Baş nazir Li Nak-Yeon: Koreya Azərbaycanın regionda qabaqcıl ölkəyə çevrilməsini məmnunluqla müşahidə edir

 

Koreya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov iyunun 26-da Koreyanın Baş naziri Li Nak-Yeon ilə görüşüb.

Baş nazir Li Nak-Yeon Azərbaycan nümayəndə heyətini Seulda salamlamaqdan məmnunluğunu bildirib, bu səfərin çox əhəmiyyətli bir tarixə - iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünə təsadüf etdiyini deyib. O, Koreya-Azərbaycan əlaqələrinin inkişafına hər iki tərəfin göstərdiyi dəstəyin davamlı olacağına əminliyini ifadə edib.

Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf edərək, regionda qabaqcıl ölkəyə çevrilməsini məmnunluqla müşahidə etdiklərini bildirən Li Nak-Yeon ölkəsinin Azərbaycan ilə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın daha da dərinləşməsinə tərəfdar olduğunu deyib.

İki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişafı üçün böyük potensialın olduğunu vurğulayan Baş nazir Azərbaycanda Koreya şirkətlərinin fəaliyyətinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan şirkətlərini də Koreyada görməkdən məmnun olacaqlarını diqqətə çatdırıb.

Baş nazir Li Nak-Yeon Koreya vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiklərini, son dövrlər ölkəmizə səfər edən koreyalıların sayının artmasının sevindirici hal olduğunu deyib, bunun iki ölkə arasında turizm sahəsində əlaqələrin inkişafının təzahürü olduğunu diqqətə çatdırıb. O, özünün də Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.

Milli Məclisin sədri Oqtay Əsədov Koreyaya yenidən səfər etməyə məmnun olduğunu bildirib, səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edib.

Azərbaycan-Koreya münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdıran O.Əsədov deyib ki, ötən 25 il ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə yaxşı əməkdaşlıq qurulub. O, əlaqələrimizin bu səviyyəyə qalxmasında ölkə rəsmilərinin səfərlərinin mühüm rol oynadığını diqqətə çatdırıb.

Parlament sədri qarşılıqlı ticarət dövriyyəsinin indiki həcminin iki ölkənin iqtisadi potensialından aşağı olduğunu, gələcəkdə birgə səylər nəticəsində iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Bu istiqamətdə iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın fəaliyyətinin əhəmiyyətinə toxunan Milli Məclisin sədri mütəmadi olaraq biznes forumların təşkilinin iki ölkənin adamları arasında yeni təmasların yaranmasına xidmət edəcəyini deyib. O, Koreya şirkətlərinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətindən də söz açıb.

Oqtay Əsədov Azərbaycanın liderliyi ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin region və ümumilikdə Avropa üçün əhəmiyyətindən bəhs edib, bu yaxınlarda inşası başa çatacaqAvropa ilə Asiya arasında ən qısa dəmir yolu əlaqəsini təmin edəcək Bakı-Tbilisi-Qars layihəsindən Koreyanın da faydalanmasının iki ölkə arasında iqtisadi əlaqələri daha da genişləndirəcəyini deyib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə deputatlardan Ülviyyə Ağayeva, Xanlar Fətiyev, Malik Həsənov, İqbal Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

 

AZƏRTAC

 

Azərbaycan.- 2017.- 30 iyun.- S.12.