidi
artaraq 213-dən 1200-ə çatdırılıb.
Ötən müddət ərzində
istehsalı mənimsənilmiş məmulatlardan “Mübariz”,
“İstiqlal”, “Yalquzaq” və sair snayper tüfənglərini,
AK-74 və NATO standartlarına uyğun avtomatları, müxtəlif
növ tapançaları, minaatanları, qumbaraatanları və
onların atəş yığımlarını, optik
cihazları, minaları, aviasiya bombalarını, “Matador” və
“Marauder” tipli zirehli maşınları, “Gürzə”, “Əqrəb”
və “Bəbir” kəşfiyyat-patrul
maşınlarını, “Orbiter-2M, 2B, 3B və “Orbiter-4”,
“Aerostar-BP” və “Zərbə” tipli pilotsuz uçuş
aparatlarını və başqalarını göstərmək
olar.
Bu gün müəssisələrimiz
fəaliyyətə başladığımız ilk dövrlərdən
fərqli olaraq, rəqabətədavamlı, yüksək dəqiqliyə
malik, elm tutumlu ən müasir silah, sursat, optik vasitələr
və sair məhsullar istehsal etməklə həm Milli Ordunun,
həm də digər güc qurumlarının sifarişlərini
yerinə yetirmək iqtidarındadır. Onu da
qeyd edim ki, müştərək müəssisələrin
yaradılması üzrə beynəlxalq əməkdaşlığa
da böyük önəm verilir. Bunun əyani
sübutu kimi, xarici tərəfdaşlarla birgə
yaradılmış pilotsuz uçuş aparatlarının
istehsalı müəssisəsini göstərmək olar.
Cənab Prezident, ötən ilin iyul
müşavirəsində yeni nəsil silah növlərinin
istehsalı ilə bağlı verdiyiniz
tapşırıqların icrası istiqamətində məqsədyönlü
işlər davam etdirilir. Belə ki,
yaradılmış yeni nəsil “Zərbə KM” tipli pilotsuz
uçuş aparatları uğurla sınaqdan
çıxarılıb və istehsal olunaraq
sifarışçilərə təhvil verilib. Eləcə də həmin silahın daha təkmilləşdirilmiş
modeli olan “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz
uçuş aparatının yaradılması istiqamətində
intensiv işlər davam etdirilir. Azərbaycanın
milli məhsulu olan “Tufan” zirehli maşını üzrə
işlər də uğurla başa çatdırılıb,
mütəxəssislərin iştirakı ilə təqdimatı
keçirilib və seriyalı istehsalına hazırlıq
işləri aparılır.
Bununla yanaşı, yüksək
güclü elektromaqnit impuls şüalanma layihəsi üzrə
də işlər uğurla davam etdirilir. Onu da qeyd edim
ki, hazırda nazirliyin müəssisələrində peşəkar
kadr potensialı formalaşıb. Vaxtilə
mütəxəssislərimiz xarici təcrübənin öyrənilməsi
və təlim məqsədilə bu sahədə inkişaf edən
xarici ölkələrə gedirdilər. Sevindirici
haldır ki, bu gün bizim təcrübənin öyrənilməsi
istiqamətində bir sıra ölkələrdən
ünvanımıza müraciətlər daxil olur.
Müəssisələrdə yeni
istehsal sahələrinin yaradılması hesabına,
ümumilikdə 2300-dən çox yeni iş yeri
açılıb. Eyni zamanda, işçilərin orta
aylıq əməkhaqqı 2006-cı illə müqayisədə
5,5 dəfədən çox artaraq,
respublika üzrə orta göstərici səviyyəsinə
çatdırılıb.
Möhtərəm Prezident, Sizin
tapşırığınızla Azərbaycanda istehsal olunan
müdafiə təyinatlı məhsulların xarici bazarlara
çıxarılması məqsədilə Müdafiə Sənayesi
Nazirliyi 35-dən çox beynəlxalq sərgidə iştirak
edib. Son dəfə cari ilin mayında Türkiyənin
İstanbul şəhərində keçirilən “IDEF-2017”
beynəlxalq müdafiə sərgisində 260 adda müdafiə
təyinatlı məmulat nümayiş etdirilib. Bu sərgidə ziyarətçilərə yeni məhsullar
da təqdim olunub və böyük maraqla
qarşılanıb.
Onu da qeyd edim ki, sərgilər
zamanı bizim stendləri ziyarət edən xarici şirkətlərin
rəhbərləri və rəsmi nümayəndə heyətləri
qısa müddət ərzində bu sahədə əldə
olunmuş nailiyyətlərə həsədlə baxaraq, bunun
necə əldə olunduğu barədə suallar verirlər. Bizim isə onlara yalnız
belə bir cavabımız olur: Bizə dünyada elə bir
ölkə Prezidenti göstərin ki, o, Müdafiə Sənayesi
Nazirliyinin bütün zavodlarının və hətta istehsal
sahələrinin açılışlarında iştirak
etmiş olsun. Qısa müddət ərzində
əldə edilmiş uğurlar bizim dövlətimizin
başçısının bu sahəyə olan xüsusi diqqət
və qayğısı nəticəsində mümkün
olub. Bunu əks etdirən reklam
çarxları göstərildikdən sonra təəccüblərini
gizlətmədən həsəd hissi ilə suallarına cavab
tapırdılar.
Sizin
tapşırığınızla Müdafiə Sənayesi
Nazirliyi xarici ölkələrdə keçirilən sərgilərdə
iştirak etməklə yanaşı, 2014-cü və
2016-cı illərdə Bakıda keçirilən Beynəlxalq
Müdafiə Sənayesi sərgilərinin təşkilatçısı
rolunda çıxış edib. Belə bir
nüfuzlu tədbirin regionda ilk dəfə Azərbaycanda
keçirilməsi ölkəmizin regionda lider olduğunun əyani
nümunəsidir. İnanırıq ki,
2018-ci ildə keçiriləcək sərgi də Bakı
şəhərini hərbi-texniki əməkdaşlığın
qurulması üçün beynəlxalq mərkəz kimi
dünyada tanıdacaq.
Beynəlxalq müdafiə sərgilərində
iştirakımız ixrac sahəsində uğurlar
qazanmağa imkan verib. Sizin tapşırığınızla
ixrac potensialının genişləndirilməsi və idxalın
yerli istehsalla əvəzlənməsi ilə bağlı
nazirlikdə məqsədyönlü işlər həyata
keçirilir. Bu gün məhsullarımızdan
döyüş sursatlarının, müasir atıcı və
artilleriya silahlarının, pilotsuz uçuş
aparatlarının, zirehli texnikaların və sairənin
ixracı həyata keçirilir. Hazırda
ixrac müqavilələrinin dəyəri 101 milyon ABŞ
dolları təşkil edir və bunun da 54 milyon dolları
qüvvədə olan müqavilələrdir.
Göründüyü kimi,
Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı
Qüvvələrinin və digər güc qurumlarının
müdafiə təyinatlı məmulatlara tələbatının
önəmli hissəsini yerli müəssisələrin
hesabına ödəməyə nail olub. Onu da qeyd edim
ki, bu sahədə mövcud imkanlarımız daha da
genişdir.
Bu gün Azərbaycan Ordusu
regionun ən güclü ordularından birinə çevrilib. Bunu ötən
ilin aprel döyüşləri də bir daha sübut etdi.
Silahlı Qüvvələrimiz tərəfindən
işğalçı ölkənin ordusuna
sarsıdıcı zərbələr endirilməsi nəticəsində
bir sıra yaşayış məntəqələri və əhəmiyyətli
yüksəkliklər azad edildi.
Möhtərəm cənab Prezident, təbii
ki, nazirliyin fəaliyyəti dövründə əldə
olunan bu uğurları dövlət dəstəyi və şəxsən
Sizin diqqət və qayğınız
olmadan reallaşdırmaq mümkün olmazdı. Müdafiə Sənayesi Nazirliyi Sizin
ideyanızın, təxəyyülünüzün məhsuludur.
Nazirliyin kollektivi bu etimadı yüksək qiymətləndirərək
ölkənin hərbi qüdrətinin artırılması
naminə daha səylə çalışacaq.
Cənab Ali Baş Komandan, icazə
verin, Sizi qarşıdan gələn Silahlı Qüvvələr
Günü münasibətilə Müdafiə Sənayesi
Nazirliyinin kollektivi adından səmimi qəlbdən təbrik
edim və əmin olduğumu bildirim ki, bütün
işğal olunmuş ərazilərimiz Sizin
komandanlığınız altında qısa müddətdə
düşməndən azad ediləcək və viran
olunmuş yaşayış məntəqələrimiz Cocuq Mərcanlı
kimi yenidən bərpa edilərək vətəndaşlarımızın
ixtiyarına veriləcək. Sizi əmin edirəm
ki, yeni yaradılan milli döyüş silahları
işğal olunmuş ərazilərimizin azad edilməsində
mühüm rol oynayacaq.
Diqqətinizə görə
təşəkkür edirəm.
***
Müdafiə naziri, general-polkovnik Zakir HƏSƏNOV
çıxış edərək dedi:
- Möhtərəm Prezident, cənab
Ali Baş Komandan.
Əsası ümummilli lider
Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan
Ordusu bu gün Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanının səyi
nəticəsində sürətlə inkişaf edir və
möhkəmlənir.
Sizin
tapşırığınıza əsasən, Silahlı
Qüvvələrin bütün qoşun növlərində
həyata keçirilən genişmiqyaslı hərbi islahatlar
ordunun döyüş qabiliyyətini, hərbi kadr
potensialını artırıb, hərbi qulluqçuların
sosial-məişət şəraitini
yaxşılaşdırıb. İslahatlar döyüş
hazırlığı, hərbi təhsil, tərbiyəvi
iş, hərbi tibb və digər sahələri əhatə
edir. Görülən işlər Silahlı
Qüvvələri aparıcı dövlətlərin
orduları səviyyəsinə qaldırıb.
Müasir texnologiyaların tətbiqi
ilə qoşunlarda yaradılan
avtomatlaşdırılmış komanda idarəetmə məntəqələri
Silahlı Qüvvələrin bütün qoşun növlərinin
dayanıqlı, operativ, gizli və fasiləsiz idarə
olunmasına imkan yaradıb. Hərbi hissələrin,
əsasən də cəbhə xəttindəki bölmələrin
yeni növ silah, döyüş texnikası və digər hərbi
vasitələrlə təchiz edilməsi onların əməliyyat
imkanlarını, manevr qabiliyyətini artıraraq düşmən
üzərindəki üstünlüyü təmin edib.
Raket və artilleriya
qoşunlarının arsenalında olan müasir raket kompleksləri
və atəşi idarəetmə sistemləri
qoşunların döyüş qabiliyyətini xeyli yüksəldərək
düşmənin canlı qüvvəsini, döyüş
texnikasını və hərbi infrastrukturunu məhv etmək
imkanlarını genişləndirib.
Dağıdıcı
gücə və uzaq məsafədən yüksək dəqiqliklə
zərbə endirmək xüsusiyyətinə malik sistemlər
raket və artilleriya qoşunlarının istənilən vaxt
effektiv tətbiqini mümkün edir. Hərbi Hava Qüvvələrinin
döyüş tətbiqi və uçuş
imkanlarının təkmilləşdirilməsi,
aviabazaların infrastrukturunun və aerodrom
avadanlıqlarının yenilənməsi üzrə layihələr
həyata keçirilir. Zenit-raket,
radiotexniki birləşmə və hissələrin müasir
hava hücumundan müdafiə sistemləri ilə təchizatı
hava məkanımızın etibarlı müdafiəsini,
düşmənin təhlükəli aerodinamik hədəflərinin
vaxtında aşkarlanaraq məhv edilməsini təmin edir.
Düşmən haqqında tam və dəqiq məlumatın
əldə edilməsi, onun fəaliyyətinin daim nəzarətdə
saxlanılması və izlənilməsi məqsədilə kəşfiyyat
bölmələrinin lazımi vasitələrlə təchizatı
həyata keçirilir.
Möhtərəm cənab
Prezident, Sizin rəhbərliyinizlə həyata keçirilən
iqtisadi islahatlar nəticəsində hərbi xərclərin
artması ordumuzun zirehli texnikasının, aviasiya vasitələrinin
və digər hərbi təyinatlı məhsulların daim
yenilənməsinə və təkmilləşdirilməsinə
şərait yaradıb. Elmin son nailiyyətləri nəzərə
alınmaqla və yeni texnoloji elementlərin tətbiqi ilə
dünyanın aparıcı silah istehsalçıları tərəfindən
hazırlanan yüksək dəqiqliyə və
dağıdıcı qüvvəyə malik döyüş
texnikası, silah-sursat və digər hərbi vasitələrin
Silahlı Qüvvələrimizin təchizatına daxil edilməsi
davam edir.
Hərbi sənayemizin
inkişafı ordumuzun silah arsenalının yerli istehsal olan
müasir silahlar və digər hərbi təyinatlı məhsullarla
gücləndirilməsinə imkan verir. Ölkəmizdə
və digər dövlətlərlə əməkdaşlıq
şəraitində hazırlanan yüksək
dağıdıcı gücə, dəqiqliyə malik
döyüş vasitələri və sursatları
qoşunlarımızın düşmən üzərində
üstünlüyünü tam təmin edir.
Güclü və müasir
tələblərə cavab verən Silahlı Qüvvələrin
inkişafında hərbi təhsil sisteminin müstəsna əhəmiyyəti
var. Bu sahədə aparılan işlər qoşunlarda
yüksək döyüş hazırlığının təmin
edilməsinə, hərbi qulluqçuların ixtisas
hazırlığının, bilik və
bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib. Yeni təlim mərkəzlərinin,
o cümlədən dağ hazırlığı
poliqonlarının istifadəyə verilməsi şəxsi
heyətin döyüş vəziyyətinə tam
uyğunlaşdırılmış şəraitdə peşəkar
hazırlığının yüksəldilməsinə
hesablanıb.
Silahlı Qüvvələrin
hazırlıq planına uyğun olaraq, bütün qoşun
növlərinin cəlb olunması ilə müxtəlif səviyyələrdə
gecə və gündüz genişmiqyaslı döyüş
atışlı təlimlər keçirilir. Bu təlimlər
birlik və birləşmələrin idarə edilməsini,
qarşılıqlı fəaliyyətini, əməliyyat
imkanlarını və döyüş qabiliyyətini
artırıb.
Ali Baş Komandanın diqqət
və qayğısı nəticəsində son illər hərbi
qulluqçular və onların ailə üzvləri müasir
standartlara cavab verən mindən çox xidməti və daimi
mənzillə təmin olunub. Qısa müddətdə
xüsusən cəbhəboyu zonada 20-dən çox yeni hərbi
şəhərcik, əsgər yataqxanaları, yeməkxanalar,
hamam-camaşırxana kompleksləri, digər xidməti və
inzibati binalar inşa edilib. Bu iş bu gün də davam
etdirilir.
Cənab Ali Baş Komandan,
xüsusi qeyd etmək istəyirəm ki, Sizin rəhbərliyinizlə
həyata keçirilən islahatlar 2016-cı ilin aprel
ayında düşmən üzərində Azərbaycan
Ordusunun qələbəsini təmin etdi. Ağır
döyüşlərdə düşmən çoxlu
canlı qüvvə və hərbi texnika itirdi. Ağdərə, Füzuli və Cəbrayıl
istiqamətlərində strateji yüksəkliklər azad
edildi. Cəbhə xəttində əməliyyat
baxımından üstünlük Azərbaycan Ordusunun tam nəzarətinə
keçdi. Həmin dövrdə Azərbaycan
Respublikası Prezidentinin və Birinci vitse-prezidentin cəbhəboyu
kəndlərə səfəri, şəhid olmuş hərbi
qulluqçuların ailələrinə və yaralılara
göstərilən diqqət şəxsi heyət arasında
böyük ruh yüksəkliyi yaratdı.
Cənab Ali Baş Komandan, Sizin
yüksək diqqət və qayğınız nəticəsində
ordumuzun döyüş qabiliyyəti, mənəvi-psixoloji
hazırlığı yüksəlib, təminat və təchizatı
xeyli təkmilləşib. Sizi əmin edirəm
ki, Silahlı Qüvvələr dövlətimizin və
xalqımızın etimadını doğruldaraq,
qarşıda duran ən əsas vəzifəni -
torpaqlarımızı düşməndən azad etməyə
və ərazi bütövlüyümüzü təmin etməyə
qadirdir.
İcazə verin, bayram günü ərəfəsində
Silahlı Qüvvələrin bütün şəxsi heyəti
adından və şəxsən öz adımdan Sizi, cənab
Ali Baş Komandan, təbrik edim, orduya göstərdiyiniz diqqət
və qayğıya görə dərin minnətdarlığımı
bildirim.
Diqqətinizə görə
sağ olun.
***
Prezident İlham ƏLİYEV:
Silahlı Qüvvələr Günü ərəfəsində
bir qrup hərbçiyə ordenlər və ali
hərbi rütbələr verilib. Mən bu
gün onları mükafatlandıracağam.
***
Müdafiə Nazirliyinin hərbi
qulluqçularına ali hərbi rütbələrin
verilməsi, hərbçilərin ordenlə təltif
olunması barədə Azərbaycan Respublikası Prezidentinin
sərəncamları oxundu.
Prezident, Ali Baş Komandan İlham
Əliyev ali hərbi rütbələrin vəsiqələrini
və 3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordenlərini təltif olunan hərbi
qulluqçulara təqdim etdi.
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2017.-24 iyun.- S.2; 3; 4.