65 illik dost

 

Xalq elçilərimiz

 

İnsanlar niyə bir-biri ilə dost olur? Saysız-hesabsız sosial münasibətlər sırasında dost sözünün arxasındakı bağlılığı seçib fərqləndirən, görəsən nədir? Fərqli ömürləri, bir-birinə bənzəməyən təbləri, xarakterləri nələr birləşdirir, nələr bağlayır?!

Bu sətirləri yazır və uzun-uzadı düşünürəm.

Deyəsən, axı, cavabı o qədər də asanlıqla tapılası suallar deyil?!

Dostluq insan taleyinin bir parçasıdır. Həyat bizi çox insanlarla rastlaşdırır. Körpə bir uşağın öz həmyaşıdları ilə ilk oyunlarından tutmuş, ömrün ixtiyar çağlarında bərabər əyləşib acılı-şirinli ömür xatirələrini bölüşən ağsaqqalların-ağbirçəklərin şirin ixtilatlarına kimi, o qədər adamla ömrümüzün şərikli anlarını paylaşırıq ki... Amma həyat bu insanlardan çox az bir qismini bizim üçün dost mənziləsinə yüksəldir. Zaman ələyir, həyatımızdakı bütün insanları. Birini məsafələr, ömrün yol ayrıcları uzaq salır. Başqası vaxtın ağır sınaqlarından keçə bilmir. Bir ayrısını yaxından tanımaq fürsətimiz olmur.

Əgər biri ilə dostluq münasibətlərini orta məktəb partası arxasından ta ömrün ahıl çağlarına qədər davam etdirməyi bacarmısansa, deməli, o insan taleyindir. Bilirəm ki, belələri nadir hadisədir. Bilirəm ki, bu azlıqda qərar tutmaq, həyatında 50-60 illik bir dostunun olması, o dostunla həm körpəlik, həm gənclik, həm də ahıllıq şəkillərindən birgə boylanmaq insan xoşbəxtliyinin başqa bir adıdır. Və onu da bilirəm ki, tale bu nadir xoşbəxtliyi mənə də nəsib edib. Çünki belə bir dostum var. Hərdən elektron mediada onunla ilk və Milli Məclis zalında çəkilmiş axırıncı şəkillərimiz çıxır rastıma. O, şəkillər arasında 65 ildən çox fərq var.

Həmin şəkillərdə yanaşı düşdüyümüz insansa Hüseynbala Mirələmovdur.

Nə qədər yaşa dolsam da, xatirələrimdə hər zaman Fazil əmi olaraq qalan atasının, əllərinin istisini, yeməklərinin dadını indiyə qədər unutmadığım Birçək ananın halal ocağında aldığı tərbiyə, istedadı, çalışqanlığı, gərgin zəhməti, tutduğu düzgün yol Hüseynbala Mirələmova uzun illər boyu çox statuslar qazandırıb. Çağdaş Azərbaycan ədəbiyyatında öz yeri olan görkəmli yazıçı-publisistdir, Azərbaycan Neft və Sənaye Universitetinin kafedra müdiridir, texnika elmləri doktoru, professordur. Müxtəlif elmi-yaradıcılıq təşkilatlarının üzvü, nüfuzlu mükafatlar laureatıdır. Uzun illər yüksək vəzifələrdə çalışıb. Bu gün də Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, ARDNŞ prezidentinin müşaviridir.

Bu sətirlərin müəllifi üçünsə o, illər əvvəl Lənkəranda eyni bir partanı, bu günsə Azərbaycan Respublikası Milli Məclisinin iclas salonunda eyni masanı paylaşdığım tale yoldaşıdır, dost sözünün bütün ən gözəl mənalarını aid edə biləcəyim şəxsiyyətdir.

Həyatında belə birinin olması, qocalığı insanın ruhundan uzaq saxlayır. Hər dəfə Hüseynbalanı görəndə, onunla eyni masa arxasında əyləşəndə, xoş söhbətlərini, şirin zarafatlarını eşidəndə və özüm də bütün bunlara qarşılıq verəndə adama elə gəlir ki, heç aradan bu qədər illər ötməyib. Biz yenə də Lənkərandakı orta məktəbimizin ilk siniflərindəyik.

Biz Hüseynbala ilə lap kiçik yaşlardan bir yerdə böyümüşük. Həyatımızın enişli-yoxuşlu anları yanaşı yaşanıb. Mühitimiz, aldığımız tərbiyə körpəlikdən hər ikimizi zəhmətə alışdırıb. Lap erkəndən anlamışıq ki, həyatda uğur qazanmaqdan ötrü məqsədə, zəhmətə və müəyyən qədər də qismətə tapınmalıyıq. Orta məktəbin ilk siniflərindən əlaçı olub seçilməyə, irəli getməyə, nələrəsə nail olmağa çalışmışıq.

Hüseynbala məktəb illərindən bədii yaradıcılıqla məşğul idi. Yaxşı xatırlayıram, 1961-ci ildə, 7-ci sinifdə oxuyanda Lənkəranın “Leninçi” qəzetində onun “Bir tikə çörək” adlı hekayəsi dərc olunmuşdu. Sevincinin həddi-hüdudu yox idi. Bu sevinci sinif yoldaşları ilə bölüşürdü. Mənsə bir tikə çörəyi kağıza büküb sinifin bütün uşaqlarını belə bir zarafatyana forma ilə o hekayəni təbliğ etməyə həvəsləndirirdim. Həmin gün sinfimizdəki bütün uşaqlar o hekayəni oxudu və uşaqlığımızın o sıxıntılarla dolu, amma xoşbəxt illərində bir tikə çörəyin qədir-qiyməti haqqında hamı düşündü.

İkimiz də dərslərimizi yaxşı oxuyar, ekskursiyalara gedər, idmanı sevərdik. Hərdən başqa uşaqlarla dava-dalaşlarımız, bir-birimizi sınaqdan keçirdiyimiz vaxtlar da olurdu, nə gizlədim. Dram dərnəyində fəal iştirak edir, bəzən səhnəyə tərəf-müqabili kimi çıxırdıq. İlk sevgi sirlərimizi bir-birimizlə bölüşdüyümüz, birinci dəfə bayram vaxtı içkinin dadına “Tri semyorka” çaxırı ilə baxdığımız, loto oynadığımız, hətta ərk eləyib bir-birimizin paltarını geyindiyimiz vaxtlarımız da olub. Mən Hüseynbalagildə, o da bizim evdə süfrənin başında əyləşərdik. Valideynlərimiz bizi bir-birimizdən ayırmazdılar.

İkimiz də maddi imkansız, çoxuşaqlı ailələrin övladları idik. Çox vaxt məktəbdən sonra əlimiz, gücümüz çatan işlərdə çalışıb dərsliklərimizi, paltarlarımızı özümüz almalı olurduq. O uşaqlardan, o acılı-şirinli günlərdən xəbərsiz olan hansısa jurnalist indi Hüseynbala haqqında nəsə yazanda, bundan çox rəncidə oluram. Çünki onun keçdiyi həyat, yaşadığı əziyyətlər gözlərim önündən ötüb, həyatda nail olduğu hər şeyi gərgin zəhmət, inadkarlıq bahasına zərrə-zərrə əldə etdiyini görmüşəm.

Hüseynbala orta məktəbi qızıl medalla bitirdi. “Son zəng”imiz indiki kimi yadımdadır. Fərqli bir buraxılış gecəsi idi. Sinif yoldaşlarımızla maraqlı bir pyes səhnələşdirmişdik. Tamaşada Hüseynbala da oynayırdı. Ali təhsili o vaxt arzularımızın şəhəri olan Leninqradda - indiki Sankt-Peterburqda almaq istəyirdi. Amma qəbul imtahanı vaxtı müəllimlər qeyri-obyektivlik göstərərək, rus dili amilini əsas gətirməklə onu məyus etdilər. Bir illik hərbi xidmətdən sonra Politexnik İnstitutuna daxil oldu. Orada oxuya-oxuya da “Pioner” qəzeti ilə əməkdaşlığa başladı. Qəzetin əməkdaşı olmaqla yanaşı, hələ 4-cü kursda oxuyanda institutda “Sopromat” fənnindən dərs deyirdi. Yəni, müəllimlər Hüseynbalanın istedadına, bu qədər etibar edirdilər.

Tələbəlik həyatı partalarımızı ayırsa da, tale yollarımızı ayıra bilmədi. Bir-birimizə dəstək verdiyimiz, yeni-yeni uğurlarımıza birgə sevindiyimiz, bir-birimizlə öyündüyümüz vaxtlar yenə də çox oldu. Sonrakı dönəmlərdə ikimiz də bir müddət Lənkəranda işləyəsi olduq. Burada rayon partiya komitəsinin katibi kimi çalışdığım illərdə Hüseynbala tikinti idarəsinin rəisi idi. Özüm üçün gərgin keçən bütün iclaslardan, məsuliyyətli çıxışlardan sonra ikilikdə görüşüb onun rəyini almağa çalışardım. Bilirdim ki, əsl həqiqətləri, bütün sərt tənqidləri ancaq onun dilindən eşidə bilərəm. Fərqində idim ki, hər nə deyir-desin, Hüseynbala yalnız riyadan, yalandan kənar həqiqətləri söyləyəcək. Heç bir məqsəd güdmədən yalnız yaxşılığıma deyilmiş fikirləri səsləndirəcək. Haqlı olduğum anlarda özümə inamımı artıracaq, yanlışlığa yol verdiyim məqamlarda isə yanlışımı düzəltmək üçün yol göstərəcək. Hüseynbala da bütün düşüncələrini ərkyana dilə gətirirdi, hətta bir-birimizi danladığımız, öz aramızda mübahisə etdiyimiz, amma yenə barışaraq ayrıldığımız vaxtlarımız olurdu.

Lənkəranda çalışarkən, elə sonralar da tez-tez bir-birimizin evində ailəvi qonaq olardıq. Orta məktəb partası arxasından başlanan dostluq münasibətlərimiz ailələrimizi də bir-birinə doğmalaşdırmışdı. Biz həyatın yüksəlişləri kimi eniş-yoxuşlarını da gördük. İşsiz qaldığımız, təxribatlarla, hücumlarla üzləşdiyimiz, vəzifələrdə olanda özünü dost kimi tanıtmaq istəyənlərin bir anda qeybə çəkildiklərini sezdiyimiz vaxtlar da yaşandı həyatımızda. Amma hər dəfə qayğı və narahatlıqlar içində başımızı qaldırıb yan-yörəyə boylananda bir-birimizi hiss etdik. Bir-birimizə həyan olduq.

Hər dəfə bu insanla bizi birləşdirən dostluq telləri barədə düşünərkən şeirlərini İsmi Pünhan təxəllüsü ilə yazmış Molla Cümənin məşhur misrasını xatırlayıram: “Dost mehriban ya bir olar, ya iki”. Hüseynbala bütün həyatını bu misradakı o ya bir, ya ikilərdən - yəni, ən layiqlilərdən, ən sınanmışlardan, ən etibarlılardan biri olmaq üçün yaşamış adamdır. Adam var ki, başqalarının yolunda pul, var-dövlət xərcləməsi ilə öyünər. Hüseynbala Mirələmov isə insanlar üçün özünü xərcləyən birisidir. Qohum-əqrəba, dost-tanış öz yerində, yaxından-uzaqdan tanıyan bütün insanların xeyrində-şərində onu görərsən. Bəzən bir gündə 4 toya getdiyini eşidəndə hərdən uşaqlıq dostumu ərkyana tənbeh eləmək istəyirəm, deyirəm, pul göndər də, vaxtına heyfin gəlmir?! Cavab verir ki, “yaxşı deyil axı, sayıb çağırıblar, getməsəm, olmaz”.

Dilimizin ən xoş, milli enerjili, parlaq incilərindən olan “Kara gələn adam” ifadəsi sanki onun şəxsiyyəti üçün düşünülüb. Son dərəcə zəhmətkeş, zirək kişi olan atası Fazil əminin çox ibrətamiz bir sözü vardı. İndi də böyük maddi imkanlar arzusunda olan, fikrində-zikrində ancaq onun-bunun pullarını sayan, di gəl ki, özü heç bir zəhmətə qatlaşmaq istəməyən tənbəl, ərincək adamlarla rastlaşanda bu sözü tez-tez xatırlayıram. Deyərdi ki, “kişinin gərək yorğan-döşəkdə üstünə gün düşməsin”. Belə bir tərbiyənin övladı olan Hüseynbalanın yeniyetməliyindən sinninin indiki çağlarına qədər iş dalınca çıxdığı erkən səhərlərin, yazı masası üzərinə sərilmiş layihələr, çertyojlar arxasında keçirdiyi, əsərlərini qələmə aldığı yuxusuz gecələrin bərəkəti, qazandırdığı həm mənəvi, həm də maddi imkanlar çox olub. Hüseynbalanı bir çoxlarından fərqləndirən əsas cəhətlərdən biri də bu imkanları başqaları ilə paylaşacaq qədər böyük ürəyə, yüksək səxavət hissinə sahibliyidir. O, böyük bir nəslin ağsaqqalıdır. Bu nəslin, eləcə də hər hansısa probleminin həlli üçün ona ünü yetən istənilən insanın qayğıları Hüseynbalanın üzərindədir. Uşaqlıq dostum bu qayğıların həllindən zövq alır, başqalarına kiçicik də olsa yaxşılıq etmək onun xoşbəxtliyi üçün yetir.

Hüseynbala müsbət auraya malik, çox pozitiv və səmimi adamdır. Üzdə olan şəxslər haqqında fikirlər, təbii ki, birmənalı olmur, mətbuatda, ictimai çevrələrdə hər birimiz haqqında müsbət fikirlər qədər, tənqidi rəylər də eşidirik. Qəribəsi budur ki, ona qarşı hətta ən qərəzli yazılarda, fikirlərdə belə Hüseynbala Mirələmov şəxsiyyətindəki pozitivliyi, səmimiyyəti, müsbət enerjini yenə duya bilirsən. Qərəzin ən tünd rəngi də onun şəxsiyyətindəki işığa kölgə sala bilmir.

Hüseynbala kifayət qədər prinsipial adamdır, sözü üzə deməyi, yeri gələndə sərt olmağı bacarır. Amma yaşı 65 ildən də çox olan dostluğumuzda hələ indiyə kimi onun kiminsə qəlbinə dəydiyinə, başqalarına yuxarıdan aşağı baxdığına, Tanrının əta elədyi təvazökarlıq hədiyyəsinin sərhədlərindən kənara adladığına şahid olmamışam.

O, tanınmış yazıçıdır. Kitabları 5 milyon tirajdan çox nüsxədə çıxıb. 40-a yaxın dilə tərcümə edilib. Əsərləri teatrlarda səhnələşdirilib. Yazdığı ssenarilərə filmlər çəkilib. Yaradıcılığı ədəbiyyatın, publisistikanın ən müxtəlif janrlarını əhatə edir. Bütün bu əsərləri yaratmağa ömrün illəri həsr olunub. Bunların hamısını bir qəpik də olsun, maddi qazanc götürmədən edib. Kitablarının bircə nüsxəsini də satmamaq, yalnız oxuculara pulsuz hədiyyə etmək əvvəldən qarşıya qoyduğu prinsipdir. Dindirsən, ədəbi aləmdə heç bir umacağının olmadığını görəcəksən. Hətta həmişəki təvazökarlığı ilə özünü hələ də yazıçı saymadığını, amma kağız-qələmdən, yazı masasından da aralı yaşaya bilmədiyini deyəcək. Bu, çoxdan indiki günün dar çevrəsindən çıxıb, artıq tarixin hüdudsuzluğunda yaşayan, tarix üçün yaşayan bir insanın ömür prinsipidir.

Bu tarixin hüdudsuzluğunda Hüseynbala Mirələmovun müstəqil Azərbaycan dövlətinin çətin sınaqlarla dolu anlarında ortaya qoyduğu əsl ziyalı və vətəndaş mövqeyi, dönməz əqidə sahibliyi də var.

Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının qurucularındandır. Bu partiya təsis olunanda o, komitə sədrini əvəz edirdi, nazir statusu daşıyırdı. O, çətin vaxtlarda xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşmək üçün Naxçıvan Muxtar Respublikasına gedən az sayda vətəndaş ziyalılarımızdan idi. Yeni Azərbaycan Partiyasına yaxınlığına görə də vəzifəsindən kənarlaşdırdılar. Amma o, məsləkindən, doğru bildiyi yoldan dönmədi.

Hüseynbala Mirələmov bu gün də eyni yoldadır. Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində tarixinin ən qüdrətli çağlarını yaşayan Azərbaycan dövlətinin tərəqqisinə ictimai nüfuzu, vətəndaş mövqeyi, əsərləri ilə töhfə verən ziyalılarımızın ön cərgəsindədir.

Bu sətirləri qələmə alanda pəncərə önündə aram-aram 24 iyun gününün səhəri açılır. Sabahsa (Qəzet dərc olunduğu gün) iyunun 25-dir - orta məktəb illərindən bizə doğma olan tarix, imkan düşəndə həmişə birgə qeyd etdiyimiz gün, uşaqlıq dostumun doğum günü.

Bu yazı işıq üzü görəndə düz 72 yaşı tamam olacaq.

Arzu edirəm ki, o nurlu çöhrəsinə hələ bundan sonra neçə-neçə illərin bahar çiçəklərinin rayihəsinə bürünmüş doğum günü sabahları açılsın. O sabahı, o baharı, o rayihəni bir zamanlar məktəbimizin həyətində qaçdı-tutdu oynadığımız uşaqlıq illərinin sağlamlığı, şövqü, enerjisi ilə içinə çəksin və əlindəki qələm qarşısındakı ağ vərəqə onu sevən bütün insanların dilindən beləcə yazsın: “Hələ yaşamağa, yaratmağa dəyər, əziz dost!”

 

Hadi RƏCƏBLİ,

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri

 

Azərbaycan.- 2017.- 25 iyun.- S.4.