Xalçaçılıq Qarabağ qızlarına nənələrindən yadigar qalıb

 

Horadizdəki yeni xalçaçılıq müəssisəsi bu ənənəni davam etdirir

 

Prezident İlham Əliyev keçən ilin may ayında “Azərxalça” ASC-nin yaradılması haqqında sərəncam imzaladı və noyabr ayında bu qurumun Horadizdəki ilk filialının açılışında iştirak etdi. “Azərxalça”nın ilk müəssisəsinin məhz cəbhə bölgəsində, düşmənin beş addımlığında fəaliyyətə başlaması böyük məna daşıyır. Əslində bu, mənfur düşmənlərimizə ciddi mesajlardan biridir. İlk növbədə o deməkdir ki, siz buralarda heç vaxt at oynada bilməyəcəksiniz. Yaxınlıqda dayansanız da, tez-tez aranı qarışdırmağa cəhd etsəniz də (və əlbəttə, layiqincə cavab payı alsanız da), sizi saya alan yoxdur, biz öz işimizdəyik. Tikirik, qurub-yaradırıq. Tezliklə ətrafda ayaq izinizqalmayacaq...

Yeni müəssisə Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən birini - Qarabağ xalçaçılıq məktəbini təmsil edir. Binasının ümumi sahəsi 586 kvadratmetrdir. Buraya toxuculuq emalatxanası, anbar, yeməkxana, tibb otağı, digər bölmələr daxildir.

Horadizdə olarkən həqiqətən ən müasir, dünya standartlarına cavab verən bir müəssisə gördük. Bu, “Azərxalça”nın sözügedən ilk filialı - xalçaçılıq kombinatıdır. Belə bir sənaye ocağının məhz Füzuli rayonunda açılması dövlətin məcburi köçkünlərə qayğısından qaynaqlanır. Burada 150-dən çox işçinin məşğulluq problemi öz həllini tapıb. Toxucular həm Horadiz şəhərinin, həm də Füzuli rayonunun ayrı-ayrı kəndlərinin, o cümlədən hazırda işğal altında olan kəndlərinin sakinləridir.

Bir önəmli fakt da odur ki, onlar işə kor-koranə qəbul edilməyiblər, bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarını keçib, çalışacaqları sahədə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

...Xana arxasında əyləşmiş gənc qızlar qədim çeşnidə “Qarabağ” xalçası toxuyurlar. Vurulan ilmələrin sayı artdıqca göz önündə əsl sənət əsəri yaranır. Maraqlıdır ki, cəmi yeddi rəngin istifadə olunduğu bu çeşnidə yaranan xalça min çalarda, çox zəngin görünür. Ona baxdıqca insanda olduqca nikbin əhvali-ruhiyyə oyanır. Gənc xalçaçı əsərin məzmun və mahiyyətini açıqlayır. Deyir ki, xalçada qoç buynuzu, cürbəcür naxışlar və alətlər təsvir olunur. Bax, bu da qılınc təsviridir. Xalçada sanki qədim, gözəl, var-dövlətli, qurub-yaradan Qarabağın zaman-zaman qılınc götürməli, düşmənləri ilə vuruşmalı olduğu da öz əksini tapıb.

Horadiz filialındakı dəzgahlarda Qarabağın tarixi xalça çeşniləri əsasında xalçalar toxunur. Lakin bu o demək deyil ki, müəssisədə Azərbaycanın digər xalça məktəbləri diqqətdən kənarda qalır. Burada Qazax, Quba və digər bölgələrin xalçaları da istehsal edilir. Ümumiyyətlə, çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, eləcə də Azərbaycanın ayrı-ayrı yerlərindən toplanan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Xatırladaq ki, Azərbaycan qədimdən xalçaçılıq sənəti sahəsində dünyanın aparıcı ölkələrindən biridir. Xüsusilə son illərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva xalçalarımızın dünyada tanınması üçün böyük əmək sərf edib. 2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına salınıb. 2014-cü ildə isə Bakıda Heydər Əliyev Fondunun dəstəyi ilə Xalça Muzeyinin yeni binası istifadəyə verilib. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərxalça” ASC fəaliyyətə başlayıb.

“Azərxalça”nın Horadiz filialının toxuculuq emalatxanasının müdiri Xatirə Mirbabayeva deyir:

- Müəssisə fəaliyyətə başlayandan, yəni keçən ilin noyabrından bu il fevralın sonunadək xanalardan 7 xalça kəsilib. Təhvil verilən xalçaların ümumi ölçüsü 70 kvadratmetrə yaxın olub. Bunlar İlkinə Qasımova, Ofeliya Hacıyeva, Gülnarə Hacıyeva, Aysel Muxtarova, Mahnur Alıyeva və digər mahir xalçaçıların yaratdığı əsərlərdir.

Xatirə Mirbabayevanın özünün xalçaçılıq sahəsində 40 ildən çox təcrübəsi var. O, həm bacarıqlı xalçaçı, həm də bu sahənin mütəxəssisi və istehsalat təşkilatçısıdır. Söyləyir ki, xalçaçılıq sənəti Qarabağ xanımlarına nənələrindən yadigar qalıb. Füzulidə də qız-gəlinlər xalça toxumağı əzəldən seviblər. Az qala hər kənd öz xalçasının “müəllifi” olub. Yeni kombinatın yaradılması unudulanları yada salmağa, köhnə çeşniləri bərpa etməyə təkan verib.

Xalçaçılar arasında gənc qız-gəlinlər də, orta yaşlı qadınlar da var. Gənclər əvvəlcədən təlim kursu keçmiş olsalar da, istehsalat prosesində peşə vərdişləri qazanır, qısa müddətdə təcrübə toplayırlar. Yaşlılar bildiklərini cavanlardan əsirgəmirlər. Onlar Prezident İlham Əliyevin müəssisəni açarkən dediyi sözləri həmişə yadda saxlayırlar: “Bir çox rayonlarda, o cümlədən Füzuli rayonunda “Azərxalça”nın xətti ilə belə gözəl müəssisələr yaradılıb və yaradılır. Hamımız yaxşı bilirik ki, xalçaçılıq sənətini qadınlar yaşadırlar. Bu müəssisələrin yaradılması, fəaliyyətə başlaması qadınlar üçün yerlərinin açılması deməkdir. Bu da çox vacibdir. Çünki qadınlar üçün yerləri açmaq o qədər də asan məsələ deyil. Ancaq bu gün siz burada işləyirsiniz, yaxşı maaş alırsınız, həm ailə büdcəsinə bunun böyük töhfəsi olur, eyni zamanda qədim sənətimiz yaşayır, yaşayacaq, gənc nəslə də siz öz təcrübənizi öyrədəcəksiniz”.

Təcrübəli xalçaçı Gülnarə Səfərova deyir:

- Biz Prezidentin tövsiyələrini özümüzə proqramı kimi qəbul etmişik. Ən gözəl və ən keyfiyyətli xalçalar toxumağa çalışır, bildiklərimizi gənclərə öyrədirik. Çünki bu sənət yaşamalı və gələcək nəsillərə ərməğan olmalıdır. Füzulinin Bala Bəhmən kəndindənəm. Mənim uşaq olduğum vaxtlarda kəndimizdə demək olar ki, bütün evlərdə xana vardı. Biz beş bacıyıq. Beşimizə də Xanım nənəmin əlləri ilə toxunmuşGül gəbə” adlanan xalça cehiz qoşulub. Əslində isə anam Sitarəyə də, bizə də verilən ən böyük bəxşiş bu sənət olub. Bacılarım da yaxşı xalçaçıdırlar. Amma bu gözəl müəssisədə çalışmaq ailəmizdən hələlik tək mənə qismət olub. Yeri gəlmişkən deyim ki, rayonumuzda xalçaçı qadınlar çoxdur. Odur ki, dövlət başçımız Horadizdə olarkən gələcəkdə müəssisəmizin genişləndirilməsi barədə də təkliflər irəli sürüldü. Bu, hamımızın ürəyindən olardı.

...Toxuculuq emalatxanasında davam edir. Bəzi xanalarda yeni xalçaların ilk, bəzilərində isə son ilmələri vurulur. Azərbaycan xalçaları öz gözəlliyi və keyfiyyəti ilə həmişə diqqəti cəlb edib. Xarici bazara nə qədər çox xalça göndərilsə, onların hamısının alıcı marağına səbəb olacağı, həvəslə alınacağı şəksizdir.

Qoy qədim Qarabağ torpağında yüksək zövq və incə naxışla yaradılan bu təkrarsız əsərlər bütün dünyaya bir daha sübut etsin ki, xalçaçılıq sənətinin vətəni Azərbaycandır.

Qoy bu bənzərsiz Azərbaycan xalıları dünya bazarlarında hamını bir daha valeh edərək ölkəmizə şan-şöhrət və gəlir gətirsin.

Qoy bu xalçalar hər bir Azərbaycan qızına cehiz qoşularaq evlərə gözəllik və hərarət bəxş etsin...

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.- 8 mart.- S. 6.