“Azərbaycan Səninlədir - Sənsiz deyil

 

Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında VII yaradıcılıq festivalı keçirilib

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü və “İslam həmrəyliyi ili” münasibətilə Binəqədi rayonunun orta ümumtəhsil məktəblərinin şagirdlərinin təqdimatında “Azərbaycan Səninlədir - Sənsiz deyil” VII yaradıcılıq festivalı keçirilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının, Gənclər və İdman İdarəsinin və 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, islam ölkələrinin səfirləri və ailə üzvləri, rayonun hüquq-mühafizə orqanlarının və icra strukturlarının, təhsil, məktəbəqədər təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin rəhbərləri, ictimai təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, ASAN könüllüləri iştirak ediblər.

Tədbirin aparıcıları qonaqları salamladıqdan sonra ansamblın ifasında Dövlət himni səsləndirilib və festivalQarabağ” şikəstəsi ilə açıq elan olunub. Laureatların vətənpərvərlik mövzusunda çıxışları, rəqs nümunələri, kompozisiyalar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. İslam həmrəyliyini özündə ehtiva edən çıxışlar tədbir iştirakçılarında xoş təəssüratlar yaradıb və festival atəşfəşanlıqla yekunlaşıb.

Bədii hissədən sonra çıxış edənlər - Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva və Mərakeş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Adil Embarch tədbirdə iştirak edən bütün şagirdləri uğurlu çıxışları münasibətilə təbrik ediblər. Belə bir festivalın onların gələcək həyatında böyük rol oynayacağını diqqətə çatdırıblar.

Sonra Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov çıxış edərək müsabiqə iştirakçılarını təbrik edib, onların valideynlərinə və müəllimlərinə təşəkkürünü bildirib. X.İsgəndərov ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin istedadlı, yaradıcı gənclərə olan diqqət və qayğısından söhbət açıb. O, çıxışında “İslam həmrəyliyi ili” çərçivəsində belə bir festivalın keçirilməsinin əhəmiyyətinə toxunaraq bildirib ki, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafı ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Həm müdrik dövlət başçısı, həm də alovlu bir vətənpərvər kimi milli mədəniyyətə, mənəvi irsə qayğısı, verdiyi dəyər ulu öndərin əməli fəaliyyətinin hər bir sahəsində özünü göstərib:Bu gün dövlət milli dəyərlərimizin qarantına çevrilib. Dövlət başçısı İlham Əliyev də  xalqımızın milli dəyərlərinin qorunmasına, gənclərimizin bu ruhda tərbiyə olunmasına ciddi diqqət yetirir. Dövlət siyasətində hər bir azərbaycanlının öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetinimilli dəyərlərini qoruması önə çəkilir”.

Rayonun ümumtəhsil məktəblərinin, mədəniyyət və yaradıcılıq mərkəzlərinin şagirdləri arasında ədəbi-bədii layihələr üzrə - bədii qiraət, müəllif şeiri, milli rəqs, musiqi (ifaçılıq, çalğı alətləri) üzrə gerçəkləşən festivalın keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünün qeyd olunması, ulu öndərin azərbaycançılıq məfkurəsinin yeniyetmələr və gənclər arasında geniş təbliğ edilməsi, yaradıcı gənclərə dövlət qayğısının artırılması, onların istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün şəraitin yaradılmasıdır.

 

R.BAXŞƏLİYEV,

 

Azərbaycan.- 2017.- 30 iyun.- S.15.