Külək oyadan Yel çərşənbəsi

 

Novruz çərşənbələrinin üçüncüsü Yel çərşənbəsidir. Bu çərşənbə xalq arasında “Küləkli çərşənbə”, “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə”, “Badi (külək) çərşənbə”, “Nəfəs çərşənbə”, “Hava çərşənbə”, Muğanın bir sıra kəndlərində isə “Heydər çərşənbə” adlandırılır.

Yel-külək yaradılışın müqəddəs ünsürlərindən biridir. Erkən etiqadlara görə, çərşənbədə oyanan külək yer üzünü gəzir, artıq oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində gün ərzində küləklər bir neçə dəfə dəyişir ki, bu da küləyin özünün təmizlənməsi kimi qəbul edilir. Yel çərşənbəsində isti-soyuq küləklərin əsməsi artıq yazın gəlişindən xəbər verən əlamətlərdəndir.

Mifoloji təsəvvürlərə görə, “qara nəhrdə yatmış 4 cür külək əvvəlcə Yer üzünə çıxıb özü təmizlənir, sonra hər biri fərqli libasda özünü göstərir. Küləyin libasları ilə xarakteri arasında da oxşarlıq vardır. Burada rənglərin mifik mənaları xüsusilə önəmlidir, məsələn yel - libasda, Qara yel - qara libasda, Xəzri - göy libasda, Gilavar - qırmızı libasda xarakterizə edilir.

Bakı şəhərinin adının etimologiyası ilə bağlı müxtəlif fikirlər də maraq doğurur. Mənbələrə görə, bu ada ilk dəfə təqribən V əsrdə Bizans müəlliflərinin əsərlərində rast gəlmək olar. Söylənən variantlardan biri “Bakı” sözünün fars dilindəki “Badi-Kubə” (“Küləklər şəhəri”) ifadəsindən yaranması ilə bağlıdır. Həqiqətən də Bakı və Abşeronun iqlimi mülayim-isti olsa da, XX əsrin əvvəllərində burada güclü küləklər əsmiş, sonralar getdikcə mülayimləşmişdir. Xəzri adlandırılan şimal küləyi yayda havanı sərinləşdirir, qışda isə əksinə, soyudur. Gilavar isə cənub küləyidir, yayda isti hava axını gətirir, qışda isə soyuğun qarşısını almağa kömək edir.

Elmdə daimi, mövsümihakim küləklər anlayışları mövcuddur. Dilimizdə külək anlayışını ifadə edən sözlər var, onlar kiçik məna çalarları ilə bir-birindən seçilir. Məsələn, səmum - səhralarda əsən çox şiddətli istiquru küləkdir. Nəsim - yüngül mehdir. Səba - şimal-şərqdən əsən yüngül və xəfif mehdir. “Rüzgar”, “boğanaq” və s. kəlmələr də külək anlayışlarını ifadə edir.

Klassik ədəbiyyatımızda Badi-səba bir obraza çevrilib konkret funksiya daşımışdır. Məlumdur ki, bir zamanlar sevgililərin bir-biri ilə görüşüb danışması müşkül məsələ idi. Odur ki, şairlərimiz öz şeirlərində gənclərin bir-birinə sözünü, etirafını çatdırmaq vəzifəsini Badi-səbanın (Səhər küləyi) üzərinə qoymuşdular.

Dini rəvayətə görə, yel-hava Allahın insan yaradarkən onun cisminə üfürdüyü nəfəsini - insanın ruhunu təcəssüm etdirir. Əcdadlarımızın təsəvvüründə ruh-can insan bədənini quş cildində tərk edir, hava-səma can quşlarının “ata-baba” ruhlarının əbədi məskənidir. Folklorumuzun epik janrları olan nağıl və dastanlarımızda da ruh-can göyərçin şəklində təsvir edilir. Təsadüfi deyildir ki, el-oba içində göyərçin toxunulmaz və müqəddəs sayılır, onu öldürmək böyük günahdır, ətini yemək isə yasaq olunmuşdur.

Mənbələrə görə, Yel çərşənbəsində quş saxlayanlar qışdan sonra ilk dəfə qısa müddətə də olsa göyərçinləri havaya buraxardılar. Adətən Yel çərşənbəsində bazarlarda qəfəslərdə çöldən ovlanmış quşlar satılardı. Günahlarını yumaq, savab qazanmaq istəyənlər həmin quşları alıb havaya buraxardılar. Bu zaman deyərdilər: “Azad-bezat, məni cənnətdə gözət”.

Bundan başqa, gözlə görünməyən küləyin varlığını bizə hiss etdirən vasitələrdən biri də çərpələngdir. Yel çərşənbəsində insanlar kağızdan çərpələng hazırlayıb damya təpələrin başından uçurmuşlar. Bu çərpələnglərin üzərinə Tanrıya şikayət məktubu və ya xahişnamələr yerləşdirənlər də olurdu. Bəzən hər məhəllə yığışıb darvaza boyda çərpələng hazırlayardı. Hərdən səmada ipləri bir-birinə dolaşmış çərpələnglərin sanki savaşı baş verirdi. Göydəki bu mənzərəni əhali böyük maraqla seyr edirdi.

Yel çərşənbəsində külək əsmədikdə onu çağırmaq məqsədilə də çərpələngdən istifadə edilirdi. Meydançanın ortasında basdırılmış insan boyunda dirəyə çərpələng asar, onun sağ-solunda dayanan 4-5 oğlan xüsusi yelpiklərlə çərpələngi azacıq da olsa hərəkətə gətirməyə çalışıb belə oxuyardılar: “Yel babam, yelli babam, elim, obam batdı, gəl, çərpələngim yatdı, gəl...” Bu zaman kiçik oğlan uşaqları tütək, sümsü kimi nəfəs alətlərini üfürərək səsləndirməklə yeli oyatmağa cəhd göstərirdilər.

Çərşənbə günündə insanlar yeldəyirmanlarının pərlərini əlvan parça, güzgü qıraqları və s. ilə bəzəyib onun ətrafında çalıb-oynayardılar.

Azərbaycanın müəyyən bölgələrində Yel çərşənbəsində icra olunan mərasimlərdən biriKufdibidir. “Kufdibi” - özünü küləyə vermək, yellənmək mənasını ifadə edir. Bu mərasimdə əsasən gənclər iştirak edərdilər, yaşlı meyvə ağacından yelləncək asıb onu yaşıl bitkilərin yarpaqları ilə gül-çiçəklə bəzəyərdilər. İştirakçılar bir-bir, iki-iki yelləncəkdə yellənər, yellənən qızın ayağına çubuqla asta-asta vurub oxuyardılar: “Örpəyi çəhrayı qız, adaxlının adın de”...

Mərasimə görə, yelləncəkdəki qızdan cavab almayınca onu yellədirlər, qız cavab verdikdən sonra düşürüb bir başqasını mindirirlər. “Küf” dibinə toplaşan subay qızlar mərasimdə əllərində gül-çiçək tutur, oğlanlar isə papaqlarına lələk sancıb növbə ilə yelləncəkdə ayaq üstə yellənirdilər. Ona görə də bu çərşənbəyə bəzən “Gül çərşənbə”, “Küf çərşənbə” də deyilmişdir. Adətə görə, bəzi ərazilərdə yelləncək yalnız qızlar üçün nəzərdə tutulurdu. Amma buna baxmayaraq, oğlanlar bəyəndikləri qızlara alma, şirniyyat, kəsək atardılar, qızlar isə “Küf atan, küflən atan, kimdi o kəsək atan? Kəsəyi atmasınlar, murada çatmasınlar” deyib əvəzində çiçək, yaylıq atardılar. Əvvəllər yelləncəyə yalnız qızlar qalxardı, onlara tamaşa etmək yasaq idi. Sonralar yelləncəyə növbə ilə gah qızlar, gah da oğlanlar bir-bir, yaxud cüt-cüt qalxardılar. Daha sonra onlar birlikdə yellənməyə başlardılar. Bu mərasim vaxtilə cavanların bir-birini görüb tanış olmaları üçün bir vasitə idi.

Yel-külək həm də təbiətdə önəmli bir funksiyaya malikdir, yəni bitkiləri tozlandırmaq, mayalandırıb məhsul verməsini təmin etmək onun əsas xüsusiyyətlərindən biridir.

Xalq arasında Yel çərşənbəsi ilə bağli rəvayətlərdən birinə görə, bu çərşənbədə yer üzünə təşrif gətirmiş müqəddəs Xızır qardaşı Nəbiyə bir qırmızı alma verib tapşırır ki, almanı yeyib uzunömürlü olsun, onun tumlarını əsən küləklərə paylayıb yer üzünə səpələsin. Alma ağacının dünyanın hər yerinə yayılması bununla izah edilir.

Etiqada görə, cənnət meyvəsi sayılan alma dünyaya nə qədər çox yayılarsa, insanlar arasında məhəbbət, xoş münasibətlər o qədər geniş vüsət alar. Təsadüfi deyildir ki, folklorumuzda, nağıl və dastanlarda övlad həsrəti çəkən yaşı keçmiş cütlüklər Xızırın, yaxud dərvişin verdiyi qırmızı almanı yeməklə arzularına çatır, ona görə də çərşənbə axşamları cavanlar qırmızı almalardan yeyib toxumlarını yastıqlarının altına qoyurlar. Deyilənə görə, bu yolla gələcək qismətlərini görmək mümkündür.

YelYel çərşənbəsi ilə bağlı xalq arasında erkən dövrlərdən küləyin əhəmiyyətini əks etdirən bir çox folklor nümunələri vardır ki, onlar arasında Yel baba ilə bağlı mətnlər, ayrı-ayrı mif, inanc, bayatı və s. önəmli yer tutur. Məsələn, “Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər”, “Xırman sovrulandan sonra ilk buğda götürənin oğlu olar”, “Yeli əsdirəni söyməzlər”, “Yel dağına ziyarət edərlər” və s.

Xalqın erkən mifik görüşlərinin, təfəkkürünün, düşüncəsinin önəmli səhifələrini təsdiqləyən həmin folklor mətnləri həm bugünkü, həm də gələcək nəsillərin folklor qaynaqlarından bəhrələnməsi üçün zərurət yaradır.

 

Ülkər NƏBİYEVA,

BDU-nun Azərbaycan şifahi xalq

ədəbiyyatı kafedrasının dosenti,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2017.- 7 mart.- S.7.