Uğurlu əməkdaşlıq modeli

 

Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 25 il ötür

 

Prezident İlham Əliyev son 13 ildə Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsi, milli maraqlarımızın maksimum səviyyədə qorunması istiqamətində uğurlu addımlar atıb.

Dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə və nüfuzlu təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi, siyasi, hüquqi islahatlar barədə dolğun təsəvvür yaratmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet məqsədləri sırasında xüsusi vurğulanmalıdır. Azərbaycan dövlət müstəqiliyini qazandıqdan sonra sivil dünyanın hüquqi-siyasi atmosferinin müəyyənləşməsində mühüm rolu olan Birləşmiş Millətlər Təşkilatı ilə (BMT) uğurlu əməkdaşlıq edir.

BMT beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olmasında, davamlı inkişafın və demokratikləşmənin qorunub saxlanılmasında böyük rol oynayır. Azərbaycan BMT dəyərlərini bölüşərək insan hüquqları, iqtisadisosial sahələrdə həyata keçirilən müxtəlif proqramlar çərçivəsində bu qurum ilə əməkdaşlığını ildən-ilə genişləndirir. Azərbaycan eyni zamanda XXI əsrin problem və təhdidlərinə səmərəli cavab vermək üçün BMT-nin qabiliyyətinin artırılması məqsədilə, o cümlədən beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi və qəbul edilmiş qərarların icrasının təmini istiqamətində bu təşkilat daxilində islahatların aparılmasını dəstəkləyir.

1992-ci il martın 2-də BMT Baş Məclisinin 46-cı sessiyasında Azərbaycanın təşkilata üzv qəbul olunması haqqında qətnamə qəbul edilmişdir. Nyu Yorkda - BMT-nin iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün - Azərbaycanın üçrəngli bayrağı qaldırılmışdır. Mayın 6-da isə təşkilatda Azərbaycan nümayəndəliyi fəaliyyətə başlamışdır. Ötən müddətdə qurumla əməkdaşlıq Azərbaycanın dünya birliyinə sıx inteqrasiyasına nail olmaq və ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Ermənistanın təcavüzkar siyasətini ifşa etməyə geniş imkan yaratmışdır. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnamədə erməni hərbi birləşmələrinin qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsi əksini tapıb.

Azərbaycanın 24 oktyabr 2011-ci il tarixində BMT Təhlükəsizlik Şurasına ikiilliyə (2012-2013) qeyri-daimi üzv seçilməsi isə müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalmışdır. Bu tarixi hadisə ilk növbədə rəsmi Bakının son dərəcə sabituğurlu, eyni zamanda müstəqil xarici siyasət yürütdüyünü bir daha təsdiqləmişdir. Erməni lobbisinin, təcavüzkar Ermənistanın Azərbaycana qarşı apardığı məkrli informasiya siyasəti şəraitində 193 BMT üzvündən 155-nin birbaşa dəstəyinə nail olmaq respublikamızın xarici siyasətinin ümumi mahiyyəti barədə tamamilə dolğun təəssürat yaratdı.

Məlumat üçün bildirək ki, BMT Təhlükəsizlik Şurası buya digər münaqişələrin, mübahisələrin nizamlanması üçün müvafiq səlahiyyətlərə, təsir imkanlarına malik orqandır. Təşkilatın Nizamnaməsinin 27-ci maddəsində göstərilir ki, Təhlükəsizlik Şurasının 9 üzvü səs verdikdə qərarlar qəbul olunur. Nəticə etibarilə Təhlükəsizlik Şurasına üzv olan hər bir ölkənin mövqeyi mühüm məsələlərin nizama salınmasında (məsələn, hər hansı bir ölkəyə sanksiyaların tətbiq edilməsi, hansısa münaqişənin həlli ilə bağlı qərarın qəbulu və s.) həlledici ola bilər. Bu isə BMT Təhlükəsizlik Şurasına üzv olan hər bir ölkənin dünya miqyasında mühüm problemlərin həllində böyük rol oynadığını göstərir.

BMT Nizamnaməsinin 33, 34 və 36-cı maddələrinə görə, Təhlükəsizlik Şurası dünyada mövcud olan hər hansı problemi araşdırmaq, ona qiymət vermək, münaqişə və mübahisə tərəflərindən tələb etmək, müvafiq həll prosedurunu, metodunu təklif kimi irəli sürmək səlahiyyətinə malikdir. Beləliklə, Təhlükəsizlik Şurasına üzv ölkə beynəlxalq sülhü və təhlükəsizliyi təhdid edən istənilən problemin həllində fəal iştirak etmək və təklif irəli sürmək imkanı qazanır.

Nizamnamənin 7-ci bəndinə əsasən, Təhlükəsizlik Şurası sülhə təhlükə, sülhün pozulması və təcavüz halları ilə bağlı tövsiyələr irəli sürür, tərəflərdən müvəqqəti tədbirlərin yerinə yetirilməsini tələb edir. 42-ci maddəyə əsasən, tətbiq edilmiş sanksiyalar istənilən nəticəni vermədikdə Təhlükəsizlik Şurasının qərarı ilə güc tətbiqi barədə qərar qəbul edilə bilər. 45-ci maddəyə əsasən, regional razılaşmaların yerinə yetirilməsi üçün Təhlükəsizlik Şurasına məcburetmə imkanları verilir. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarların icrası istiqamətində fəal aparmışdır. Məhz bu məqam Azərbaycanın əldə etdiyi uğurun miqyası və mahiyyəti barədə daha dolğun və aydın təsəvvür formalaşdırır.

Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edən qeyri-daimi üzvü kimi mühüm addımlar atmışdır. 2012-ci ilin yanvarından Azərbaycan BMT TŞ-də səlahiyyətlərinin icrasına başladı. 2012-ci ilin may ayında bu quruma sədrlik etdi. TŞ-də ilk sədrlik Azərbaycan üçün böyük sınaq olsa da, ölkəmiz bütün vəzifələrin öhdəsindən layiqincə gəldi. Ən əsası ölkəmizin TŞ-yə ilk sədrliyi göstərdi ki, Azərbaycanın mövqeyi ilə hər kəs hesablaşır. Azərbaycanın BMT TŞ-yə ilkin sədrliyi müddətində şura tərəfindən 3 qətnamə qəbul edildi. Bunlar Sudan və Cənubi Sudan arasında hərbi qarşıdurma, Cənubi Sudanda BMT Təhlükəsizlik qüvvələrinin mandatının artırılması və Qvineya-Bisauda hərbi çevrilişlə bağlı olub. Eyni zamanda, Azərbaycanın şuraya sədrliyi müddətində mətbuat üçün 7 bəyanat qəbul edilib, 13 açıq və 16 qapalı iclas keçirilib. 2012-ci il mayın 18-24-də TŞ-yə üzv dövlətlərin BMT yanında daimi nümayəndələri Qərbi Afrikaya səfər ediblər, mayın 26-27-də İstanbulda “Yaxın Şərq və Şimali Afrika: yeni siyasi reallıqlar” adlı tədbir keçirilib.

Oktyabr ayında Azərbaycan BMT TŞ-də ikinci müddətə sədrlik etdi. Bu dövrdə BMT TŞ-nin gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə etdi. BMT tarixində ilk dəfə respublikamızın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirildi. Müzakirələr zamanı beynəlxalq səviyyədə aktuallıq kəsb edən bir sıra problemlərə, qlobalregional proseslərə toxunuldu və onların həlli yollarının axtarılmasında BMT-nin digər beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə sıx əməkdaşlıq etməsinin əhəmiyyəti qeyd edildi. İclasda həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə edildi və münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həll edilməsinə dair çağırışlar səsləndi. Yüksək səviyyəli görüşün yekun sənədi kimi qəbul edilmiş BMT TŞ sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlanaraq onun gücləndirilməsinin vacibliyi qeyd edildi. Bəyanatda həmçinin münaqişələrin BMT-nin Nizamnaməsi və TŞ-nin qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi vurğulandı.

BMT TŞ-yə sədrliyin ikinci dəfə Azərbaycana keçməsi ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, dünyada cərəyan edən proseslərdə yaxından iştirakı, eyni zamanda sülhün bərpa edilməsinə verdiyi töhfəsinin növbəti bariz nümunəsi idi. Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində öz səylərini əsirgəməyən və davamlı şəkildə fəaliyyət göstərən Azərbaycan BMT TŞ-nin sədri qismində beynəlxalq səviyyədə ədalətin və hüququn prinsiplərinin bərqərar olmasına mühüm töhfələrini verdi. Bu müddət ərzində etibarlı və qətiyyətli tərəfdaş kimi Azərbaycanın BMT TŞ və BMT-nin üzv dövlətləri, BMT Katibliyi, digər beynəlxalq təsisatlar ilə sıx işbirliyi və əməkdaşlıq münasibətləri də inkişaf etdirildi.

Azərbaycanın TŞ-də sədrliyi müddətində dörd qətnamə qəbul edilib. Bunlar BMT-nin Haitidəki Sabitləşdirmə Missiyasının mandatının uzadılması ilə bağlı 2119 saylı, Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin mandatının uzadılması ilə bağlı 2120 saylı, Mərkəzi Afrika Respublikasındakı vəziyyətlə bağlı 2121 saylı və şuranın oktyabrın 18-də “Qadınlar və sülh və təhlükəsizlik” mövzusunda keçirilmiş açıq iclasının yekununda qəbul edilmiş 2122 saylı qətnamələrdir.

Azərbaycan BMT TŞ-yə üzvlüyü və sədrliyi dövründə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi, iki il ərzində dünyada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində səylərini davam etdirdi. Ölkəmiz beynəlxalq hüquq normalarının və ədalətin müdafiəsinə çalışdı, TŞ-yə sədrliyi zamanı sülh və beynəlxalq təhlükəsizliyə dair qlobal, yaxud regional əhəmiyyətli məsələlərin gündəliyini müəyyənləşdirdi. Təbii ki, Azərbaycanın bütün məsələlərlə bağlı özünün mövqeyi var idi. Digər tərəfdən, Azərbaycanın BMT TŞ-də fəaliyyəti ərzində diplomatiyamızın səyləri dövlətimizin milli maraqlarının qlobal səviyyədə genişləndirilməsinə yönəldi. Terrordanişğaldan əziyyət çəkmiş ölkə kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə yaradılan təhdidləri, o cümlədən Ermənistanın təcavüzkar siyasətini daim gündəmdə saxladı.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu diplomatiya sayəsində Azərbaycanın dünya siyasətinə təsir imkanları getdikcə artır. Ölkəmiz hazırda sülh və əməkdaşlıq paytaxtı kimi tanınır və belə bir müsbət imicin formalaşmasında Prezident İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini də xüsusi vurğulamaq lazımdır. Çevik və çoxtərəfli diplomatik fəaliyyətimizin, Azərbaycanın təşəbbüskarlığı və evsahibliyi ilə Bakıda keçirilən çoxsaylı mötəbər beynəlxalq tədbirlərin nəticəsidir ki, Bakı artıq regionundiplomatik paytaxtı”na çevrilib.

 

Elnur HACALIYEV,

 

Azərbaycan.- 2017.- 1 mart.- S. 4.