Moskvada MDB İqtisadi Şurasının 74-cü iclası keçirilib

 

Moskvada Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının 74-cü iclası keçirilib. İclasda Azərbaycanı baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edirdi. RF hökuməti sədrinin birinci müavini İqor Şuvalov tədbirdə iştirak edib.

İclas iştirakçıları MDB üzvü olan ölkələrin mədən-metallurgiya sahəsində əməkdaşlığına dair Sazişin reallaşdırılması üzrə tədbirlər kompleksi layihəsini əsasən bəyəniblər. Sənədin razılaşdırılması proseduru başa çatandan sonra layihə bu ilin sonunda İqtisadi Şura tərəfindən nəzərdən keçiriləcək.

Kosmik fəzanın dinc məqsədlər üçün tədqiq edilməsi və istifadəsi sahəsində əməkdaşlığa dair MDB konvensiyası, habelə baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişin yeni redaksiyası bəyənilib.

MDB İqtisadi Şurasının üzvləri 2010-2016-cı illərdə Hökumətlərarası Feldyeger Rabitəsi Əlaqələndirmə Şurasının fəaliyyətini müzakirə edib, MDB ölkələrində sığorta xidmətləri bazarının inkişafına dair fikir mübadiləsi aparıblar.

Sərnişinlərin və baqajın beynəlxalq avtomobil daşımaları haqqında Konvensiyanın və 2020-ci ilə qədər olan dövrdə regionlararası və sərhədyanı əməkdaşlıq Konsepsiyasının həyata keçirilməsinin gedişi də müzakirə mövzusu olub.

MDB İqtisadi Şurasının üzvlərinə informasiya-analitiksorğu xarakterli bir sıra materiallar təqdim edilib.

İclas iştirakçıları bir sıra büdcə-maliyyə məsələlərini və təşkilatı məsələləri də müzakirə ediblər.

MDB İqtisadi Şurasının növbəti iclasını cari ilin sentyabr ayında keçirmək nəzərdə tutulur.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 24 iyun.- S.6.